AZƏRBAYCANDA İLK
PEŞƏKAR TEATR RƏSSAMI
Bəhruz Kəngərli-120
XVIII əsrdə
Qərbi Avropada formalaşan, təxminən bir əsr sonra Azərbaycan
ədəbi-mədəni mühitində təzahür etməyə
başlayan maarifçilik məfkurəsi xalqımızın
mədəni inkişafında mühüm rol oynadı. Bu
dövrdə Rusiya ilə mədəni əlaqələr
genişləndi. Azərbaycanda
ictimai şüurun, elm və fəlsəfi fikrin, realist ədəbiyyat
və incəsənətin inkişafında əsaslı
dönüş baş verdi. Dövrün qabaqcıl
ideyalarını əks etdirən realist Azərbaycan ədəbiyyatı
inkişaf etməyə başladı, yeni demokratik məzmun,
yeni janr və formalarla zənginləşdi.
Dövrün qabaqcıl
ideyalarının əsas tərənnümçüsü
olan Mirzə Fətəli Axundzadənin
yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında
yeni ədəbi məktəb yarandı. Bu məktəbin
görkəmli nümayəndələri öz əsərlərində
xəlqilik və humanizm ideyalarını yüksəklərə
qaldırdılar. XIX yüzillikdə Azərbaycan ədəbiyyatında
maarifçilik üç əsas inkişaf mərhələsi
keçmişdir. Birinci mərhələdə (30-40-cı illər)
A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh kimi
yazıçılar maarifçiliyin ilk rüşeyimlərini
ədəbiyyata gətirmişlər. İkinci mərhələ
(50-60-cı illər) M.F.Axundzadənin simasında təkmilləşib
inkişaf etmişdir. Üçüncü mərhələdə
(70-80-ci illər) H.Zərdabi (Məlikov), N.Vəzirov öz əsərlərində
xəlqilik və humanizm ideyaları ilə maarifçiliyi
inkişaf etdirib, yüksək səviyyəyə
çatdırdılar. Azərbaycan ədəbiyyatının
təsiri nəticəsində bu dövrdə Bakı,
Naxçıvan, Şuşa, Gəncə və s. şəhərlərdə
teatr sənəti yaranır.
M.F.Axundzadənin
"Müsyö Jordan
və Dərviş Məstəli şah"
əsəri ilə 1883-cü ildə Naxçıvan teatrı
öz qapısını xalqın
üzünə açdı. Bu teatr fəaliyyəti
dövründə millilik uğrunda
mübarizəyə həmişə önəm verdi, mənəvi dəyərləri yaşatmağa çalışdı və
tarixi vəzifəsini şərəflə
yerinə yetirdi. Teatrın
yaranması maarif-məktəb və mədəniyyətin
inkişafı, qabaqcıl, tərəqqipərvər
ziyalı kadrların yetişməsi ilə sıx
bağlı olduğundan görkəmli teatrşünas, sənətşünaslıq
doktoru, professor Cəfər
Cəfərov yazırdı: "Müstəqil olaraq meydana gələn
Naxçıvan teatrı Azərbaycanın başqa
şəhərlərində yaranan teatr mərkəzlərindən
daha güclü idi və Azərbaycanda teatr
sənətinin inkişafına daha səmərəli
təsir göstərdi. Naxçıvan Azərbaycan
teatrına E.Sultanov, M.T.Sidqi,
C.Məmmədquluzadə, B.Kəngərli, H.Cavid,
Ə.Qəmküsar, K.Ziya, R.Təhmasib kimi görkəmli dramaturq,
aktyor və teatr təşkilatçıları
vermişdir".
Haqqında
söhbət açdığımiz ilk realist peşəkar teatr rəssamı
Bəhruz Kəngərli 1892-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Kiçik yaşlarından rəssamlığa
böyük həvəsi olan
Bəhruzun fitri istedadı Eynəli bəy
Sultanovun diqqətini çəkmiş və
onun məsləhəti ilə atası Bəhruz
Kəngərlini Tiflis şəhərinə
aparmışdır. Burada isə böyük dramaturq Cəlil Məmmədquluzadənin
köməkliyi ilə o, 1910-cu ildə Tiflis şəhərindəki Zaqafqaziyanın
yeganə rəssamlıq məktəbinə daxil
olur. 1915-ci ildə təhsilini müvəffəqiyyətlə
başa vurub
Naxçıvana qayıdır və vətəninin gözəlliklərini,
müasirlərinin surətlərini tablolara
köçürür. Bu
gün belə əhəmiyyətini itirməyən
gözəl əsərlər yaradır. Azərbaycan
təsviri sənətində parlaq bir səhifə açır, çoxəsrlik
rəssamlıq sənətimizdə tamamilə yeni olan realist
boyakarlığın əsasını qoyur,
ona yeni ictimai məzmun, forma, janr və təsvir
vasitələri gətirir və zənginləşdirir, dərin
təfəkkürü sayəsində qızıl
fırçalı rəssam kimi əbədi
ömrünün əbədiliyinə qətiyyətlə
imza atır.
Tədqiqatçıların
qeyd etdiyi kimi, onun 2000 rəsm əsərindən
511-i muzeylərdə qorunub
saxlanılır, 1489 əsərinin taleyi
hələ də naməlum olaraq
qalır. Onun karandaş,
kömür, akvarel və
yağlı boya ilə işlənmiş
əsərləri içərisində portretlər, mənzərələr,
süjetli rəsmlər, natürmort
və s. vardır. Bəhruz Kəngərli
Azərbaycanda ilk peşəkar teatr rəssamıdır. O,
Naxçıvan teatrında 40-dan artıq tamaşaya
bədii tərtibat vermişdir. 1912-ci ildən
1918-ci ilə kimi bu böyük rəssam Naxçıvan
teatrının səhnəsində tamaşaya
qoyulan N.Vəzirovun "Pəhləvanani-zəmanə",
"Hacı Qəmbər", "Müsibəti-Fəxrəddin"
H.Vəzirovun "Döymə qapımı,
döyərlər qapını", Ə.Haqverdiyevin
"Ac həriflər",
"Dağılan tifaq", "Bəxtsiz
cavan", "Pəri cadu",
"Millət dostları", "Ağa
Məhəmməd şah Qacar",
"Kərbəlayı Güzəməli", Rza Quluzadə Şərqinin "Pul, yoxsa allah",
"Pulsuzluq", R.Əfəndiyevin "Qonşu qonşu olsa, kor qız ərə
gedər", N.Nərimanovun
"Nadanlıq", "Nadir şah", C.Məmmədquluzadənin
"Ölülər", M.F.Axundzadənin "Hacı Qara", "Molla İbrahim Xəlil Kimyagər",
M.M.Kazımovskinin "Molla Cəbi", Namiq Kamalın "Vətən, yaxud Silistrə", "Zavallı cocuq", S.M.Əfəndiyevin "Dursunəli
və ballıbadı", "Xor-xor",
İsa bəy Aşurbəylinin "Azərbaycan", Ü.Hacıbəylinin
"Arşın mal alan",
"Məşədi İbad", "Ər
və arvad", "Leyli
və Məcnun", Z.Hacıbəyovun "Evliykən subay", "50 yaşında cavan",
ruscadan tərcümə olunmuş
"Bizim kirayənişin özünü
öldürdü" (tərcümə Ə.Qəmküsar),
"Qırmızı araçqın" (tərcümə
Rəşid bəy Əfəndiyev) və s. tamaşalara irihəcmli
pannolar çəkmiş, səhnə tərtibatı
və geyim eskizləri vermişdir.
Azərbaycan dramaturgiyasının klassik
nümunələri üçun olduqca mənalı və rəngbərəng əlbəsə
geyimləri yaratmış Bəhruz Kəngərli milli xalq geyimlərinin misilsiz bilicisi idi. O, bədii tərtibat
verdiyi əsərlərin
personajlarını səciyyələndirən, tarixi dürüstlüyü,
milli koloriti, zəngin
boyaları, naxışları, bəzəkləri ilə nəzəri
cəlb edən çoxlu əlbəsə
eskizləri yaratmışdır. Kəngərlinin bu tamaşalara verdiyi bədii tərtibatlar Azərbaycan teatr-dekorativ sənətinin gözəl nailiyyətləri
idi. Ceniş
yaradıcılıq diapazonuna, zəngin təxəyyülə,
incə zövqə malik bu
sənətkarın bədii irsi səhnə
mədəniyyətimizə gözəl hədiyyə idi.
Məlum
olduğu kimi Zülfüqar Hacıbəyov 1911-ci ilin oktyabr ayında
Naxçıvana gəlir və burada iki ilə yaxın bir
müddətdə yaşayır. O, Naxçıvanda
Ü.Hacıbəyovun "O olmasın, bu
olsun" musiqili
komediyasını 1912-ci ildə tamaşaya
qoyur. Tamaşanın səhnə tərtibatı
üçün lazım olan
əşyalar evlərdən gətirilir. Tamaşaya
bədii tərtibatı Bəhruz Kəngərli verir. Bu tamaşa
ilə o, ilk dəfə
teatr rəssamı kimi
fəaliyyətə başlayır. Tamaşanın rejissoru M.A.Əliyev, dirijoru
Z.Hacıbəyov idi. Tamaşada
Azərbaycan aktyorları ilə yanaşı Naxçıvan
şəhər məktəbinin müəllimlərindən
Mirzə Ələkbər Süleymanov, Rza Təhmasib və başqaları iştirak edirlər. Tamaşa
Hüseyn xanın binasında yerləşən
məktəbin salonunda nümayiş
etdirilir. Tamaşa çox böyük maraqla keçir və yerli əhalidə opera əsərlərinə
maraq yaradılmasında ilk
başlanğıc olur. Tamaşanın
Naxçıvanda uğurla keçməsi
haqqında "Baku" və "Kaspi" qəzetlərində də xəbər
verilir. Tamaşaların
iştirakçısı görkəmli aktyor
M.A.Əliyev xatirələrində yazır:
"Naxçıvanda yerli həvəskarlar
bizə kömək edirdilər. Qadınlar üçün
ilk dəfə gündüz
tamaşası verdik. Bu
iş məni çox
sevindirdi. Çünki
o zaman Azərbaycanın
heç bir şəhərində
qadınların kollektiv surətdə teatra gəlmələrini görməmişdim...
Mən Naxçıvanda teatr həvəskarlarından
Əliqulu Qəmküsarla tanış oldum.
Onun evində, Culfada
15 günə kimi qonaq
qaldım. O, bizim teatr
işlərimizə böyük köməklik
edir, həmişə bizimlə səhnədə
qadın rollarında çıxış edirdi".
Z.Hacıbəyov
Naxçıvanda yaşadığı müddətdə onun rəhbərliyi ilə Naxçıvan məktəblərində
müsəlman qızları tərəfindən də tamaşalar hazırlanıb göstərilir.
1912-ci ildə Naxçıvan rus məktəbində
müsəlman qızları tərəfindən qadınlara məxsus
"Qırmızı araqçın" əsəri
(Z.Hacıbəyovun ruscadan tərcüməsi
ilə) məktəbli qızlar tərəfindən müsəlman
qızları üçün mart ayının 2-də tamaşaya
qoyulur. Zülfüqar Hacıbəyovun "Evliykən subay"
operettası və Ə.Haqverdiyevin
"Dağılan tifaq" faciəsi mart, Kərbəlayi Güzəməli" məzhəkəsi
Böyükxan Naxçıvanskinin nəzarəti
altında aprel ayında
tamaşaçılara göstərilir.Həmin il Naxçıvan teatr həvəskarları
N.Vəzirovun "Pəhləvanani-zəmanə" əsərini
yoxsul şagirdlərin xeyrinə tamaşaya qoyurlar. Səhnə
evlərdən gətirilmiş cecim, xalçalar, miz və səndəllər,
lampa və şamdanlarla
bəzədilir. Bu tamaşalara
səhnə tərtibatını Bəhruz Kəngərli verir. Həsən Səfərli xatirələrində
yazır: "Bu tamaşalara
şəhərin müxtəlif millətlərinin
ziyalılarından da çox
gəlmişdi. Bu tamaşalardan
toplanılan pulu əvvəlki tamaşalardan toplanılan pulla
müqayisə etdikdə tamaşaçıların da artdığı nəzərə
çarpır".
Ə.Haqverdiyevin
"Dağılan tifaq" faciəsinin oynanılması haqqında "İqbal" qəzetinin 10 mart
1912-ci il tarixli
nömrəsində məlumat verilir: "Mart ayının 7-də Hüseynxan Naxçıvanskinin damında səhnəpərəst
Böyükxan Naxçıvanskinin təhti
nəzarətində həvəskarlar tərəfindən
"Dağılan tifaq" tamaşaya qoyulmuş, səhnənin
bədii tərtibatını Bəhruz Kəngərli vermişdi. Nəcəf bəy rolunda Böyükxan cənabları,
Səlim bəy-Yaqub paşa, Həmzə
bəy-Aslan bəy, Sona xanım-Mirzə Cəlil
Mirzəyev və başqaları çıxış
etmişlər".
1913-cü
ilin iyun ayının
19-da Naxçıvan teatrının səhnəsində Rəşid
bəy Əfəndiyevin "Qonşu qonşu olsa, kor qız ərə gedər" komediyası
Bəhruz Kəngərlinin bədii tərtibatında tamaşaya qoyulur. Bu tamaşa haqqında Əlirza Rasizadə (H.Cavidin qardaşı) "İqbal"
qəzetində "Naxçıvan məişətindən"
adlı məqaləsində yazır: "İyul
ayının 19-da Xan Naxçıvanskinin
(Böyükxan Naxçıvanski -Ə.Q.)
nəzarəti altında Rəşid bəy Əfəndiyevin
"Qonşu-qonşu olsa
kor qız ərə gedər"
komediyası oynanıldı. Teatrda
tamaşaçı əlindən tərpənmək olmurdu. Rollarda: Xoca Kəsbər-Ələkbər Namazov, Qaçay bəy-Rzaqulu
Təhmasibbəyov (R.Təhmasib - Ə.Q.), Mələk
xala-Qurbanəli Abbasov, Çiçi
xanım-Süleyman Süleymanov idilər.
Tamaşaya H.Cavid və
müəllimlərdən Cəmil Mirzəyev baxmış və
çox bəyənmişdir. Əli Səbri Qasımov qonaqlara yer göstərib,
biletlərə baxırdı...".
1917-ci
ildə yenidən Naxçıvana gələn Zülfüqar Hacıbəyov burada
bir ilə yaxın yaşayır. O,
Naxçıvanda olduğu müddətdə
Üzeyir Hacıbəyovun "Məşədi
İbad", "Ər və arvad" və özünün
"50 yaşında cavan" əsərlərini
Bəhruz Kəngərlinin səhnə tərtibatında tamaşaya qoyur.
1917-ci
ilin axırlarında Rəşid bəy Əfəndiyev
Naxçıvanda qızlar məktəbinin müdiri
olarkən, həmin məktəbin müəlliməsi
Nazlı xanım Nəcəfovanın, Rza
Təhmasibin və Bəhruz Kəngərlinin köməkliyi
ilə məktəbli qızlardan ibarət dram
dərnəyi
təşkil edir. Bu dərnəyin
yaradılması o zaman
Naxçıvanda görünməmiş tarixi
hadisə idi. Bütün
aktyorlar və mütərəqqi fikirli ziyalılar dram dərnəyinə
kömək edirdilər. Dram dərnəyində
Ü.Hacıbəyovun "Arşın mal
alan" musiqili
komediyası Bəhruz Kəngərlinin tərtibatında tamaşaya hazırlanır. Məşqlər
həm qızlar məktəbində, həm də Nazlı
xanımın mənzilində gedirdi.
1917-ci il noyabr
ayının 12-də yalnız qadınlar üçün
Ü.Hacıbəyovun "Arşın mal
alan" musiqili
komediyası tamaşaya qoyulur.
N.Nəcəfova və S.Sultanova qeyd etmişdilər ki, tamaşa zamanı zal
tamaşaçı qadınlarla dolu idi. Tamaşada iştirak edən həvəskarlar öz rollarını yaxşı
oynayırdılar. Rolları aşağıdakı qadınlar və qızlar - Sultan bəy-Süsən Sultanova,
Cahan xala-Gövhər Kəngərli, Süleyman-Asya Məmmədəliyeva, Vəli-Xanım
Vəzirova, Gülçöhrə-Dilbər Sultanova,
Telli-Fatma Şeyxova ifa etmişdilər.
Həmin
illərdə çar xəfiyyə idarəsi
bütün Zaqafqaziyada,
o cümlədən Naxçıvanda,
xüsusilə müsəlman ziyalıları üzərində
möhkəm nəzarət qoyur, xalq kütlələrini köləlikdə,
zülmətdə saxlamağa cəhd edir.
Bir çox hallarda isə sadəcə olaraq
yerli məktəbi, teatrı, maarif müəssisələrini
bağlayır. Bu sahədə göstərilən
hər bir təşəbbüsü qadağan edirdi. Bir çox hallarda məktəb, teatr
binası tikdirməyə cəhd göstərmişlərsə
də, buna nail ola bilməmişlər. Həmin illərdə xəfiyyə
idarəsinin amansız senzura və təqibləri,
həbslər, sürgünlər "Naxçıvan müsəlman
incəsənəti və dram cəmiyyəti"nin
fəaliyyətini dayandırır. Lakin bu cür təqiblər Naxçıvanda çox güclü olan ziyalılar dəstəsini və
xüsusilə teatr həvəskarlarını
qorxuda bilmir. Şair Əliqulu Nəcəfov (Qəmküsar)
1917-ci ildə Naxçıvana Mirzə Cəlilin həm
yaxın dostu, həm də yaxın
nümayəndəsi kimi gəlir. Burada o, teatr
həvəskarlarını ətrafına toplayaraq
"El güzgüsü"
adlı dram cəmiyyəti təşkil edir. Müharibə şəraitində
irticaçı qüvvələrin müxtəlif partiyalar adından çıxış etdiyi bir dövrdə
"El güzgüsü"
dram cəmiyyəti siyasətdən kənarda
qalmayıb, günün daha
aktual və siyasi məsələlərini
nümayiş etdirir. Xalq kütlələrinin
xarici müdaxiləçilərə və
daşnak partiyalarının siyasətinə
qarşı mübarizəsi "El güzgüsü" dram
cəmiyyətinin fəaliyyətinə istiqamət verirdi. Əliqulu Qəmküsar "El güzgüsü" dram cəmiyyətinin üzvləri ilə
birlikdə 1917-ci ilin iyun
ayında C.Məmmədquluzadənin "Ölülər"
tragikomediyasını cəsarətlə tamaşaya
qoyur. Bu
tamaşanın ardınca M.F.Axundzadənin "Molla İbrahim Xəlil
Kimyagər", Ə.Haqverdiyevin "Bəxtsiz
cavan", N.Vəzirovun "Müsibəti-Fəxrəddin"
əsərləri oynanılır. Bu
tamaşaların səhnə tərtibatını peşəkar bir
rəssam kimi Bəhruz Kəngərli verir. R.Təhmasibin və Ə.Qəmküsarın
rejissorluğu, Bəhruz Kəngərlinin
bədii tərtibatında "Ölülər" əsərinin
Naxçıvanda tamaşaya qoyulması böyük bir əlamətdar
hadisəyə çevrilir.
Tərtibat
verdiyi əsərlərdə istedadlı realist rəssam B.Kəngərli məzhəkə
tamaşalarının mahiyyətinə dərindən nüfuz edir, öz eskizlərində komik
personajların zahiri görkəmini, mənəvi
aləmini üzə çıxarır, səhnəyə
lazım olan dekor və
pərdələr hazırlayır,
geyim eskizlərində dramaturqların niyyətlərini
tam mənası ilə uyğun
cizgilərlə şərh edirdi. Məhz
buna görə də "Ölülər",
"Hacı Qara", "Pəri Cadu" pyeslərinin səhnə tərtibatını
çox ustalıqla vermişdi.
B.Kəngərli "Ölülər" pyesinin
səhnə tərtibatını verərkən demişdir: "Hadisə Naxçıvan şəraitində
aparılır. Tamaşa real
olsun deyə aktyorların geyimlərini (çuxa, arxalıq, ayaqqabı və s.) Naxçıvanda olduğu
kimi yaratmaq istəyirəm.
Təsvir edilən hadisələrin yerlərini, evləri, qəbiristanlığı
Naxçıvanda olduğu kimi vermək niyyətindəyəm". B.Kəngərli
təsvir etdiyi kimi də
"Ölülər" pyesinin səhnə
tərtibatını vermişdi. Əsər
tamaşaya qoyularkən səhnədə
həqiqətən köhnə Naxçıvan həyatı
canlanmışdır. Görkəmli sənətkarın
"Pəri cadu" əsərinə verdiyi tərtibat da çox maraqlı idi. Bəhruz
bəy Kəngərli Naxçıvan səhnəsi üçün gözəl bir
dağ mənzərəsi də çəkmişdir
ki, bu şəkil son zamanlara kimi
Naxçıvan teatrının səhnəsində istifadə
edilirdi.
Əliqulu
Qəmküsar, Rza Təhmasib və Bəhruz
Kəngərli 1917-ci ildə Mir Mahmud Kazımovskinin "Molla
Cəbi" pyesini də tamaşaya
qoyurlar. Onlar M.Ə.Sabirin "Partapart"
adlı şeirini, həmçinin bir neçə satirasını da əsərə əlavə edirlər.
Naxçıvanın
tarixində 1917-20-ci illər ən ağır və dəhşətli
məhrumiyyətlər dövrü
olmasına, yəni ingilis müdaxiləçilərinin,
daşnakların kəskin müqavimət və
hücumlarına baxmayaraq artistlər böyük iradə və mətanət
göstərərək teatrın şərəfini qorumuş,
teatr tamaşalarının göstərilməsini
davam etdirmişlər. 1918-ci ilin iyun ayının əvvəllərində
erməni daşnaq quldur
dəstəsi Andronikin rəhbərliyi ilə
Naxçıvana hücum edir.
Bu zaman türk ordusunun baş komandanı Kazım Qarabəkir Paşa Naxçıvana köməyə gəlir.
O, burada mədəni-maarif işləri ilə
də maraqlanır. Teatrın böyük
təbliğat gücünə malik olduğunu nəzərə alaraq
türk ordusunun tarixi qəhrəmanlığını əks
etdirən Namiq Kamalın "Vətən,
yaxud Silistrə" və "Zavallı cocuq" əsərlərinin
tamaşaya qoyulmasını təklif edir. 1918-ci ilin
sentyabrında hər iki əsər "İmdad" dram cəmiyyəti
tərəfindən tamaşaya qoyulur. Tamaşanın hazırlanmasında teatrın rejissoru Rza Təhmasib və
rəssamı Bəhruz Kəngərli iştirak edirlər.
Bu tamaşalar
çar çinovniklərini bərk narahat etdiyindən, onlar
"İmdad" dram
cəmiyyətini bağlatmağa nail olur. Şəhər məktəbinin
müəllimləri 1918-ci ildə "Ümid"
adlı yeni bir dram cəmiyyətini təşkil edirlər.
"Ümid" dram
cəmiyyətinin fəaliyyəti çox
qarma-qarışıq bir dövrə təsadüf etdiyindən cəmisi
iki tamaşa göstərə
bilir. Bu tamaşalar Üzeyir
Hacıbəyovun "Arşın mal alan" operettası və Mirzə Fətəli
Axundzadənin "Hacı Qara"
komediyası idi. Hər iki
tamaşanın rəssamı Bəhruz Kəngərli idi.
Görkəmli
rəssamın Naxçıvan teatrında tamaşalara
çəkilmiş pannolar, səhnə tərtibatı
və geyim eskizləri əlimizə gəlib
çatmadığından bu sahədəki
fəaliyyəti uzun müddət tədqiqatdən
kənarda qalmışdır. Lakin bir məsələni də nəzərə
almaq lazımdır ki,
görkəmli sənətkarın bir çox əsərləri ilə
yanaşı, tamaşalara verdiyi
tərtibatlar da əlimizə gəlib
çatmamış, inqilabdan əvvəlki
qəzet və jurnalların səhifələrində isə teatr tamaşaları haqqında geniş yazılar yox,
ancaq xəbərlər verilirdi.
Aktyorların oyunlarına gəlincə, sadəcə olaraq hansı rolu hansı
aktyorun oynadığı göstərilirdi.
Bu da o
dövrün tamaşaları haqqında geniş rəy söyləməyə imkan vermir.
Respublikamız
müstəqilliyə qovuşduqdan sonra Bəhruz Kəngərli bədii irsinə
diqqət və qayğı daha da artmış, 2002-ci ilin
yayında ümummilli lider
Heydər Əliyevin iştirakı ilə Naxçıvanda Bəhruz
Kəngərli muzeyinin təntənəli
açılışı oldu. Ulu öndər həmin mərasimdə unudulmaz sənətkarın
yaradıcılığını yüksək dəyərləndirmiş
və demişdir: "Hesab
edirəm ki, Azərbaycanda bizim
sənətşünaslar, tədqiqatçılar Bəhruz Kəngərlinin
yaradıcılığını daha professional səviyyədə tədqiq etməli,
əsərlər yazmalıdırlar. Həm Bəhruz Kəngərlini
Azərbaycan xalqının görkəmli və yüksək
mədəniyyətə malik olan nümayəndəsi, həm də böyük rəssam kimi
təbliğ etsinlər". Bu müdrik fikrin
işığında milli mədəniyyətimizdə
xidmətləri olan belə bir cəfakeş insanın fəaliyyətini tədqiq
etmək, gənc nəsillərə sevdirmək
baxımından Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin
"Görkəmli rəssam Bəhruz bəy Kəngərlinin
120 illik yubileyinin
keçirilməsi haqqında" 2012-ci il
12 yanvar tarixli sərəncamı
Bəhruz Kəngərli yaradıcılığına
göstərilən diqqət və qayğının
davamı kimi olduqca böyük önəm daşıyır.
Ömrünü vətəninin,
xalqının tərəqqisi yoluna sərf
edənlər, maarif və mədəniyyətin
inkişafında xidmətləri olanlar heç vaxt unudulmur, həmişə xoş
hisslərlə xatırlanır və anılır. Bu mənada görkəmli rəssam Bəhruz Kəngərlinin
yaradıcılığı müasir gənclərimizə
örnək ola bilər. Bizə bu fikri söyləməyə
görkəmli rəssamdan qalan zəngin bədii
irs haqq verir.
Əli
QƏHRƏMANOV,
AMEA
Naxçıvan Bölməsi
İncəsənət,
Dil və Ədəbiyyat
İnstitutunun
Musiqi və
teatr
şöbəsinin müdiri,
sənətşünaslıq
üzrə fəlsəfə
doktoru,
dosent
Elm.- 2012.-
30 aprel.- S.11.