"Mənəvi
dünənimiz bu günün
işığında" kitabının təqdimatı keçirildi
Aprelin 19-da AMEA Rəyasət Heyətinin
akt zalında AMEA-nın müxbir
üzvü, filologiya
elmləri doktoru, professor,
əməkdar elm xadimi
Azadə Rüstəmovanın "Mənəvi dünənimiz
bu günün
işığında" kitabının təqdimatı keçirildi.
Təqdimat mərasimini
AMEA-nın birinci vitse-prezidenti
akademik Arif Həşimov
açaraq bildirdi ki, bu yaxınlarda Azadə
Rüstəmovanın "Mənəvi dünənimiz bu günün
işığında" adlı icmal-oçerk,
ədəbi portret və nəzəri
problemləri əhatə edən irihəcmli məqalələr
toplusu "Elm" nəşriyyatında
işıq üzü görmüşdür.
Təqdim olunan kitab - topluda yeni təfəkkür
bucağından Azərbaycan ədəbiyyatı tarixinə ən
qədim dövrdən XVIII əsrin sonuna
qədər icmal verilir.
Portret-oçerk və anıtmalarda nəzəri
fikrin işığında mədəni keçmişimizin bir çox nümunələri və nümayəndələri
təhlil və tədqiq olunur.
Müəllif haqqında məlumat
verən akademik A.Həşimov bildirdi ki, müasir
Azərbaycan ədəbiyyatşünaslığının
görkəmli nümayəndələrindən biri olan Azadə Rüstəmova
qədim və orta əsrlərdə
yaranmış ədəbiyyatımızı tarixi-nəzəri
səpkidə, özünəməxsus yaradıcılıq
üslubu ilə tədqiq etmişdir.
A.Rüstəmova Moskvada
görkəmli şərqşünas alim
Y.E.Bertelsin rəhbərliyi ilə namizədlik
dissertasiyası müdafiə edərək Bakıya
qayıtmış, elə o vaxtdan taleyini AMEA Nizami adına Ədəbiyyat İnstitutu
ilə bağlamış, elmi işçi vəzifəsində əmək
fəaliyyətinə başlayaraq baş elmi işçi, şöbə müdiri,
AMEA-nın müxbir üzvü
zirvəsinədək yüksəlmişdir. A.Rüstəmovanın
ədəbiyyatşünaslıq sahəsində
yaradıcılıq yolu geniş
və əhatəlidir. Alim F.Şirvani, Ə.Xaqani,
N.Gəncəvi, M.Füzuli və başqa sənətkarlar haqqında onlarla monoqrafiya, kitab və çoxsaylı məqalələrin
müəllifidir.
Tədbirdə
AMEA Humanitar və İctimai
Elmlər Bölməsinin akademik-katibi, müxbir üzv Kamal Abdulla, AMEA-nın müxbir üzvləri Teymur
Kərimli, Tofiq Hacıyev, Şərqşünaslıq
İnstitutunun direktoru,
professor Gövhər Baxşəliyeva, fil.e.d. Şirindil
Alışanlı, fil.e.d. Məhərrəm
Qasımlı və başqaları çıxış edərək
bildirdilər ki, Azadə Rüstəmovanın
elmi fəaliyyətində əsas cəhətlərdən
biri ondan ibarətdir ki, o, klassik
Azərbaycan şeirinin ən vacib problemlərini tədqiq edərkən onu yalnız regional çərçivədə deyil, ümumtürk
dünyasının, islam mədəniyyətinin
tərkib hissəsi kimi qələmə
almış və tipoloji-müqayisəli metod
yolu ilə gedərək ədəbiyyatımızın
bəşəri keyfiyyətini üzə
çıxarmağa çalışmışdır.
Azadə Rüstəmovanın bir alim kimi
ədəbi-tədqiq fəaliyyətinin əsasını təkcə
Azərbaycan ədəbiyyatında deyil, bütün Yaxın Şərq aləmində,
eyni zamanda, bütün dünya
ictimai-bədii fikrində çox mühüm bir mərhələ
və məktəb yaratmış böyük
dahi sənətkarların - Nizami Gəncəvi və Məhəmməd Füzulinin çoxçalarlı
yaradıcılıqlarının tədqiqi təşkil edir. Alim bu
iki sənət korifeyinin
yaradıcılığı kontekstində bütün
Yaxın Şərq ədəbiyyatının inkişaf
qanunauyğunluqları üzərinə işıq salır, bu zəmində Nizami və
Füzuli sənətinin təkrarolunmazlığından
söhbət açır.
Çıxışlarda o da qeyd
olundu ki, bəşər
mədəniyyəti xəzinəsini zənginləşdirmiş
həmin dahilər haqqında müxtəlif illərdə geniş tədqiqat işləri aparılmış,
çoxlu əsərlər, sanballı kitablar, elmi tədqiqatlar
yazılmışdır. Bunların arasında Azərbaycan
alimi A.Rüstəmovanın tədqiqatları
həmişə seçiləcəkdir. Çünki
həmin tədqiqatlar tam yeni
nəzəri-metodoloji əsaslara söykənir, həm də ədəbi-fəlsəfi
fikir yükü ilə
fərqlənir.
Azadə Rüstəmovanın
yaradıcılıq yolu və maraq dairəsi, qeyd edildiyi kimi, klassik şeirimizin tarixin sürəkli zaman
dönəmlərindəki təkamül dinamikası və
fiziki-bədii özünəməxsusluqlarının
araşdırılmasına yönəlmişdir. Onun bu günə qədər nəşr edilmiş monoqrafiya və
kitablarında, məqalələrində XII-XVIII əsrlərdə
Azərbaycanda fars və türk
dillərində yazıb-yaradan neçə-neçə sənətkarın
milli təfəkkürü
araşdırılır, yaradıcılığının
bədii-estetik mahiyyəti və fiziki-fəlsəfi yönümü açıqlanır.
Çıxış
edənlər Azadə xanımın göstərdiyi elmi xidmətlərindən,
qazandığı nailiyyətlərindən və onunla bağlı olan xoş xatirələrdən, xanımlıq
keyfiyyətlərindən danışdılar.
Tədbirin
sonunda alimin ailəsi
adından fil.e.d. Fəridə Əzizova
çıxış edərək AMEA-nın rəhbərliyinə,
təşkilatçılara, çıxış edənlərə
və iştirakçılara minnətdarlığını
bildirdi.
Sonda tədbir
iştirakçılarına Azadə Rüstəmovanın
"Mənəvi dünənimiz bu günün işığında" və
"Mövlanə Cəlaləddin Rumi"
kitabları təqdim olundu.
Güllü ƏNSƏRLİ
ELM.-
2012.- 30 aprel.- S.10.