HÜSEYN
CAVİD ƏSƏRLƏRİ NAXÇIVAN
SƏHNƏSİNDƏ
Hüseyn Cavid-130
Azərbaycan
ədəbiyyatı tarixində orijinal ədəbi sima,
görkəmli şair-dramaturq, XX əsr romantizm ədəbi cərəyanının istedadlı
yaradıcılarından biri olan Hüseyn Cavidin Azərbaycan ədəbiyyatı
tarixində müstəsna xidmətləri olmuşdur. Görkəmli
ədibin yaradıcılığının
özülünü təşkil
edən dərin mündəricə, fəlsəfi ideya, güclü dramatizm milli
teatrımızın təşəkkül
tapmasında, inkişaf etməsində
əvəzedilməz rol oynamışdır.
Hüseyn Cavidin misilsiz, çoxşaxəli yaradıcılığına verilən yüksək qiymətin ifadəsi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 fevral 2012-ci il tarixdə görkəmli dramaturqun 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir: "Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Sənətkarın dünya romantizm zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur. Ölkəmizdə teatr mədəniyyətinin yüksək nailiyyətlər qazanmasında Cavid dramaturgiyası mühüm rol oynamışdır".
Dahi sənətkar Hüseyn Cavid milli dramaturgiyamızın xəzinəsinə "Şeyx Sənan", "İblis", "Xəyyam", "Səyavuş", "Knyaz", "Ana"... kimi həmişəyaşar incilər bəxş etmişdir. Bu sənət inciləri uzun illərdir ki, teatrlarımızın repertuarlarında monolitləşmişdir. Hüseyn Cavidsiz Milli Azərbaycan Teatrını təsəvvür etmək mümkün deyildir. Bu bir həqiqətdir ki, respublika teatrlarında rejissor və aktyorların formalaşmasında, yetkinləşməsində Cavid dramaturgiyası misilsiz rol oynamış və oynamaqdadır. A.M.Şərifzadə, M.Davudova, R. Təhmasib, K.Ziya, R.Əfqanlı, H.Qurbanova, M.Məmmədov, H.Turabov, A.Qurbanov, İ.Musayev, İ.Həmzəyev, H.Xanızadə, S.Mövləvi, Z.Həmzəyeva, Z.Əliyeva, V.Əsədov... sənətin uca zirvələrini məhz Cavidin pyesləri ilə fəth etmişlər.
Cavid hələ cavan ikən teatra, sənətə xüsusi məhəbbət bəsləmişdir. O, həmişə ziyalılarla, teatrla yaxın təmasda olmuşdur. Bu haqda "İqbal" qəzetinin 1913-cü il 28 iyul tarixli nömrəsində Əlirza Rəsizadə yazır: "İyul ayının 19-da Xan Naxçıvanskinin (Böyükxan Naxçıvanski) nəzarəti altında Rəşid bəy Əfəndiyevin "Qonşu qonşu olsa, kor qız ərə gedər" komediyası oynandı. Teatrda tamaşaçı əlindən tərpənmək olmurdu. Rollarda Xoca Kəspər- Ələkbər Namazov, Qaçay bəy- Rzaqulu Təhmasibbəyov (Rza Təhmasib-Ə.Q.), Mələk xala- Qurbanəli Abbasov, Cici xanım- Süleyman Süleymanov... Rəşid bəyin bu əsəri nəhayət dərəcədə ruhlu idi. Bu xüsusda kimsənin sözü yox, belə ki, Hüseyn Cavid əfəndi və müəllim əfəndilərdən Cəmil Mirzəyev (Cəlil Mirzəyev-Ə.Q.) cənabları çox bəyəndilər" (8).
Hüseyn Cavidin əsərləri 1920-ci ildən başlayaraq Azərbaycan teatrlarında tamaşaya qoyulmuşdur. Qeyd etmək lazımdır ki, Cavidin əsərləri dramaturqun vətəni Naxçıvanda-Naxçıvan teatrının səhnəsində 1923-cü ildən etibarən tamaşaya qoyulmağa başlanmış, 1923-cü ildə Həsən Səfərlinin benofisı günündə "İblis" əsərindən bir hissə tamaşaya qoyulmuşdur. Həmin il Azərbaycanın böyük səhnə ustası və rejissoru Abbas Mirzə Şərifzadə, Mərziyə Davudova, İsmət xanım və Panfila Tanailidi Naxçıvana qastrola gəlir (9). Bu gəliş Naxçıvan ziyalılarında, aktyorlarda, tamaşaçılarda çox böyük ruh yüksəkliyinə səbəb olur. Naxçıvan aktyorları və eləcə də zəhmətkeşlər onların gəlişini səmimiyyətlə qarşılayır, onların iştirakı ilə Naxçıvanda ilk dəfə olaraq Cavidin "Şeyx Sənan" əsəri yerli aktyorların iştirakı ilə oynanılır (14, v. 47). "Şeyx Sənan" əsərinin tamaşası o qədər səmimiyyətlə qarşılanmışdır ki, tamaşa qurtardıqdan sonra da camaat teatrdan getmək istəmirdi. Abbas Mirzə və Mərziyə xanımın böyük məharətlə ifa etdikləri Şeyx Sənan və Xumar rolları tamaşaçıları heyran etmiş və oyunları alqışlarla qarşılanmışdır. Mahir səhnə ustalarının qastrolları Naxçıvan teatrının artistləri üçün həqiqi bir yaradıcılıq məktəbi olmuşdur. Axırıncı tamaşada Naxçıvan Vilayət İcraiyyə Komitəsi tərəfindən Abbas Mirzəyə, Mərziyə xanıma, İsmət xanıma və Tanailidiyə hədiyyələr bağışlanmışdı ( 14, v. 47).
Qulam Məmmədli "Cavid ömrüm boyu" kitabında həmin tamaşa haqqında yazır: "...bilet kassasının qabağında böyük qələbəlik müşahidə olunurdu və teatr maraqlısı o qədər idi ki, iki saat zərfində (ərəfəsində) bilet qurtardı və çox adam biletsiz qaldı..." (4, s. 118).
1924-cü ildə Cavidin "Şeyda" dramı Kazım Ziyanın quruluşunda Naxçıvan teatrında tamaşaya qoyulur. Cavidin romantik duyumunu Kazım Ziya tamaşada məharətlə açmışdır. Bu tamaşada Həsən Səfərov - Şeyda, Əli Xəlilov- Məcid əfəndi, Cabbar Əliyev- ikinci mürəttib, tanınmış teatr xadimi və tamaşanın rejissoru Kazım Ziya - Qara Musa rollarında çıxış etmişdilər. Qeyd etmək lazımdır ki, Kazım Ziya 1924-cü ildə Naxçıvan teatrında işləmişdir. Azərbaycanın Xalq artisti Səməd Mövləvi xatirələrində yazır: "...doğrudur, Kazım Ziya Naxçıvan teatrında cəmi bir mövsüm işlədi. Lakin teatrın gələcək inkişafı üçün yeni cığır açdı. Aktyor yaradıcılığının inkişafına da böyük təsir göstərdi (5, s. 243 ).
Sovetləşmənin ilk illərində Azərbaycanın görkəmli artistləri ilə yanaşı Gürcüstan Türk (Azərbaycan) Teatrının artistləri də Naxçıvana qastrollar təşkil edirdilər. Bu münasibətlə "Şərq qapısı" qəzeti 1926-cı ildə yazırdı: "1926-cı ilin mart ayının 13-də Gürcüstan Türk (Azərbaycan) Teatrosunun rejissoru və məşhur aktyorlardan biri İbrahim İsfəhanlı Naxçıvana gəlir. O, yerli aktyorların iştirakı ilə mart ayının 19-da görkəmli şair H.Cavidin əsərlərindən ən qüvvətlisi olan "İblis"i tamaşaya qoyur. "İblis" əsəri xalqımızın mənəvi sərvətidir. Şərqin mütərəqqi cocuğu hesab edilən Arif surəti onun əvvəlki və sonuncu davranışı xalqımızı mənfi cəhətlərə qapılmamağa qarşı mübarizəyə çağırır. Zaqafqaziya Türk (Azərbaycan) səhnələrinin qəhrəmanlarından olan İsfəhanlı İblis rolunda çox gözəl və məharətli görünürdü. Azərbaycan səhnələrinin əksəriyyəti İsfəhanlı kimi müqtədir aktyorlara sahib ikən əfsus ki, əhəmiyyətcə böyük olan Naxçıvan səhnəsi bu cəhətdən yoxsuldur. Səhnəmizdə yerli aktyorlardan olan və istedadını genişləndirən müqtədir bir müəllim (rejissor) yoxdur. Məhz buna görə də o, gələcək tərəqqini təmin etməlidir. İsfəhanlı Naxçıvanda 9 gün qalmaqla iki dəfə "İblis"i və "Aydın"ı tamaşaya qoydu. İsfəhanlı yoldaşdan razı olan həvəskarlar və Maarif Komissarlığı ona hədiyyələr verdilər. Mərkəzdə çalışan böyük aktyorların İsfəhanlı kimi bizi yad etmələrini arzu edirik" (12).
Abbas Mirzə Şərifzadə 1926-cı ildə yenidən Naxçıvana qastrola gəlir. O, burada H.Cavidin "İblis" pyesini tamaşaya qoyur. Bu tamaşa haqqında Seyid Səbri "Yeni fikir" qəzetində yazır: "May ayının 27-də Naxçıvan Dram Teatrında Bakı dram dəstəsi tərəfindən məşhur şairimiz Hüseyn Cavidin "İblis" pyesi tamaşaya qoyuldu. Səhnəmizin qocaman qəhrəmanı Abbas Mirzə İblis rolunu ifa edirdi. Abbas Mirzə öz rolunu bütün varlığı ilə canlandırıb, tamaşaçıların ruhunu özünə cəlb etmişdi"(13). Həmin tamaşa haqqında Naxçıvanlı adlı bir müxbir yazırdı: "...Xülasə həmin truppanın zəhmət kollektivlərinin başında duran yoldaş Tuqanov, Abbas Mirzə və qeyri-fəal yoldaşlara səmimi təşəkkürümüzü yetirməklə bərabər, Naxçıvan səhnəsini yaddan çıxarmamalarını tövsiyə edirəm" (1, s. 218). Abbas Mirzə 1930-cu ildə Naxçıvanda olduğu müddətdə isə H.Cavidin "Şeyx Sənan", C.Cabbarlnın "Aydın", "Sevil" pyeslərini tamaşaya qoymuş və hər çıxışı böyük alıqşlarla qarşılanmışdır.
1929-1931-ci illərdə "Şeyx Sənan" Səməd Mövləvinin rejissorluğu ilə Naxçıvan səhnəsində uğurla tamaşaya qoyulur. Əsərin tamaşaya qoyulması haqqında "Şərq qapısı" qəzeti yazırdı: "Şeyx Sənan" tamaşasının quruluşçu rejissoru Səməd Mövləvi eyni zamanda Şeyx Sənan rolunu məharətlə yaratmışdır. Xədicə Qazıyevanın-Xumar, Mirhəsən Mirişlinin-Platon, Rza İsfəndiyarlının-Şeyx Kəbir, Əli Xəlilovun-Serqo və İsa Musayevin-Dərviş rolundakı uğurlu çıxışları diqqətlə izlənmişdir" (11).
Cavid irsinin alovlu təbliğatçılarından olan Səməd Mövləvi Naxçıvan teatrında tamaşaya qoyulan bir çox əsərlərin həm rejissoru, həm də baş rolların mahir ifaçılarından olmuşdur. Unudulmaz sənətkar yazırdı: "...1936-cı ildə Hüseyn Cavidin "Şeyx Sənan" əsəri yenidən repertuara daxil edildi. Tamaşanın quruluşunu vermək mənə tapşırılmışdı. Çoxdan bəri repertuardan kənarda qalan bu əsər yeni quruluşda göstərildi və tamaşaçılar tərəfindən səmimiyyətlə qarşılandı" (5, s. 250-251).
Cavidin "Şeyx Sənan" əsəri Naxçıvan teatrının həyatında xüsusi mərhələ təşkil edir. Məlum səbəblərdən uzunmüddətli fasilədən sonra 1957-ci ilin mart ayının 11-də Azərbaycan Dövlət Dram Teatrının rejissoru Ələsgər Şərifovun quruluşunda görkəmli dramaturqun "Şeyx Sənan" əsəri yenidən tamaşaya qoyuldu. Bu əsərin tamaşası Naxçıvan Muxtar Respublikanın mədəni həyatında əlamətdar hadisəyə çevrildi. Tamaşaçılar uzun illərin fasiləsindən sonra yenidən Cavid əsərləri ilə görüşə gəldilər. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Ələsgər Şərifov, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Məmməd Qasımov, bəstəkarı isə SSRİ Xalq artisti Fikrət Əmirov idi. Tamaşada qüvvətli aktyor ansamblı diqqəti cəlb edirdi. Rollarda Şeyx Sənanı İ.Musayev və İ.Həmzəyev, Xumarı Z.Həmzəyeva, Şeyx Kəbiri S.Mövləvi, Zəhranı R.Cəfərxanova, keşişi Ə.Abbasov, Platonu M.H.Mirişli, Şeyx Sədranı Ə.Qardaşbəyov, Şeyx Hadini Y.Haqverdiyev, Ninanı X.Qazıyeva və T.Məmmədova, Serqonu Ə.Haqverdiyev, Dəli Dərvişi M.Quliyev, Şeyx Mərvanı K.Hüseynov, Şeyx Abuzəri M.Ələkbərov, Əzranı P.Məmmədova, Simonu Ə.Əliyev, Antonu Ə.Məmmədov oynamışlar (3, s. 49-50). 1958-ci ildə isə Azərbaycan Sovet Yazıçılar İttifaqının Naxçıvanda plenumu keçilir. Bu zaman plenum iştirakçıları Naxçıvan teatrının kollektivinin ifasında "Şeyx Sənan" faciəsinin tamaşasına baxmışlar.
1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin 18 iyul tarixli, 25/7 ¹-li qərarı ilə Hüseyn Cavidin anadan olmasının 80 illik yubileyi qeyd edilir (15, v. 8). Yubiley günündə İbrahim Həmzəyevin rejissorluğu ilə böyük ustadın "Şeyx Sənan" əsəri tamaşaya qoyulur. 1962-1965-ci illərdə Naxçıvan teatrının repertuarında bir sıra tamaşalarla yanaşı "Səyavuş" əsəri də özünə layiqli yer tutur.
1962-ci ilin iyun ayında Azərbaycan Dövlət Akademik Dram Teatrının yaradıcı kollektivindən bir qrup xalq artistləri- A.S.Gəraybəyli, H.Qurbanova, A.Qurbanov, A.H.Cavadov, İ.Osmanlı, L.Bədirbəyli, S.Bəsirzadə, H.Turabov, Ə.Ağayev, H.M.Qafqazlı, M.Novruzova, Q.Həqqi, H.Salayev və başqaları Naxçıvana gəlirlər. Onlar muxtar respublikada olduqları 20 gün müddətində M.İbrahimovun "Kəndçi qızı", Ş.Qurbanovun "Əcəb işə düşdük" pyesləri ilə yanaşı H.Cavidin "Səyavuş" əsərini də tamaşaya qoyurlar. 1968-1970-ci illərdə dramaturqun "Xəyyam", "Knyaz" əsərləri də teatrın repertuarına daxil edilir və tamaşaya qoyulur. Bu əsərlərin tamaşaya qoyulması Cavid irsinə göstərilən diqqətin ifadəsi idi.
Görkəmli dramaturqun "Şeyda" əsəri Naxçıvan teatrının səhnəsində 1981-ci ilin may ayının 20-də müvəffəqiyyətlə tamaşaya qoyulur (16, v. 17). Quruluşçu rejissor B.Qələndərli və tamaşanın rəssamı M.Qasımov "Şeyda" faciəsinin bədii dəyərini, emosional təsir qüvvəsini diqqət mərkəzində saxlayaraq, tamaşada zaman və məkan məsələsini, pyesdə qarşıya qoyulan məqsədi müasir üslubda tamaşaçılara təqdim edirlər. Respublikanın Xalq artisti Zemfira Əliyevanın yaratdığı Roza surəti tamaşada inandırıcı boyalarla tamaşaçılara təqdim edilir. Rövşən Hüseynovun Şeydası hər şeydən əvvəl üsyankar və xəyalpərvər bir gənc kimi canlanır...Tamaşada rəssam, bəstəkar, rejissor işi üzvi bir vəhdət təşkil edirdi (2, s. 360).
Məlum həqiqətdir ki, Cavid yaradıcılığına diqqət ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişindən (1969) sonra geniş vüsət almış, görkəmli dramaturqun anadan olmasının 100 illik yubileyinin təntənə ilə keçirilməsi barədə 1982-ci ilin iyul ayının 21-də qərar vermişdir. Dahi öndərin göstərişi ilə 1982-ci ilin noyabr ayının 2-də şairin nəşi uzaq Sibirdən Naxçıvana gətirilmiş və noyabrın 3-də dəfn olunmuşdur. Qərara uyğun olaraq Azərbaycanın bütün bölgələrində yubiley tədbirləri keçirilmişdir.
Naxçıvan teatrı öz sözü, öz dəst-xətti ilə Cavidin 100 illiyinə respublikanın əməkdar artisti mərhum Vəli Babayevin quruluşunda hazırlanan və 1982-ci ilin aprel ayının 24-də uğurla tamaşaya qoyulan "Şeyx Sənan" tamaşası ilə gəlmişdi. Tamaşanın rəssamı Mircəlil Seyidov, bəstəkarı SSRİ Xalq artisti Fikrət Əmirov idi. Bu tamaşada respublikanın Xalq artisti Əkbər Qardaşbəyov Şeyx Sənanın mənəvi ucalığını sənətkaranə ifa edirdi. Zemfira Əliyevanın məharətlə yaratdığı Xumar öz lirik ifası ilə cavidsevərlərin diqqətini çəkirdi (10). Dramaturqun 100 illik yubileyi qeyd edilən zaman Naxçıvan teatrında "Şeyda" və "Şeyx Sənan" tamaşaları teatrsevərlərə təqdim edildi.
Böyük dramaturqun anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan KP MK-nın qərarında Naxçıvan teatrının nəzdində Cavid poeziya teatrının yaradılması da göstərilmişdi. Odur ki, 1982-ci ilin noyabr ayının 6-da Cavid poeziya teatrının təntənəli açılışı oldu. Kəmalə Ağayevanın böyük dramaturqa həsr etdiyi "Mənim tanrım gözəllikdir, sevgidir" tamaşası göstərildi. Quruluşçu rejissor, respublikanın Əməkdar (hazırda Xalq) artisti Vaqif Əsədov, rəssam- muxtar respublikanın Əməkdar incəsənət xadimi Məmməd Qasımov, bəstəkar - respublikanın Əməkdar incəsənət xadimi (hazırda Xalq artisti) Ramiz Mirişli Cavid dünyasının xoş məramını, gözəllik və ülviyyətini müasir üslubda səciyyələndirmişdilər. Quruluşçu rejissor meydan teatr üslubundan istifadə etmiş, Cavid dramaturgiyasının romantik pafosunu və estetik qayəsini sənətsevərlərə layiqincə təqdim etmişdi. Tamaşada maraqlı aktyor ansamblı iştirak edirdi.
Tamaşanın mərkəzində Cavid obrazı dayanırdı. Bütün hadisələri, gərgin mübarizə anlarını diqqətlə izləyən Cavid bu dinamik axarda gah sevinir, gah da qəmlənirdi. Quruluşçu rejissor Vaqif Əsədov eyni zamanda Cavidin obrazını yaradırdı. Tamaşa meydan üslubunda qurulduğuna görə bir aktyor üç-dörd rol oynamalı olurdu. Z.Əliyevanın, A.Şahsuvarovun, Y.Ramazanovanın, H.Ağasoyun, R.Hüseynovun yaratdıqları müxtəlif xarakterli obrazlar özünün emosional və ifadəli oyunları ilə güclü təsir bağışlayırdı. Tamaşaya dahi şəxsiyyət Heydər Əliyev də baxmış və bəyənmişdi.
Cavid poeziya teatrının ikinci tamaşası 29 sentyabr 1983-cü il tarixdə tamaşaya qoyulan dramaturqun "Ana" pyesi oldu. Quruluşçu rejissor Əliqismət Lalayev Cavid dünyasının hiss və həyəcanlarını, acı fəryadlarını, forma axtarışlarını real yozum məcrasında səciyyələndirmiş və yaddaqalan tamaşa ərsəyə gətirmişdir. Teatrşünas Cabir Səfərov tamaşa haqqında yazırdı: "Əsərə ("Ana" nəzərdə tutulur) rejissor Əliqismət Lalayev quruluş vermişdir; o, forma və moda orijinallığı ardınca qaçmamış, əksinə, səhnədə sərt həyat həqiqətini, əsərdəki iki zidd qüvvə-qanlı faciə törədən, İsməti nakam qoyan Murad və onunla üz-üzə dayanan xeyirxahlıq rəmzi Səlma ana arasındakı mübarizəni bədii inandırıcılıqla əks etdirmişdir" (7, s. 27). Respublikanın xalq artistləri Zemfira Əliyeva və Sofiya Hüseynova məharətlə yaratdıqları Səlma ana obrazını hər şeydən əvvəl dözümlü, dəyanətli və vüqarlı tərzdə tamaşaçılara təqdim edirdilər. Səlmanın daxili yaşantılarını, tərəddüdlərini hər iki aktrisa təbii yaradırdılar. Quruluşçu rəssam Mircəlil Seyidov lakonikliyə ciddi fikir vermiş, simvolik cizgilərdən istifadə etmişdi. Bəstəkar Ramiz Mirişli Cavid dünyasının emosional təsir qüvvəsini, onun fəlsəfəsini, daxili məntiqini musiqi dili ilə gözəl açmışdır.
Poeziya teatrının üçüncü tamaşası ulu Cavidin "Azər" poeması əsasında səhnələşdirilmişdir ki, eyni adlı tamaşanın quruluşçu rejissoru V.Əsədov idi. Vaqifin hazırladığı bu tamaşa (1984) özünün poetik vüsəti və güclü dramatizmi ilə diqqəti cəlb etmişdi. Rejissor bu tamaşada da aktyor kimi çıxış etmiş, Azərin keçirdiyi psixoloji sarsıntıları maraqlı ifa tərzində sənətsevərlərə çatdırmışdı. Y.Ramazanovanın, Z.Əliyevanın, H.Ağasoyun canlandırdıqları rollar təbiiliyi ilə seçilmiş və yaddaşlara həkk olunmuşdur.
1986-cı ilin dekabr ayının 27-də Cavid poeziya teatrında istedadlı rejissor Əliqismət Lalayevin quruluşunda dramaturqun "Uçurum" pyesi uğurla tamaşaya qoyuldu. "Uçurum" ilk dəfə idi ki, Naxçıvan teatrında özünün səhnə təcəssümünü tapırdı. Bu romantik tamaşaya rəssam Əli Səfərli bədii tərtibat vermiş, bəstəkar Elza İbrahimova isə tamaşaya uyğun musiqi bəstələmişdi. Z.Əliyeva, Y.Ramazanova, K.Quliyev... məharətli oyunları ilə tamaşanın romantik pafosunu bir daha gücləndirməklə, Cavid irsinə, onun parlaq şəxsiyyətinə dərin ehtiramla yanaşmışlar. Cavid pyesləri qədim sənət ocağının repertuar mənzərəsini daim zənginləşdirmişdir.
Müstəqillik illərində ulu sənətkarın əsərlərinə daha böyük meydan verildi. Hüseyn Cavidin "Topal Teymur" dramını repertuarına salmaqla Naxçıvan teatrı özünün monumental romantik qolunu bir daha gücləndirmiş oldu. H.Cavidin ideyaları əsasında quruluşçu rejissor Kamran Quliyevin hazırladığı "Topal Teymur" dramı 2000-ci ilin dekabr ayının 29-da çox böyük uğurla tamaşaya qoyuldu və əsrə yekun vurdu. Bu tarixi pyes Naxçıvan teatrının uğurlu tamaşalarının siyahısına daxil oldu. Tamaşaya bədii tərtibatı rəssam Səyyad Bayramov, musiqi tərtibatını bəstəkar Şəmsəddin Qasımov vermişdi. Bu əsər də ilk dəfə idi ki, Naxçıvan teatrında tamaşaya qoyulurdu. "Topal Teymur" dramının tamaşaya qoyulması bir daha Cavid sənətinə göstərilən diqqət və qayğının yeni ifadəsi idi. Quruluşçu rejissor tamaşada Topal Teymur rolunu ustalıqla oynayırdı. N.Xudiyeva - Dilşad, Y.Ramazanova - Meliça, X.Hüseynov - Divanbəyi, V.Rəcəbli -Sabutay, D.Xəlilov - İldırım Bəyazid, Ş.Abutalıbov - Cücə, İ.Məmmədov - Əli Paşa... rollarında çıxış edirdilər" (6, s. 47).
2003-cü ilin iyul ayının 10-da Naxçıvan teatrında teatrsevərlərə uğurla təqdim olunan "İblis" mənzum pyesi günümüzlə səsləşməsi baxımından daha maraqlı və aktual idi. Parlaq, romantik bir tamaşa yaratmaq üçün teatr bütün imkanlarından istifadə edərək tamaşanın bədii həllinə nail oldu. Bu tamaşa bir daha Cavid irsinə göstərilən ehtiramın yeni təzahürü idi. Teatr təvəllüd tapdığı gündən ilk dəfə idi ki, bu monumental əsərə müraciət edirdi. Tamaşanın quruluşçu rejissoru Kamran Quliyev tamaşada ictimai qəzəb və etiraz hisslərini müharibə ideyaları ilə yaşayanlara qarşı yönəldirdi. Quruluşçu rejissor burada insanları əzab və iztirablara salan, min bir dona girib riyakarlıq edən, böhtanlar atmaqdan həzz alan İblisin təbiəti ilə, müasir dünyanı fəlakətə sürükləyən oyunbazların törətdikləri rəzalətlər arasında aydın bir səsləşmə yaradır. Rejissor işıqlı və bəşəri fikirlər sorağında gəzən insanların mənəvi böyüklük uğrunda çarpışıb büdrəmələrini bədii və fəlsəfi duyumla təcəssüm etdirir. Tamaşaçıları hiylə və riyakarlığa, məşəqqətli mühit yaradanlara, zorakılığa nifrət edir və ülviyyəti-paklığa səsləyir. Xalq artisti Həsən Ağasoyun səhnə tərcümeyi-halında İblis obrazı mühüm bir hadisədir. Onun yaratdığı İblis ara vurub fəlakət törədən, insanları əzablı, iztirablı görməkdən həzz alan, öz düşüncəsi və həyata münasibəti ilə onları iradəsinə tabe edən, hər cür rəzalətə əl atan qorxunc mənəviyyatlı bir hiyləgərdir. Bir sözlə, Həsən Ağasoy - İblis ciddi, əzəmətli və qorxunc, şər və qisas mücəssəməsi idi. Onun yaddaqalan aktyor təfsirində İblisin bütün rəzalət və iyrənclikləri, həyata təzadlı baxışları aydınlığı ilə nəzərə çarpırdı. R.Xudiyevin ustalıqla yaratdığı Arif obrazı aktyorun məharəti sayəsində düzgün səciyyələnmişdir. Onun İblislə görüşləri döyüşü xatırladır. O, İblisə tabe olmur, əyilmir, mübarizədə çox sərt olur. Tamaşada E.Kərimova- Rəna, G.Qurbanova- Xavər, K.Quliyev- Elxan, X.Hüseynov- İxtiyar, B.Haqverdiyev- Vasif və digər aktyorlar oynadıqları rolları xarakter səviyyəsinə qaldırırdılar. Tamaşaya bədii tərtibatı rəssam Ə.Axundov vermiş, musiqisini bəstəkar Ş.Qasımov bəstələmişdir. Bir sözlə, tamaşanın bədii-estetik dəyəri son dərəcədə qüvvətli idi (6, s. 60-62).
Azərbaycan Respublikasının Əməkdar artisti Yasəmən Ramazanovanın 2005-ci ilin fevral ayının 9-da "Afət" faciəsinə verdiyi quruluş (quruluşçu rəssam Hüseynqulu Əliyev, bəstəkar Şəmsəddin Qasımov) uğurla nəticələndi. Quruluşçu rejissorun ifa yozumunda Afət emosionallığı və realist ifası ilə tamaşanın dramatizmini bir daha qüvvətləndirirdi.
Heydər Əliyev siyasətinin uğurlu davamçısı, Respublika Prezidenti cənab İlham Əliyevin Hüseyn Cavidin 125 illik yubileyi ilə əlaqədar 2007-ci ilin aprel ayının 17-də imzaladığı sərəncamla ölkənin hər yerində unudulmaz dramaturqun yubileyi təntənə ilə qeyd edildi. Bu qədim sənət ocağında Kamran Quliyevin quruluşunda (rəssam Ə.Axundov, bəstəkar Y.Xəlilov) hazırlanan "Səyavuş" əsəri Cavid irsinə dərin ehtiram, layiqli töhfə, ülvi sədaqətin rəmzi kimi uğurla tamaşaya qoyuldu və sənətsevərlərə təqdim edildi. Ümumiyyətlə, Cavid irsinə məhəbbətin nəticəsidir ki, muxtar respublikada hər il Cavid günləri keçirilir, dahi söz ustadı yad edilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dünya şöhrətli dramaturq haqqında demişdir: "Cavid yaradıcılığı İslam aləmi və Türk dünyası ədəbiyyatında özünün dərin fəlsəfi məzmununa, bəşəri ideyalarına, milli xüsusiyyətlərinə görə mühüm əhəmiyyətə malik olan ölməz sənət nümunəsidir".
Cavid özünün monumental romantikası, acı fəryadları və şirin arzuları ilə həmişə diqqətdə olan əbədiyaşar bir dramaturqdur. Bu dramaturgiya insanları nurlu sabaha, axarlı-baxarlı günlərə, yeni üfüqlərə səsləyir. Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev Hüseyn Cavidin bədii irsini yüksək qiymətləndirərək demişdir: "Hüseyn Cavidin bədii irsi xalqımızın milli sərvətidir. Bu irsi qorumaq hər bir azərbaycanlının müqəddəs amalına çevrilməlidir".
ƏDƏBİYYAT
1. Azərbaycan
teatrının salnaməsi. 2 cilddə, II cild, 1983,
Yazıçı, 300 s.
2. Naxçıvan teatrının
salnaməsi. Naxçıvan: Əcəmi, 2010, 936 s.
3. Alieva A. Alesker Şarifov. Baku: Azerneşr, 1974, 90 c.
4.
Məmmədli Q. Cavid ömrü boyu. Bakı: Yazıçı, 1982, 297 s.
5.
Mövləvi S. Naxçıvan teatrı (xatirə).// Səhnədən
keçən yollar. Bakı: Yazıçı,
1983, s. 238-256.
6. Qəhrəmanov
Ə. Naxçıvan teatrı müstəqillik illərində.
Bakı: MBM, 2008, 92 s.
7.
Vəzirov C. Cavid dünyası. Naxçıvan: Məktəb, 2005, 86 s.
8. " İqbal" qəzeti, 1913,
28 iyul.
9. "Kommunist" qəzeti, 1923, 2
iyun.
10. "Şərq qapısı"
qəzeti, 2007, 3 oktyabr.
11. "Şərq qapısı"
qəzeti, 1929, 28
oktyabr , 10 noyabr.
12. "Şərq qapısı"
qəzeti, 1926, 2 aprel.
13. "Yeni fikir" qəzeti, 1926, 4
iyun.
14. Naxçıvan MDA. F.- 40, siy. 4, iş-7.
15. Naxçıvan MDA. F.- 589, siy. 1, iş-103.
16. Naxçıvan MDA. F.- 50, siy. 2, iş-169.
Əli QƏHRƏMANOV,
AMEA Naxçıvan Bölməsi
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun musiqi və teatr
şöbəsinin müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Elm.- 2012.- 30 avqust.- S.14.