Bakıda Dərbənd şəhərinin 5 min illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi

 

Aprelin 27-də AMEA Rəyasət Heyətində "Dərbənd şəhərinin tarixi: Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq və dostluq əlaqələrinin parlaq səhifələri" mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

 

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə keçirilən konfrans Dərbənd şəhərinin 5 min illiyinə həsr olunmuşdu.

Əvvəlcə iştirakçılar və qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanında Vətən uğrunda canlarını fəda edən şəhidlərin məzarını ziyarət etdilər.

Konfransda Dağıstan Respublikasının ölkəmizdəki daimi nümayəndəsi Maqomed Kurbanov, Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Tarix, ArxeologiyaEtnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.n. M.İbrahimov, Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, t.e.d. N.Maqomedov, Dağıstanın yeni və ən yeni tarixi şöbəsinin müdiri, t.e.d. E.Dalqatbaşqa alimlər iştirak edirdilər.

Açılış mərasimində AMEA-nın prezidenti akademik Mahmud Kərimov çıxış edərək Azərbaycan və Dağıstan arasında dərin tarixi kökləri olan əlaqələrin bundan sonra da genişlənməsinin əhəmiyyətini vurğuladı. O bildirdi ki, Dərbənd Azərbaycanın və Dağıstanın ümumi tarixidir.

Dağıstanın Azərbaycandakı daimi nümayəndəsi Maqomed Kurbanov dedi ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin təşəbbüsü ilə Dərbənddə Azərbaycan və Dağıstan xalqlarının ümumi tarixini və mədəniyyətini öyrənən milli-mədəni mərkəzin açılması istiqamətində aparılır. O, Mahmud Kərimova "Dağıstan Respublikasının Əməkdar Elm Xadimi" adının verilməsi haqqında vəsiqəni təqdim etdi.

Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov AR Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 26 aprel 2012-ci il tarixli Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında Sərəncamının önəmliliyindən söz açdı, ölkə başçısına təşəkkürünü bildirdi.

5 min ildən çox tarixə malik olan Dərbəndin həm də dünyanın ən qədim şəhər mədəniyyəti mərkəzlərindən biri olduğunu söyləyən Y.Mahmudov onun bütün Avrasiya məkanında yayılmış qədim türk xalqlarının tarixində mühüm rol oynadığını qeyd etdi. Y.Mahmudov bildirdi ki, Böyük Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən Dərbənd eyni zamanda ən qədim zamanlardan başlayaraq şimaldan cənuba doğru və əks istiqamətdə köç edən çoxsaylı xalqlar üçün əhəmiyyətli bir keçid rolu oynamışdır. Bu şəhər ümumtürk məkanını şimal torpaqları ilə cənub ərazilərini, oğuz türkləri ilə qıpçaq türklərini əlaqələndirən başlıca qapı idi. Buna görə də Azərbaycan xalqı, həmçinin digər qədim türk etnosları onların ulu məskənlərindən biri olan bu keçidi "Dəmir qapı" adlandırırdılar.

Bildirildi ki, bu gün Dərbənd Azərbaycan Respublikasının şimal qonşusustrateji tərəfdaşı olan Rusiyanın tərkibində yeni inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan Respublikası və Rusiya Federasiyası dövlətlərinin müdrik xarici siyasəti nəticəsində Azərbaycanla Dağıstan arasında qarşılıqlı əlaqələr daha da genişlənməkdədir.

Tədbirdə "Dərbənd: tarixin qardaş xalqlara birlik əmanəti", "XX əsr Dərbənddə əhalinin etnik tərkibi və sayının dinamikası", "Dərbənd şəhəri Qafqazın etnosiyasi xəritəsində", "Dərbənd şəhərinin yaranması tarixindən" və s. mövzularda məruzələr dinlənildi. Konfrans öz işini 3 bölmədə - "Dərbənd şəhərinin sosial-iqtisadi inkişafı", "Dərbənd şəhərinin siyasi tarixi", "Dərbənd şəhərinin əhalisi və mədəni inkişafı" - davam etdirdi.

Qeyd edək ki, aprelin 28-də konfrans iştirakçıları 1918-ci ilin mayında Quba şəhərində erməni daşnakları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlılar və digər millətlərin kütləvi soyqırımı məzarlığını ziyarət etmişlər. Qonaqlar həmçinin Bakı şəhərinin tarixi abidələri və görməli yerləri ilə də tanış olmuşlar.

 

 

ELM.- 2012.- 30 aprel.- S.10.