AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ İLLİK ÜMUMİ YIĞINCAĞI KEÇİRİLMİŞDİR

 

 Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasının dairəvi zalında AMEA-nın illik Ümumi Yığıncağı keçirilmişdir.

 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, ali məktəblərin rəhbərləri, dövlət və ictimai təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və elmi ictimaiyyətin nümayəndələri əvvəlcə AMEA-nın ayrı-ayrı bölmə və institutlarının ötənilki fəaliyyətini, yerinə yetirilən elmi tədqiqat işlərini əks etdirən sərgi ilə tanış oldular.

AMEA-nın müvafiq institutlarının, digər elmi tədqiqat müəssisələrinin son bir ildə əldə etdiyi uğurları əks etdirən sərgi iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.

Sonra Ümumi Yığıncaq öz işinə başladı. Əvvəlcə AMEA-nın prezidenti akademik Mahmud Kərimov giriş sözü ilə çıxış etdi.

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti  

akademik M.Kərimovun AMEA-nın illik Ümumi Yığıncağında giriş sözü

 

Hörmətli Akademiya üzvləri!

Hörmətli qonaqlar,

xanımlar və cənablar!

 

Bu gün biz Azərbaycan Milli Elmlər Akademiyasının 2011-ci ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabatı müzakirə etmək üçün bu salona toplaşmışıq.

Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş siyahı tərkibi 50 həqiqi (akademik) və 99 müxbir üzvdən ibarətdir. İclasda 47 akademik və 94 müxbir üzv iştirak edir ki, bu da ümumi sayın üçdə ikisini təşkil edir. Beləliklə, iclas öz işinə başlamağa səlahiyyətlidir.

AMEA-nın ötən il aprelin 26-da keçirilmiş illik Ümumi Yığıncağından sonra Akademiyanın yeddi üzvü dünyasını dəyişmişdir. Bunlar akademiklər Bəkir Nəbiyev, Midhət Abasov, Akademiyanın müxbir üzvləri İnqilab Kərimov, Həmid Mustafayev, Kərim Ramazanov, Azad Nəbiyev və Anar Əlizadədir. (Akademiyanın vəfat etmiş üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - red.).

İllik yığıncağın gündəliyində iki məsələ vardır: Azərbaycan Milli Elmlər Akademiyasının 2011-ci ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat və struktur dəyişikliklərinin edilməsi.

(Gündəlik səsə qoyuldu və qəbul olundu, reqlament müəyyənləşdirildi - red.).

Azərbaycan Respublikasında ali elmi-təşkilati qurum olan Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi Yığıncağı yalnız elmi-mədəni  sferada deyil,  bütövlükdə ölkəmizin sosial-ictimai həyatında əlamətdar bir hadisədir. Çünki respublika alimlərinin hesabat ilində əldə etdikləri elmi uğurlar, mühüm elmi nəticələr, tətbiqini tapmış miqyaslı elmi proqram və layihələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən və sürətlə həyata keçirilməkdə olan ölkənin dinamik sosial-iqtisadi və mədəni-mənəvi inkişafının məntiqi nəticəsi və təzahürüdür.

2011-ci ilin ən əlamətdar hadisəsi, heç şübhəsiz ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün dövlət səviyyəsində qeyd edilməsi olmuşdur. Azərbaycan alimləri də bu yubiley tədbirlərinin təşkilində, bir sıra fundamental nəşrlərin hazırlanmasında, müstəqilliklə bağlı dəyərlərin elmi-fəlsəfi baxımdan tədqiqində və təbliğində yaxından iştirak etmişdilər.

Əvvəlki illərdə olduğu kimi ötən ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elm sahəsinə, alimlərə göstərdiyi diqqət və qayğını daha da artırmış, Azərbaycanda elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm  qərarlar qəbul etmişdir.

Bütün bu qərar və sərəncamlar Azərbaycan elminin inkişafında xüsusi xidməti olan alimlərin zəhmətinə dövlət başçısı tərəfindən verilmiş yüksək qiymətin, respublikamız üçün prioritet hesab olunan elm sahələrinin inkişafının stimullaşdırılmasının, gənc alimlərə və tələbələrə böyük qayğının təzahürüdür.

Ötən il Azərbaycanın elmi ictimaiyyəti üçün ən mühüm əlamətdar hadisə Prezident İlham Əliyevin 26 aprel 2011-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi Yığıncağında iştirak etməsi olmuşdur. Ölkə Prezidenti Akademiyanın illik Ümumi Yığıncağında geniş və dərin məzmunlu nitq söyləyərək Akademiyada Azərbaycan elitasının cəmləşdiyini qeyd etmiş, elmin inkişafının respublikanın tərəqqisində mühüm rol oynadığını vurğulamışdır. Yığıncaqda cənab Prezident Akademiyanın problemləri ilə də yaxından tanış olmuş, görüşün nəticəsi olaraq dövlət başçısının müvafiq sərəncamlarına əsasən Akademiyanın tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi-tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqları, Akademiyanın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırılmış, AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsinə dair əməli addımlar atılmışdır.

Ölkə başçısının Azərbaycan elminə belə diqqətcil və qayğıkeş münasibəti "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və bu Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının uğurla həyata keçirilməsində mühüm  rol oynamışdır.

Dövlət başçısının 17 yanvar 2011-ci il tarixli fərmanı ilə AMEA-nın strukturunda Aqrar Elmlər Bölməsi yaradılması haqqında Akademiya Ümumi Yığıncağının qərarı təsdiq edilmiş, bundan sonra bölmənin yaradılması ilə bağlı digər təşkilati işlər sürətlə həyata keçirilmişdir. Artıq Aqrar Elmlər Bölməsi Akademiyanın tərkibində müstəqil struktur vahidi olaraq fəaliyyət göstərməkdə, respublikamızda aqrar sahədə elmi tədqiqatların daha da gücləndirilməsinə xidmət etməkdədir.

Sürətlə dəyişən və inkişaf edən zamanın tələbindən irəli gələrək AMEA-nın elmi fəaliyyətinin, idarəetmə sisteminin, maliyyələşdirilməsinin təkmilləşdirilməsi, prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi və stimullaşdırılması istiqamətindəki islahatlar AMEA-nın daim diqqət mərkəzindədir. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və bu Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı əsasında həyata keçirilməkdə olan bu istiqamətdəki işlər ötən il də uğurla davam etdirilmişdir. Bu baxımdan xüsusi qeyd etmək istərdim ki, elmi-texniki inkişafın son dərəcə mürəkkəb inkişaf səviyyəsinə qədəm qoyduğu müasir dövrümüzdə tədqiqatların avtomatlaşdırılmasını, optimallaşdırılmasını, elmi nəticələrin etibarlılığını, dəqiqliyini təmin edən yeni sinif texniki avadanlıqların alınması istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

Ötən ilin əlamətdar hadisələrindən biri də oktyabr ayında  Bakıda  "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forumun keçirilməsi olmuşdur. Forumun işində 20-dən çox ölkənin siyasi, elmi və mədəni elitasının görkəmli təmsilçiləri, tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlər iştirak etmişlər. Forum çərçivəsində yeddi istiqamət üzrə dəyirmi masalar keçirilmiş, qloballaşma dövrünün humanitar problemlərinə dair Forum iştirakçılarının Bakı Bəyannaməsi qəbul edilmişdir. Forumun təşkilində və həyata keçirilməsində Akademiyanın alimləri yaxından iştirak etmişlər.

2011-ci ilin mühüm hadisələrindən biri də bir neçə illik fasilədən sonra yeni normativ-hüquqi baza əsasında respublikamızın elmi-tədqiqat və ali təhsil  müəssisələrinin doktorantura pilləsinə qəbulun uğurla həyata keçirilməsi olmuşdur.

AMEA-nın çoxsaylı alimləri hər il olduğu kimi ötən il də respublikanın sosial-iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyan  dövlət proqramlarının, qanun layihələrinin, strategiya və konsepsiyaların  hazırlanmasında yaxından iştirak etmişdir. Bunların içərisində Genetik Ehtiyatlar İnstitutunun hazırladığı "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, həmçinin  Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamının tələblərinə uyğun olaraq hazırlanmış "Azərbaycan Respublikası Milli Təhlükəsizlik siyasətinin təminatında elmin iştirakına dair Konsepsiya"nı xüsusi olaraq qeyd etmək istərdik.

Hesabat ilində Akademiyanın və respublikanın digər elmi-tədqiqat müəssisələrinin beynəlxalq elmi əlaqələri xeyli genişlənmiş, beynəlxalq əlaqələrin gücləndirilməsi sahəsində əvvəlki illərdə qarşıya qoyulan məqsədlərə nail olunmuş, bir sıra xarici ölkələrin elmi müəssisələri ilə elmi əməkdaşlıq haqqında yeni ikitərəfli müqavilələr imzalanmışdır.

Respublikanın alimləri xaricdə keçirilmiş çoxsaylı beynəlxalq elmi konfrans və simpoziumların iştirakçıları olmuş, həmçinin Bakıda xarici alimlərin iştirakı ilə bir sıra mühüm elmi konfrans və simpoziumlar keçirilmiş, xarici ölkələrin alimləri, mədəniyyət və siyasi xadimləri, beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının qonaqları olmuş və Akademiyanın Rəyasət Heyətində çoxsaylı görüşlər keçirilmişdir.

Hər il olduğu kimi, 2011-ci ildə də AMEA-nın elmi bölmələrində və respublikanın digər elmi müəssisələrində Fizika-riyaziyyat və texnika, Kimya, Yer, Biologiya, Aqrar, İctimai və Humanitar elmlər sahəsində  mövcud elmi istiqamət və problemlər üzrə geniş elmi tədqiqat işləri aparılmış, mühüm elmi nəticələr əldə edilmişdir. AMEA-nın akademik-katibinin hesabat məruzəsində bu nəticələr haqqında geniş məlumat veriləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm!

 

***

 

Sonra Azərbaycan MEA-nın akademik-katibi akademik Vaqif Fərzəliyev AMEA-nın 2011-ci ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat məruzəsi ilə çıxış etdi.

 

Akademik Vaqif Fərzəliyevin AMEA-nın illik Ümumi Yığıncağında məruzəsi

 

Hörmətli Akademiya üzvləri!

Hörmətli qonaqlar,

xanımlar və cənablar!

2011-ci il respublikamızın sosial-iqtisadi və mədəni-ictimai həyatında, demokratik və hüquqi dövlət quruculuğunda, ümumən milli cəmiyyətimizin sosial tərəqqisində əldə edilmiş bir sıra nailiyyətlərlə əlamətdar olmuşdur. Bu nailiyyətlər hər bir Azərbaycan vətəndaşı kimi xalqımızın intellektual elitasını təmsil edən alim və ziyalılarda da milli qürur, fəxarət və sevinc hissləri doğurur. Milli cəmiyyətimizdə sosial-iqtisadi və mədəni-mənəvi inkişafa müvafiq olaraq strateji əhəmiyyətli prioritet fəaliyyət sahələrindən olan elm də inkişaf etməkdə, xalqımızın tərəqqisinə getdikcə daha səmərəli şəkildə öz töhfələrini verməkdədir. Bu uğurlar bütün digər amillərlə yanaşı həm də onunla şərtlənir ki, elmin inkişafı ölkə başçısı cənab İlham Əliyevin həmişə diqqət mərkəzindədir.

 

Respublika Prezidentinin hesabatını verdiyimiz 2011-ci ilin aprel ayında AMEA-nın fəaliyyətinə verdiyi qiymət bunu bir daha sübut edir.

2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası öz fəaliyyətini "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyasının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın yerinə yetirilməsi istiqamətinə yönəltmişdir.

Hesabat ilində Akademiyanın elmi müəssisələrində 157 problemin 485 mövzusu üzrə 1427 elmi-tədqiqat işi aparılmış və 160-a yaxın əsas elmi nəticə alınmışdır. Həmçinin müxtəlif nazirliklər və dövlət  şirkətləri nəzdində fəaliyyət göstərən elmi mərkəzlər tərəfindən aparılan tədqiqatlar da koordinasiya olunmuşdur.

Qeyd etmək istərdim ki, respublikanın bütün nazirlik və dövlət şirkətləri 2011-ci ildə yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatını Azərbaycan Milli Elmlər Akademiyasına təqdim etmişlər. Təbii ki, 40 dəqiqəlik məruzə çərçivəsində əldə edilən bütün elmi nailiyyətləri işıqlandırmaq mümkün deyil. Digər tərəfdən isə sizə təqdim olunan hesabatda onlar təfərrüatı ilə öz əksini tapmışdır. Ona görə də icazə verin məruzədə elmi istiqamətlər üzrə qısa olaraq məlumat verim.

Hesabat ilində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) elmi-tədqiqat institutlarında riyaziyyat və mexanika, kibernetika və informasiya texnologiyaları, fizika və astrofizika, energetika və radiasiya problemləri elm sahələrinin prioritet istiqamətləri üzrə 26 problem üzrə 45 əsas nəticə alınmışdır. Fizika-riyaziyyat və texnika elmləri sahəsində digər elm və təhsil müəssisələrində alınmış əsas nəticələrə gəldikdə Milli Aviasiya Akademiyasında 7, Bakı Dövlət Universitetində 6, Azərbaycan Dövlət Neft Akademiyasında 2 və Sumqayıt Dövlət Universitetində 1 əsas nəticə alınmışdır.

Hesabat ilində FRTEB-in müəssisələrində beynəlxalq əlaqələri ənənəvi olaraq kollektiv layihələrdə iştirak, ikitərəfli birgə əməkdaşlıq və mübadilə layihələri, birgə nəzəri və təcrübi tədqiqatların aparılması, yeni cihaz, avadanlıq və texnologiyaların mənimsənilməsi və tətbiqi, konfransların təşkili, kadr hazırlığı və s. əhatə etmişdir. Bu sahədə çoxsaylı qarşılıqlı qısa və uzunmüddətli ezamiyyə və qrant səfərləri olmuşdur. Bir sıra xarici ölkə elmi-tədqiqat müəssisələrinin məsul rəhbərləri bölmənin institutlarına səfər etmiş, mövcud potensialla tanış olmuş, birgə əməkdaşlıq layihələrini müzakirə etmişlər.

Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının nəzdində bölmənin elmi istiqamətləri üzrə 6 problem şurası fəaliyyət göstərir.

2011-ci ildə 39 elmi-tədqiqat işinin nəticəsinin xalq təsərrüfatına tətbiqi bölmə elmi müəssisələri tərəfindən icra edilmişdir ki, bunlardan 29-u artıq tətbiq olunmuşdur.

Bölmə 7 Dövlət Proqramının yerinə yetirilməsində iştirak edir.

Hesabat ilində Kimya Elmləri Bölməsinin (KEB) elmi müəssisələri və respublikanın digər müəssisələri neft kimyası və neft emalı, üzvi kimya, fiziki kimya, yüksək molekullu birləşmələr kimyası, analitik kimya, qeyri-üzvi kimya və kimya texnologiyasının prioritet istiqamətləri üzrə 27 əsas nəticə əldə etmişlər.

Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının nəzdində bölmənin elmi istiqamətləri üzrə 5 problem şurası fəaliyyət göstərir.

Bölmənin elmi müəssisələri tərəfindən 4 iş tətbiq olunmuş, 8 iş isə hesabat ili ücün nəzərdə tutulmuş plan həcmində yerinə yetirilmişdir.

Bölmənin institutlarında 4 Dövlət Proqramı üzrə elmi-tədqiqat işləri yerinə yetirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılacaq yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin təklif olunan layihəsini bölmənin alimləri Neft-Kimyası və Neft Emalı üzrə Problem Şurasında və daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında müzakirə etmişlər. Problem Şurası və AMEA-nın Rəyasət Heyəti kompleksin təklif olunan strukturunun əsas kimi qəbul olunmasını məqsədəuyğun hesab etmişlər. Qeyd etmək lazımdır ki, kompleksin strukturu hazırlanarkən bölmə alimlərinin  təklifləri nəzərə alınmışdır.

Hesabat ilində Yer Elmləri Bölməsinin (YEB) institutları tərəfindən 6 problem üzrə 15 əsas elmi nəticə alınmışdır. Respublikanın digər müəssisələri isə 7 əsas elmi nəticə əldə etmişlər.

Bölmə 4 Dövlət Proqramı üzrə elmi-tədqiqat işləri aparmışdır.

Geologiya İnstitutu 10 ildən artıqdır ki, yüksək elmi texnologiyalar sahəsində dünyada lider olan ABŞ-ın Massaçusets Texnoloji İnstitutu ilə  birgə kosmik geodeziya vasitələri ilə Qafqaz, Yaxın və Orta Şərq, Orta Asiya sahələrində işlər aparır. Bundan başqa, digər ölkələrin elmi mərkəzləri ilə də beynəlxalq layihələrin yerinə yetirilməsində iştirak edir.

Geologiya İnstitutunda "Azərbaycan Respublikası və ətraf ərazilərin geodinamik əsaslı tektonik xəritəsi"nin rəqəmsal variantı, "AR Milli Atlası" üçün "Azərbaycan ərazisinin geoloji xəritəsi",  geoloji və tektonik xəritələr işlənib hazırlanmışdır.

Geologiya İnstitutunun prioritet neft istiqaməti üzrə elmi-tədqiqat fəaliyyətinin böyük bir hissəsi "2007-2014-cü illər ərzində Cənubi Xəzər Çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi Proqramı"nın icrası ilə bağlı olmuşdur.

2011-ci ildə Azərbaycan-Almaniya beynəlxalq elmi-texniki əməkdaşlıq çərçivəsində,  Geologiya İnstitutunun və Almaniyanın Geoloji Elmlər və Təbii Sərvətlər Nazirliyi ilə birgə Daşgil və Pirəküşkül palçıq vulkanlarında qazların atmosferə ifrazının monitorinqi keçirilmişdir.

2011-ci ildə Coğrafiya İnstitutunun alimləri öz elmi fəaliyyətlərini 2 problem üzrə aparmışlar:

- Azərbaycanda təbiət qanunauyğunluqları; təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi; istehsalın sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi problemləri;

- Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillərin və ekoloji şəraitinin tədqiqi.

Hesabat ilində Coğrafiya İnstitutunun ailmləri "Dağ çaylarının axımı, su ehtiyatları və insanın təsərrüfat fəaliyyəti" mövzusu üzrə Böyük Qafqazın şimal-şərq yamacı çaylarının su ehtiyatlarına, onların axım rejiminə antropogen amillərin təsiri öyrənilmiş və nəticədə ilk dəfə olaraq bu ərazinin çay hövzələrinin antropogen yüklənməyə görə ekoloji vəziyyətinin qiymətləndirilməsi xəritəsi Xəzər dənizi Azərbaycan sahil zonasının GİS mühitində landşaft, inzibati bölgü, əhalinin sıxlığı, urbanlaşma, əhalinin doğum və ölüm, həmçinin birləşmiş səhralaşma xəritələrini tərtib etmişlər.

Hesabat ilində Yer Elmləri Bölməsi bir sıra beynəlxalq və respublika miqyaslı konfrans və seminar kecirmişdir. Bölmənin alimləri 7 qrant üzrə elmi-tədqiqat işləri yerinə yetirmiş, 10 kitab, monoqrafiya, toplu və atlas çap etdirmiş, 237 məqalə (122-si xarıcdə) dərc etmişlər.

2011-ci ildə Biologiya Elmləri Bölməsinin (BEB) elmi fəaliyyəti biologiya, tibb və kənd təsərrüfatı sahəsində fundamental və tətbiqi problemlərin həllinə yönəldilmişdir.

Bölmənin elmi müəssisələrində elmi-tədqiqat işləri iki istiqamət üzrə davam etdirilmişdir:

- Azərbaycanda flora, fauna, torpaq örtüyü və mikroorqanizmlərin biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi;

-canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsasları.

Qeyd olunan istiqamətlər 13 problemi əhatə edir və bu problemlər üzrə 24 əsas elmi nəticə alınmışdır.

Bundan əlavə, Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarında -12, Kənd Təsərrüfatı Nazirliyinin institutlarında isə 12 mühüm nəticə əldə edilmişdir.

Biologiya Elmləri Bölməsinin elmi təşkilatları hesabat ilində 7 Dövlət Proqramının yerinə yetirilməsində iştirak etmişlər.

2011-ci ildə Bölmə institutlarının 200-dən artıq alimi 55 qrant layihəsində iştirak etmişdir. Belə ki, cari ildə bölmənin tarixində ilk dəfə olaraq 37 qrant layihəsi maliyyələşdirilmişdir (2.607.165).

Bundan başqa, Biologiya Elmləri Bölməsinin institutları və Azərbaycan Tibb Universiteti tərəfindən hazırlanmış birgə qrant layihəsi üzrə Elmin İnkişafı Fondu tərəfindən 725.000 manatlıq müasir Transmission Elektron Mikroskopu və ona köməkçi cihaz, avadanlıq və materiallar alınmışdır.

Hesabat ilində bölmə təşkilatları bir sıra beynəlxalq və respublika elmi, tədris mərkəzləri ilə elmi əməkdaşlıq əlaqələrini davam etdirmişlər.

Bölmədə bir sıra sahələr üzrə yüksəkixtisaslı kadr hazırlığı işləri uğurla davam edir. Hazırda 3 nəfər botanik Almaniya, İspaniya və Fransada doktoranturanın II pilləsi üzrə təhsil alır. Bundan əlavə, 7 nəfər gənc botanik müxtəlif xarici ölkələrin tanınmış alimlərinin elmi rəhbərliyi və ya məsləhətçiliyi ilə dissertasiya işlərini yerinə yetirmək və ixtisaslarını artırmaq məqsədilə mütəmadi olaraq həmin ölkələrə elmi ezamiyyətə göndərilmişdir.

Hesabat ilində YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin Ümumi Yığıncağı keçirilmişdir. Tədbirdə Milli Komitənin tərkibində bəzi dəyişikliklər edilərək akademik Cəlal Əliyev sədr olmaqla yeni tərkib təsdiq edilmişdir.

Hesabat ilində Humanitar və İctimai Elmlər Bölməsində (HİEB) 63 problem üzrə elmi tədqiqat işləri yerinə yetirilmişdir.

Tarixçi alimlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bölgənin tarixi ilə bağlı daha geniş tədqiqatların aparılması çağırışını rəhbər tutaraq son illərdə Ermənistanın Azərbaycana iddialarının əsassız olduğunu təkzibedilməz tarixi sənədlər əsasında sübut edən "Azərbaycan xalçaları" Qarabağ qrupu və "Azərbaycan xalçaları" İrəvan qrupu kimi fundamental əsərləri 7 dildə nəşr etmişlər.

"Heydər Əliyev ideyalarının zəfər yürüşü" adlı monoqrafiya, ikicildlik "Heydər Əliyev" fundamental tədqiqat əsəri, "Azərbaycan tarixi: erkən intibah dövrü (XI əsrin II yarısı-XIII əsrin əvvəlləri)" əsəri və "Şimal-Qərbi Azərbaycan tarixi" (434 s.) adlı fundamental əsər də tarixçi alimlərimizin uğuru kimi qiymətləndirilə bilər.

Azərbaycan arxeologiya elminə, abidələrimizin tədqiqinə göstərilən ən böyük diqqət və qayğının təzahürü olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında arxeoloji ekspedisiyaların yüksək səviyyədə maliyyələşdirilməsi işi bu il də davam etmişdir. 40-a yaxın arxeoloji ekspedisiya Azərbaycanın bütün bölgələrində qazıntı tədqiqat işləri aparmış, dəyərli etnoqrafik məlumatlar toplanılmış, etnoqrafik səfərlərin sayı artmış və həcmi böyümüşdür.

Milli Azərbaycan Tarixi Muzeyinin gördüyü işlər tarix və arxeologiya sahəsinə aid elmi silsilənin məntiqi davamıdır. Muzey əməkdaşları Azərbaycanın qədim, orta əsrlər, yeni və Xalq Cümhuriyyəti dövrlərini, Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiyanın, həmçinin müxtəlif mövzularda sərgilərin qurulması, təkmilləşdirilməsi və yeniləşdirilməsi sahəsində bir sıra faydalı işlər görmüşlər.

"H.Z.Tağıyevin qız məktəbinin  tarixindən" adlı son dərəcə faydalı kitab nəşr edilmişdir.

"Azərbaycan milli iqtisadiyyatının sosial-iqtisadi problemlərinin tədqiqi. Makroiqtisadi və regional inkişaf problemləri" istiqaməti üzrə iqtisadçı alimlər tərəfindən Azərbaycan Respublikasında rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşması və inkişafının elmi-nəzəri, elmi-metodoloji və konseptual əsasları işlənilmişdir. Həmçinin qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətli inkişafına nail olmanın elmi-nəzəri əsasları öyrənilmiş, əhalinin səmərəli məşğulluğunun və rifahının yaxşılaşdırılmasının sosial-iqtisadi və demoqrafik xüsusiyyətləri və s. araşdırılmışdır.

Fəlsəfə elmi sahəsində dünya və Azərbaycan fəlsəfə, ictimai fikir və mədəniyyət tarixinin orta əsrlərdən başlamış müasir dövrədək həllini tapmamış problemləri ilə bağlı tədqiqat işləri aparılmış, dünya fəlsəfə tarixinin tədqiqi və nəzəri problemləri, bir sıra Qərb mütəfəkkirlərinin fəlsəfi konsepsiyaları öyrənilmiş, elmi idrakın inkişaf xüsusiyyətləri, fənlərarası metodologiyanın müxtəlif aspektlərdə nəzəri və tətbiqi imkanları təhlil edilmiş, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında əxlaqi, milli-mədəni, dini dəyərlərin yeri və rolu, müasir dövrün sosioloji və sosial-psixoloji problemləri tədqiq edilmişdir.

Sosiologiya və hüquq sahəsində Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda dövlət idarəetməsi və dövlət qulluğu problemləri təhlil edilmiş, vətəndaşların sosial təminata olan konstitusion hüquqlarının reallaşdırılmasında dövlətin rolu öyrənilmiş, icra hakimiyyəti orqanlarının fəaliyyətində mübahisələrin yaranma səbəbləri tədqiq edilmiş və onların həlli yolları göstərilmiş, mülki prosessual hüququn prinsipləri araşdırılmış və onun müxtəlif əsaslara görə təsnifləndirməyin mümkünlüyü irəli sürülmüşdür.

İnsan hüquqları sahəsində alimlərimiz Azərbaycan Respublikası Konstitusiyası, BMT-nin İnsan Hüquqlarına dair Ümumi Bəyannaməsi, İnsan Hüquqları üzrə Avropa Konvensiyası, insan hüquqlarına dair digər beynəlxalq sənədlərdə təsbit olunmuş siyasi, mülki, iqtisadi, sosial və mədəni hüquqları öyrənmiş, Azərbaycan cəmiyyətində demokratik proseslərin inkişaf kontekstində insan hüquqları və əsas azadlıqlar problemlərinin öyrənilməsi üzrə öz təkliflərini hazırlamışlar.

Şərqşünas alimlər "Şərq ölkələrinin tarixi, Şərqin yazılı abidələrinin tədqiqi, Yaxın və Orta Şərq ölkələrində fəlsəfə, Şərq-Qərb sivilizasiyalararası münasibətləri və Azərbaycan-Şərq-Qərb dialoqunun geopolitik və kulturoloji aspektləri istiqamətləri üzrə tədqiqatlar aparılmışdır.

Qeyd olunan istiqamətlərdə aparılan elmi-tədqiqat işlərinin nəticələri bir sıra monoqrafiyalarda, kitablarda və məqalələrdə öz əksini tapmışdır.

Hesabat ilində humanitar elmlər sahəsində elmi-tədqiqat işləri aşağıdakı istiqamətlər üzrə aparılmışdır:

-"Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkül tarixi və inkişaf qanunauyğunluqları";

-"Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları";

-"Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin toplanması, sistemə salınması, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşrə hazırlanması və təbliği";

- "Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, tarixi və inkişaf qanunauyğunluqları";

- "Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi".

Ədəbiyyatşünas alimlər Azərbaycan şifahi xalq ədəbiyyatının tarixi və nəzəri məsələlərini, şifahi və yazılı ədəbiyyatın qarşılıqlı münasibətlərini araşdırmış, Azərbaycanda ədəbi-tarixi prosesə nəzər salmış, milli müstəqillik dövrünün başlanğıcında Azərbaycan ədəbiyyatını dərindən tədqiq etməyə müvəffəq olmuşlar.

Mənbəşünas alimlər tərəfindən mətnşünaslıq, elmi-tənqidi mətnlərin tərtibi, ilkin mənbələrin tədqiqi və nəşri, tarixi mənbələrin tədqiqi və nəşri problemləri araşdırılmış, Şərq əlyazmalarının elmi təsviri və kataloqlaşdırılması, Azərbaycan və digər İslam Şərqi xalqlarının tarixi, elm və mədəniyyət tarixinə aid əlyazmaların, arxeoqrafik sənədlərin, arxiv materiallarının və daşbasma kitabların, eləcə də Azərbaycanda İslam problemlərinə aid əlyazmaların öyrənilməsi sahəsində Əlyazmalar İnstitutunda geniş tədqiqatlar aparılmış, bunların nəşri sahəsində əməli işlər görülmüşdür.

Folklorşünaslıq sahəsində Azərbaycan mifologiyasının tədqiqi, Azərbaycan folklorunun tarixi və nəzəri məsələləri, aşıq yaradıcılığı, "Kitabi-Dədə Qorqud" dastanlarının tədqiqi, folklor mətnlərinin toplanması, tərtibi və nəşri sahəsində bir sıra tədqiqatlar yerinə yetirilmişdir.

Azərbaycan ədəbiyyatı tarixinin ilk baxışda gözəgörünməz tərəflərdən, hərtərəfli öyrənilib təbliğ olunması, milli ədəbiyyat nümunələrinin toplanıb mühafizə edilməsi sahəsində fəaliyyət göstərən  Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları  hesabat ilində qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının, o cümlədən Şirvan ədəbiyyatı və mədəniyyətinin tədqiqi və təqdimi ilə məşğul olmuş, Azərbaycan ədəbiyyatına aid elmi-bədii materiallar toplamış, onları öyrənərək  ekspozisiyada və sərgilərdə göstərmiş və çeşidli ədəbi mərasimlər təşkil etmişlər.

30 illik yubileyini qeyd etməyə hazırlaşan Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları  Hüseyn Cavid yaradıcılığının tədqiqi, əsərlərinin xarici dillərə tərcüməsi ilə məşğul olmuş, Hüseyn Cavid və ümumiyyətlə, Cavidlər haqqında olan araşdırmaların toplanması, sistemləşdirilməsi və nəşri sahəsində bir sıra işlər görmüş, Hüseyn Cavid və Turan Cavidin arxivlərini araşdıraraq əlyazmalarının elmi təsvirini hazırlamışlar.

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin sərəncamı ilə "Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" adlı oncildlik fundamental əsər nəşr olunmuşdur.

Dilçilik sahəsində elmi-tədqiqat işlərinin icrasından bir sıra mühüm nəticələr alınmışdır. Onlardan "Azərbaycan dili üçün tətbiqi-linqvistik texnologıyaların yaradılması problemləri", "XIII-XVIII əsrlər Azərbaycan yazılı abıdələrində antroponimlərin üslub özəllikləri"  əsərlərini qeyd etmək olar.

Azərbaycan dilinin dialekt və şivələrinin verdiyi materiallar əsasında toplanmış tayfa, nəsil adı, qohumluq adlarını bildirən sözlər, məişət leksikası, adət-ənənə, mərasim leksikası, peşə, sənət sözləri, çəki, ölçü, dəyər bildirən sözlər və ifadələrin etnolinqvistik baxımdan təhlil edildiyi "Azərbaycan dili dialekt və şivələrində tarixi dövrlərin izləri" adlı elmi iş dilçi alimlərin uğuru kimi qiymətləndirilə bilər.

Memarlıq və incəsənət sahəsində aparılan tədqiqatlarda Azərbaycan və islam memarlıq irsi, Azərbaycanın musiqi tarixi, səhnə (teatr, estrada, sirk) və ekran (kino, televiziya) sənətinin tarixi və nəzəri  problemləri, Azərbaycan dekorativ-tətbiqi sənətinin tarixi dünya incəsənəti kontekstində araşdırılmış, Azərbaycan təsviri sənəti və heraldikası, dizaynda standart və eyniyyət problemləri, müqayisəli sənətşünaslıq, Azərbaycan incəsənətində etnomədəni eyniyyətin informasiya aspektləri və s. məsələlər öyrənilmişdir.

2011-ci ildə Naxçıvan Bölməsinin  6 elmi-tədqiqat institutunda 6 problem üzrə elmi-tədqiqat işləri yerinə yetirilmiş və10 mühüm elmi nəticə əldə edilmişdir.

Hesabat ilində bölmə əməkdaşlarından 4 nəfər fəlsəfə doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, 4 nəfərin elmlər doktoru, 3 nəfərin isə fəlsəfə doktoru dissertasiyaları müzakirədən keçərək müdafiəyə təqdim edilmişdir.

2011-ci ildə bölmə əməkdaşlarının  619 elmi əsəri nəşr edilmiş, 2 patent alınmışdır.

Bölmə əməkdaşları  "Naxçıvan folkloru antologiyası"nın  III cildi, "Şərur folkloru" toplusu, "Onomologiya problemləri"nin II cildi, "Ktematonimlərin linqvistik xüsusiyyətləri" kitabları, "Hüseyn Cavid Ensiklopediyası" üzərində işləri davam etdirmişlər.

Hesabat  ilində  bölmədə mövcud cihaz    avadanlıqların təkmilləşdirilməsi davam etdirilmişdir.

 

REGİONAL ELMİ MƏRKƏZLƏRİN FƏALİYYƏTİ

 

Gəncə Regional Elmi Mərkəzində neft kimyası, farmakologiya, ekologiya, iqtisadiyyat, tarix, ədəbiyyat, arxeologiya, incəsənət elmləri sahəsində tədqiqatlar aparılmışdır.

Xalqımızı bütün dünyaya tanıtmış görkəmli mütəfəkkirlər Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Mirzə Şəfi Vazehin yaradıcılığının tədqiqi sahəsində elmi işlər aparılmışdır.

"Nizami Gəncəvi: sələflər və xələflər", "Nizami məqbərəsinin tarixi" monoqrafiyaları Heydər Əliyev Fondu tərəfindən çap olunmuşdur.

Mərkəz 2 Dövlət Proqramının yerinə yetirilməsində iştirak edir.

Şəki Regional Elmi Mərkəzində hesabat ilində ipəkçilik, biokimya, biofizika, bitki müxtəlifliyinin genofondu, geokimya, sellərin öyrənilməsi, folklorşünaslıq və el sənətləri sahəsində elmi-tədqiqat işləri yerinə yetirilmişdir.

2011-ci ildə mərkəzin 5 kitabı və 31 elmi məqaləsi dərc olunmuşdur.

Lənkəran Regional Elmi Mərkəzinin 2011-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti, əsasən, cənub regionunun tarixi, mədəniyyəti, adət-ənənələri, təbii sərvətləri, əmək ehtiyatları, flora və faunası, ekologiya və iqtisadiyyatı ilə bağlı olmuşdur.

Elmi Mərkəzin əməkdaşlarının hesabat ilində 18 işi nəşr olunmuşdur.

 

RƏYASƏT HEYƏTİNİN NƏZDİNDƏ OLAN TƏŞKİLATLARIN FƏALİYYƏTİ

 

"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi tərəfindən çoxcildli universal Milli Ensiklopediyanın üçüncü cildinin kitabxanalar üçün nəzərdə tutulmuş variantı Azərbaycanda 25000 nüsxə, abunə variantı isə Almaniyada 10000 nüsxə çap olunması üçün təqdim edilmişdir.

Hesabat ilində Milli Ensiklopediyanın, əsasən, "B" hərfinə aid olan üçüncü və dördüncü cildləri üzərində, həmçinin ardıcıl olaraq "C", "Ç" və "D" hərflərinə aid məqalələr üzərində iş aparılmışdır.

Respublika Seysmoloji Xidmət Mərkəzində 2011-ci ildə elmi tədqiqatlar iki istiqamət üzrə aparılmışdır:

- respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinemetrik və dinamik parametrlərinin öyrənilməsi;

- geofiziki (maqnitometriya və qravimetriya) və geokimyəvi sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi.

2011-ci ildə mərkəzin əməkdaşları  NATO  xətti ilə 2 qrant almış və Elmin İnkişafı  Fondunun xətti ilə 2 qrantda iştirak etmişlər.

Elmi əməkdaşlıq üzrə mərkəz 14 ölkənin seysmoloji və geofiziki institutları ilə birgə işlər aparır.

Hesabat dövründə  ABŞ-ın "Kinemetrics" şirkəti tərəfindən istehsal olunan cihazlarla təchiz olunmuş 7 yeni telemetrik seysmik stansiya tikilərək istifadəyə verilmişdir və beləliklə, respublika üzrə onların sayı 31-ə çatdırılmışdır.

2011-ci il ərzində 17 hiss olunan zəlzələ qeydə alınmışdır, onların  sayı və ayrılmış seysmik enerjinin miqdarı 2010-cu ilə nisbətən yüksək olmuşdur.

Elmi İnnovasiyalar Mərkəzi 2011-ci il ərzində iqtisadiyyat və idarəetmə, iqtisadi fəaliyyət sahəsi üzrə məlumat bazalarının yaradılması və onların əsasında innovasiya fəaliyyətinin qiymətləndirilməsi istiqamətlərində elmi-tədqiqat işləri yerinə yetirmişdir.

EİM-də qeydiyyatda olan 137 təşkilat 1124 elmi-tədqiqat işini qeydiyyatdan keşirmiş və 1531 hesabat təqdim etmişdir.  3 monoqrafiya, 2 konfrans materialı və Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr edilmiş "Müstəqillik illərində Azərbaycanda innovasiya inkişafı" toplusu nəşr edilmiş, beynəlxalq və respublika konfransları, seminarlar keçirilmişdir.

Mərkəzi Elmi Kitabxana öz fəaliyyətini kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahələrində aparılan fundamental, nəzəri və tətbiqi xarakterli tədqiqat işlərinin səmərəliliyinin artırılmasına yönəltmiş və  mühüm elmi nəticələr əldə etmişdir.

28 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Elmi Kitabxana üçün inşa olunacaq yeni binanın təməlqoyma mərasimində iştirak edərək   tövsiyə və tapşırıqlarını verməsi kitabxananın tarixində yeni səhifə açmışdır.

Hesabat ilində Kitabxanaya 17 209 nüsxə ədəbiyyat daxil olmuşdur ki, onlardan  3 501 nüsxəsi xarici dillərdədir.

 

Beynəlxalq kitab mübadiləsi vasitəsilə kitabxanaya 2 381 nüsxə ədəbiyyat alınmış, xarici ölkələrə  2 435 nüsxə ədəbiyyat göndərilmişdir. Fondun ümumi həcmi 3 468 650 nüsxə təşkil edir.

Hesabat ilində Kitabxana bir sira elmi konfrans və sərgilər keçirmişdir.

Dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda duran problemlərin həllində Terminologiya Komissiyası mühüm missiya daşıyır. 2011-ci ildə Terminologiya Komissiyasında müxtəlif sahələr üzrə terminlərin izahlı lüğətləri müzakirə olunmuş, təkmilləşdirildikdən sonra  bu  lüğətlər  Komissiyanın qərarı ilə nəşr edilmişdir.

Hesabat ili Respublika "Xatirə Kitabı" Redaksiyasının kollektivi üçün 11-ci cildin çapdan çıxması ilə əlamətdar olmuşdur.

"Xatirə Kitabı" öz həcmi, səviyyəsi ilə seçilən unikal nəşrdır. Hər cilddə vətən yolunda canından keçmiş soydaşlarımız haqqında yığcam bioqrafik məlumat verilir.

Soyadları "M" və "N" hərflərilə başlayan məlumatları əhatə edən 11-ci cilddə təxminən 14 min soydaşımız haqqında söz açılmışdır.

Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzi hesabat ilində AMEA-nın 54 elmi müəssisə və təşkilatlarında elmin inkişaf mərhələlərini əks etdirən sənədli materialların toplanması və sistemləşdirilməsinə, düzgün tərtib edilərək icra edilməsinə yardım etmişdir.

 

RƏYASƏT HEYƏTİNİN  FƏALİYYƏTİ

 

Hesabat ilində AMEA Rəyasət Heyətinin 24 iclası keçirilmişdir. Bu iclaslarda 10 elmi məruzə dinlənilmiş, bir sıra elmi-təşkilati və kadr məsələləri, elmi tədqiqatların həyata keçirilməsi və inkişaf etdirilməsi, AMEA-nın fəaliyyətinin, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bir sıra qərarlar qəbul edilmiş və konkret tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Xəzər Elmi-Tədqiqat Mərkəzinin yaradılması ilə bağlı müvafiq sərəncamı ilə AMEA Rəyasət Heyətinin nəzdində Komissiya yaradılmış, təkliflər hazırlanmış və AMEA Rəyasət Heyətində müzakirə olunaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 aprel 2011-ci il tarixində AMEA-nın illik Ümumi Yığıncağındakı dərin məzmunlu nitqində böyük Azərbaycan şairi Nizami Gəncəvi irsinin daha dərindən, bu günün tələbləri səviyyəsində öyrənilməsi, şairin şəxsiyyət və yaradıcılığının özgələşdirilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi zərurətini qeyd etmişdir. Bunu nəzərə alaraq  AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA Gəncə Regional Elmi Mərkəzinin nəzdində, Nizamişünaslıq şöbəsinin bazasında Nizami Gəncəvi Mərkəzi yaradılmışdır.

Hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasının müəssisələri 61 elmi-tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçirmişlər. Bu işlərin 37-sinin tətbiqi başa çatmış, 24 iş isə hesabat ili üçün nəzərdə tutulmuş plan həcmində yerinə yetirilmişdir. Plandan əlavə 9 iş tətbiq olunmuşdur.

İşlərdən bir qismi müqavilələr, digərləri isə birgə proqram əsasında görülmüşdür.

Azərbaycan Milli Elmlər Akademiyası 2011-ci ildə 10 Dövlət Proqramının yerinə yetirilməsində iştirak edib:

–"Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə";

–"2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair";

–"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair";

–"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf";

–"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə";

–"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı";

–"Azərbaycan teatrı 2009- 2019-cu illərdə";

–"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı";

–"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə";

–"2010-2012-ci illərdə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə ".

AMEA-nın elmi müəssisələri tərəfindən 2011-ci ildə 71 Azərbaycan patenti və 3 xarici ölkənin patenti alınmışdır. Azərbaycan patentini almaq üçün 65 iddia sənədi verilmişdir.

Akademiyanın alimləri tərəfindən hesabat ilində 493 kitab və monoqrafiya nəşr olunmuşdur, onlardan 36-sı xaricdə,  6148 məqalə, onlardan da 1910-u xarici jurnallarda (165-i impakt faktorlu jurnallarda) çap olunmuşdur.

"Elm" Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi tərəfindən ümumi tirajı 31 890 nüsxə, ümumi həcmi 2 015 cap vərəqi olan 68 adda kitab çap edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası 2011-ci ildə 67 respublika səviyyəli, 31 beynəlxalq səviyyəli elmi konfrans kecirmişdir.

(Azərbaycan Milli Elmlər Akademiyasının tərkibi 160 üzvdən ibarətdir: 55 həqiqi üzv, 105 müxbir üzv. AMEA-nın elmi müəssisələrində, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 9742 nəfərdir. Elmi işçilərin sayı 4709 nəfər, o cümlədən 539 nəfəri elmlər doktoru, 2079 nəfəri isə fəlsəfə doktorudur.

2011-ci ildə doktoranturaya 275 nəfər (165 əyani və 110 qiyabi) doktorant qəbul olunmuşdur.

Hazırda doktorantların ümumi sayı 315 nəfərdir (175 əyani, 140  qiyabi).

Əyani doktoranturaya 9 nəfər xarici vətəndaş qəbul olunmuşdur. 2011-ci ildə AMEA-ya elmlər doktoru hazırlığı üzrə 43 nəfər (14 əyani və 29 qiyabi) doktorant qəbul olunmuşdur.

Hesabat ilində 150 doktorantın iştirakı ilə doktorantların növbəti elmi konfransı keçirilmişdir.

2011-ci ildə AMEA institutlarından 6 nəfər gənc tədqiqatçı Dünya Alimlər Birliyinin təsis etdiyi Təqaüd proqramının qalibi olmuşdur.

İslam İnkişaf Bankı üzv  ölkələrdən olan istedadlı təqaüdçülərin bir sıra qabaqcıl universitetlərdə doktorantura təhsili almaları və doktoranturadan sonrakı tədqiqat işi aparmaları məqsədilə təsis etdiyi Təqaüd proqramında iştirak edən AMEA-nın  2 nəfər gənc mütəxəssisi bu proqramın qalibi olmuşdur.

2011-ci ildə AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi digər təşkilatlarla birlikdə 2 fevral  Azərbaycan Gəncləri Günü münasibətilə elm sahəsində nailiyyətlər qazanmış 6 nəfər gənc alimi mükafatlandırmışdır.

AMEA-da elmlər doktoru üzrə 16, fəlsəfə doktoru üzrə 19 Dissertasiya Şurası fəaliyyət göstərir.

 

BEYNƏLXALQ ELMİ ƏLAQƏLƏR

 

Hesabat ilində AMEA-nın beynəlxalq elmi əlaqələri xeyli genişlənmiş, bir sıra xarici ölkələrin elmi müəssisələri ilə elmi əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanmışdır.

 

Hesabat ilində AMEA dünyanın bir sıra beynəlxalq təşkilatları və elmi mərkəzləri ilə Avropa Birliyinin 7-ci Çərçivə Proqramı, Dünya Alimlər Birliyi, İslam İnkişaf Bankı, ICSU, STCU, Fransanın CNRS və CNR təşkilatları, YUNESKO, NATO, ISESKO və bir çox başqa beynəlxalq qurumlarla əməkdaşlığını davam etdirmişdir.

Hesabat ilində xarici ölkələrin alimləri və elmi təşkilatlarının nümayəndələri, mədəniyyət və siyasət xadimləri Azərbaycan Milli Elmlər Akademiyasının və təşkilatlarının qonaqları olmuş, AMEA-nın Rəyasət Heyətində çoxsaylı görüşlər keçirmişlər.

Hesabat ilində AMEA-nın 800-ə yaxın əməkdaşı xarici ölkələrdə ezamiyyətlərdə olmuş, ölkəmizi müxtəlif elm sahələri üzrə təmsil edərək Azərbaycan elminin dünya elm sferasına inteqrasiyası istiqamətində öz töhfələrini vermişlər.

AMEA-nın alimləri xarici ölkələrdə keçirilən çoxsaylı elmi konfrans, simpozium və digər elmi tədbirlərin iştirakçısı olmuşlar.

AMEA tərəfindən xarici ölkələrin iştirakı ilə bir neçə beynəlxalq konfrans və simpozium keçirilmişdir.

 

MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ

 

2011-ci ildə büdcə xərcləri üzrə AMEA-ya 68 073 379 manat vəsait ayrılmışdır.

2011-ci il ərzində elmin maddi-texniki bazasının yeniləşdirilməsi, AMEA işçilərinin əməkhaqqının artırılması və s. ilə əlaqədar dövlət büdcəsindən 8 488 281 manat əlavə vəsait ayrılmışdır.

Beləliklə, ümumilikdə, AMEA-nın elmi müəssisə və təşkilatlarına ilin sonuna dəqiqləşdirilmiş göstəriciləri əsasında fundamental elmi-tədqiqat işlərinin aparılması üçün dövlət büdcəsindən 76 561 662,0  manat vəsait nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin və  Nazirlər Kabinetinin müvafiq sərəncamlarına  uyğun olaraq 2011-ci ildə AMEA-nın elmi müəssisə və təşkilatlarının əsaslı təmir və yenidənqurma işləri ücün mərkəzləşdirilmiş qaydada birbaşa maliyyələşdirmə ilə  27 778 000 manat vəsait ayrılmışdır.

AMEA-nın elmi müəssisə və təşkilatlarında 2011-ci il üçün büdcədənkənar vəsaitlər 2 700 000 manat nəzərdə tutulmuşdur.  Lakin faktiki olaraq 1 204 670 manat daxil olmuşdur. Bəzi təşkilatlar sifariş olunan və yerinə yetirilən işlərin pulunu köcürməmişlər.

AMEA-nın elmi müəssisə və təşkilatlarına 2011-ci ildə qrant vasitəsi ilə 3 987 219 manat məbləğində vəsait daxil olmuşdur.

Beləliklə, 2011-ci ildə AMEA-ya müxtəlif maliyyələşdirmə mənbələrindən daxil olmuş vəsaitin ümumi məbləği  110 326 880 manat təşkil etmişdir.

 

Hörmətli həmkarlar!

 

Mən məruzəmdə 2011-ci ildə AMEA-da və respublikanın digər elmi mərkəzlərində görülmüş işlərdən, il ərzində əldə etdiyimiz nailiyyətlərdən danışdım. Lakin bütün bu uğurlarla yanaşı həyata keçirə bilmədiyimiz işlərimiz, bizi narahat edən problemlər, nöqsanlar da çoxdur.

Hamımızı narahat edən əsas məsələlərdən biri alimlərimizin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Son illər respublika rəhbərliyinin elmə müntəzəm qayğısının nəticəsi olaraq Akademiyada əmək haqqı bir neçə dəfə artırılmışdır. Lakin müasir bazar iqtisadiyyatı şəraitində mövcud qiymətlərlə müqayisədə bu səviyyəni qənaətbəxş hesab etmək mümkün deyil. Biz ümid edirik ki, artıq icrasına başlanılan elmin inkişaf strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı çərçivəsində bu məsələ də prinsipal olaraq öz həllini tapacaqdır.

AMEA-nı son dərəcə narahat edən bir məsələyə də toxunmaq istərdim. O da  gənc istedadlı mütəxəssislərin Akademiyaya axınının çox zəif olmasıdır.

Bildiyiniz kimi gənc alimlər elmin gələcəyini təmin edən və yeni ideyaların daşıyıcısıdırlar.

Heç kimə sirr deyildir ki, AMEA alimlərinin orta yaş həddi yuxarıdır.

İstedadlı gənclərin elmə gəlməməsinin əsas səbəbi sosial məsələlərin - ilk növbədə mənzil təminatı məsələsinin lazımi səviyyədə olmamasıdır.

Bu məsələnin həllində bir amil də öz mənfi təsirini göstərir ki, o da gənc mütəxəssislərin doktoranturadan hərbi xidmətə çağırılmasıdır.

Gənclərlə əlaqədar digər bir məsələ AMEA-nın gənc istedadlı alimlərinin təltifi ilə bağlıdır. Çox sevindirici haldır ki, ölkə başçısı cənab İlham Əliyevin qayğısı nəticəsində bir çox gənc mədəniyyət və incəsənət xadimləri, idmançılar  prezident təqaüdü ilə təltif olunur. Lakin gənc istedadlı alimlər bu siyahıda yoxdurlar. Biz arzu edərdik ki, bu məsələ də öz həllini tapsın.

Bütün çətinliklərə baxmayaraq, güman edirəm ki, respublikamızın sürətli sosial-iqtisadi tərəqqisi, xüsusən elmin inkişafının dövlətimizin birbaşa maraq dairəsinə daxil olması, Respublika Prezidenti cənab İlham Əliyevin elmə qayğısı mövcud problemlərin həllinə, öhdəmizə düşən məsul vəzifələrin yerinə yetirilməsinə, Akademiyanın dövlətimizin sosial-iqtisadi inkişafına yönəlmiş fəaliyyətini günün tələbləri səviyyəsində daha səmərəli qurmasına imkan verəcəkdir. Akademiyanın Rəyasət Heyəti adından Sizin hamınızı bu işlərdə səfərbər olmağa çağırıram.

İcazə verin məruzəmin sonunda respublikanın bütün elmi mərkəzlərinin elmi işçilərinə, alimlərinə, sizə, bu zalda oturan respublikanın görkəmli alimlərinə AMEA-nın Rəyasət Heyəti adından minnətdarlığımı bildirim. Çünki sizlərin 2011-ci ildəki elmi fəaliyyətinin nəticələri mənə bu hesabatı tərtib etməyə imkan vermişdir. Və nəhayət, mənim məruzəmin hazırlanmasında yaxından iştirak edən Mahmud müəllim başda olmaqla Rəyasət Heyətinin üzvlərinə,  Rəyasət Heyəti aparatının əməkdaşlarına, məruzəmi nümayiş materialları ilə təmin edən mütəxəssislərə minnətdarlığımı bildirirəm.

Diqqətinizə görə sağ olun!

 

***

 

Məruzə ətrafında müzakirələrdə AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov, akademik İsmayıl İbrahimov və AMEA-nın Tarix İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək geniş miqyasda aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr və onların təcrübəyə tətbiqi, elmi qurumların strukturlarının müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşdülər, təkliflərlə çıxış etdilər.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev illik hesabatla bağlı çıxışlarda irəli sürülən alimləri narahat edən problemlərin nəzərə alınacağını və onların həlli istiqamətində lazımi addımların atılacağını diqqətə çatdırdı.

Geniş müzakirələrdən sonra AMEA-nın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi.

 

***

 

Hesabat yığıncağında AMEA-nın birinci vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik Arif Həşimov gündəliyin ikinci məsələsi - "AMEA-nın strukturuna dəyişikliklər edilməsi haqqında" qərar layihəsi barədə məlumat verdi.

 

Akademik Arif Həşimovun çıxışı:

 

Hörmətli Ramiz müəllim!

Hörmətli Mahmud müəllim!

Hörmətli Ümumi Yığıncaq iştirakçıları!

 

Respublikamızda baş verən sürətli sosial-iqtisadi inkişafla əlaqədar olaraq qanunvericilik aktlarının getdikcə təkmilləşməsi, 2009-2015-ci illərdə Elmi İnkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsindən irəli gələn elmi infrastrukturun modernləşdirilməsi istiqamətində görülən işlər AMEA Nizamnaməsinə müəyyən dəyişikliklər edilməsi zərurətini meydana çıxarmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi Akademiyanın elmi və elmi-təşkilati fəaliyyətini tənzimləyən əsas normativ-hüquqi sənəddir. Mövcud Nizamnamə AMEA Ümumi Yığıncağının 22 may 2002-ci il tarixli iclasında qəbul olunmuş və xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 4 yanvar 2003-cü il tarixli fərmanla təsdiq olunmuşdur. Bununla da zəngin elmi ənənələrə   malik xalqımızın intellektual potensialının səfərbər edilməsində, elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsində və onların inkişafında müstəsna rol oynamış Azərbaycan Elmlər Akademiyası müstəqillik illərində  tamamilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

İndiyə qədər AMEA-nın Nizamnamə Komissiyası Nizamnaməyə bir neçə mühüm dəyişiklik edilməsi barədə Ümumi Yığıncaq qarşısında məsələ qaldırmış və  Ümumi Yığıncaq müvafiq qərarlar qəbul etmişdir. Akademiyanın bu təklifləri ölkə başçısının müvafiq fərmanları ilə təsdiq edilmişdir.

Bu gün də Nizamnamə Komissiyasına Akademiyanın strukturuna dəyişiklik edilməsi ilə bağlı təklif daxil olmuşdur. İcazənizlə həmin təklif əsasında hazırlanan AMEA-nın strukturuna dəyişiklik edilməsi ilə bağlı Ümumi Yığıncağın qərar layihəsini diqqətinizə çatdırım:

AMEA-nın strukturunda dəyişiklik edilməsi haqqında Azərbaycan Milli Elmlər Akademiyası Ümumi Yığıncağının q ə r a r ı:

Aqrar və tibb elmləri sahəsində fundamental və tətbiqi tədqiqatların əsas istiqamətlərini müəyyənləşdirmək, bu elmlər sahəsində mövcud olan elmi-tədqiqat müəssisələrinin əlaqələndirilməsini və sahə elmi müəssisələrinə, ali məktəblərin müvafiq kafedra və laboratoriyalarına müvafiq elmi-metodik rəhbərliyi təmin etmək, aqrar və tibb elmləri sahələri üzrə seçilmiş Akademiya üzvləri ilə bu sahəyə aid olan elmi və elmi xidmət müəssisələrinin digər elmi işçiləri və mütəxəssislərinin səylərini birləşdirmək məqsədi ilə AMEA-nın Ümumi Yığıncağı 29 aprel 2009-cu il tarixində Aqrar və Tibb Elmləri bölmələrinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu qərar Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2011-ci il tarixli 369 ¹-li fərmanı ilə təsdiq edilmiş və AMEA-nın strukturunda Aqrar və Tibb Elmləri bölmələri yaradılmışdır. Keçən müddət ərzində AMEA-nın tərkibində Aqrar Elmlər Bölməsinin yaradılmasından irəli gələn bir sıra elmi-təşkilati və inzibati məsələlər həll edilmiş, nəticədə bölmə müstəqil struktur vahidi olaraq fəaliyyət göstərməkdədir. Tibb Elmlər Bölməsinin strukturunun formalaşdırılması istiqamətində aparılan müzakirələr prosesində məlum olmuşdur ki, respublikada mövcud olan tibb elmləri və biologiya elmləri sahəsinə aid elmi-tədqiqat müəssisələrinin əksəriyyəti elm sahələrinin ortaq tədqiqat predmetindən irəli gələrək sıx əməkdaşlıq şəraitində işləyirlər. Buna görə də hər iki bölmənin vahid elmi struktur daxilində fəaliyyəti elmi tədqiqatların səmərəli koordiasiyası baxımından daha məqsədəuyğun hesab edilmişdir. Yuxarıda qeyd olunanları, həmçinin AMEA Nizamnaməsinin 28-ci bəndini əsas götürərək Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı  qərara alır:

1.AMEA-nın strukturunda mövcud olan Biologiya və Tibb Elmləri bölmələri birləşdirilərək "Biologiya və Tibb Elmləri Bölməsi" adlandırılsın.

2.Qərarın birinci bəndinin icrasından irəli gələrək AMEA Nizamnaməsinə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

2.1.AMEA Nizamnaməsinin 45-ci bəndinin birinci abzasında "səkkiz" sözü "yeddi"sözü ilə əvəz edilsin.

2.2.AMEA Nizamnaməsinin 45-ci bəndinin beşinci abzasında "Biologiya Elmləri Bölməsi" sözləri "Biologiya və Tibb Elmləri Bölməsi"sözləri ilə əvəz edilsin.

2.3.AMEA Nizamnaməsinin 45-ci bəndinin səkkizinci abzasından "Tibb Elmləri Bölməsi" sözləri çıxarılsın.

3.AMEA-nın Nizamnaməsinə əlavə və dəyişikliklər üzrə Komissiyaya (akademik A.Həşimov) tapşırılsın ki, qeyd olunan dəyişiklikdən irəli gələn məsələlər həll olunsun.

4.AMEA-nın Rəyasət Heyətinə tapşırılsın ki, qərarın icrasından irəli gələn məsələlər müvafiq qaydada həll edilsin.

(Qərar layihəsi səsə qoyuldu və AMEA üzvlərinin yekdil rəyi ilə qəbul edildi - red.).

 

***

 

Sonda illik Ümumi Yığıncağa yekun vuran akademik Mahmud Kərimov qeyd etdi ki, Prezident İlham Əliyevin Azərbaycan elminin inkişafı naminə atdığı bütün addımlar respublikamızın elmi ictimaiyyəti tərəfindən böyük minnətdarlıq və razılıq hissi ilə qarşılanır. Ümidvaram ki, dövlətimizin başçısının elm sahəsinə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasına göstərdiyi diqqət və qayğıya cavab olaraq, biz də öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə və əzmlə yerinə yetirəcək, dövlət maraqlarını hər şeydən üstün tutaraq elmi fəaliyyətimizi ölkəmizin sosial-iqtisadi inkişafına, milli dövlətçiliyimizin möhkəmləndirilməsinə həsr edəcəyik.

 

 

ELM.- 2012.- 30 aprel.- S.2-7.