Akademik Cəlal Əliyevin
"Physiologia Plantarum" jurnalında
dərc edilmiş məqaləsi
aktual problemə həsr olunmuşdur
Bu
yaxınlarda Avropa Bitki Bioloqları Cəmiyyətinin rəsmi
dövri nəşri olan, yüksək impakt faktorlu
"Physiologia Plantarum"
jurnalında akademik Cəlal
Əliyevin "Buğda və soya genotiplərinin fotosintezi,
fototənəffüsü və məhsuldarlığı"
adlı məqaləsi çapdan
çıxmışdır. Jurnal yüksək poliqrafik
standartlara uyğun, nəfis şəkildə çap olunmuşdur. Məqalə
xüsusi aktuallığı ilə
seçilmış və bitkilərdə fototənəffüs,
karbon metabolizmi və məhsuldarlıq arasında çox
maraqlı və ziddiyyətli bir problemə həsr
olunmuşdur.
Akademik
Cəlal Əliyevin dünya elminə verdiyi töhfələr
fotosintez prosesinin kompleks şəkildə tədqiqini əhatə
edir. Bu tədqiqatların əhatə dairəsi bitkilərin məhsuldarlığının
fizioloji, biokimyəvi, biofiziki və molekulyar-genetik əsaslarını,
eyni zamanda bitkilərin həyatının struktur-funksional təşkilinin
molekulyar səviyyədən başlayaraq bütöv bitki və
əkinə qədər bütün mərhələ və
formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini
özündə cəmləşdirir.
Eyni
zamanda, tədqiqatlar zamanı bitkilərin həyatında
fotosintez qədər əhəmiyyətli olan fototənəffüs
prosesi haqda qiymətli nəticələr əldə
edilmişdir. Məlum olduğu kimi, bitkilərdə baş verən
fotosintez prosesi onun əksinə yönələn, həm oksigen, həm də karbon
qazı mübadiləsinə aid olan fotooksidləşmə
prosesi ilə müşayiət
olunur. Başqa sözlə, fotosintezlə (karbon qazının
udulması və oksigenin ayrılması) eyni zamanda yarpaqda
işıqla stimulə olunan karbon qazının
ayrılması və oksigenin udulması, yəni fototənəffüs
prosesi baş verir. Fototənəffüs prosesi mitoxondrilərdə
gedən "qaranlıq" tənəffüsündən
sürətinə, oksigenin intensivliyi, havada karbon
qazının qatılığı və temperaturdan
asılılığına görə fərqlənir.
Baxmayaraq ki, fototənəffüs prosesi 55 il bundan əvvəl kəşf edilmişdir, ancaq onun fotosintez və bütövlükdə bitkilərin məhsuldarlığında rolu haqqında bugünədək dəqiq məlumat yoxdur. Fototənəffüslə məşğul olan bir çox tədqiqatçılar onun əhəmiyyətini düzgün qiymətləndirməyərək, fototənəffüsü israfçılıq hesab etmişlər. Fototənəffüsün israfçılıq olmasını göstərmək üçün müxtəlif tədqiqat qrupları mutasiya və ya ingibirləşmə yolu ilə fototənəffüsü azaltmaqla bitkilərin məhsuldarlığını artırmağa çalışmışlar. Uzun illər ərzində bu prosesin tədqiqinə bir çox alimlər cəlb edilmişdir. Artıq bu ziddiyyətli problemin həllinin zamanı gəlib çatmışdır.
Akademik Cəlal Əliyevin məqaləsində verilən nəzəri və təcrübi məlumatlar fototənəffüs hadisəsinin başa düşülməsində mühüm rol oynamışdır. Bu ideya tarla şəraitində becərilən müxtəlif genotiplərdən istifadə etməklə çoxillik, məqsədyönlü və hərtərəfli təcrübələrdən alınan nəticələrə əsaslanmışdır. İlk öncə bir neçə min buğda genotipini əhatə edən, xəstəliklərə, ətraf mühitin əlverişsiz amillərinə (quraqlıq, torpağın şoranlığı və s.) davamlı və eləcə də yüksək məhsuldar sortlardan ibarət unikal genofond yaradılmışdır. Müəyyən edilmişdir ki, yüksək məhsuldar genotiplər (7-9 t/ha) fotosintez prosesinin yüksək intensivliyi ilə yanaşı, fototənəffüsün də yüksək kəmiyyətləri ilə xarakterizə olunur. Orta (4-5 t/ha) və aşağı məhsuldar genotiplər (3t/ha) üçün CO2-nin assimilyasiyasının və fototənəffüsün aşağı intensivliyi xarakterikdir. Müxtəlif məhsuldar genotiplərdə həqiqi fotosintezin fototənəffüsə nisbəti orta hesabla 3:1 nisbətinə bərabərdir. Kontrast buğda genotiplərində fototənəffüsün qiyməti fotosintezin intensivliyinin 28-35 %-ni təşkil edir. Qlisin+serin fondunun cəmi və biosintezin sürətinin dəyişmə xarakteri, 1,5-RBFK/O fermentinin karboksilaza və oksigenaza aktivliyinin nisbəti, CO2-nin assimilyasiyasının intensivliyi yarpağın ontogenezində fotosintezin və fototənəffüsün intensivliyinin paralel dəyişməsini fərz edir.
Beləliklə, fototənəffüsün israfçılıq olması haqda uzun illər mövcud olan təsəvvürlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən kontrast genotiplərlə qaz mübadiləsinin, karbon metabolizminin və RBFK/O fermentinin aktivliyi əsasında müxtəlif üsullarla aparılan 40 illik təcrübələr nəticəsində akademik Cəlal Əliyev tərəfindən sübut edilmişdir ki, fototənəffüs təkamülun gedişində formalaşmış həyat əhəmiyyətli metabolik prosesdir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla onu azaltmaq cəhdləri əsassızdır. Fotosintezin və fototənəffüsün açar fermentləri olan fosfoenolpiruvatkarboksilaza və fosfoqlikolatfosfatazanın tam nukleotid və amin turşu ardıcıllıqları müəyyən edilmişdir
Çox önəmlidir ki, bu qlobal nəticə 2011-ci ildə Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (ISPR) 24-30 iyul 2011-ci il tarixində Bakıda keçirdiyi Fotosintez konfransında plenar məruzə kimi təqdim olunmuş və konfrans iştirakçıları tərəfindən çox yüksək səviyyədə qarşılanmışdır.
Dünyada ilk dəfə olaraq azərbaycanlı alimin məqaləsini əks etdirən görüntünün jurnalın üz qabığında verilməsi və məqalənin 1-ci iş kimi çap olunması onun nə qədər yüksək dəyərə malik olduğunu göstərir.
Gözəl təsvirlərlə təchiz olunmuş və 60 illik gərgin əməyin nəticəsi olan bu iş qısa bir zamanda dünya alimlərinin diqqətini cəlb etmiş, bu məqaləni əldə etmək üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı müraciətlər olmuş və artıq bu işə istinadlar edilmişdir.
ELM.- 2012.- 24 avqust.- S.2.