Azərbaycan musiqi elmində mənbəşünaslığın
əsasını qoyan ilk musiqişünas
alim
Xalq mənəviyyatının,
ruhi dünyasının açıqlanmasına,
aşkarlanmasına həsr olunan ömür təqdirəlayiqdir.
Hər hansı xalqı dərindən tanımaq, öyrənmək,
duymaq üçün
onun mədəni inkişafı naminə
görülən iş onun
əziyyətini çəkən şəxsiyyətin məqsədi,
düşüncələri, arzuları ilə möhkəm
bağlı olur. Bu gün
haqqında söhbət açacağımız, ömrünü xalqının musiqi elminə, tarixinə, mədəniyyətinə
həsr edən görkəmli musiqişünas
alim, AMEA-nın müxbir
üzvü, Əməkdar elm
və mədəniyyət xadimi, professor Zemfira Səfərova
da belə şəxsiyyətlərdəndir.
Hər hansı fənnin mükəmməl nəzəriyyəsini yaratmaq üçün onun tarixini öyrənmək, köklərini araşdırıb üzə çıxarmaq zəruridir. Tarixi bilmədən, tarixə istinad etmədən, onu tarixlə bağlamadan həmin fənnin nəzəri, estetik, fəlsəfi problemlərini də tədqiq etmək mümkün deyil.
Tarixi musiqişünaslıq elmi qədim mənbələrə - əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək dövrümüzə qədər gəlib çatmış musiqi sənətinin tarixi lə bağlı, onu açan müxtəlif yazılı və şifahi mənbələrə istinadən yaranıb inkişaf edir. Görkəmli ingilis alimi, tarixçisi R.C.Kollinqvud bununla bağlı demişdir: "Tarixçinin vəzifəsi nəyisə ixtira etmək deyil, onun əsas vəzifəsi olanları axtarıb tapmaqdır". Keçmişin tarixi mənbələri, sənədləri, faktları olmadan hər hansı bir musiqişünaslıq tədqiqatı da ola bilməz. Bu mənada mənbəşünaslıq hər hansı bir elmin, o cümlədən də musiqi elminin tarixi aspektlərini araşdırarkən özül, təməl anlamına gəlir.
Qeyd etmək lazımdır ki, uzun illər ərzində bir sıra obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan musiqişünaslığında orta əsrlərin musiqi elmi tarixi, demək olar ki, öyrənilməmişdi və bu sahədə yaranmış böyük boşluq musiqinin ayrı-ayrı sahələri ilə məşğul olan mütəxəssislər qarşısında çətinliklər törədirdi. Azərbaycan musiqi elminin, tarixinin tam mənzərəsini vermək mümkün deyildi. Z.Səfərova bütün elmi yaradıcılığı boyu Azərbaycan musiqi elmi, musiqi tarixi sahəsində apardığı fundamental ciddi tədqiqatları ilə bu boşluğu doldurmuş və Azərbaycan musiqişünaslığının son dərəcə maraqlı və mühüm sahəsi olan Azərbaycanın musiqi elminin tarixini yaratmış, bu mövzu üzrə aparılacaq yeni tədqiqatlara yol açmışdır.
Azərbaycanın musiqi elmi sahəsindəki tədqiqatlar Z.Səfərovanı orta əsrlər və daha sonrakı dövrlərdə yaranmış qədim məxəzlərin araşdırılmasına, o dövrlərdə yaşayıb yaradan alimlərimizin həyat və yaradıcılığına, elmi irslərinə müraciət etməyə sövq etmişdir. Zemfira xanımın bu baxımdan həyata keçirdiyi ilk layihə Mir Möhsün Nəvvabın "Vüzuhül ərqam" risaləsi idi. O, Azərbaycan musiqişünaslığında mənbəşünaslığın əsasını qoyaraq, ilk dəfə olaraq XIX əsr alimi Mir Möhsün Nəvvabın "Vüzuhül ərqam" risaləsini işləyib, nəşrə hazırlamış və 1989-cu ildə ön söz və elmi şərhlərini verərək "Elm" nəşriyyatında çap etdirmişdir. Ön sözdə Z.Səfərova alim, şair, rəssam və musiqişünas, ensiklopedik biliyə malik olan Nəvvabın qısa, lakonik, lakin çox iti və hərtərəfli portretini yaratmışdır. Burada Nəvvabın yaşadığı dövr, mühit, onun həyatı, maraq dairəsi, çoxsahəli fəaliyyəti və yaradıcılığı müfəssəl nəzərdən keçirilmişdir. Səfərova alimin "Vüzuhül ərqam" risaləsini təhlil edərək göstərir ki, bu risalə orta əsr risalələrindən fərqlənir və daha çox təcrübi məqsədə qulluq edir.
Qeyd etmək lazımdır ki, görkəmli musiqişünasın yaradıcılığına həsr etdiyi kitabçanı Z.Səfərova hələ 1983-cü ildə çap etdirmişdi ki, bu da XIX əsr mütəfəkkiri haqqında meydana çıxan ilk tədqiqat idi. "Vüzuhül-ərqam" risaləsində qaldırılan məsələlər maraqlı və qiymətlidir. Müəllif bu məsələləri bəzən dini haşiyəyə alır. Bu dini haşiyə isə M.M.Nəvvaba əsas niyyətinə, məqsədinə nail olmaq üçün lazım olan bir vasitə idi. Onun əsas məqsədi isə özünün qeyd etdiyi kimi, millətinin, xalqının savadlanması və musiqi elminin inkişafı idi", - yazan Z.Səfərova Mir Möhsün Nəvvabın "Vüzuhül-ərqam" risaləsini yalnız Azərbaycanın deyil, ümumən Yaxın və Orta Şərq xalqlarının muğam sənətinin və ifaçılığının vacib məsələlərini araşdıran əsər kimi musiqi tariximizdə dəyərləndirmişdir. Risalənin böyük hissəsi muğamlar və onların quruluşuna həsr edilmişdir ki, tədqiqatçı bunlarla bağlı verilən çoxsaylı cədvəlləri də diqqətdən kənarda qoymamış, onların açımını təqdim etmişdir. İlk dəfə Mir Möhsün Nəvvabın cədvəlindən alınmış muğam nümunəsi Səmərqənddə keçirilən II Beynəlxalq musiqişünaslıq simpoziumunda Z.Səfərovanın "Mir Möhsün Nəvvabın "Vüzuhül-ərqam" risaləsi" məruzəsinə illüstrasiya kimi, daha sonra isə Bakıda M.M.Nəvvabın anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya və konfranslarda səslənmişdir.
Bundan sonra Azərbaycanın musiqi elmi ilə bağlı axtarışları Z.Səfərovanı XIII yüzilliyin görkəmli şəxsiyyəti, Azərbaycanın mütəfəkkir alimi Səfiyəddin Urməvinin elmi irsinə yönəldir. Musiqişünasın 1995-ci ildə çap etdirdiyi "Səfiyəddin Urməvi" monoqrafiyası Azərbaycan ictimaiyyəti, musiqi aləmi üçün növbəti əlamətdar hadisə oldu. Dövrünün qabaqcıl incəsənət və elm xadimlərindən olan Urməvinin çoxsahəli yaradıcı həyatını qələmə alan Z.Səfərova öz xalqına növbəti hədiyyəsini bəxş etdi. O, Urməvinin "Kitabül Ədvar» və "Şərəfiyyə» risalələrini ilk dəfə olaraq ərəbcədən tərcümədə (şərqşünas-alim T.Həsənovun tərcüməsində) tədqiq, təhlil etmiş, ümumiləşdirmiş, nəzəri nəticələr çıxarmış və alimin yaşadığı dövrün tam mənzərəsini yaratmağa nail olmuşdur. Bu tədqiqat Azərbaycan musiqi elminin müəyyən dövrü haqqında ilk ümumiləşdirici əsərdir. Kitabda Səfiyəddin Urməvi məşhur alim, filosof, "Sistemçilik məktəbinin" banisi, görkəmli bəstəkar, virtuoz ifaçı, "müğni" və "nüzhə" musiqi alətlərinin yaradıcısı kimi təqdim edilmişdir. Z.Səfərova S.Urməvinin elmi irsinin ümumi xasiyyətnaməsini vermiş, risalələrdə qoyulmuş nəzəri, estetik problemləri araşdırmış, dünya musiqi tarixində oynadığı rolunu müəyyənləşdirmiş və Azərbaycan musiqişünaslığında onun yaradıcılığını təməl daşı, bünövrə kimi qiymətləndirmişdir. Z.Səfərova böyük alimin səs sisteminin nizamlanmasına gətirdiyi yenilikləri, onun dissonantlıq nəzəriyyəsini, "iqa" ritm nəzəriyyəsini, musiqidə nisbilik, ahənglik, harmoniya, uyumluluq konsepsiyasını və digər mühüm nəzəri məqamları ardıcıl tədqiq etmiş və nəticədə Urməvi yaradıcılığının nəinki Azərbaycan, habelə bütün Orta və Yaxın Şərq musiqi nəzəriyyəsinin və mədəniyyətinin inkişafında mühüm dövr olduğunu və Urməvidən sonra gələn ərəb, fars, türkdilli müəlliflərin, demək olar ki, hamısının onun sələfləri olduğunu vurğulamışdır.
Kitabda sırf elmi-nəzəri problemlərlə yanaşı maraqlı və zəngin faktiki materiala (cədvəllər, dairələr, sxemlər) , onların açıqlanması və təhlilnə xüsusi yer ayrılmışdır. Urməvinin risalələrində olan ritm və lad dairələrinin, interval cədvəllərinin, ud alətinin simlərinin bölünmə cədvəllərinin, tetraxord dairələrinin açımı və təhlilini verməklə müəllif Azərbaycan musiqisinin nəzəri problemləri üzrə aparılan araşdırmalar üçün maraqlı tədqiqat materialı hazırlamışdır.
Z.Səfərova göstərir ki, S.Urməvinin melodiyalarının rəmzlərinin açılması ilə həm Qərbin, həm də Şərqin alimləri məşğul olmuşlar. Daha sonra o özünün musiqi nümunəsini - Səfiyəddin Urməvinin ilk melodiyası olan "Novruz" - "Rəməl"in not açımını oxuculara təqdim etmişdir.
Ud alətinin mahir ifaçısı olan Səfiyəddin bu aləti təkmilləşdirmiş və zənginləşdirmişdi. Səfiyəddin iki gözəl alətin ixtiraçısı olmuşdur. Onlardan biri "Ənnüzhət" və ya "Nüzhə" (Əyləncə) adlanan qanuna bənzər musiqi aləti, ikincisi isə "Əlmüğənnə" və ya "Müğni" (Sövt verən) adlanan qövsi uddur. Çox önəmlidir ki, hal-hazırda Nüzhə aləti professor Məcnun Kərimi tərəfindən məhz Zemfira xanımın "Səfiyəddin Urməvi" kitabında verdiyi ətraflı məlumata əsasən bərpa edilmişdir.
Zemfira xanımın müraciət etdiyi növbəti görkəmli sima "Sistemçilik məktəbinin" parlaq davamçısı olan Əbdülqadir Marağaidir. 1997-ci ildə onun, XIV-XV əsrlərin böyük musiqişünas alimi, bəstəkarı, şairi, ifaçısı, xəttatı Marağainin həyatı, dövrü, elmə gətirdiyi yenilikləri, musiqisi və şeirlərinin təhlilinə həsr edilmiş "Əbdülqadir Marağai" kitabı nəşr edildi. Kitabwda alimin Urməvidən sonra elmə gətirdiyi yeniliklər açıqlanmış, musiqi əsərləri təhlil edilmişdir. Belə ki, Marağainin risalələrində ilk dəfə olaraq 24 şöbənin quruluşu və səs qatarı, o dövrün musiqi forma və janrlarının xasiyyətnaməsi verilmiş, "iqa" ritm nəzəriyyəsi ifadə edilmişdir. Çox önəmlidir ki, bu kitabda ilk dəfə olaraq Marağainin musiqi əsərləri təqdim edilmiş, onların mətn və melodiyaları təhlil edilmişdir ki, bu da Azərbaycan musiqişünaslığı üçün yeni səhifədir.
Qeyd edək ki, Səfiyəddin Urməvidən fərqli olaraq Əbdülqadir Marağainin elmi əsərləri, risalələri ilə yanaşı, bu gün qonşu Türkiyədə bəstəkarın musiqisi də səslənir və yaşayır.
Təsadüfi deyil ki, Ə.Marağainin musiqi əsərlərini xalqına ilk dəfə televiziya vasitəsilə məhz Z.Səfərova çatdırmışdır. O, hələ 1990-cı illərdə Türkiyədən Əbdülqadir Marağainin bir sıra musiqi əsərlərinin notlarını və disklərini gətirmişdi. 1993-cü ildə ilk dəfə Azərbaycan televiziyasında Əbdülqadir Marağainin bu musiqi əsərləri Z.Səfərovanın Səfiyəddin Urməvi və Əbdülqadir Marağaiyə həsr etdiyi verilişində, onun Bakıya gətirdiyi disklərdən səsləndirilmişdi.
2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə "Muğam layihəsi" çərçivəsində Urməvinin "Kitabül-ədvar" və "Şərəfiyyə", Fətullah Şirvaninin "Musiqi məcəlləsi" risalələri nəfis tərtibatda nəşr edildi. Bu nəşrdə risalələri AMEA-nın Əlyazmaları İnstitutunun elmi işçiləri M.Payızov, M.Əzizov və Ə.Əmirəhmədov ərəb dilindən tərcümə etmişlər. Kitabların ixtisas redaktoru, ön söz və elmi şərhlərinin müəllifi də Z.Səfərova olmuşdur. Lakin qeyd etmək lazımdır ki, Zemfira xanım risalələrin tərcüməsi prosesində də şərqşünaslarla birgə işləmiş, lazımi məqamlarda spesifik musiqi terminologiyasına dair izahatlar vermışdir. Belə müştərək iş təcrübəsi bütün dünya miqyasında qəbul olnumuşdur. Belə ki, nümunə kimi Ə.Caminin "Musiqi haqqında" risaləsini gətirə blərik. Bu risalənin də tərcümə və tədqiqində görkəmli alimlər şərqşünas Boldırev və musiqişünas V.Belyayev birgə fəaliyyət göstərmişlər.
Beləliklə, Z.Səfərovanın bu dəfə müraciət etdiyi qiymətli tarixi məxəz Fətullah Şirvaninin "Musiqi məcəlləsi" risaləsi idi. Kitaba yazılmış ön sözdə o, Fətullah Şirvaninin həyatı, dövrü, elmi irsi barədə məlumat verir, alimin kəlam, təfsir, astronomiya, riyaziyyata dair əsərlərinin siyahısını təqdim edir və yazır ki, Şirvaninin əsərlərinin çoxu şərh və izahat şəklindədir.
Daha sonra Z.Səfərova Fətullah Şirvaninin musiqi haqqında məlum olan yeganə risaləsi, "Musiqi məcəlləsi" əsəri ilə bağlı qısa izahat verir. Risaləyə yazılmış şərhlərdə alim Fətullah Şirvaninin məqsədini belə qələmə almışdır: "Şirvaninin məqsədi və qayəsi ortaya yeni musiqi nəzəriyyəsi qoymaq, kəşflər və ixtiralar etmək, yeni musiqi alətləri, ritmləri yaratmaq deyildi. F.Şirvaninin məqsədi özündən əvvəl gələn görkəmli sələflərinin əsərlərinə istinad edərək, sistemləşdirilmiş qanunlar külliyyatı və toplusunu yaratmaq idi. Lakin buna baxmayaraq, Fətullah Şirvaninin elmi əsəri qiymətli orta əsr qaynağı kimi neçə-neçə tədqiqatın yaranmasına səbəb olacaq və respublikamızda çoxşaxəli muğam layihəsinin uğurla həyata keçməsinə kömək edəcəkdir".
Bütün ömrü boyu yaradıcılığını sevə-sevə tədqiq etdiyi dahi Ü.Hacıbəylinin musiqi və elmi irsi də daim alimin diqqət mərkəzində olub, müxtəlif baxış bucaqlarından əsaslı tədqiq edilib. Azərbaycanın musiqisini, sənətini vətənindən kənarlarda da fəal təbliğ edən Z.Səfərova Tehranda keçirilən beynəlxalq konqresdə "Səfiyəddin Urməvinin "Kitabül-ədvar» risaləsi ilə Üzeyir Hacıbəylinin lAzərbaycan xalq musiqisinin əsasları» kitabının müqayisəli təhlili" adlı məruzə ilə çıxış emişdir Z.Səfərova hər iki alimin elmi əsərlərini mənbəşünaslıq prinsipləri əsasında araşdırarkən belə bir fikrə gəlmişdir ki, Səfiyəddin Urməvinin elmi irsinə yaxşı bələd olan Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" kitabında, xüsusuilə də məqam sistemi nəzəriyyəsində, onun "Kitabül-Ədvar" əsərinin təsiri böyükdür. Üzeyir bəyin "Xalq musiqisinin əsaslar"ı kitabı qaldırılan və həll edilən məsələlərə görə, quruluşuna görə "Kitabül-Ədvar" risaləsinə yaxındır.
Mənbəşünaslıq sahəsində həyata keçirdiyi ən mühüm, gərəkli layihələrindən biri də dahi Ü.Hacıbəylinin musiqi irsinin nəşridir. Yüksək professionallığı, tələbkarlığı, hər bir işə xüsusi məsuliyyətlə yanaşmağı ilə seçilən Zemfira xanım Ü.Hacıbəylinin musiqi irsinin akademik nəşrinin ("Leyli və Məcnun" operasının partiturası - I cild, klaviri - II cild; "Koroğlu" operasının partiturası - 3 kitabdan ibarət III cild.) bütün əziyyətini boynuna götürmüş, əsərlərin ilk dəfə tənqidi mətnlərinin hazırlanması işinə rəhbərlik etmiş, külliyyatın işıq üzü görən beş kitabdan ibarət üç cildinə ön söz və elmi şərhlər yazmışdır. Əsərlərin yaranma və ifa tarixinə, musiqi dilinin, ədəbi-bədii mətn əsasının dərin təhlilinə həsr edilmiş bu şərhlərdə müəllif nadir arxiv sənədlərindən, məktublardan, tarixi əhəmiyyət kəsb edən xatirələrdən geniş istifadə etmişdir. Nəticədə hər iki əsərin səhnə həyatının maraqlı tarixçəsi işıqlandırılmışdır.
Son dərəcə əhəmiyyətlidir ki, tədqiqat prosesində musiqişünas mənbəşünaslığın elmi prinsiplərinə uyğun ilk dəfə olaraq bu unikal elmi risalələrin və onların müxtəlif nüsxələrinin xarici ölkələrin kitabxana və arxivlərindən toplanması, tərcüməsi, şərhi ilə bağlı, həmin mənbələrin saxlandığı kitabxanalar və şəxsi kolleksiyalar barədə ətraflı məlumat verilmişdir. Risalələrdə musiqi nəzəriyyəsinin, musiqi estetik fikrinin, demək olar ki, bütün problemləri tədqiq və təhlilə cəlb olunmuşdur.
Z.Səfərovanın mənbəşünaslıq elmi sahəsində apadığı qızğın elmi axtarışları, gərgin tədqiqatları nəticədə "Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)" kimi fundamental bir əsərin yaranması ilə zirvəyə çatdı. Məhz orta əsr və sonrakı dövr alimlərinin elmi irslərinin tədqiqi və təhlili alimə Azərbaycanın musiqi eliminin tədqiq olunan dövrünün tam və hərtərəfli mənzərəsini yaratmağa imkan verdi, bu sahədə aparılacaq yeni tədqiqtlara geniş yol açdı, onlar üçün tarixi, nəzəri, metodoloji təməl oldu.
Z.Səfərovanın Azərbaycanın musiqi elminin tarixi ilə bağlı fundamental araşdırmaları bu yaxınlarda nəşrə təqdim olunmuş, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsində, Z.Səfərovanın məsul redaktorluğu ilə hazırlanmış "Azərbaycanın musiqi tarixi" (I cild) kitabının da, demək olar ki, əsasını təşkil edir. S.Urməvinin, Ə.Marağainin, F.Şirvaninin, M.M.Nəvvabın və digər musiqi alimlərinin elmi irslərinin, həyat və yaradıcılıqlarının icmalını Zemfira xanım mənbəşünaslıq elmi axtarışlarının nəticələrinə əsaslanaraq yazmışdır. Beləliklə, uzun illərdən bəri nəşri gözlənilən "Azərbaycanın musiqi tarixi"nin akademik nəşrinin işıq üzü görməsinə mane olan "ağ ləkələr" məhz bu qədim məxəzlərin üzə çıxarılması, öyrənilməsi, təhlili nəticəsində silinmişdir.
Bütün ömrünü doğma xalqının mədəni irsinin, musiqi fikrinin, tarixinin öyrənilməsinə həsr edən Z.Səfərovanın tədqiqatlarını Azərbaycan musiqi elminin, musiqi fikir tarixinin yüksək nailiyyəti kimi qiymətləndirmək lazımdır. Hər xalqın musiqi tarixi onun mənəvi dünyasının, milli bədii təfəkkürünün tarixidir. Onun hər mərhələsi, bu mərhələləri təmsil edən hər klassiki xalqın tarixini, mədəniyyətini öyrənib dərk etmək üçün zəngin xəzinədir. Z.Səfərova əsrlərin qaranlığından bu xəzinəni çıxarıb yenidən xalqın istifadəsinə vermək kimi çox müqəddəs, ağır, məsul bir işi öz boynuna götürmüşdür. O, eyni zamanda çox xoşbəxt alimdir ki, musiqi nəzəriyyəmizin tarixindəki bu böyük missiyanı həyata keçirmək məhz ona nəsib olmuşdur. Zemfira xanımı yubileyi münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
Ülkər
TALIBZADƏ,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Elm.- 2012.- 30 avqust.- S.10.