Azərbaycanın qəbir abidələri
(Əvvəli ötən
saylarımızda)
2. Küp qəbirləri
Küp qəbirləri arxeoloji mədəniyyətinin
xüsusiyyəti ondan ibarətdir ki, ölülər gildən
qayrılmış çox iri küplərin içərisində
basdırılmışdır. Ölüləri
küp içərisində basdırmaq qədim dəfn adətlərindən
biri olmuşdur. Hələ e.ə. II
minillikdə Kiçik Asiyada xetlər, daha sonra şumerlər
öz ölülərini iki küpün içində
basdırırdılar. Bu dəfn adətinə
Azərbaycanın cənub rayonlarında, xüsusilə
Naxçıvanda, Lənkəranda təsadüf edilmişdir.
Ölünü tək bir küpdə
basdırmaq adəti də xeyli qədimdir. Ermənistan və Gürcüstanda da bu adətə
təsadüf edilib (2, s. 93). Lakin
ümumiyyətlə küp qəbirlərinin ən
böyük kolleksiyası Azərbaycandadır. Albaniyada alban tayfalarının istifadə etdikləri
iki başlıca dəfn adətindən birincisi torpaq qəbri
dəfn adəti olsa da, daha sonra yaranan küp qəbirləri mədəniyyəti
torpaq qəbirləri mədəniyyətini assimilyasiya
etmiş, Albaniyanın əsas hakim mədəniyyətinə
çevrilmişdi (1, s.335-336).
Albanların
əsas maddi mədəniyyət abidələrindən biri
olan küp qəbirlərinə Baş Qafqaz sıra
dağlarının cənub ətəklərində,
Kür-Araz çayları boyunda, Muğan düzündə,
Şirvan ərazisində, Naxçıvanda, Qarabağda,
ümumiyyətlə, Azərbaycanın demək olar ki hər
yerində təsadüf olunmuşdur (5, s.48-49).
Azərbaycandakı iri küp qəbirləri əsasən
Ağcabədi və Mingəçevir ətrafından
tapılmışdır. Müəyyən
edilmişdir ki, sovet Azərbaycanının şimalından
tapılmış qəbirlər (Mingəçevir) cənubdakı
(Ağcabədi) küp qəbirlərinə nisbətən zəngindir.
Lakin cənubdakı küp qəbirlər
şimaldakı küp qəbirlərdən daha qədimdir (3,
s.6).
Azərbaycanda küp qəbirlərinin olması XIX əsrin
sonlarında aşkarlanmışdır. Keçmiş Şuşa qəzasında küp qəbirlərinin
olduğu haqda ilk dəfə 1895-ci ildə F.Y.Resler məlumat
vermişdir, lakin o, küp qəbirlərini tədqiq etməmişdir
(3, s.5).
Küp qəbirlərinin öyrənilməsinə
yalnız 1927-ci ildən başlanılmışdır. Laçında küp qəbirlərinin
olmasını həmin il V.M.Sısoyev
müəyyən etmişdir. Bundan sonra
İ.İ.Meşşaninovun apardığı tədqiqat
işləri zamanı Şumurlu və Qalatəpədə bir
neçə küp qəbri aşkar edilmişdir. 1930-cu ildə V.M.Sısoyev Muğanda küp qəbirlərinin
olduğunu müəyyən etmişdir. 1933-cü
ildə İ.İ.Meşşaninovun rəhbərliyi
altında Mil düzündə, Qalatəpəyə yaxın
yerdə, Gavurarxın yerləşdiyi ərazidə bir
neçə küp qəbrinin olduğu müşahidə
edilmişdir (3, s.5-6).
Mingəçevirdə küp qəbirləri Kür
çayının sağ və sol sahillərində olub,
çox geniş bir sahəni əhatə edir. Sağ sahildəki küp qəbirləri
sol sahildəki küp qəbirlərindən daha qədimdir.
Kür çayının sağ sahilindəki küp qəbiristanlığı
daha çox öyrənilmişdir. Sağ sahildə küp qəbirləri,
əsasən, 1, 5 m-ə qədər dərinlikdən
tapıldığı halda, sol sahil qəbirləri 3-4 m dərinlikdən
aşkar edilmişdir (3, s.7).
Mingəçevirdə küp qəbirlərini, əsasən,
iki hissəyə (böyüklər və uşaqlar
üçün) ayırmaq olar. Bu küp qəbirlərin
hamısı qırmızı rəngdədir. Böyüklər üçün olan qəbir
küpləri təsadüfi halda qulplu, uşaqlar
üçün olan qəbir küpləri nadir halda qulpsuz
olur, bəzən böyüklər üçün olan qəbir
küplərinin dibinə yaxın yerdə kiçik bir
deşik açılır. Qəbir
küplərinin ətrafına ölmüş adamın
varidatından asılı olaraq, qab-qacaq, yemək-içmək
və s. qoyulur. Küp qəbirlərində
bəzən at, qaramal, davar skeletlərinə də rast gəlinir.
Mingəçevirdə küp qəbirlərinin bir
neçəsi nəzərə alınmazsa,
hamısının ağız hissəsi şimal-qərbə,
dib hissəsi cənub-şərqə tərəf
böyrü üstə basdırılmışdır. Küplərin
ağız hissəsi çox vaxt sınmış iri küplərin
hissələri və ya daşlarla, bəzi hallarda isə
çiy kərpiclə örtülüb.
Böyüklər
üçün olan qəbir küplərinin boyu orta hesabla
1,4-1,6 m, gövdəsinin diametri 80-90 sm olur, boyu 2 m, gövdəsinin
diametri 1 m-ə çatan qəbir küpünə də təsadüf
edilmişdir.
Mingəçevirdə hər bir qəbir
küpünün içərisində bir ölü, nadir
hallarda iki ölü basdırılmışdır. Ölülər dizdən
çox bükülü, əlləri üzünə
doğru qaldırılmış halda sol və ya sağ
böyrü üstü basdırılmışlar.
Ölülər basdırılan zaman onları
ayaqları qabağa - qəbir küpünün
ağzından içəri salaraq başlarını əsasən
küpün ağız (boğaz) hissəsinə qoymuşlar. Ölüləri
küplərə ağız hissədən yerləşdirmək
mümkün olmadıqda onların ağız hissəsi bir qədər
sındırılır, ya da ağız hissə kiçik
olduqda onun dip hissəsi sındırılaraq ölü buradan
küpün içərisinə qoyulurdu. Belə
hallarda ölünün başı küpün ağız
hissəsində deyil, alt hissəsində olmuşdur.
Qəbir
küplərinin əsasən ağız hissəsinə
yaxın yerdə təsadüf edilən od
izlərindən məlum olur ki, dəfn zamanı burada tonqal
qalamışlar. Güman edildiyinə görə
bunda məqsəd qəbri şər qüvvələrdən
təmizləmək, ya qurban vermək, ya da ehsan
hazırlığı üçün olmuşdur (3, s.8; 4,
s.9).
Ədəbiyyat:
1. Azərbaycan
tarixi. Yeddi cilddə. I cild.
(Məsul redaktor: İ.H.Əliyev). Bakı: Elm, 1998, 476 səh.
2.
Göyüşov Rəşad. Azərbaycan Arxeologiyası.
Bakı: İşıq, 1986, 186 səh.
3.
Qazıyev S.M. Mingəçevir küp qəbirləri albomu.
Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı,
1960, 110 səh.
4.
Qazıyev S.M. İki küp və iki katakomba qəbri // Azərbaycanın
maddi mədəniyyəti-III. Bakı: Azərbaycan SSR Elmlər
Akademiyası nəşriyyatı, 1953.
5. Osmanov F.L. Qafqaz Albaniyasının maddi mədəniyyəti. Bakı: Elm, 1982, 182 səh.
6. Osmanov
Fazil. Ağsu ərazisində arxeoloji tədqiqatlar.
Bakı: Adiloğlu, 2006, 164 səh.
3. Kurqanlar
Kurqanlar
Albaniyanın cənub-şərq bölgəsi olan müasir Dərbənd
rayonu (Dağıstan) və Qubalı kəndində
(Hacıqabul) və s. bölgələrimizdə aşkar
edilmişdir. Kurqan örtüyünün
altındakı kamerada katakomba və torpaq qəbirlərinin
var olduğu görülmüşdür (4, s.52).
1965-ci ilin yayında kəşfiyyat səfəri
zamanı Astara rayonundakı Telmankənddə torpaq kurqanlarla
yanaşı kiçik həcmli daş
töküntülü kurqanlar qeydə alınmış,
onlardan ikisi tədqiqat üçün seçilmişdir*. Hər iki
kurqan Talış dağlarının ətəklərindən
150-200 m məsafədə, dənizkənarı düzəndə,
Bakı-Astara şose yolunun sol kənarındakı çay
plantasiyası içərisində yerləşir.
Telmankənd, Pensər, Təngərüd, Maşxan, Alaşa
və s. kəndlərin ərazisində də kurqanlara tez-tez
təsadüf olunur (7, s.12).
1
saylı kurqanın hündürlüyü 2,3 m, özüldə
diametri 14 m-dir. Töküntü əsas etibarilə müxtəlif
ölçülü daşlardan (xırda çay
daşlarından tutmuş yarım tona qədər
ağırlığında iri qaya parçalarınadək)
ibarətdir. Kurqanın üstü nazik torpaq
qatı ilə örtülü idi.
Kurqanın örtüyü götürüldükdən
sonra onun mərkəz hissəsində orta həcmli daşlarla
əhatələnmiş kiçik, dayaz çalada qəbir
aşkar edilmişdir. Daşlar (6 ədəd) çalanın ətrafına
dördkünc şəkildə sıx
düzülmüş, ona daş qutu qəbri forması
vermişdir. Qəbrin şimaldan cənuba doğru
uzunluğu 1 m, eni 0,7 m, hündürlüyü 0,5 m-ə qədərdir.
Qəbirdəki ölü sağ böyrü
üstə başı şimala, ayaqları cənuba,
üzü qərbə doğru bükülü vəziyyətdə
dəfn olunmuşdur. Qəbir orta həcmli bir cərgə
daş kromlexlə (diametri 6,9 m) əhatələnmişdir.
Qəbirdə 3 müxtəlif qaba aid qırıqlar, at
başı təsvir olunmuş uzunsov daş, xart daşı
(bülöv daşı) və 5 müxtəlif metal əşya
vardı.
Bundan əlavə, kurqanın daş töküntüsü
altında da bəzi tapıntılara (gil
qab qırıqları, yastı balta və araba təkəri
modeli) təsadüf edilmişdir.
Qəbir
kompleksi içərisində bir ucunda at başı təsvir
edilmiş uzunsov daş maraq doğurur: heyvanın yalı və
qulaqları relyef şəklində yonulmuş, gözləri
qabarıq, ağız hissəsi kəsilmiş şəkildə
verilmişdir. Həmin tapıntının həmdövr
abidələrdə oxşarları yoxdur. Bu tip arxeoloji
materiala Həsənlu və Luristan (İran ) komplekslərində
e.ə. 1350-1200-cü illərə aid material olaraq təsadüf
olunmuşdur (7, s.14).
1 saylı Telmankənd kurqanından kompleks halda
tapılmış nizə ucluqları, tunc balta-isgənələr
böyük əhəmiyyətə malikdir. Oxşar
variantlara Gürcüstan, Ermənistan və Şimali Qafqaz ərazilərində
də rast gəlinmişdir (7, s.15).
Telmankənd kurqanlarının dövrünün 1
saylı kurqandan tapılan arxeoloji kompleksə görə
müəyyən etmək mümkündür. Buradan əldə edilən
nizə ucluqlarına Zaqafqaziya abidələrindən yuxarıda göstərdiyimiz
oxşarlar tədqiqatçılar tərəfindən e.ə.
III minilliyin ikinci yarısına aid edilir.
Telmankənd
kurqanlarının töküntüsünün xarakteri
etibarilə də Kür-Araz mədəniyyətinin eyni tipli qəbir
abidələri içərisində Xaçınçay (7,
s.19), Vartaşen (7, s.19), Qəbələ (5, s.42)
kurqanları kimi oxşarları vardır. Beləliklə,
həmin kurqanlar Kür-Araz mədəniyyətinin Azərbaycan
ərazisində Xəzər dənizi sahillərinə qədər
yayıldığını faktik materiallarla sübut edir.
Kurqan
sözünün şumer dilindəki Kur
ölülər səltənəti dağı adından gəlib
zülmət yeri mənasında olduğu irəli
sürülmüşdür. Buna nümunə
kimi e.ə. IV minilliyin II yarısında Azərbaycanda yaranan
ilk kurqanların şumer-Uruk mədəniyyəti mənsublarının
Azərbaycana miqrasiyası ilə əlaqəli
yarandığını göstərmişdilər. Herodota görə, skif hökmdarlarının
kurqanları da Gerr adlı yerdədir. Bu,
Gerr və Kur adlarının mənşə birliyini göstərir.
Azərbaycan dilindəki kor və gor sözləri
də Kur adından yaranıb (4, s.84).
Kurqan qəbirlər, əsasən, Azərbaycana hücum
edib orada məskunlaşan skif, massaget və hun qəbilələrinə
xarakterik olmuşdur. Mingəçevirdəki 1 saylı
yaşayış yerinin cənubundakı kurqan qəbirlərdə
skeletlərin kürəyi üstə uzadılmış
halı xarakterikdir. Bu qəbir
avadanlıqları içində skif tipli ox ucluqları, dəmir
qılınclar və s. tapılmışdır. Bu qəbirlər
e.ə. VII-V əsrlərə aiddir (3, 579). Skeletlərin kürəyi
üstə uzadılmış halı massaget və
hunların dəfn adəti olmuşdur (4, s.69).
Dərbənddəki Palasa-sırt kurqanlarından birində
ölünün yanına yemək qabı qoyulmuş, hətta
o "yedizdirilmişdir". Belə ki, onun
boğazında yemək qalıqları aşkar edilmişdir.
Herodota görə, bu adət skiflərə xas
olmuşdur. Skiflərin içində
türkdilli tayfaların olması tarixçilər tərəfindən
qeyd edilmişdir (6, s.415, 481-482). Palasa-sırt
kurqanlarında da skeletlərin kürəyi üstə
uzadılmış halı xarakterikdir (şəkil 49). Bu kurqanlar Orta Asiyadakı qəbirlər ilə
oxşarlıq təşkil edir (4, s.83).
1935-ci ildə
Xanlardan cənub-qərbdə, Gəncəçay hövzəsindəki
7 ¹-li kurqanda aparılan qazıntı zamanı içində
2 adam və bir tısbağa dəfn
edilmiş qəbir tapılmışdı. Tısbağanın
qədim türklərdə müqəddəs heyvan olduğu
bilinir. Azərbaycanda bir çox katakomba və
kurqan qəbirlərdə tısbağa qınına rast gəlinmişdir.
Bu, e. I əsrində
Albaniyada yaşayan 26 Albaniya tayfası arasında türkdilli
tayfaların da olduğuna işarədir (1, s.24).
ƏDƏBİYYAT:
*
Kurqanlarda qazıntını arxeoloq F.R.Mahmudov aparmış, 1
saylı kurqanın tədqiqində V.H.Əliyevin köməyindən
faydalanılmışdır.
1.
Aşurbəyli Sara, Bakı şəhərinin tarixi: Orta əsrlər
dövrü. (Tərcümə: Azər Bağırov),
Bakı: Azərnəşr, 1998, 356 səh.
2. Aslanov
Q.M., Vaidov
R.M., İone Q.İ. Drevniy
Minqeçaur (gpoxa gneolita i bronzı). Baku: İzd. AN Az SSR, 1959, 190 str.
3. Azərbaycan
Sovet Ensiklopediyası. 10 cilddə. VI cild. "Mingəçevir
arxeoloji kompleksi". Bakı: Azərbaycan Sovet
Ensiklopediyası baş redaksiyası, 1982.
4. Xəlilov
Mübariz. Albaniyanın qəbir abidələri
(IV-X əsrlər). Bakı: Nafta-press, 2009, 180 səh.
5.
Qazıyev S. M. Qəbələ kurqanları və ölüləri
yandırmaq (kremasiya) adətləri // Azərb. SSR
Elmlər Akademiyası Xəbərləri. Bakı: 1969, ¹3.
6. Qasanov
Zaur. Üarskie skifı. New York: Liberty
Publishing House, 2002, 493 str.
7. Mahmudov
F.R. Astara rayonundakı İlk Tunc dövrü kurqanları
haqqında // Azərbaycanın maddi mədəniyyəti-X,
Bakı: Azərbaycan. SSR Elmlər Akademiyası
nəşriyyatı, 1987.
(ardı var)
Əli FƏRHADOV
Elm.- 2012.- 24
avqust.- S.13.