QƏDİM TÜRK DİLİNDƏ İŞLƏDİLMİŞ BALIK,

BAY VƏ BUN SÖZLƏRİ HAQQINDA

 

 Məlumdur ki, leksik vahidlərdə dilin tarixi inkişaf prosesində çoxlu miqdarda müxtəlif səciyyəli informasiyalar toplanır. Başqa sözlə, xalqın yaşantıları, insanın bilik və düşüncə, təfəkkür tərzi, obyektiv reallıqda onu əhatə edən əşya-predmetlər əsrlərin sınağından və insanın şüur süzgəcindən keçərək məhz leksik vahidlərdə tarixləşir. Bu mənada leksik fakt bəzən tarixi məqamların açılmasına işıq salır, xalqın tarixi iqtisadi-siyasi, mədəni əlaqələri dilin lüğət tərkibində izini qoruyub saxlayır. Təbiidir ki, zaman bir sıra qədim türk sözləri üzərində də öz işini görüb. Bu gün bizim işlətdiyimiz bir sıra sözlər tarixi inkişaf prosesində bir sıra dəyişikliklərə uğrayıb. Bir qismi, arxaikləşib, unudulub, bir qismi digər sözlərin tərkibində assemantik kök morfemə çevrilib, digər qismi isə fonosemantiksemantik dəyişikliklərə uğrayıb. Bu haqda biz ayrı-ayrı məqalələrdə qeyd etmişik. Burada daha üç türk sözü haqqında qeyd etmək istərdik: balık, baybun.

 

Balık - şəhər (Os.9; KTş.12; KTşm.8; BXş.30; T.19). Qədim türk abidələrində həm müstəqil şəkildə (bax: 18, s.92; 27, s.80; 28, a) II c., s.1495) "şəhər, qala divarları ilə əhatə olunmuş şəhər" mənasında (28, a) II c., s.1498; 30, s.59; 31, I c., s.119), həm də aşağıdakı oykonimlərin tərkibində işlənmişdir: Baybalık (ŞU 44); Beşbalık (BXş.28; KÇ 11, HT. II.VII); Toğu balık (KTşm. 4; BXşm.30) və s. XI əsrdən etibarən arxaikləşməyə başlayan bu leksik vahid haqqında M.Kaşqari "islamiyyətdən çox əvvəl türk dilində sığıncaq, qala, şəhər" kimi işlədildiyini qeyd etmişdir (31, I c., s.379). S.Q.Klyaştornı da balık tərkibli oykonim qeydə almışdır: Çigilbalık (16, s.131).

Bu söz həm müstəqil şəkildə İsmayıllı rayonunda kənd adı kimi, həm də Tovuz rayonu ərazisindəki Qarabalıq (13, s.10), Qəbələ rayonu Dizaxlı kənd ərazisindəki Balık yeri (15, s.7), Quba rayonu Aydınkənd kəndi ərazisindəki Balıqxaraba mikrotoponimlərinin tərkibində mühafizə olunmuşdur (bax: 1, s.250; 20, s.161).

Məlumdur ki, dilimizin ilkin inkişaf mərhələsində işlək olan bu söz sonradan İran mənşəli şəhər sözü ilə əvəz olunmuşdur.

Fikrimizcə, tədqiqatçılar tərəfindən müxtəlif mənalarda şərh edilən Balakən və Beyləqan oykonimlərini də bu qədim türk sözü ilə əlaqələndirmək olar.

Bay - varlı, zəngin (KTc.10; KTş.16, 29; IB 40; Yn.XVIII. 11):  Yalın bodınığ tonlığ, çığay bodınığ bay kıltı (KTş.29 - Yalın xalqı donlu, yoxsul xalqı varlı etdi); Bay ər koyı ürkübən barmış, börikə sokuşmış (IB 40 - Varlı kişinin qoyunu hürküb getmiş, qurda rast gəlmiş). Abidələrdə Bay apa "varlı, zəngin qohum" ifadəsinin tərkibində də eyni mənada müşahidə edilir.

Fikrimizcə, Orxon-Yenisey abidələrində rast gəlinən  bağır (Yn.XXVI. 11) "mis" və  bakır (Yn.XXVI. 7) "pul" sözləri də bay sözü ilə eyni kökdəndir: (Sək)iz bağır közünüsi on kara közünüsi... "Səkkiz mis güzgüsü, on qara güzgüsü". Abidələrdə şəxs adı kimirast gəlinir: Bağır (Yn.VI.3). M.Kaşqarinin lüğətində bakır (31, I c., s.360), KDQ-da bağır formalarında birinci mənada rast gəlinir: axça gətirdilər, "puldur" dedim, Qızıl-altun götürdilər, "bağırdır" dedim  (25, s.118).

Bu söz toponim yaradıcılığında da fəal iştirak etmişdir: bay "varlı, zəngin" + balık "şəhər" = Baybalık (MÇ 44) - "varlı zəngin şəhər". Uyğur xaqanı Tenridə Bolmış El Etmiş Bilgə xaqanın (titulun mənası "göydə doğulmuş, dövlət qurmuş müdrik xaqan" /bax: 4, s.53/. Xaqan olmamışdan əvvəlki adı Moyun Çordur) şərəfinə qoyulmuş abidədən məlum olur ki, abidələrin yarandığı dövrdə uyğur şəhəri olan Baybalık Selenqa çayı sahilində yerləşirdi: ...soğdak, tabğaçka Sələn1ə Baybalık yapıtı bertim (MÇ 44- ...soğdalılara, tabğaçlılara Selenqa çayı sahilində Baybalık (şəhərini) salmağı əmr etdim) (10, s. 79; 12, s.23).

M.Kaşqari lüğətində bayumak (31, III c., s.274), KDQ-da bayımaq fonetik variantlarında eyni mənada ("varlanmaq") rast gəlinir: Qadir tanrı verməyincə ər bayımaz (25, s. 14).

Azərbaycan yazılı abidələrində də rast gəlinir:  Bay ilə yoxsul bənəm, yolçı ilə yol bənəm, Eşq üçün bay ilə yoxsul, mirü sultan ağladı (Nəsimi) (9, s.548); Şah ilə bəglər, qəmu yoxsulü bay (Yusif Məddah); Uli-kiçi, bay-fəğir cümlə gəldi (Qul Əli); Hər birini bay qıldı mal ilə (Suli Fəqih); Olmadı mehriylə hiç kimsə bay (Mustafa Zərir) (7, s.30-31).

Bay sözü bir sıra sözlərin  (bayat, baykayın, bayquş, baybans.) tərkibində iştirak edir. Tarixən bayana mürəkkəb sözünün də tərkibində müşahidə edilən bu söz, görünür, bu cür inkişaf prosesi keçirmişdir: bayana = bay + ana = yəni "himayəçi, əçdad" (12, s.18). N.K. Kudaçina qeyd edir ki, Altay xalqlarının totem təsəvvürünə görə, bayana sözü insana heyvan simasında varid olan "əcdad, himayədar" mənalarını ifadə edir (17, s.85).

Azərbaycan dili dialektlərində aşağıdakı formalarda işlənir: bayımmax "varlanmaq" (2, s.59), bayındırmax "varlanmaq" (11, s.87; 22, s.53); bay "xoşbəxt", bay olma "xoşbəxt olmaq" (Qazax); bay "ərköyün", baylandırmax "kökəltmək", baylaşmax "kökəlmək" (Gəncə) (23, s.38) və s.

Tədqiqatçıların bir qismi müasir dilimizdə işlənən bəy sözünün qədim türk yazılı abidələrində (27, s.79) və orta əsr mənbələrində (3, s.146; 8, s.181; 26, s.214) işlənən bay sözündən törədiyini göstərirlər. Bəg - bəy, ər (KTc.1; BXc.13; KÇ 6; T. 36; MÇ 22): Ol sabığ esidip bəglər kopın (kelti) (T.36- O xəbəri eşidib bəylərin hamısı (gəldi)).

Dövlət və xalq qarşısında mühüm xidmətləri olan şəxslərə xaqan tərəfindən verilən bu zadəgan titulu ingilislərdəki lord, fransızlardakı markiz, qraf, almanlardakı baron titullarına uyğun gəlir. Qədim türk cəmiyyətində irsi xarakterli olub, mənsubiyyətindən və həyat səviyyəsindən asılı olmayaraq, hər kəs bu titulu daşıya bilərdi. Bu leksem abidələrin dilində həm müstəqil, həm də idari titul kimi işlədilir: Bars bəg (KTş.20; T. 28); Bəg ınal (Yn. 98);  Bilgə bəg (HT IX); Bəg çor (Talas, III, 30); Ur bəg (Açura, 3); Yəgin Silik bəg (KTş. 33) (4, s.58; 10, s.23).

KDQ-da:  Bəglər həb ava bindi (25, s.54); Təkur bəyləri cəm elədi (25, s.120). İlk anadilli abidələrimizdə: Ulu-kiçi, bay-fəğir cümlə gəldi, Bay, fəqir baqar irdi (Qul Əli) (7, s.30)

Tədqiqatçıların bir qismi qədim türk yazılı abidələrində (27, s.79) və orta əsr mənbələrində (bax: 8, s.181; 26, s.214) işlənən bəy sözünün bay ("varlı, zəngin, dövlətli") sözündən törəndiyni qeyd edirlər. Z.Hacıyeva bu iki sözün artıq XII əsrdə həm leksik-fonetik, həm də semantik cəhətdən diferensiallaşdığını yazır (7, s.30). Orxon-Yenisey abidələrindən VII-VIII əsrlərə aid, həcmi və xüsusi kalleoqrafik üslubu, tərtibatı ilə seçilən Kül tigin, Bilgə xaqan və "Irk bitik" ("Falnamə") abidələrinin dil materialı üzərində apardığımız araşdırmalar bəy və bay sözləri arasındakı semantik yaxınlığı (bir kökdən olması) müşahidə etsək də, bu sözlərin müxtəlif semantik funksiya daşıdıqlarını nəzərə alıb diferensiallaşma prosesinin daha qədimlərdə (bəlkə də, prototürk mərhələsində) baş verdiyini güman etmək mümkündür.

Bu leksik vahidlər Əbu Həyyanda da fonetik tərkib və semantika baxımından müstəqil vahidlər kimi təqdim olunur: bəy - qıpçaqca "əmir"dir,  bay - zəngin (29, s. 28). O, eləcə də türklər arasında sözün işlənmə arealı haqında da qeyd edir: bəy - türkmənlərdə "əmir"dir, qıpçaqlarda - "bay" (24, s.27).

Bu fərq folklorda da müşahidə edilir: Bəg oldun baylığı neylərsən, bay oldun bəgligi neylərsən ("Əmsali-türkanə").

Müasir Azərbaycan dilində sözün "bəy"  mənası eynilə qorunmuş, "ər, evli adam" mənası isə semantik daralmaya uğrayaraq, yalnız "toyu edilən, evlənən oğlan"a şamil edilir (21, I c., s.128- 129).

Bun - qəm, kədər, çətinlik (KTc.3,8; T.57; Yn.VI. 3; Yn.VII. 2; Yn.X. 11; Yn.XI. 4); bunad - kədərlənmək (T.26): Türk kağan Ötükən yış olursar, iltə bun yok (KTc.3 - Türk xalqı Ötükən ormanında otursa, eldə kədər yoxdur); Ötükən yır olurıp, arkış-tirgiş ısar, nən bunığ yok (KTc.8 - Ötükən yerində oturub karvanlar göndərsən, heç bir dərdin yox); Bunadıp kağan yelü kör,- timis (T.26 - Xaqan kədərlənib: "Sürətlə get!" - demiş). Yenisey abidələrində Buna Çiskin (Yn.XIII.3) antroponiminin tərkibində də işlədilmişdir. Adın  mənası "dərdli, kədərli Çiskin" deməkdir.

"Qədim türk lüğəti"ndə bu söz soqd mənşəli leksik vahid kimi verilir və "əsas, özül, təməl, bünövrə", "qalın, yoğun, dolu" mənaları qeyd olunur (27, s.118, 124). Sözün qeyd olunan bu mənalarına əsaslanan tədqiqatçılar buntürk etnonimini müxtəlif cür izah etməyə çalışmışlar. Məsələn, gürcü salnamələrində, xüsusən VII-IX əsrlərə aid "Kartlinin müraciəti" xronikasında Kür çayının sahillərində yaşayan buntürklər haqqında müəyyən məlumatlar qeyd olunub (19, s.710). S.Əlyarov buntürklərin Kartlidə Makedoniyalı İskəndərə qədər və hətta Yerusəlimin dağılmasınadək (e.ə. 586-cı ilə qədər) yaşadığını yazır (14, s.5). Yuxarıda qeyd etdiyimiz gürcü xronikasını rus dilinə tərcümə edən Y.K.Takayşvili buntürk sözünün birinci komponentinin (bun) gürcü sözü olmadığını qeyd edərək, etnonimin bütövlükdə "nizəli türklər" mənasında olduğunu yazır. N.Y.Marın buntürk terminini "əsl türk", "təmiz türk" kimi izah etməsinə etirazını bildirən L.M.Melitsetbek bu etnonimi  huntürk kimi bərpa etməyə cəhd etmişdir. Etnonimin birinci komponentini (bun) türk mənşəli hesab edən Azərbaycan tədqiqatçılarından M.Seyidov bu adın "türk nəsli, türk soyu", E.Əlibəyzadə "əsas türklər, özül türklər və ya oğuz türkləri", S.Əliyarov "qəmli türk", T.Hacıyev "əsas, kök türk" mənasında izah etməyə çalışmışlar (5, s.36). E.Əzizovun fikrincə, buntürk hərfi mənada  "qalın türk" deməkdir: "Bu, "Kitabi-Dədə Qorqud"dakı "qalın oğuz"a uyğun gəlir ...qalın oğuz ya oğuzların əsas kütləsini, onların çox, sıx toplusunu, ya da oğuzların hakim kütləsini, müəyyən hərbi qaydada birləşmiş iyirmi dörd sancaq bəyini nəzərdə tutur... Əlbəttə, birinci ehtimal bizə daha inandırıcı görünür" (5, s.37; 6, s.89).

Orxon-Yenisey abidələrində bun sözünün yalnız yuxarıda qeyd etdiyimiz mənaları ("qəm, dərd, kədər, çətinlik") müşahidə edilir. Bu söz Azərbaycan klassiklərinin əsərlərində müşahidə edilmir. KDQ-da işlədilməsi isə ("Uruz kafirin ucunu basdı, dağıtdı... kafir bunaldı") bu oğuz abidəsinin qədimliyini bir daha sübut edən dil faktlarından biridir.

 

İstifadə olunmuş elmi ədəbiyyat:

 

Azərbaycan dilində:

1.Əhmədov T.M. Azərbaycan toponimikasının əsasları. B.: Bakı Universiteti, 1991, - 312 s.

2.Əliyev Ə.İ. Ermənistan SSR Meğri rayonu Azərbaycan dili şivələrinin bəzi leksik xüsusiyyətləri haqqında. //ADU-nun elmi əsərləri (dil və ədəbiyyat seriyası), B., 1967, ¹ 3, s.59-67.

3.Əlizadə S.Q. "Şühədənamə"də adlar (isim, sifət, say, əvəzlik). Namizədlik dissertasiyası, Bakı, 1965, -146 s.

4.Əsgər Ə., Qıpçaq M. Türk savaş sənəti. B.: Yazıçı, 1996, -174 s.

5.Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Dialekt sisteminin təşəkkülü inkişafı. B.: Bakı Universiteti, 1999, - 354 s.

6.Hacıyev T.İ., Əzizov E. Buntürklər kimdir? "Ulduz" jurnalı, 1989, ¹ 2, s.89.

7.Hacıyeva Z.T. İlk anadilli abidələrimizin arxaik qatının leksik semantik xüsusiyyətləri. Bakı: Elm, 1997, - 84 s.

8.Xəlilov Ş.X. "Əsrarnamə"nin dili. Bakı, 1988, -181 s.

9.Qəhrəmanov C.V. Nəsimi "Divan"ının leksikası. Bakı: Elm, 1970, -567 s.

10.Quliyev Ə.A. Qədim türk onamastikasının leksik-semantik sistemi, I hissə, Bakı: Elm, 2001, - 128 s.

11.Rüstəmov R.Ə. Azərbaycan dili dialekt şivələrində fel. Bakı: Azərb. SSR EA, 1965, -320 s.

12.Yunusova V. Orxon-Yenisey abidələrində şəxs adları. NDA, B., 2000,-29 s.

 

Rus dilində:

13.Aliev A.İ. Toponimiə zapadnıx rayonov Azerbaydjana. AKD, Baku, 1975, - 40 s.

14.Aliərov S.Q. Ob etnoqeneze azerbaydjanskoqo naroda: K pastanovke problemı // K probleme gtnoqeneza azerbaydjanskoqo naroda. B.: Elm, 1984.

15.Qasanov A.Q., Qeybullaev Q.A. O nekotorıx drevnetörkskix slovax v toponimii Azerbaydjana. . zap. Min.-vo Vısş. i sred. speü obraz. Azerb. SSR /seriə əzık i literaturı/, 1977, ¹ 1, s.6-11.

16.Kləştornıy S.Q. Drevnetörkskie runiçeskie pamətniki kak istoçnik po istorii Sredney Azii. M., 1964, - 215 s.

17.Kudaçina N.K. K gtimoloqii slova "bay" v altayskom əzıke.// Sovetskaə törkoloqiə, 1980, ¹ 5,  s. 82-89.

18.Malov S.E. Pamətniki drevnetörkskoy pisğmennosti Monqolii i Kirqizii. M.- L.: AN SSSR (Leninqrad. otd.-lenie), 1959, -111s.

19.Melikset-bek L.M. K istorii poəvleniə qunnov v vostoçnom Zakavkazği. Dokladı AN Azerb. SSR, t. XIII, 1957, ¹ 6.

20.Molla-zade S.M.  Toponimiə severnıx rayonov Azerbaydjana. Baku: Maarif, 1979, -206 s.

 

Lüğət mənbələr:

21.Azərbaycan dilinin izahlı lüğəti /3 cilddə/, Bakı: Çıraq, Ic. - 1997, - 452s.; II - 1999, -412 s.; III - 2000, -416 s.

22.Azərbaycan dilinin dialektoloji lüğəti /1 cildlik/. Bakı, 1964, - 479 səh.

23.Azərbaycan dialektoloji lüğəti /2 cilddə/. I c., Ankara: Türk Dil Kurumu Yayınları, 1999.

24.Əsirəddin əbu Həyyan əl-Əndəlusi. Kitab əl- idrak li-lisan əl-ətrak. Bakı:  Azərnəşr, 1992, - 114 s.

25.Kitabi-Dədə Qorqud (Tərtib edəni F.Zeynalov S.Əlizadə). Bakı: Yazıçı, 1988, -264 s.

26.Oğuznamə /Çapa hazırlayanı Samət Əlizadə/. Bakı, Yazıçı, 1987, - 221 s.

27.Drevnetörkskiy slovarğ. L.: Nauka, 1969, - 676 s.

28.Radlov V.V. Opıt slovarə törkskix nareçiy. tt. I - IV, SPb., t. I , 1883, -968 s.; a) t.II, 1889, -1052 s.; b) t.III, 1905, -2204 s.;  t.IV, 1911, -1116 s.

29.Russko-monqolğskiy slovarğ /pod obh. red. A.Luvsandgndgva/, M.: QİS, 1957, -715 s.

30.Sevortən G.V. Gtimoloqiçeskiy slovarğ törkskix əzıkov (obhe-törkskie i mejtörkskie osnovı na bukvu "B"). M.: Nauka, 1978.

31.Kaşğari Mahmut. "Divanü-luğat-it-Türk" tercümesi /Çeviren B. Atalay/.  I-III c., Ankara: Türk Dil Kurumu Basımevi, I c. - 1939; II c.-1941; III c. -1942.

 

Aqşin MƏMMƏDOV,

filologiya üzrə fəlsəfə doktoru

 

Elm.- 2012.- 30 avqust.- S.12.