Məmməd
ƏLİYEV:
"Rusiyada yaşayan azərbaycanlılar
Vətənin dəstəyini həmişə
hiss edirlər"
Bu gün Azərbaycan-Rusiya
münasibətləri haqqında danışarkən biz bu
münasibətlərin inkişafına, onların sabit və
ahəngdar, ikitərəfli strateji tərəfdaşlıq
ruhuna uyğun olmasına çalışan müxtəlif
peşə və ixtisas sahiblərinin uzun illər boyu
vermiş olduğu və bu gün də verdiyi töhfəni
hökmən vurğulayırıq.
Belə insanlar sırasında görkəmli həmvətənimiz
Məmməd Cavad oğlu
Əliyevin adı, şübhəsiz, xüsusi
qeyd edilməlidir.
Məmməd
Əliyev dünya şöhrətli onkoloq-alim, Rusiya Elmlər
Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Dövlət
mükafatı laureatı, RF Hökuməti mükafatı
laureatı, Rusiya Federasiyasının
Əməkdar Elm Xadimidir.
Belə insanlar haqqında deyirlər ki, onun istedadı Allah vergisidir.
Maraqlı fakt. Məmməd Əliyev Rusiya
Elmlər Akademiyasının, ondan əvvəl
isə SSRİ Elmlər Akademiyasının bütün
tarixi ərzində onun
həqiqi üzvü rütbəsinə layiq görülmüş
yeganə azərbaycanlıdır. Bunun necə böyük
şərəf olduğunu vurğulamaq üçün
onu qeyd etmək kifayətdir
ki, indiyə qədər SSRİ Elmlər
Akademiyasını (Rusiya Elmlər
Akademiyasının sələfi) müxbir
üzvü rütbəsinə Azərbaycandan
yalnız Azərbaycan Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyev,
dünya şöhrətli fizik-alim Həsən Abdullayev
və bir sıra başqa
görkəmli Azərbaycan alimləri layiq
görülmüşdür. SSRİ Tibb Elmləri Akademiyasının akademiki vəzifəsinə isə bundan əvvəl yalnız bir
həmvətənimiz - məşhur cərrah Mustafa
Topçubaşov seçilmişdir.
Buna görə də ikiqat
şərəfdir ki, Azərbaycanın dünyada ən iri diaspor təşkilatlarından birinə - Ümumrusiya Azərbaycanlılar Konqresinə
(ÜAK) rəhbərlik etmək on ildən
çoxdur ki, məhz
Məmməd Əliyevə etibar edilmişdir.
Daha bir səciyyəvi
fakt. Bu vəzifəyə
Məmməd Əliyevin namizədliyini Azərbaycanın ümummilli lideri Heydər
Əliyev təklif etmişdir. Ulu öndər özünün
bu uzaqgörən qərarı ilə əslində
ÜAK-ın inkişaf vektorunu
on il əvvəldən
müəyyən etmişdir. Bu hadisə Heydər Əliyevin fenomenal qabiliyyətini - şəxsiyyətin
potensialını dəqiq qiymətləndirmək və onu həmin potensialın tam
həcmdə açılacağı sahələrdə irəli
çəkmək keyfiyyətini bir daha təsdiqləyir.
Məmməd
Əliyevlə Bakıda, qızmar avqust
günlərinin birində axşamçağı görüşdük. İş
cədvəlinin gərgin olmasına baxmayaraq,
onun elmi və ictimai fəaliyyəti ilə əlaqədar bizi maraqlandıran suallara cavab vermək üçün
macal tapmışdı.
-Məmməd
müəllim, sizin ictimai
fəaliyyətinizlə Azərbaycanda yaxşı
tanışdırlar. Dövlətimiz bu fəaliyyəti
qiymətləndirmişdir. 2006-cı ildə siz
"Şöhrət" ordeni ilə təltif
edilmisiniz. Keçən il
isə Azərbaycan Prezidenti İlham Əliyev sizi
"Dostluq" ordeni
ilə təltif etmişdir. Lakin sizin elmi
fəaliyyətiniz barədə Azərbaycanda məlumat o qədər də çox
deyildir. Klinikada, institutda işiniz barədə
qısaca məlumat verə bilərdinizmi? Məsələn,
bizə məlumdur ki, siz
onkoloji ortopediya sahəsində
görkəmli alimsiniz.
-Mənim bütün peşəkar fəaliyyətim dayaq-hərəkət aparatının (sümüklərin, yumşaq toxumaların, dərinin) şişləri problemlərinin öyrənilməsinə həsr edilmişdir. Mən dayaq-hərəkət aparatının müxtəlif anatomik lokallaşmalarında çoxlu əməliyyatlar aparıram, kombinə edilmiş müalicə ilə əlaqədar işlərə, o cümlədən onurğa sütununun və paravertebral zonanın, çanağın ilkin və metastatik şişləri zamanı əməliyyat müdaxilələrinə, rekonstruktiv plastik əməliyyatlara, endoprotezləmə məsələlərinə də xeyli diqqət yetirməyə çalışıram.
Fəxrlə deyə bilərəm ki, bu sahədə çoxillik işim bu gün öz əməli nəticələrini verir. Məsələn, qeyd etmək olar ki, sarkoma kimi qorxulu diaqnoz qoyulmuş pasiyentlərin sağalma göstəricisi 75-80 faizə çatmışdır. Əvvəllər amputasiyaya məhkum olan pasiyentlərin bu sahədə orqanqoruyucu müalicəsi isə yaşlılar arasında 85, uşaqlar arasında 90 faizə çatır.
-Məmməd
müəllim, həmkarlarınızla söhbət zamanı
öyrənmişik ki, siz
postsovet məkanında onkoortopediya
sahəsində ilk mükəmməl elmi məktəb yaratmağa
nail olmusunuz. Yüksək profilli mütəxəssisləri
birləşdirən, Rusiya Prezidentinin qrantını alan
bu məktəbdə dayaq-hərəkət
aparatı şişlərinin müalicəsinə dair araşdırmalar aparılır. Özü də bu işlər
kifayət qədər qısa müddətdə görülmüşdür. Bu müddətdə nələrə nail olmusunuz?
-2005-ci ildə akademik M.İ.Davıdovun təşəbbüsü ilə Rusiya Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin (ROEM) ümumi onkologiya bölməsi həmin Mərkəzin ümumi onkologiya şöbəsinə çevrilmiş və bu şöbəyə rəhbərlik mənə həvalə edilmişdir. 2005-ci ilin dekabr ayından mən həm də ROEM-in Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru təyin edilmişəm. Həqiqətən, o vaxtdan çox müddət keçməmişdir, buna baxmayaraq, indi biz xəstələrin müalicəsinin ən yüksək elmi-metodik səviyyədə təşkil edilməsinə nail olmuşuq. Müalicə onkoloji pediatriyada ən yeni nailiyyətlər nəzərə alınmaqla, dünyanın aparıcı onkoloji mərkəzlərində işlənib hazırlanmış beynəlxalq elmi proqramlardan istifadə edilməklə aparılır, bizim şöbə həmin mərkəzlərlə sıx elmi əlaqə saxlayır və vahid protokollar işləyib hazırlayır.
Rusiyanın, digər MDB ölkələrinin bir sıra elmi müəssisələri, ABŞ-da uşaq neyroonkologiyası üzrə iki aparıcı mərkəz - Hyustondakı Texas Uşaq Onkoloji Mərkəzi və Los-Ancelesin Uşaq Hospitalı ilə sıx əlaqəli şəkildə geniş spektrli elmi tədqiqatlar aparılır.
-Məlumdur ki, sizin rəhbərlik etdiyiniz onkoortopediya elmi məktəbi 1965-ci ildə məşhur akademik N.N.Trapeznikov tərəfindən
yaradılmışdır. Bu gün həmin məktəbin fəaliyyətində
hansı yeniliklər vardır?
-Onkoortopediya elmi məktəbi rəqabət qabiliyyətli olmasını sübut etmişdir. Deyə bilərəm ki, bu, bizim əsas nailiyyətlərimizdən biridir. 2009-cu ildə mənim təşəbbüsümlə həmin elmi məktəbin inkişafının növbəti mərhələsi kimi, sarkomaların öyrənilməsi üzrə Rusiyada və MDB üzvü olan digər ölkələrdə mütəxəssisləri birləşdirən Şərqi Avropa Qrupu (East-European Sarcoma Group) yaradılmışdır. Bu elmi cəmiyyətin bazasında mütəxəssislər üçün öyrədici proqramlar, məsləhət fəaliyyəti həyata keçirilir, sümüklərin və yumşaq toxumaların sarkomasının müalicəsi üzrə mültimərkəzi protokollar təşkil edilmişdir. Bu qrupun işi sayəsində yaradılmış vahid informasiya məkanı çərçivəsində marağı olan bütün mütəxəssislər üçün ünsiyyət imkanı təmin edilir. Məsələn, mən həmin qrupun nəşr etdiyi "Sümüklərin və yumşaq toxumaların sarkoması və dəri şişləri" adlı jurnalın baş redaktoruyam. Jurnalın auditoriyası bütün postsovet məkanında təmsil olunmuşdur. Qrupun öz internet saytı vardır. Sarkoma problemini öyrənən bütün müvafiq elmi birliklərlə həmin sayt vasitəsilə əlaqə saxlanılır. Səyyar ustad dərsləri keçilir (nümunəvi əməliyyatlar aparılır, yerlərdə yaranmış mürəkkəb vəziyyətlərə dair məsləhətlər verilir, mühazirələr oxunur, müalicə protokolları müzakirə edilir).
-Bu qədər böyük
həcmli elmi-klinik fəaliyyəti inzibati işlə uzlaşdırmağa necə
nail olursunuz, axı siz həm də Rusiyada ən
iri tibbi mərkəz olan Tibb Elmləri
Akademiyasının N.N.Bloxin adına Onkoloji Elmi Mərkəzinin
direktorunun elmi və
müalicə işləri üzrə müavini, Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru, Ümumi Onkologiya Klinikasının rəhbərisiniz...
-Həqiqətən, bunun sirri iş stilindədir.
Mənim
yaxşı müəllimlərim
olmuşdur. Ciddi
iş reqlamenti, müavinlərim və şagirdlərim, mənimlə
həmməslək olan
kollektiv yaradılması
bütün bu işlərin öhdəsindən
gəlməyə imkan
verir.
-İcazənizlə,
indi də Rusiyada bizim diasporun fəaliyyəti mövzusuna müraciət
edək. Siz onun potensialını necə qiymətləndirirsiniz?
-Rusiyada Azərbaycan
diasporunun çox böyük potensialı vardır. Bu da
təbiidir, çünki
RF-də Azərbaycan diasporu həm sayca, həm də öz sosial tərkibinə görə ən sanballı diaspordur. Digər tərəfdən, yadda saxlamaq lazımdır ki, Azərbaycan diasporu Rusiyada prinsipcə yeni, tamamilə fərqli tarixi və sosial-mədəni şəraitdə
təşəkkül və
inkişaf prosesində
olan bir hadisədir. Ona görə
də bu potensialdan düzgün istifadə etmək vacibdir. Bu gün
həmvətənlərimizin öz tarixi və mədəni köklərini itirmədən
mütəşəkkil və
hörmətə layiq
bir diaspora çevrilməsi üçün
zəruri ilkin şərait vardır.
Tarixi Vətənimiz
olan Azərbaycanla sıx əlaqə də bizim güc
mənbəyimizdir. Biz Azərbaycan dövlətini
həmişə dəstəkləyəcək,
diasporumuzun malik olduğu iqtisadi, intellektual və mənəvi vasitələr
əsasında milli dövlətçiliyimizin möhkəmlənməsinə
imkan daxilində kömək edəcəyik.
Lakin bunun üçün diaspor böyüməli, möhkəmlənməli, cəmiyyətdə
nüfuz və təsir qazanmalıdır.
Azərbaycan diasporunun nüfuzu
onun Azərbaycan Respublikası tərəfindən
dəstəklənməsindən əhəmiyyətli dərəcədə
asılıdır. Buna
görə də Prezident İlham Əliyev tərəfindən
diasporun problemlərinə
göstərilən qayğı
və diqqət bizim üçün çox vacibdir.
-Siz müasir mərhələdə
ÜAK-ın fəaliyyətini
necə qiymətləndirərdiniz?
Məsələn, müasir dövrdə
Rusiya-Azərbaycan humanitar
əməkdaşlığının dərinləşməsi fonunda
ÜAK-ın qarşısında
hansı vəzifələr
dayanır?
-ÜAK-ı
artıq püxtələşmiş
təşkilat hesab etmək olar. Bu qurumun yaradılmasından
on ildən çox keçir. Onun peşəkar icra
aparatı formalaşmışdır,
həftəlik qəzeti
çıxır, öz
saytı vardır.
Mənim fikrimcə,
regional şəbəkə yaratmağımız bizim
fəaliyyətə başlamağımızdan
keçən on il ərzində gördüyümüz ən
vacib iş olmuşdur. Bu şəbəkəyə
Vladivostokdan Kalininqrada
qədər geniş bir ərazidə 70-dən
çox Azərbaycan təşkilatı daxildir.
Təşkilatın gələcək hədəflərini iki qrupa bölmək olar - diaspordaxili və ümumrusiya miqyaslı hədəflər.
Bu gün ÜAK Rusiyanın istənilən
guşəsində azərbaycanlılar
mühitində baş
verən hadisələr
barədə tam məlumata
malikdir. Bizim həm
Azərbaycanda, həm
də Rusiyada müəyyən siyasi dəstəyimiz vardır.
Humanitar əməkdaşlığa
töhfəmiz məsələsinə
gəldikdə isə,
Azərbaycandan olan tələbələrin Rusiya
ali məktəblərinə
qəbul proqramını
bu baxımdan ÜAK-ın ən böyük nailiyyəti hesab etmək olar. Bu, ən
uğurlu layihələrdən
biri olmuşdur. Bu gün ÜAK xətti
ilə Rusiyada 240-dan çox tələbə təhsil alır, onların 50 faizi RF-nin regionlarında oxuyur. Əvvəllər bizim gənclər
əsasən Moskvada və Sankt-Peterburqda təhsil almağa üstünlük verirdisə,
indi bu prosesin
coğrafiyası xeyli
genişlənmişdir. Ümidvaram ki, bu layihə
uzunömürlü olacaq
və öz səmərəsini göstərəcəkdir.
ÜAK-ın axırıncı
qurultayından sonra həm icra aparatında,
həm də qəzet redaksiyasında ciddi dəyişikliklər
baş vermişdir. Mənim fikrimcə,
bu modernləşmə
işin xeyrinə olacaqdır. Diaspor Rusiya
Federasiyasında dəyişmiş
reallıqlar şəraitində
müəyyən uyğunlaşma
tələb edən canlı mühitdir.
İkitərəfli humanitar əməkdaşlığın
inkişafı baxımından
mən Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatına (RAGT) da
böyük ümid bəsləyirəm. RAGT-ın
lideri Leyla Əliyeva mədəniyyət,
ekologiya və təhsil sahələrində
olduqca qeyri-ordinar layihələr təşəbbüsü
ilə çıxış
etmişdir və bu layihələrin hamısı uğurla həyata keçirilir.
Hələlik Rusiyadakı başqa
diasporların heç
birində gənclərin
bu qədər genişmiqyaslı təşkilatı
yaradılmamışdır.
-ÜAK-ın fəaliyyətində hansı
perspektivli istiqamətləri
qeyd etmək istərdiniz?
-Şübhə yoxdur
ki, bu gün
Konqres və onun regional bölmələri
qaşımızda qoyulmuş
məsələlərin öhdəsindən
gəlmiş, müasir
Rusiyanın dövlət
siyasətinin və milli siyasətin hamılıqla tanınmış
mühüm elementinə
çevrilmişlər. Bu gün ÜAK-ın qarşısında öz
xarakterinə görə
əvvəlkindən daha
genişmiqyaslı məsələlər
durur. Bizim fəaliyyətimizin konkretliyi də artmışdır. Məsələn, artıq bir neçə ildir ki, yeddi federal dairədə yaradılmış
həmvətənlərə kömək və dəstək üzrə qərargahlar fəaliyyət
göstərir. Onlar miqrantların
RF ərazisində olmasının
leqallaşması, Rusiya
hökuməti üçün
məqbul formatda leqal məşğulluq məsələlərində mühüm
rol oynamışlar.
Hazırda həmin qərargahların
işində təcrübəli
hüquqşünaslar iştirak
edir. Onlar həmvətənlərimizə
ixtisaslı hüquqi yardım göstərirlər.
Bununla yanaşı, ÜAK-ın
regional strukturlarının fəaliyyəti təkmilləşir.
Bir sıra yeni regional təşkilatlar təşəkkül
prosesindədir.
Bundan əlavə,
ÜAK-ın rəyasət
heyəti Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbərliyi ilə
sıx işgüzar əlaqələri daha da möhkəmlətmişdir. Həm Moskvada, həm də Rusiyanın regionlarında 20-dən çox
mühüm müştərək
tədbir keçirilmişdir.
Həmin konfranslarda, "dəyirmi masa"larda, forumlarda müstəqil Azərbaycanın tarixi və müasir vəziyyəti, onun problemləri və perspektivləri, Dağlıq
Qarabağ münaqişəsinin
kökləri və onun həlli yolları barədə həqiqət Rusiya ictimaiyyətinə çatdırılmışdır.
Bu iş də bizim fəaliyyətimizin prioriteti sayılır.
Əsas məsələ budur ki, biz - ümumi niyyətlər ətrafında
birləşən Rusiya
azərbaycanlıları bütün
təşəbbüslərimizin uğurlu olacağına inanır, Vətənimizin
dəstəyini hiss edirik. Bu inam bizə güc və enerji bəxş edir.
-Maraqlı söhbətinizə görə
çox sağ
olun, Məmməd müəllim! Çətin, lakin şərəfli
işinizdə Sizə
uğurlar arzulayırıq.
AzərTAc
Elm.- 2012.- 24 avqust.- S.10.