AMEA-da Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Nihat Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi

 

Aprelin 27-də AMEA Rəyasət Heyətində Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Nihat Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

 

Görüşdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, AMEA-nın birinci vitse-prezidenti, akademik A.Həşimov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, müxbir üzv R.Əliquliyev, AMEA prezidentinin müavini - işlər müdiri, f.-r.e.d. T.Əhmədov və AMEA Xarici əlaqələr şöbəsinin rəisi, f.-r.e.d. Ə.Həsənov, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıç, Türkiyə Respublikasının elm, sənaye və texnologiya nazirinin məsləhətçisi Hakan İlyas Aydoğan, İctimaiyyətlə əlaqələr və mətbuat müşaviri Devlet Arık, Elm və texnologiya idarəsinin baş direktoru dos. Cevahir Uzkurt, Xırda və orta sahibkarlığın inkişafı və dəstəklənməsi üzrə idarənin baş direktoru Mustafa Kaplan, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Rza Kağan Yılmaz, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsinin müdiri A.Bayramov və həmin şöbənin Protokol sektorunun müdiri C.Musayev iştirak edirdilər.

Qonaqları salamlayan akad. M.Kərimov iki qardaş ölkə arasında dostluq əlaqələrinin gücləndirilməsindən, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sahələrində yaradılmış əlaqələrin uğurlu və dinamik inkişafından söhbət açdı.

Ölkə başçısının elmə göstərdiyi qayğıdan danışan M.Kərimov Azərbaycan Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edildiyini diqqətə çatdırdı. O bildirdi ki, bu günlərdə Prezident İlham Əliyev tərəfindən AMEA Tarix, o cümlədən  Arxeologiya və Etnoqrafiya institutlarının maddi-texniki bazalarının gücləndirilməsi məqsədilə sərəncam imzalanmışdır ki, bu da ölkə başçısının elmə, alimlərə göstərdiyi diqqət və qayğının nəticəsidir.

AMEA-nın yaranma tarixi, nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri və onların fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən M.Kərimov bildirdi ki, bu ali qurumun əsas fəaliyyəti ölkədə aparılan irimiqyaslı islahatların elmi bazasını möhkəmləndirmək, onların intensiv həyata keçirilməsində dövlətə yardımçı olmaq, mövcud elmi-texniki potensialı qoruyub saxlamaq və inkişaf etdirmək, yüksəkixtisaslı kadrlar hazırlamaq, respublikadakı nazirliklərin, elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirmək və bir sıra elmi və elmi-təşkilati işləri həyata keçirməkdir.

M.Kərimov elmi kadrların hazırlanması, beynəlxalq əlaqələrin yaradılması və davamlı inkişafı, dünyanın aparıcı dövlətləri ilə bilik və təcrübə mübadiləsinin aparılması, elmin informasiya təminatı kimi məsələlərə də toxundu.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Nihat Ergün elm, sənaye və texnologiya sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi. O, rəhbərlik etdiyi nazirliyin fəaliyyətindən, Türkiyə Elmlər Akademiyası ilə nazirlik arasında yaradılmış əlaqələrdən, dövlət tərəfindən bu sahənin inkişafı üçün göstərilən diqqət və qayğıdan söhbət açdı. Bildirdi ki, elmin inkişafı üçün universitetlərlə sənayenin, cəmiyyət ilə universitetlərin arasında iş birliyinin qurulması vacib məsələlərdən biridir. Natiq elm, sənaye və texnologiyanın inkişaf etməsi üçün bu sahələrin birgə əlaqələrinin qurulması yollarını da açıqladı.

Bu görüşün ikitərəfli münasibətlərə töhfə verəcəyini diqqətə çatdıran qonaq gələcəkdə AMEA ilə birgə layihələrin həyata keçiriləcəyinə və bu sahədə uğurlu əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə etdi.

 

 

Elm.- 2012.- 30 aprel.- S.10.