Azərbaycanın qəbir abidələri
(Əvvəli ötən
saylarımızda)
4. Quyu qəbirləri
Albaniyada
mövcud olmuş qəbir növlərindən biri də quyu qəbridir. Quyu qəbirləri
torpaq qəbirləri ilə yaşıd sayılır. Quyu qəbirlər
ilk dəfə Şamaxıda qeydə alınmışdır
və bu bölgə üçün xarakterikdir (2, s.91). Dərinliyi
0,7 -5 m arasında, diametri isə 0,8-2,2 m ölçüdə
olan bu qəbirlərin ən xarakterik cəhəti
ölünün baş tərəfində təsərrüfat
küpünün və ya iri gil qabın qoyulmasıdır. Tədqiqatçıların
fikrincə, bu qablara şərab doldurulurdu (3, s.188). Albaniyada
alban tayfalarının istifadə etdikləri iki başlıca
dəfn adətindən - torpaq və küp qəbri adətindən
başqa digər mərasimlərin də mövcud olması bu
diyarda müxtəlif vaxtlarda bura gəlmiş qeyri-alban mənşəli
əhali qruplarının olduğunu təsdiq edir. İçərisində
uzadılmış skeletlər (görünür, bəzi
hallarda zəif bükülü) olan quyu qəbirlərinin
qeyri-alban mənşəli tayfalara, xüsusilə sak, skif,
massaget, sarmat tayfalarına aid olması elm aləminə məlumdur
(1, s.336).
1958-ci ildə
Xınıslıda Azərb. SSR EA Tarix İnstitutunun arxeologiya
şöbəsinin işçiləri qazıntı
aparmış, burada ilk dəfə quyu qəbirləri
aşkar etmişdilər (5, s.32). Burada aşkar olunmuş quyu
formalı qəbirlərdə meyiti və avadanlığı
yerləşdirdikdən sonra onun üstünə ağac
düzərək torpaq örtmüşlər. Tədricən
ağaclar çürümüş və qəbir narın
torpaqla dolmuşdur (4,s. 50). Daha aydın təsəvvür
yaratmaq üçün bəzi qəbirlər haqqında
müfəssəl təsvir vermək daha uyğundur.
1 ¹-li quyu
qəbri: Qəbrin dərinliyi 1, 3 m, ağzının diametri
1,8 m, oturacağının diametri 2 m idi.
Oturacağının cənub-şərq yarısı gil qab
parçaları ilə döşənmiş və
başı şimal-şərqə, sağ böyrü
üstündə, az bükülü vəziyyətdə bir
skelet yerləşmişdi. Baş tərəfdə kiçik
həcmli, kobud düzəldilmiş, açıq
qırmızı rəngli uzunsov təsərrüfat
küpü (I tablo, 8-ci şəkil) qoyulmuşdu. Küpün
içərisində maye olmuşdur. Bunu küpün
divarlarında mayenin səviyyəsindən qalmış zolaq və
başqa qalıqlar sübut edir. Küpün
hündürlüyü 76 sm, ağzının diametri 26 sm,
oturacağının diametri 12 sm-dir. Onun yanında qara rəngli
tək qulpunun üstü kəsmələrlə bəzədilmiş
gil qab (1 tablo, 7-ci şəkil) qoyulmuşdu. Onun
hündürlüyü 12 sm, ağzının diametri 8 sm-dir.
Gil
qablarla yanaşı sümüklərin arasından 31 sm
uzunluğunda dəmir xəncər (1 tablo, 1-ci şəkil),
iki əyri dəmir bıçaq (1 tablo, 4-5-ci şəkillər),
dəmir toqqa (1 tablo, 3-cü şəkil), 4 ədəd
xırda dəmir toqqalar (1 tablo, 2-ci şəkil), tunc toqqa (1
tablo, 6-cı şəkil) və üstü qabarıq nöqtələrlə
bəzədilmiş düymə (1 tablo, 9-cu şəkil)
tapılmışdır. Dəmir toqqaların üstündə
parça izləri də qalmışdır.
4 ¹-li quyu
qəbri: Qəbrin dərinliyi 1, 39 m, ağzının diametri
2 m, oturacağının diametri isə 2,2 m-dir. Qəbrin
yarısı gil qab qırıqları ilə döşənmişdi.
Burada başı şimala, sağ böyrü üstündə
bir skelet aşkar edilmişdir. Sümüklərin baş tərəfində
ağzı üçgül, gövdəsində iki və
boğazında bir qulpu olan yumru gövdəli, açıq
qırmızı rəngli iri gil qab (II tablo, 1-ci şəkil)
qoyulmuşdu. Onun ağzı başqa qab qırığı
ilə örtülmüşdü. Ehtimal ki, qabın içərisində
maye olmuşdur. Qəbrin diametri boyu sümüklərin
qarşısında bir-birinin yanına düzülmüş
üç ədəd qırmızı boyalı qablar da var
idi. Bunlardan ağzı üçgül bir qabın (II tablo,
2-ci şəkil) üstü çəpinə
düzülmüş novlarla, boğazı isə qabarıq
qurşaqlarla bəzədilmişdir. Qabın tək qulpu
vardır. İkinci qabın (II tablo, 5-ci şəkil)
ağzı üçgüldür. Üstündə
heç bir naxış yoxdur. Sonuncu qabın ağzı dairəvidir,
yuxarı qalxdıqca genişlənir. Qabın üstündə
ilan təsviri olan tək qulpu vardır. Boğazı və
qulpunun altı kəsmə xətlərlə və nöqtələrlə
bəzədilmişdir.
Qəbirdən
gildən düzəldilmiş bir maral heykəli (II tablo,
4-cü şəkil) də tapılmışdır. Heykəlin
belində yanları dilikli kiçik vaza düzəldilmişdir.
Maralın gözləri yapma nöqtələrlə
verilmişdir. Onun bədəninə bir tərəfdən tək
cərgə, o biri tərəfdən isə iki cərgə
üçbucaq formalı batıq nöqtələrdən
ibarət iki naxış çəkilmişdir. Heykəl
qırmızı boya ilə örtülmüşdür.
Kəllə
sümüklərinin arasında bir cüt armudvari asmalı
(II tablo, 6-cı şəkil), bir cüt də yumru asması
olan gümüş sırğalar (II tablo, 8-ci şəkil)
tapılmışdır. Bunlardan başqa qəbirdən dəmir
sancaq (II tablo, 7-ci şəkil), gümüşdən
şüşə qaşlı üzük (II tablo, 8-ci şəkil),
şüşədən, əqiqdən, pastadan muncuqlar əldə edilmişdir.
1958-ci ildə
cəmi 6 quyu qəbri tədqiq edilmişdir. Digər 4 qəbir
də quruluşuna görə yuxarıda təsvirini verdiyimiz
qəbirlərə oxşardır. Bu qəbirlərdə də
avadanlığın əsasını üzəri
qırmızı boyalı və boyasız gil qablar (VIII tablo,
1-5-ci şəkil) təşkil edir. Qəbirlərin bəzilərindən
heyvan sümükləri də tapılmışdır.
Abşeronda
da belə qəbirlərin olması məlumdur. Quyu qəbirlərinə
Abşeron və Şamaxıda təsadüf edilməsi bu abidələrin
yayıldığı dövrdə həmin ərazilərdə
yerləşən əhalinin maddi mədəniyyətində
birlik olduğunu söyləməyə imkan verir. Azərbaycanda
Yaloylu təpə mədəniyyəti və
Gürcüstandakı Alazan çayı hövzəsindəki
bu mədəniyyətə xas olan arxeoloji abidələr (gil
qablar və dəmir silahlar) Xınıslıda
tapılmış quyu qəbirlərinin avadanlığı
ilə eyniyyət təşkil edir. Bütün bunları nəzərə
alaraq quyu qəbirlərini e.ə. I minilliyin sonuncu
rübünə aid etmək olar (5, s.34).
Ədəbiyyat:
1. Azərbaycan
tarixi. Yeddi cilddə. I cild. (Məsul redaktor: İ.H.Əliyev).
Bakı: Elm, 1998, 476 səh.
2.
Göyüşov Rəşid. Azərbaycan arxeologiyası. Bakı:
İşıq, 1986, 186 səh.
3.
Göyüşov R.B, A.İ.Martınov. SSRİ
arxeologiyası. Bakı: Maarif nəşriyyatı, 1991, 272 səh.
4. Xəlilli
Fariz. Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi. Bakı:
2009. 246 səh.
5. Xəlilov
C.Ə. Xınıslı qədim yaşayış yeri // Azərbaycan
SSR Elmlər Akademiyasının Xəbərləri. İctimai
elmlər seriyası, 1961, ¹ 3.
5. Gil-təknə qəbirləri
Arxeoloji
qazıntılar zamanı Qafqaz Albaniyası ərazisində
gil təknə formalı saxsı tabutlar da aşkar
edilmişdir. Bu qədim qəbir tipi Göyçay,
Türyançay və Girdimançay hövzələri
üçün ən səciyyəvi abidələrdir. Təknələr,
dördkünc, yaxud da oval formalı olub, gildən hazırlanmış,
açıq boz rəngdə bişirilmişdir. Qəbirlərin
avadanlığı həm təknənin içərisinə,
həm də onun ətrafına qoyulmuşdur. Təknə qəbirlər
üçün iki qrup gil qab daha səciyyəvidir:
ağzının novçası süzgəcli olan içki
qabları və təkayaq vazalar ( 1, s.188). Bu qəbirlərdə
ölü böyrü üstə, xeyli bükülü vəziyyətdə,
müxtəlif səmtlərdə dəfn edilmişdir (2,
s.91).
İlk dəfə
İsmayıllı rayonunda təknə formalı qəbir abidəsinin
olması haqqında prof. Y. A. Paxomov məlumat vermişdir. O,
1933-cü ildə Mollaisaqlı kəndindən əldə edilmiş
başqa maddi-mədəniyyət qalıqları ilə
yanaşı, təknə qəbir qırıqlarının
da tapılmasını qeyd edir (4, s.54).
Təknə
qəbirlərinə aid ən qiymətli materialı
1964-cü ildə Mollaisaqlı və 1971-ci ildə
Şıxdərə kəlləsi (Mollaisaqlı
yaxınlığında) qazıntıları vermişdir (4,
s.57).
Kəndin
qərb kənarında, yaşayış yerinin cənubunda
müxtəlif qəbirlərlə yanaşı bir ədəd
müasir metal vannalara tam oxşar olan gil təknə qəbir
aşkar edilmişdir. Bir metrə dərinlikdə aşkar
olunmuş bu təknə qəbrin istiqaməti şimal-qərb
və cənub-şərqədir, başı şimal-qərbə
qoyulmuş skelet uşağa aid olub, təknə qəbrin
içərisində bükülü vəziyyətdə
yerləşdirilmişdir. Təknə qəbrin
ağzının örtülməsinə dair heç bir əlamət
müşahidə olunmamışdır. Yəqin ki, onun
ağzını vaxtilə taxta və bu kimi materiallarla
örtmüşlər. Təknə orta hissəsindən
sınıb aralanmış şəkildə idi. Qəbrin
baş tərəfində yanğın izləri
qalmışdır. Ehtimal ki, dəfn mərasimi zamanı
burada od yandırılmışdır. Ölü təknə
qəbirdə sol böyrü üstə qoyulmuşdur. Təknənin
ayaq tərəfində qulpu vardır. Lentvarı qulp onun
oturacağa yaxın hissəsi ilə ağzının kənarını
birləşdirir. Qırmızımtıl rəngdə
bişirilmiş bu təknə-tabutun gilinin tərkibində
xırda qum dənələrinin qarışığı
olmuşdur. Onun uzunluğu 57, eni 36, hündürlüyü
14, qalınlığı isə 2 sm-dir, təknənin xarici
hissəsi ağımtıl gil məhlulu ilə
boyanmışdır. Ümumiyyətlə, saxsı
qablarının ağımtıl gil məhluluna çəkilməsi
üsulu Mollaisaqlı gil məmulatında, xüsusilə boz və
qırmızı rəngli keramikada üstün yer tutur.
Təknə
qəbrin yanından tapılmış avadanlığın əsas
hissəsini gil qablar təşkil edir. Qablar üçbucaq
şəklində skeletin üzünə doğru istiqamətləndirilmişdir.
Skeletin qolları yanında pasta, əqiq və şüşədən
ibarət bir neçə muncuq vardır. Buradakı qablar qəbrin
dövrünün müəyyənləşdirilməsində
mühüm rol oynayaraq, onların da küp qəbirləri
dövrünə aid olduğunu göstərir (4, s.57).
Təknə
qəbrin yanından tapılmış gil qabları forma və
vəzifəsinə görə iki qrupa bölmək olar.
Bunlardan birinci qrupu təşkil edən, əsasən
içki üçün olan, ağzı novçalı və
süzgəcli düzəldilmiş qablardır. İkinci qrupu
təşkil edən qablar təkayaqlı vazalardır.
Bunların üzərində gül rəsmi
basılmışdır.
Bu
avadanlığı təşkil edən təkayaqlı
vazalar, süddanbiçimli gil qablar e.ə. IV-I əsrlər
çərçivəsinə aid edilən məişət
avadanlığı ilə tam oxşarlıq təşkil edir
(4, s.62).
Ədəbiyyat:
1.
Göyüşov R.B., A.İ. Martınov. SSRİ
arxeologiyası. Bakı: Maarif nəşriyyatı, 1991, 272 səh.
2.
Göyüşov Rəşid. Azərbaycan arxeologiyası,
Bakı: İşıq, 186 səh.
3. Xəlilov
Mübariz. Albaniyanın qəbir abidələri (IV-X əsrlər).
Bakı: Nafta-press, 2009, 180 səh.
4. Osmanov
F.L. Qafqaz Albaniyasının maddi mədəniyyəti.
Bakı: Elm, 1982, 182 səh.
(ardı var)
Əli FƏRHADOV
Elm.- 2012.- 30 avqust.- S.13.