Azərbaycanda və Cənubi Xəzərdə depression zonaların dərinlik quruluşları, neftliliyi və qazlılığı” kitabı nəşr olunmuşdur

 

"CBS" mətbəəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kərim Kərimovun "Azərbaycanda və Cənubi Xəzərdə depression zonaların dərinlik quruluşları, neftliliyi və qazlılığı" kitabı çapdan çıxmışdır.

Monoqrafiya müasir dövrümüzün ən vacib problemlərindən biri olan, bəşəriyyəti bütün növ enerjidaşıyıcılarla, ələlxüsus neftlə, qazla və onlardan alınan məhsullarla təminatı məsələlərinin həllinə həsr edilmişdir.

Nəşrdə Azərbaycanda Yer qabığının dərin qatlarının quruluşuna, onların geotektonik və geodinamik inkişaf yollarına və Cənubi Xəzər hövzəsi ilə bağlı aparılan ən yeni araşdırmaların nəticələrinə də geniş yer verilmişdir.

Monoqrafiyada geoloji-geofiziki, geokimyəvi və Yer elminə aid olan başqa məlumatların hərtərəfli təhlillərin nəticəsi olaraq pliosen çöküntülərinin Azərbaycan ərazisində yeni neftli-qazlı yataqların kəşfiyyatı üçün hələ də böyük imkanlara malik olması göstərilmişdir.

Yeni nəşrdə vulkan mənşəli qatların arasında və bəzən də altında yatan çöküntü süxurlarının da neftli-qazlı olmasının mümkünlüyü və axtarış-kəşfiyyat işlərində böyük əhəmiyyət kəsb etməsi əsaslandırılmışdır.

Kitab neftçilər, neft-qaz sahəsində çalışan alim və mütəxəssislər , həmçinin neft və qazın axtarış və kəşfiyyatı ilə məşğul olan yerli və xarici şirkətlərin nümayəndələri üçün nəzərdə tutulmuşdur.

 

 

Elm.- 2010.- 21 sentyabr.- S.6.