Məhsuldar elmi, pedaqoji və ictimai fəaliyyətdə
Bu
yaxınlarda tanınmış alim,
AMEA-nın həqiqi üzvü, Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor Ə.F.Daşdəmirovun
70 yaşı tamam olmuşdur.
Ə.F.Daşdəmirovun elmi fəaliyyətə
başlaması millət, milli münasibətlər
problemlərinə elmi marağın
artması dövrünə təsadüf edir.
Görünür, bu məqam milli
problematikanın fəlsəfi obyektlərinin Ə.F.Daşdəmirovun
tədqiqatlarının uzun müddət əsas
tematikası olmasında az rol
oynamamışdır. 1983-cü ildə 41 yaşında Ə.F.Daşdəmirov
Azərbaycan MEA-nın müxbir üzvü, 6 il keçəndən
sonra - 1989-cu ildə həqiqi üzvü seçilmişdir.
Hazırda o, həmçinin Ümumrusiya Azərbaycan Konqresinin
vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktorudur.
Ə.F.Daşdəmirov
elmi yaradıcılığı ilə
yanaşı pedaqoji fəaliyyətə və
elmin təşkili məsələlərinə
çoxlu vaxt sərf
edir. O, vaxtilə Cənubi Qafqaz
respublikaları üçün sovet və ideoloji
kadrların hazırlığını və yenidən
hazırlanmasını həyata keçirmiş
unikal təhsil müəssisəsi olmuş Bakı Ali Partiya Məktəbində kafedra
müdiri vəzifəsini tutmuşdur.
Uzun illər
Ə.F.Daşdəmirov Azərbaycan EA Fəlsəfə və
Hüquq İnstitutunda
milli münasibətlər və beynəlmiləl
tərbiyə şöbəsinin müdiri
olmuşdur. 1991-ci ildən o,
Rusiya Federasiyası Prezidenti
yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professorudur.
Bütün bu vəzifələrdə
çalışarkən Əfrand Daşdəmirov bir güclü, səriştəli
rəhbər və gözəl alim, dərin
ziyalı insan, humanist
və vətənpərvər kimi öz şəxsi nümunəsilə gələcək
rəhbər işçilərinə verdiyi
misilsiz dərsləri ilə layiqli töhvəsini vermiş
və bu gün də
verməkdə davam edir.
Onun elmi
maraqları dairəsinə ən geniş
problemlər spektri daxildir.
Belə ki, bunlardan
bir neçəsini göstərmək
kifayətdir - müasir dünyada
milli münasibətlərin, etnosiyasi problemlərin, şəxsiyyətin milli mənsubluq, etnik
müəyyənliyi, identikliyi, vətənpərvərlik
və beynəlmiləl tərbiyəsi, millətlərarası
ünsiyyət mədəniyyətinin formalaşması məsələlərinin
sosial-fəlsəfi, nəzəri-metodoloji problemlərinin
araşdırılması.
Qeyd etmək vacibdir
ki, Ə.F.Daşdəmirov milli
prosesləri və münasibətləri, fərdi həyat fəaliyyətinin
millətin mövcudluğu və
inkişafı, etnoslararası münasibətlərlə əlaqəli
mürəkkəb sosial-psioxoloji mexanizmlərini
və bağlılığını tədqiq edən ilk sovet alimlərindən biridir.
Son illər Ə.F.Daşdəmirov son vaxtlar etnik
və geosiyasi zəmində
yaranmış etnosiyasi gərginliklərin
və konfliktlərin təbiətinin öyrənilməsi ilə
məşğuldur.
O, 8
monoqrafiyanın və 200-dən artıq elmi
əsərin müəllifidir. Ə.F.Daşdəmirovun
"Milli münasibətlərin sosioloji strukturu",
"Şəxsiyyət və millət", "Milli ideya və etniklik", "Cəmiyyətşünaslığın
nəzəri-metodoloji problemləri: yeni yanaşmalar haqqında qeydlər və
düşüncələr" və b.
nəşri tarixindən asılı olmayaraq,
bu gün də öz aktuallığını saxlamaqdadır.
Bu əsərlər təkcə elmi planda deyil,
həm də mühüm praktik
əhəmiyyətə malikdirlər.
Bu əsərlərin hər
birində Ə.F.Daşdəmirov millətlərarası
münasibətləri fəlsəfi, politoloji
aspektləri ilə milli mənlik şüurunun təşəkkülü məsələləri
ilə bağlı öz baxım
bucağını təklif edir. Tarixən məlumdur ki, şəxsiyyət
problemi, onun cəmiyyətdə
yerinin müəyyənləşdirilməsi
məsələsi bütün dövrlərdə
mütəfəkkiri dərindən düşündürən
problemlər olmuşdur. Şəxsiyyət
faktorunu yaradan
insanın özüdür. İnsan özünü bir şəxsiyyət kimi
öz əməllərində,
gündəlik fəaliyyətində və başqaları ilə
ünsiyyətdə, siyasi və ideoloji mübarizədə, informasiya
məkanında, millətlərarası münasibətlər
sahəsində təsdiq etdirir. Belə ki, "Millət və
şəxsiyyət" monoqrafiyasında şəxsiyyəti milli aspektdə nəzərdən keçirərək
şəxsiyyəti bir milli
mənlik şüurunun, milli
psixologiyanın, məişətinin, mədəniyyətinin və
sosial həyatın
daşıyıcısı kimi təsdiq edir. Bu əsərdə
milli mənsubluğu şəxsiyyətin
formalaşmasının faktoru kimi ayırmaq və təhlil etmək mənasında
olduqca uğurlu cəhd
göstərir. O, özünün
uğurlu cəhdi ilə, yəni "millət
və şəxsiyyət" problematikasını öz mövqeyi
baxımından araşdırmaqla o
dövrdə (Sovet dövründə) cəmiyyətşünaslıq
elmində millətlər və milli
münasibətlər sahəsində yeni
istiqamətin meydana gəlməsinə zəmin
yaratmış, şəxsiyyətin milli, etnik identikliyinin
tədqiqinin nəzəri əsaslarının
yaradılmasına, milli birlik
və millətlərarası münasibətlərin insan şəxsiyyətinin formalaşması və
ictimailəşməsi problematikasına daxil
edilən təməl amillər kontekstində baxılması
işinə böyük töhfə verərək,
onların diapozonunu genişləndirmiş,
onları zənginləşdirmişdir.
Özünün başqa
bir tədqiqatında - "Milli ideya və etniklik" əsərində akademik
Ə.Daşdəmirov etnoloji, fəlsəfi,
politoloji mövqedən milli
ideya fenomenini tədqiq
edir. Burada müəllif Azərbaycan dövlətinin müstəqillik
əldə etdiyi mərhələdə milli həyat quruculuğunun
mürəkkəb prosesləri ilə üzvi
bağlı olan Azərbaycan identikliyinin etnomədəni, etnoideoloji
axtarışları təcrübəsinin öyrənilməsi
əsasında milli mənlik şüurunun ideoloji
sferasının genezisi problemini nəzərdən keçirir.
Onun əqidəsinə görə, Azərbaycan
etnik birliyinin ölkəmizin
mövcud reallıqlarında siyasi millətə çevrilməsi müstəsna
sosial-siyasi əhəmiyyət kəsb edir. Tədqiqatçı hesab
edir ki, ölkəmizdə
sosial-iqtisadi və siyasi
sabitliyin ən önəmli faktoru milləti vahid
bütövə çevirməyə, xalqın şürurunda siyasi tərəqqi
meyillərini stimullaşdırmağa qabil
olan müasir demokratik ideyalardır.
Ə.F.Daşdəmirov
bəşəriyyəti sarsıdan çoxlu
sayda etnoslararası konfliktlərin meydana gəlməsinin səbəblərini dərindən
tədqiq edir. Səciyyəvi haldır ki, bu tədqiqatlarında akademik Daşdəmirov bu
və ya digər hadisələrin təhlililə
məhdudlaşmır, kifayətlənmir, həm də konflikt vəziyyətlərinin həlli
yollarını təklif edir. Belə ki, "Mərkəzi Asiya və Qafqaz"
jurnalında dərc olunmuş "Qafqazda etnik siyasətin ideoloji ziddiyyətləri" məqaləsində
Ə.F.Daşdəmirov qeyd edir ki, Qafqazda
çoxlu sayda sülh və inkişaf
problemlərinə hansı bucaq altında
baxılırsa-baxılsın labüd olaraq onun xalqlarının
qarşılıqlı münasibətlərindən
qırılmaz asılılığı ilə üzləşməli
oluruq. Qafqazda mürəkkəb etnosiyasi vəziyyəti
təhlil edərkən o, belə bir nəticəyə gəlir ki,
bu region birləşmiş
qablar prinsipi üzrə
bir-biri ilə bağlı, əlaqəli çoxlu sayda öz dəyərli mədəniyyət aləmlərinin
unikal simvoludur. Müxtəlif mədəniyyətlərin və dillərin,
sivilizasiya təsirlərinin və mədəni
ötürmələrin qovşağında olan
hər bir Qafqaz etnosunun mədəniyyətində onu əhatə edən xalqlarla
doğmalaşdıran və eyni zamanda onlardan özgələşdirən
çoxtərəfli əlamətlər vardır. Daşdəmirovun fikrincə, Qafqaz
sadəcə coğrafi, yaxud
geosiyasi anlayış deyil,
tarixi, tarixi-siyasi
kateqoriyadır. Özünün bu keyfiyyətində, varlığında (ətraf
mühitə nəzərən və burada
məskunlaşan xalqların təsəvvüründə) o, ideoloji cəhətcə
formalaşmış mədəni sivilizasiyalı bütövlükdür. Onun başlıca
xüsusiyyəti bundadır ki, region Avropa ilə Asiya arasında strateji sərhəd,
Şərq və Qərb sivilizasiyalarının, dünya dinlərinin, Şərqin avtoxton xalqlarının öz
dəyərli mədəni ənənələri ilə
qarşılıqlı təsirdə olan
ən qədim mədəniyyətlərinin irsinin kəsişdiyi spesifik
zona kimi cəsiyyələnir
və dərk edilir.
Bu tədqiqatında Ə.F.Daşdəmirov
belə bir nəticəyə gəlir ki, açıq-aşkar bütün
fərqlərinə baxmayaraq Qafqaz mədəniyyətlərinin ümumi keyfiyyəti ondan
ibarətdir ki, onlar
tarixən məhz Qafqaza xas
olan çoxlu sayda etnosların və etnik
siyasətlərin çoxdilli,
sivilizasiyalararası, dinlərarası dialoqu şəraitində
formalaşmışlar. Hər bir
Qafqaz xalqının ətraf mühitin plüralist təsirlərinə
açıq olan mentallığı əsrlərin
dərinliklərindən gələn mədəniyyətin, təsəvvürlərin,
sosial və əxlaqi dəyərlərin
bəzi ümumi cəhətlərini ərz
etmişdir. Onlar
özlərində Qafqaz ənənəsinin
izini daşıyır və ümumqafqaz tarixinə aidliliyi,
məxsusluğu təcəssüm etdirirlər. Qafqazdakı
münasibətlər elə Qafqaz tarixinin özüdür,
hər halda bu tarixin mühüm tərkib
hissəsidir.
Qeyd etmək lazımdır ki, postsovet məkanındakı
elmi ictimaiyyətə akademik
Daşdəmirovun elmi novatorluğu
yaxşı məlumdur. Belə ki, hələ
keçən əsrin 80-cı illərində millətlər
və milli münasibətlər sahəsində
milli xarakter problemi tədqiqatçıların diqqət
mərkəzində olmuşdur. "Sovetskaya etnoqrafiya" səhifələrində
aparılmış diskussiyada milli psixologiyanın və milli
xarakterin spesifik cəhətlərinin
tədqiqində nəzəri-metodoloji aspektlərin və konseptual yanaşmaların özənməxsusluğunun
aşkar edilməsi xüsusi
vurğulanmışdır.
Bu diskussiyaya
yüksək tonusu və impulsu
Ə.F.Daşdəmirovun "Milli-psixoloji
problemlərin tədqiqi metodologiyasına dair"
məqaləsi vermişdir (Milli-psixoloji problemlərin tədqiqinin
metodologiyasına dair // Sovetskaya
etnoqrafiya, 1983, №3). Bu problemin müzakirəsi həmin məqalənin
ətrafında cəmlənmişdi. Həmin məqalədə
müəllif milli psixologiyanın funksional statusuna və strukturuna aid bir sıra aktual problemlər
qaldırır; onun elementlərinin fərqli
keyfiyyət xarakteristikalarının, həmçinin etnopsixoloji proseslərin meyilləri və
qanunauyğunluqları məsələlərini
araşdırır. Belə yanaşma,
müəyyən mənada, milli xarakterin və bütövlükdə milli psixologiyanın tədqiqinin zəruri
elmi-nəzəri bazasında o dövrdəki
çatışmazlığı doldurmuşdur.
Son illər akademik
Daşdəmirov Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ konfliktinin təbiətinin
tədqiqinə çox diqqət yetirir. "Rusiya
və Azərbaycan" (AMEA nəşri. B.
2000) kitabında o yazır: "Azərbaycan xalqının tarixi
dəyərlərinin və milli müqəddəsləri
iverarxiyasında Qarabağa
bütövlükdə vahid tarixi-mədəni,
geoiqtisadi, təbii-təsərrüfat regionu kimi həmişə
və hazırda da prioritet
yer ayrılmışdır. Çünki Qarabağ Azərbaycan
xalqının etnogenezinin, Azərbaycanın
siyasi tarixinin ən mühüm tarixi
ocaqlarından olmuşdur. Qarabağla,
Qarabağ xanlığı ilə tarixin digər qatları ilə azərbaycanlıları
milli dövlətçiliyinin, etnik identikliyinin
qorunmasının, möhkəmləndirilməsinin tarixi kökləri ilə bağlı olmuşdur.
Özünün "Qarabağ
konflikti yenidəqurma kontekstində"
adlı tədqiqatında bu konfliktin səbəblərini təhlil edərkən
Ə.F.Daşdəmirov qeyd edir ki, yenidənqurma siyasi tarixin ən birmənalı
olmayan, ziddiyyətli hadisələrindən,
təzahürlərindən biridir. Onun fikrincə,
o, çoxmillətli cəmiyyəti azad etdi, insanlara
siyasi azadlıq və ləyaqət
anlayışını vahid siyasi məkanın dağıdılması
bahasına qaytardı. Lakin, müəllif
yazır ki, onun özü ölkəni siyasi
xaosa və millətlərarası ixtilaflara qərq etdi ki, bunun da
nəticəsində yüz minlərlə
insanın hüquqları tapdalandı, ləyaqəti
alçaldı, faciəli qurban oldu, taleyi şikəst edildi. Məsələn, Dağlıq
Qarabağın erməni əhalisinin özünümüəyyənləşdirmə
hüququnun reallaşdırması bu cür baha
başa gəldi. Dağlıq Qarabağ ətrafında baş
verən hadisələr ölkənin islahatçı rəhbərliyinin
adekvat siyasi hərəkətlərə
tamamilə hazır olmadığını biruzə verdi.
Hər
kimə akademik Əfrand Daşdəmirovla
bir yerdə işləmək xoşbəxtliyi
nəsib olubsa, o xeyli qazanıb. Onun basma - qəliblikdən uzaq,
qeyri-standart təfəkkürü, onun müxtəlif elmi, yaxud siyasi problemlərə
qeyri-standart yanaşmaları həmişə
həmfikirlərində, həm də opponentlərində ona qarşı rəğbət hissi oyadır. Heç bir şübhə yoxdur ki, akademik Ə.F.Daşdəmirovun
məhsuldar elmi, pedaqoji
və ictimai fəaliyyəti hələ uzun müddət Azərbaycan xalqına fayda gətirəcəkdir.
Əliağa MƏMMƏDLİ,
AMEA Arxeologiya
və
Etnoqrafiya
İnstitutu Etnososioloji
tədqiqatlar
şöbəsinin rəhbəri
Elm.-
2012.- 30 aprel.- S.14.