XƏYANƏT
NÖQTƏSİ
(əvvəli
ötən saylarımızda)
53
Reyçel Sekston artıq məntiqlə düşünə bilmirdi. İndi o nə meteorit, nə skanerin nəticələri, nə Min, nə də kommandosların qorxunc hücumu haqqında düşünürdü. İndi vacib olan başqa şey idi.
Sağ qalmaq!
Aşağıda sonsuz sürüşkən şosseni xatırladan buz. Reyçel bədənində nə baş verdiyini anlaya bilmirdi: ya qorxudan hissiyatını itirmişdi, ya da kip kostyum onu qoruyurdu. Ağrını hiss etmirdi. Heç nə hiss etmirdi.
Lakin hər halda...
Reyçel qurşaqdan bağlı olduğu Tollandı qəribə bir şəkildə qucaqlamışdı.
Hardasa qarşıda daha çox yarış avtomobilinin tormozlu paraşütünü xatırladan küləklə dolu şar balonu dalğalanırdı. Arxalarından gələn Korki, idarəsini itirmiş treyler kimi oradan-oraya diyirlənirdi. Hücuma məruz qaldıqları yeri göstərən işarə fişənglər uzaqlaşıb gözdən itmişdilər. Onların sürəti artdıqca, buza sürtünən neylon paltarlarından çıxan fit səsi artırdı. Hansı sürətlə hərəkət etdiklərini müəyyənləşdirmək çətin idi. Ağaşıdakı hamar səth get-gedə daha sürətlə qət edilirdi. Görünür, dayanıqlı hava şarı cırılmaq, uçuşu ləngitmək, sərnişinlərini yarı yolda qoymaq "fikrində deyildi".
Reyçel "canımızı qurtarmalıyıq!" deyə düşündü. Axı onlar bir ölüm təhlükəsindən digərinə tərəf yüyürürdülər. Yəqin ki, okean bir mildən o yana deyil! Buzlu su haqqında sadəcə düşünmək belə onun qorxulu xatirələrini oyadırdı.
Külək şiddətləndikcə sürət də artırdı. Arxadan Korkinin qorxunc bağırtısı eşidilirdi. Reyçel anlayırdı ki, artıq bir neçə dəqiqədən sonra hər üçü sürətlə buz uçurumu keçərək okean dalğalarının ağuşuna düşəcəklər.
Görünür, Tolland da bu haqda düşünürdü- o, bağları açmağa çalışırdı.
- Aça bilmirəm! - o, bağırdı. - Gərginlik çox yüksəkdir!
Reyçel küləyin heç olmasa bir anlıq səngiməsinin Tollanda kömək edəcəyini düşündü. Lakin amansız külək daha əzmlə vıyıldayırdı. O, əyilərək var gücü ilə irəliyə cumdu və dabanlarını buza çırpdı. Ətrafa xoruz quyruğunu xatırladan buz parçaları səpələndi. Sürət bir qədər səngidi.
- Haydı! - Reyçel qışqırdı.
Şarın yük ipinin gərginliyi bir anlıq zəiflədi. Tolland canını qurtarmaq üçün ipi çəkməyə başladı.Alınmadı.
- Bir də cəhd elə! - deyə qışqırdı.
Bu dəfə onların hər ikisi eyni anda əyilərək dabanlarını buza çırpdılar. Bu dəfə ətrafa daha çox buz və qar səpələndi. Sürət bir xeyli azalmışdı.
- Bir daha!
- Tolland əmr etdi.
Bir
anlıq hər ikisi dayandılar. Gərginlik azaldı. Maykl kəmərinə
bərkidilmiş kilidi açmağa çalışdı.
Bu dəfə o, hədəfə daha yaxın idi, lakin gərginlik
hələ də güclü idi. Nora kəmərlərindəki
bu bağlantının yüksək keyfiyyətli, möhkəm,
metal üzərində əlavə dəlikli, istənilən
mümkün gərginliyə tab gətirən təhlükəsizlik
kilidlərinin olması ilə əbəs
yerə öyünmürdü.
Reyçel
indi onların məhz bu kilidlərin sayəsində
ölümə sürükləndiklərini
düşündü. Lakin bu təzad o qədər yersiz idi
ki...
- Bir də
cəhd göstərək! - Tolland əmr etdi.
Reyçel
bütün gücünü və enerjisini toplayaraq əyildi
və tikanlı çəkmələrini buza
çırpdı. Tolland da eyni hərəkəti təkrar
etdi. Qurşaqlarındakı bəndlər birləşdirici
kanatı son həddə qədər dartmışdı.
İndi onlar kürəkləri üstündə
sürüşürdülər. Tolland ayaqlarını
möhkəm-möhkəm buza sıxdı, Reyçel isə qövs kimi büküldü. Titrəyişdən
az qala ayaqları sınacaqdı. Reyçel sümüklərinin
tab gətirməyəcəyindən qorxurdu.
-
Haydı... haydı... - Tolland sürət azalmışkən
bütün gücünü toplayaraq kilidi açmağa
çalışırdı. - Az qalıb...
Gözlənilmədən
Reyçelin çəkmələrindəki tikanlar
çaqqıldadı. Metal sıxaclar qopdu və tikanlı
altlıqlar arxada Merlinsonun üzərindən qövs
cızaraq gecənin qaranlığında yox oldular. Hava
şara var gücü ilə irəliyə cumdu. Tollandla
Reyçel yan tərəfə yıxıldılar. Gözlənilməz
təkandan Maykl əlindəki kilidi itirdi.
- Lənətə
gələsən!
Bir ara hərəkət
sürətini itirdiyindən hiddətlənən hava
şarı küləyin şiddətinə qoşuldu.
İndi o okeanın yaxınlıqda olduğunu hiss edirmiş
kimi, buzlaq boyu daha sürətlə irəliləyirdi.
Reyçel sürətlə yarğana doğru
yaxınlaşdıqlarını hiss edirdi. Şimal Buzlu
okeanadək onları hələ daha bir dəhşətli təhlükə
gözləyirdi. Üç böyük qar
yığını yolu kəsmişdi. Bu sürət
müqabilində onları termokombinezonlar belə qar və buz
qalağından sağ-salamat keçirə bilməyəcəkdi.
Birləşdirici
kanatla mübarizə aparan Reyçel hava şarından qopmaq
üçün yol axtarırdı. Gözlənilmədən
buza dəyən taqqıltı - sürətli stakkato,
metalın təmiz, üzərini qar örtməmiş buzla təmasından
yaranan səs eşitdi.
Buz
baltası!
Qorxu və
təlaşdan kəmərinə möhkəmcə bərkidilmiş
buz baltasını unutmuşdu. Yüngül alüminium alət.... Reyçel hava şarına tərəf
uzanan ipə baxdı. Qalın hörgülü neylon kanat.
Reyçel əlini buz baltasına tərəf uzatdı. Dəstəyindən
yapışaraq var gücü ilə dartdı, elastik
bağı son həddə qədər çəkdi. Hələ
də yan üstdə uzanıqlı halda əllərini
yuxarı, başının arxa tərəfinə
qaldırdı. Baltanın diş-diş tiyəsini qalın,
dartılmış kanata dirədi. Naşıcasına
mişarlamağa başladı.
- Hə!
- Tolland sevinclə öz buz baltasından yapışdı.
Reyçel
əllərini başının arxasına
qaldırmış vəziyyətdə buzlaq boyu
aşağı sürüşərək bir qədər əvvəl
onları xilas etmiş, indisə ölümə sürükləyən
kanatı var gücü ilə mişarlayırdı. Sintetik,
olduqca möhkəm kəndir artıq tab gətirmirdi. Tollanda
da mümkün qədər əyildi, əllərini
qaldıraraq, elə həmin nöqtədən, yalnız bir
az aşağıdan mişarlamağa başladı. İki
balta ilə sanki odunçular kimi sinxron işləyirdilər.
Bəzən tiyələr toqquşur, ətürpədici
metal səsi eşidilirdi.
Onlar
asta-asta qalın kanatı kəsdilər.
Ümid
parladı. Onlar bunu bacaracaqdılar! Kanat onların
gücünə tab gətirməyəcəkdi!
Qəfildən
onları sürətlə irəli çəkən
gümüşü rəngli şar şaquli hava kütləsinə
qarışmış kimi yuxarı şığıdı.
Reyçel dəhşət içərisində belə
şarın sadəcə yer səthinin çevrəsi üzrə
hərəkət etdiyini anladı.
Çatdıq.
Ağ qar
divar yolu bir anlıq kəsdi. Bir göz qırpımında
onlar artıq divarın üstündə idilər.
Aldığı zərbədən Reyçelin nəfəsi
kəsilirdi. Buz baltası əlindən düşdü. Reyçel müqavimət göstərməyə
taqəti olmayan dalğaya düşmüş su xizəkçisi
kimi Tollandla birlikdə yamac boyu yuxarı çəkildiklərini
hiss edirdi. Yarıya qədər kəsilmiş kanat onları
möhkəm saxlayır, aşağı və düzənlik
boyu növbəti qar dağına tərəf
aparırdı. Daha iki yamac,
daha sonra isə o qədər də böyük olmayan
yayla, oradan isə okean ənginliklərinə
düşən uçurum.
Sanki
Reyçeli ağuşuna almış lal dəhşətin
harayı kimi Korki Merlinsonun əlacsız
bağırtısı ətrafa yayıldı. O, haradasa arxada
hələ birinci dağın yamacıyla diyirlənirdi.
Şar isə sanki qəfəsdən qurtulmuş vəhşi
kimi onları hey irəli və irəli dartırdı.
Qəfildən
başları üzərində güllə səsinə
oxşayan səs eşidildi. Nəhayət ki, yarıya qədər
kəsilmiş kanat tab gətirmədi. Kanatın ucu düz
Reyçelin üzünə çırpıldı. Anidən
sürətlə yıxıldığını anladı.
Axır ki, azadlığa çıxmış şar isə
okeana tərəf yön almışdı.
İplərə
dolaşmış Reyçel və Tolland isə
aşağıya tərəf uçdular. Reyçel
qarşılarında ikinci ağ təpəciyi görən
kimi özünü topladı. Bu təpənin zirvəsini təzəcə
keçmişdilər ki, onun digər tərəfinə
düşdülər. Xoşbəxtlikdən kostyumları sayəsində
zərbə bir qədər zəif alındı. Dünya əl,
ayaq, buz toruna çevrilmişdi. Reyçel yamac boyu sürətlə
üzüaşağı, buz dağlarının arasına
çəkildiyini hiss edirdi. O, növbəti təpə ilə
görüşü bir qədər ləngitmək
üçün qeyri-iradi əllərini və
ayaqlarını yana tərəf açdı. Hərəkət
hiss olunmayacaq qədər zəiflədi. Və artıq bir
neçə saniyədən sonra Tollandla birlikdə yamacla
üzüyuxarı uçurdular. Lap zirvədə isə yenə
havaya qalxdılar. Və həmin an Reyçel vahimə
içərisində anladı ki, onların dağ
yamacıyla okeanla həmsərhəd olan yaylaya doğru final,
ölüm enişləri başlayır... Milna
buzlağının son səkkiz yüz futu.
Onlar
uçuruma doğru şütüyürdülər. Həmin
an Reyçel onlara bağlı olan Korkinin hərəkəti ləngitdiyini
hiss etdi. Sürətin azaldığını hiss edirdi. Lakin
bu "əngəl" bir qədər gecikmişdi.
Uçurum get-gedə yaxınlaşırdı. Reyçel əlacsızlıqdan
bağırdı.
Buz səth
arxada qaldı. Reyçelin yadında qalan axırıncı
şey yıxılmağı oldu.
54
Uetsburq yaşayış
kompleksi şimal-şərq rayonunda N-strit 2201-də yerləşir.
Buranın sakinləri Vaşinqtonun azsaylı, tam dəqiq
ünvanlarından birində yaşadıqları ilə
öyünə bilərdilər.
Qebriel
fırlanan qızılı qapıdan ildırım kimi
gözəl, lakin çox səs-küylü şəlalə
ilə bəzədilmiş mərmər holla daxil oldu.
Kontorun
arxasından boylanan portye Qebrieli gördükdə heyrətini
gizlədə bilmədi:
- Miss
Eş? Bu gün bizi ziyarət edəcəyinizi bilmirdim.
-Mən
gecikmişəm. - Qebriel tələsik qeydiyyat kitabını
imzaladı. Divardakı saat 18:22 göstərirdi.
Portye
özünü itirdi:
- Senator mənə
siyahı verib, amma sizin adınız orada...
- Siyasətçilər
həmişə onlara hamıdan çox kömək edənləri
unudurlar.
Qız
gülə-gülə liftə tərəf addımladı.
Portye tərəddüd içində çabalayırdı.
-
Yaxşı olardı ki, mən zəng edərdim...
- Minnətdaram,
- Qebriel liftə daxil olaraq düyməni basdı.
Senatorun
telefonları söndürdüyünü o hamıdan
yaxşı bilirdi.
İkinci
mərtəbədə liftdən çıxdı və zərif döşənmiş dəhliz boyu
addımladı. Dəhlizin lap sonunda Sekstonun şəxsi təhlükəsizlik
agenti - nəhəng cangüdəni görünürdü.
Görünür, nəhəng darıxırdı. Qebriel onun
burada olmasına təəccübləndi. Cangüdənin təəccübü
daha betər idi. Qebrieli görən kimi yerindən
sıçradı.
- Mən
hər şeyi bilirəm, - dəhlizin tam ortasında qız
dilləndi. - Bu gün senatorun şəxsi axşamı var.
Heç kimin onu narahat etməsini istəmir.
Cangüdən
təsdiq etdi:
- O, qəti
surətdə tapşırıb ki, heç bir ziyarətçi...
- Təcili
məsələdir.
Cangüdən
kürəyini qapıya söykədi.
- Onun
şəxsi görüşü var.
-
Doğrudan? - Qebriel qırmızı zərfi
çıxardı. Cangüdənin gözləri
önündə yelləyərək Ağ evin
möhürünü göstərdi. -Mən elə indicə
Oval kabinetdən gəlirəm. Təcili bu informasiyanı
senatora çatdırmalıyam. Ona görə də içəridəki
dostları bir neçə dəqiqələrini ev sahibi
olmadan keçirəcəklər. İndisə çəkilin,
görüm!
Ağ
Evin möhürünü görən cangüdən tərəddüd
etdi. Qebriel "Zərfin içindəkilərdən xəbəri
olmasa, yaxşıdır!" deyə düşündü.
- Sənədlər
qalsın, - cangüdən təklif etdi, -mən
çatdıraram.
- Xeyr! Mən
Ağ Evdən bunları şəxsən onun özünə
çatdırmaq haqqında əmr almışam. Əgər
mən indi, təcili senatorla görüşməsəm, ola
bilər ki, siz sabah özünüzə iş axtarmalı
olasınız. Aydındır?
Cangüdənin
üzünün ifadəsi kəskin şəkildə dəyişdi.
Qebriel başa düşdü ki, senatoru heç bir halda
narahat etmək olmaz. Elə buna görə də başqa
yollara əl atmağa məcbur oldu. Zərfi cangüdənin
sifətinə çırparaq pıçıltı ilə
Vaşinqtonun bütün təhlükəsizlik xidmətinin
çəkindiyi altı kəlməni işlətdi:
- Siz sadəcə
vəziyyətin mahiyyətini başa
düşmürsünüz.
Siyasi
xadimlərin cangüdənləri heç vaxt vəziyyətin
mahiyyətini anlamırlar və bu da onları həddən
artıq qıcıqlandırır. Onlar həmişə
küt müdafiə aləti rolunu oynayır, daim məlumatsız
halda seçim qarşısında qalırdılar: ya qəti
şəkildə əmrə riayət edir, ya da növbəti
böhranın incəliklərinə vararaq işlərini riskə
atırdılar.
Cangüdən
dərindən köks ötürdü. Diqqətlə Ağ
Evin zərfinə baxdı.
-
Yaxşı, mən senatora deyərəm ki, siz içəri
buraxılmağınızı qəti şəkildə tələb
etmisiniz.
O,
qapını açdı. Qebriel sadiq cangüdən fikrini dəyişməmiş
tələsdi. Mənzilə daxil olaraq arxasınca sakitcə
qapını bağladı.
Girəcəkdə
qonaq otağından gələn kişi səsləri
eşidilirdi. Bu axşamkı görüş Qebrielin senatorun
maşında dinlədiyi yalnız bir telefon
danışığının nəticəsi deyildi.
Dənliz
boyu qonaq otağına tərəf irəliləyərkən
qız qapısı açıq şkafın yanından
keçdi. Yun, tvid materialdan olan bahalı altı palto
asılmışdı. Şkafın yanında döşəmə
üzərində sahiblərinin maddi durumundan xəbər verən
bir neçə çanta vardı. İşgüzarlıq dəhlizdə
unudulmuşdu. Qebriel, təbii ki, çantaların yanından
keçdi. Lakin onlardan biri qızın diqqətini cəlb
etdi. Balaca lövhəcikdə şirkətin loqotipi həkk
edilmişdi. Al qırmızı raket.
Qebriel
ayaq saxladı, sonra isə dizləri üstə çökərək
yazını oxudu.
Lövhəcikdə
"Speys Amerika, ink." yazılmışdı.
Qebrieli
maraq bürüdü, digər çantalara da baxdı.
"Biel
aerospeys", "Mikrokosm, ink.", "Roteri roket kompani",
"Kistler aerospeys".
Marcori
Tençin qətiyyətli səsi qulaqlarında cingildədi:
"Sekstonun özəl aerokosmik şirkətlərdən
rüşvət aldığından xəbəriniz
varmı?"
Qebriel
qaranlıq dənlizin sonundakı gur işıqlı qonaq
otağına tərəf baxdı.Ürəyi narahatlıqla
çırpındı. O, danışmalı, hansısa
formada burada olduğunu bildirməlidir. Lakin astaca irəli
addımladı. Sakitcə qapıya yaxınlaşdı və
girişin bir neçə addımlığında,
qaranlıqda ayaq saxladı....Otaqdakı söhbətə diqqətlə
qulaq asmağa başladı.
(Ardı var)
DEN BRAUN
Tərcümə edən:
ÜLVİYYƏ
Elm.- 2012.- 30 avqust.- S.15.