Ana dilinə dövlət qayğısı

 

2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası  Rəyasət  Heyətinin qərarı  ilə  AMEA Rəyasət  Heyətinin yanında Terminologiya Komissiyası fəaliyyət göstərir.

Azərbaycan dilinin dövlət dili statusu alması, yeni təhsil sisteminin yaradılması prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır. İndiyədək  Terminologiya  Komissiyasında aşağıdakı istiqamətdə  işlər aparılır: elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin ayrı-ayrı sahələri üzrə terminoloji lüğətlərin hazırlanması və nəşri; terminlərin dövri mətbuatda, televiziyaradioda, ortaali məktəblərin dərsliklərində, idarə və müəssisələrin kargüzarlıq işlərində düzgün tətbiqinə nəzarət; terminologiyanın dilçilik problemlərinin işlənilməsi.

Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və terminologiyanın inkişafını həmişə düzgün istiqamətləndirmək zəruridir.

Azərbaycan dilində müxtəlif elm sahələrinə aid terminoloji baza dilin öz daxili imkanlarından əlavə rusAvropa dillərindən alınmış beynəlxalq terminlər əsasında formalaşmışdır. Bu müəyyən mənada müstəqil türk dilli dövlətlərin ortaq elmi terminologiyaya malikliyini şərtləndirir. Belə ki, türk dilləri üçün ortaq terminoloji bazanın yaradılması bu gün üçün aktual olan bir məsələdir. Dilimizdə müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayı gündən-günə artır. Ortaq terminoloji bazanın yaradılmasını da bu cəhət zəruriləşdirir. Belə ki, təyin edilmiş dillərin hər birinin müxtəlif sahələrə aid terminləri seçilməlidir. Anlayışı dəqiq ifadə edən termin ortaq türk dilləri üçün qəbul olunmalıdır. Belə bir məsələnin həlli terminologiyanın standartlaşdırılması üçün şərait yaradır. Bu prosesi həyata keçirmək standartlaşma üçün tələb olunan normaları müəyyənləşdirmək vacibdir. Yaranan terminlər dilin qrammatik qayda-qanunlarına uyğun olmaqla bərabər anlayışı da məntiqi cəhətdən düzgün təyin etməlidir. Bu məsələnin həlli həm vahid beynəlxalq terminologiyanın yaradılmasına şərait yaradır, həm də elmlərin inkişafına təkan verir. Elmlərin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətdə inkişafı, elmi təcrübələrin, informasiyaların asanlıqla yayılması, başa düşülməsi üçün vahid terminoloji bazaya üstünlük verilməlidir. Terminoloji fondun yaradılması üçün müxtəlif sahələrə aid terminoloji lüğətlərin tərtibi vacibdir.  Terminologiyanın təkmilləşdirilməsi yollarından ən səmərəli yol müxtəlif sahələr üzrə çoxdilli, izahlı terminoloji lüğətlərin tərtib olunmasıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yanında Terminologiya Komissiyasında son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə bu illər ərzində elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı baş verən dəyişikliklər nəzərə alınaraq  mühüm istiqamətlər müəyyənləşdirilmişdir. Bu müddət ərzində elmin demək olar ki, bütün sahələrinə aid 70-ə yaxın terminoloji lüğət  nəşr olunmuşdur. Onların arasında həcmcə çox böyük izahlı, ikiüçdilli lüğətlər diqqəti cəlb edir. Müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin elektron variantlarının virtual məkanda yerləşdirilməsi, Azərbaycan dilinin terminoloji arealının müasir metodlarla zənginləşməsini zəruri edir. Bu nəzərə alınaraq AMEA Rəyasət Heyətinin qərarı ilə Terminologiya Komissiyasının veb portalı yaradılmışdır. Azərbaycan terminologiyası veb portalının yaradılmasında əsas məqsəd dilimizdə olan mövcud terminoloji lüğətləri ilk dəfə olaraq vahid mərkəzə toplamaq, elmin, texnikanın müxtəlif sahələrində çalışanlara  terminlərin izahını və müxtəlif dillərdə qarşılığını asanlıqla əldə etməyə yardımçı olmaq, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələrini o, cümlədən xaricdə yaşayan soydaşlarımızı cəlb etməkdir.

Terminologiya Komissiyasının fəaliyyətinin mühüm bir sahəsini terminlərin kütləvi informasiya vasitələrində, nəşriyyatlarda, idarə və müəssisələrdə, məktəblərdə düzgün tətbiqinə nəzarət təşkil etmişdir.

Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın  inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və terminologiyanın inkişafını həmişə düzgün istiqamətləndirmək zəruridir.

Azərbaycan Respublikasının  prezidenti cənab İ.Əliyevin ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış Sərəncamı  da məhz bu  nəcib işə xidmət edir. 90 illik ənənəyə malik  olan, dilimizin saflığı, təmizliyi ,elmi dilimizin inkişafı  istiqamətində  fəaliyyət göstərən Terminologiya Komissiyasına yeni status verilmiş, onun funksiyaları daha da genişləndirilmiş, respublika daxilində termin yaradıcıılığı prosesinin müəyyənləşdirilməsi vacib bir problem kimi önə cəkilmişdir.

Son zamanlar ölkəmizin iqtisadi-siyasi həyatında, ictimai fikrində baş verən proseslər, yeniliklər  dilin lüğət tərkibində dəyişmələrə səbəb olmuşdur.   Belə ki,əvvəllər ölkəmizdə  terminoloji mühiti dövlət və ictimaiyyət tərəfindən  nəzarətdə saxlmaq mümkün idi. Çünki həmin vaxtlar  xarici dillərdən tərcümə olunan materialların həcmi böyük deyildi, tərcümə prosesinə  ciddi nəzarət olunurdu və ölkə daxilində çap materialları, xüsusi ilə dərslik və dərs vəsaitləri, müxtəlif səviyyəli ekspertiza mərhələlərindən keçirdi. Digər tərəfdən, TV- lərdə,radiolarda və digər kütləvi informasiya vasitələrində  verilən materiallar digər tələblərlə yanaşı, terminoloji tələblərə  cavab verməli idi. Ancaq son zamanlar dünyaya sürətlə açılan ölkəmizdə xarici KİV- lərin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına  nüfuz etməsi,insanların müxtəlif  bilik sahələrinə aid məlumatları xarici dillərdən birbaşa qəbul etməsinin sürətlənməsi nəticəsində ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşmişdir. Belə şəraitdə dilin terminoloji bazasının yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, bütün dünyaya yayılmış azərbaycanlıların müraciət etmək imkanı olan  on-layn  resurs bazasının yaradılması və  bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə edilməsi,o cümlədən, interaktiv forumlar vasitəsi ilə bu prosesə geniş ictimaiyyətin cəlb edilməsi mühüm vəzifələrdən hesab edilir.Müasir şəraitdə Terminologiya Komissiyasının fəaliyyəti məhz belə tələblər nəzərə alınmaqla qurulmalıdır. Dilimizin  lüğət tərkibində özünü göstərən dəyişmələr cəmiyyətin müxtəlif inkişaf dövrlərində özünəməxsus xüsusiyyətləri ilə fərqlənmişdir. Başlıca problemlərdən biri ictimai-siyasi həyatı, situasiyaları  bir sözlə ölkə daxilində baş verən prosesləri özündə əks etdirən söz və terminlərin yaradılmasıdır. Belə terminoloji vahidlərin yaranması zamanın tələbidir.

Dünya sivilizasiyasının, ictimai həyatın əksi olan terminoloji lüğətlərin tərkibi müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Ona görə də  belə alınma və beynəlmiləl termin axını dilə daxil olan alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarır.

Beynəlxalq əlaqələrin inkişafı, dünya elminə inteqrasiya terminologiyanın zənginləşməsinə səbəb olur. Müxtəlif elm sahələri üzrə kəşflər, ixtiralar və yeniliklər termin və anlayışlarda ifadə olunur. Tarixi-mədəni əlaqələr və dövlətlərarası münasibətlərlə, elmi-texniki tərəqqi və elmi bilik sahələrinin inkişafı ilə bağlı  Azərbaycan dili leksikasında terminlərin xüsusi çəkisinin artması dillərarası əlaqələrin də genişlənməsinin təzahürüdür.

Bu baxımdan sərəncam ictimai-mənəvi həyatımızın bütün sahələrində Azərbaycan dilinin tam tətbiqinə rəvac verir və əslində müstəqilliyimizin mühüm rəmzi kimi milli mənliyimizi bəyan etdiyi qədər də siyasi iradəmizi təsdiq edir. Bu sərəncamın bütün istiqamətlərdə gerçəkləşdirilməsi vətəndaşlıq borcumuzu tamamlayan elə bir sınaqdır ki,  bizi dilimizi daim öyrənməyə,  qorumağa, əməli fəaliyyətimizdə tətbiq etməyə çağırır. Heç şübhəsiz, Azərbaycan  mədəniyyəti, elmi inkişaf etdikcə, Azərbaycan dövləti möhkəmləndikcə  Azərbaycan dili daha da zənginləşir, daha müasir, daha qlobal, analitik düşüncənin dilinə çevrilir. Azərbaycan dilinin tətbiqi işinin təkmilləşməsi, dövlət dili haqqında qanunun qəbul edilməsi elmin, texnikanın, mədəniyyətin gələcəkdə inkişafına  öz müsbət təsirini göstərəcəkdir. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında sərəncamın tətbiq edilməsi dilimizin inkişafı və tərəqqisi yolunda mühüm mərhələ kimi qiymətləndirilməlidir. Çünki dünya azərbaycanlılarının ümumi ünsiyyət vasitəsi, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin lokal tariximüasir nüfuzunun qorunub saxlanması milli-ictimai ehtiyac, mənəvi-mədəni borcumuzdur.

 

Sayalı SADIQOVA,

AMEA Rəyasət  Heyəti yanında Terminologiya

Komissiyasının sədr müavini, professor

 

Elm.- 2012.- 30 avqust.- S.9.