ANA DİLİNƏ DÖVLƏT QAYĞISI

 

Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Bu baxımdan hər millətin inkişafında ən mühüm varlıq və yaşanma amili olan dilin müstəsna rolu vardır. Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli  yerini tutmasında dilimizin zənginliklərinə bələd olan Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Son illərdə dilimizin dövlət dili kimi inkişafı dil quruculuğu ilə bağlı siyasətlə bağlıdır. Dilin inkişafını  iqtisadi nailiyyətlərdən üstün tutan ulu öndərimiz  deyirdi: "İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var, o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik".

 

Bununla belə ana dili  problemi bu gün yenə də aktual  olaraq qalır, buna görə də dövlət tərəfindən bu problemin həlli üçün müxtəlif tədbirlər görülür. Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili  elan olundu. Konstitusiyanın 21-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".

Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi.Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması  olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problemnöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.

Prezident sərəncamında qeyd olunur ki, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açmış və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etmişdir. Bu amil isə dil haqqında müvafiq qanunun, eləcə də  digər normativ aktların qəbul olunmasını sürətləndirmişdir. Sənəddə on ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkəmizdə 2001-ci il avqust  ayından  bütövlükdə  təmin edilmişdir. Yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğu nəzərdə tutularaq hər il avqustun 1-nin Azərbaycan əlifbası və Aərbaycan dili günü kimi qeyd edilməsi Prezident tərəfindən verilmiş fərmanda qərara alınmışdır.

Ümummilli liderimiz Heydər Əliyev dil məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Ona görə də qeyd edirdi ki, xalqın, millətin, insanın öz ana dilindən əziz bir şeyi ola bilməz. Məhz dilə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli prezident fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur.

Ulu öndərin  ana dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqaməti  bu günmüasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır. Bu istiqamətdə atılmış vacib addımlardan biriUlu öndərin 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Republikasının qanunudur. Bu qanunda  Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilmiş, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülmüşdür. Belə bir qanunun qəbulu ölkə Prezidenti kimi Heydər Əliyev tərəfindən dövlətin milli dil, milli kimlik siyasətinin uğurla aparılmasının nəticəsi olaraq ictimai xarakter daşıyır və bununla yanaşı, həm də ana dilinə dövlət dili statusu qazandırmışdır. Ölkə həyatında dilin tarixi, müasir vəziyyəti və onun hüquqlarının müdafiə olunması, hüdudlarının genişlənməsi məsələləri daim gündəmdə  qalmaqla, böyük dövlət əhəmiyyəti daşıyır.

Ümummilli liderimiz Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin  vacibliyini önə çəkirdi. Bununla yanaşı, qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən biri olduğundan müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri, informativ mənzərəsi bu dildə çevik şəkildə səlistliklə əksini tapa bilir.

Müstəqillik illərində Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə  tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir.

23 may 2012-ci ildə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanının tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı Azərbaycan dilinin tətbiqi və inkişafı ücün yeni bir addımdır.  Bu sənəddə Azərbaycan dilinin tarixi əsasları barədə mükəmməl təsəvvür yaradılmış və inkişaf problemləri haqqında sistemli şəkildə bəhs edilmişdir. Xüsusən, Azərbaycan dilinin mənşəyi ilə bağlı davam edən yanlış konsepsiyaya son qoyulması, tarixi faktlara əsaslanaraq Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etdirilməsi üçün həm inzibati, hüquqi-siyasi, həm də elmi-nəzəri istiqamətlər müəyyənləşdirilməsinin zəruriliyi qeyd edilir.

Azərbaycan  dilinin  bütün  ölkə miqyasında  - mədəniyyət, elm, iqtisadiyyat, hərb, səhiyyə, siyasət, tədris və təlim sahəsində tətbiq olunması zəruri və əməli cəhətdən əsaslandırılır və Azərbaycan dilçiliyi ilə bağlı görüləcək işlərin əsas konturları verilmişdi. Dövlət dilini qorumaq hər bir dövlətin mühüm siyasi-ideoloji vəzifələrindən, əsas milli texniki maraqlarından biridir. Azərbaycan dilinin tarixi hüquqlarını  qorumaq, onun mənəvi-siyasi nüfuzunu həm ölkə daxilində, həm də ölkə xaricində yüksəltmək sərəncamda xüsusi qeyd edilir.

İqtisadi əlaqələr genişləndikcə, ictimai-siyasi münasibətlər, eləcə də elmi-texniki tərəqqi, dilin zənginləşməsini zəruri edir. Ünsiyyət vasitəsi olan dilin bugünkü inkişaf səviyyəsinə  rekonstruktiv yanaşma təsdiqləyir ki, dilin inkişafı cəmiyyətin inkişaf səviyyəsi, ictimai-siyasi hadisələrlə, qlobal dəyişikliklərlə əlaqədardır. Qloballaşan dünyada informasiya verən, onu qəbul edən mexanizm, yəni dil dövlətçiliklə tənzim olunduqda perspektivləri artır, işlənmə əhatəsi genişlənir, informasiya intensivliyi yüksəlir. Müstəqil dövlətçilik mərhələsi dilin inkişafının ən etibarlı bazasıdır. Dövlət dili dil siyasətinin əsas anlayışıdır və milli dilin dövlət dili səviyyəsinə yüksəlməsi ölkəmizin apardığı dil siyasətinin real nəticəsidir. Dil quruculuğu da dil siyasəti ilə bağlı olan anlayışdır, yəni dil quruculuğu dilə  şüurlu və məqsədyönlü təsirdir, dil quruculuğu dil siyasətinin tərkib hissəsidir. Hazırkı dövrdə cəmiyyətin bir çox fəaliyyət sahələrinə nüfuz edən qloballaşmanın dilə birbaşa təsir dairəsi onun leksik səviyyəsi ilə bağlıdır. Məhz beynəlxalq aləmə, Avropaya birbaşa çıxış dilin terminologiyasına təsir göstərir.

Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibində köklü dəyişikliklər baş verir. Bu, hər şeydən əvvəl Azərbaycan dilinin başqa dünya dilləri ilə birbaşa əlaqələri ilə bağlıdır. Əgər əvvəllər Azərbaycan dilinə sözlər, əsasən, rus dilindən və rus dili vasitəsilə  keçirdisə, indi alınmalar vasitəçi dil olmadan dilimizə keçir. Hazırda mətbuat səhifələrində bol-bol işlənən alınmaların dildə yaşayacağına, işləklik qazanacağına zəmanət vermək olmaz. Lakin dildə zərurətdən işlənən sözlərin dilin lüğət tərkibinə keçərək dili zənginləşdirməsi vacibdir. Bu məsələyə münasibətdə ehtiyatlı olmaq, dildə lüzumsuz yerə alınmaların işlənilməsinə yol vermək olmaz. Bu proses, yəni Azərbaycan dilinin başqa dillərlə birbaşa əlaqəsi lüğətlərin tərtibinə də təsir edir. Belə ki, əvvəllər əsasən rusca-azərbaycanca, azərbaycanca-rusca lüğətlərin tərtibi prioritet sahə hesab olunurdusa, indi ingilis, türk, almans. dillərdən Azərbaycan dilinə lüğətlərin təcüməsi vacib hesab edilir. Hazırda dilimizin inkişafı ilə əlaqədar bir çox uğurlar əldə edilmişdir. Bütün xalq bu dildə danışır, elmi kitablar, bədii əsərlər, mətbuat bu dildə nəşr olunur, konfranslar, müşavirələr bu dildə aparılır, ali məktəb auditoriyalarında bu dildə mühazirələr oxunur. Bununla yanaşı, dövrün özünün problemləri var. Ədəbi dilin dövlət idarələrində tətbiqi məsələsi, mətbuat dili, radioteleviziya dili, reklamların dili, virtual məkanda dilin qorunması düşündürücü detallardır. Buna görə də dil məsələsi həmişə qayğı tələb edən ən aktual problemdir.

Bu, nəzərə alınaraq sərəncamda Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi ücün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Terminologiya Komissiyasının yaradılması qərara alınmışdır. Terminologiya Komissiyasının yaranma tarixi qədimdir. Belə ki,  1922-ci ilin dekabrında  N.Nərimanovun və S.Ağamalıoğlunun təşəbbüsü ilə respublikada terminoloji  işə rəhbərlik etmək və bu işi qaydaya salmaq üçün xüsusi orqan - Azərbaycan Xalq Komissarları Şurası yanında  İstilah Komissiyası təşkil olundu. 1923-ci ildə Terminologiya Komissiyası Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanına köçürüldü və Səmədağa Ağamalıoğlunun sədrliyi ilə fəaliyyətini davam etdirməyə başladı. İstilah Komissiyası  həmin dövrdə lazımi ehtiyacları ödəmək məqsədilə müxtəlif sahələrə - riyaziyyat, coğrafiya, kimyaiqtisadiyyata aid bir sıra terminlər lüğətini hazırlayıb nəşr etdirmişdi.

1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı yanında Baş Elmi Müəssisələr İdarəsi yaradılmış və terminologiya ilə bağlı məsələlər həmin idarəyə tapşırılmışdı. 1929-cu ildə Baş Elmi Müəssisələr İdarəsi yanında Dövlət Terminologiya Komitəsi təşkil olundu. Bu, Azərbaycan dilinin, eləcə də terminologiyanın inkişafı tarixində yeni bir mərhələ idi.

1952-ci ildən Azərb.SSR EA-nın Rəyasət Heyəti yanında Terminologiya Komitəsi yaradıldı. 1952-ci ildən etibarən Terminologiya Komitəsinin tapşırığı ilə respublikamızın bütün elmi-tədqiqat institutları və ali məktəbləri öz sahələrinə aid lüğətlər tərtib etməyə başladı.

 

(Ardı var)

Sayalı Sadıqova

 

Elm.- 2012.- 24 avqust.- S.9.