OĞLANQALA
ŞƏHƏR-DÖVLƏTİN PAYTAXTIDIR
Qaratəpə
dağının üzərində yerləşən Oğlanqala Dəmir dövründə Cənubi
Qafqazın və Naxçıvanın ən böyük
qalalarından biri olmuşdur.
Abidənin yerləşdiyi ərazi Arpaçay
vadisini və
məhsuldar Şərur düzənliyini nəzarətdə
saxlamaq baxımından olduqca
əhəmiyyətlidir. Oğlanqalada hələ
1988-1989-cu illərdə V.B.Baxşəliyevin
apardığı qazıntılar zamanı qalanın Erkən
və Orta Dəmir dövründə bu ərazidə mühüm
siyasi mərkəz olması ilə
bağlı inkaredilməz dəlillər aşkar
olunmuşdu.
2008-201-ci illərdə birləşmiş Azərbaycan-Amerika ekspedisiyasının AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə dörd il ərzində apardığı qazıntılar nəinki bu ilk mülahizələri təsdiq etdi, həmçinin göstərdi ki, Oğlanqala Erkən Dəmir dövründə müstəqil dövlətin paytaxtı olmuşdur.
Oğlanqalanın müdafiə divarları yerli hökmdarın siyasi qüdrətindən xəbər verir. O, qonşu Urartu dövləti ilə iqtisadi və mədəni əlaqələr saxlamış, Əhəməni imperiyasının dağılmasından sonrakı yüzilliklərdə güclü müdafiə sistemi ilə əhatə olunmuş şəhər-dövlətin paytaxtı olmuşdu.
Oğlanqaladakı qazıntılar zamanı biri müasir, dördü qədim olmaqla beş tikinti qatı müəyyən edilmişdir. Oğlanqala Erkən Dəmir dövründə, bizim dövrləşdirməyə görə V dövrdə - e. ə. 1200-800-cü illər ərzində məskunlaşdırılmışdı. Lakin sitadelin arxitekturası Orta Dəmir dövrü ilə tarixləndirilir. IV dövr e. ə. 800-600-cü illərə, yaxud Dəmir dövrünün sonuna aiddir. III dövr e.ə. 400 - 250-ci illərə aid edilir. Qala bu dövrdə yenidən bərpa olunmuş, Atropatena dövlətinin əyalət mərkəzinə çevrilmişdir. E.ə. 200 və bizim eranın 100 - cü ilində (II Dövr) dağın böyük hissəsi müdafiə divarları ilə möhkəmləndirilmiş şəhərə çevrilmişdir. Ehtimal ki, bu dövrdə şəhər "Olane" adı ilə tanınmış və Strabonun "Coğrafiya" əsərində xatırlanmışdır.
2011-ci il mövsümündə bizim əsas məqsədlərimizdən biri Oğlanqalanın şimal bürcü yaxınlığındakı istehkamları açmaqdan ibarət idi. 2010-cu ildə şimal- qərbdəki dairəvi bürcün şimal divarının təməlindən götürülən kömür analizi göstərdi ki, bu müdafiə istehkamları təqribən e.ə. 800-cü ildə inşa olunmuşdur. Bu o demək idi ki, Oğlanqalanın istehkamları Urartu imperiyasının Türkiyədə möhkəmləndiyi (təqribən e.ə. 850-600-cü il), Qafqazda və Şimal-Qərbi İranda hərbi əməliyyatlar apardığı dövrdə tikilmişdir. Biz tapıntılardan daha çox müdafiə istehkamları ilə maraqlanırdıq. Oğlanqalanın mühəndisləri qalanı tikərkən Erkən Dəmir dövrü texnikasından, yoxsa öz nüfuzlu qonşuları olan urartuların tikinti texnikası və üsullarından istifadə etmişdilər? Urartu istehkamları fövqəladə dərəcədə standartlaşdırılmışdır, onlar müntəzəm möhkəmləndirmə, yonulmuş daşlardan ibarət və standarrt ölçülü kərpic tikinti ilə xarakterizə olunur. Oğlanqalanın istehkamları Dəmir dövrünün erkən mərhələsinin tikintilərini xatırladır, lakin ola bilsin ki, Urartunun bəzi xüsusiyyətləri də təqlid edilmişdir. Urartu divarlarının düz və dördkünc, topoqrafiyaya uymayan xüsusiyyətlərindən fərqli olaraq Oğlanqala istehkamları Qaratəpə dağının topoqrafiyasına uyğun olaraq inşa edilmişdir. Möhkəmləndirilmiş divarların Urartu xüsusiyyəti olmasına baxmayaraq, onların bənzərləri Cənubi Qafqazın Dəmir dövrü arxitekturasından da mövcuddur. Bəzən böyük blokların altı kiçik həcmli daşlarla düzəldilir, bəzən isə daş bloklar birbaşa qayanın üzərinə qoyulurdu. Urartu qalalarında olduğu kimi təməl üçün birbaşa qayanın düzəldilməsinə heç vaxt rastlanmamışdır. Böyük sahənin terraslaşdırılmasına, karxana işərinə, böyük əhəngdaşı bloklarının və milyonlarla kərpicin daşınmasına xeyli işçi qüvvəsi cəlb edilmişdir. Bu təqribən milyonlarla işçidən ibarət böyük işçi qüvvəsi tələb edirdi. Bu tikinti layihəsinin monumentallığı IV Dövr Oğlanqala liderlərinin böyük qüvvəsindən xəbər verir. Tikintinin möhtəşəmliyi özlüyündə siyasi hakimiyyətin qüdrətini göstərir. Lakin hələ də məlum deyil ki, bu qalanı tikmək və qorumaq üçün işçi qüvvəsini necə əldə etmişlər.
Qərb divarı boyunca aparılan təmizləmə
işləri zamanı biz
Oğlanqalanın II Dövrünə aid küp qəbirlərlə rastlaşdıq. Burada qəbirlərin olması təsdiq edir ki, tikinti
və bərpa işlərindən sonra onlar öz
funksiyasını itirmişdir. Bu qəbirlərdə cinsi
məlum olmayan və pis
saxlanmış yaşlı adama aid skelet
qalıqlarının bir hissəsi aşkar edilmişdir. Lakin küp qəbirin qərb
tərəfində aşkar olunan iki qulplu
küpə bilavasitə Oğlanqalanın yerli
insanlarına aid idi. Bu adam Roma imperiyasından gətirildiyi
zənn edilən olduqca zəngin
avadanlıqla dəfn edilmişdi. Əvvəlcə
qəbirdən imperator Avqustun
portretini göstərən dörd gümüş
sikkə tapıldı. Lakin sikkələr
paslanmış və bir qədər
aşınmışdı. Buna baxmayaraq onların eyni tipli olduğu və
izərində iki kitabə olduğu aydın seçilirdi.
Sikkələrin üz tərəfində
dəfnə yarpağından tac qoyan Avqustun sağ tərəfdən şəkli var idi. Onun kənarında
"CAESAR AVGVSTVS DIVI F PATER PATRIAE" sözləri
yazılmışdı. Sikkənin arxa tərəfində
Sezarın Qayus və Lusiusunun
iki təsviri verilmişdir.
Şəkil üz tərəfdən
arxasında nizələr olan qalxana söykənmiş vəziyyətdə
təsvir edilmişdir. Kənarda isə "VGVSTI F COS DESIG
PRINC IVVENT, C L CAESARES" kitabəsi həkk olunmuşdu. Sikkələrin
üçü numizmatik araşdırmalardan yaxşı məlumdur
və ehtimal ki, e.ə. 2-ci il və bizim eranın 12-ci ilində
kəsilmişdir. Digər sikkələr isə daha kiçik
diapazona malik olub e.ə. 2-ci il, bizim eranın 4-cü ili ilə
tarixlənir. Bundan başqa, dəfn edilənin bir tunc və
dörd qaşlı
üzüyü var idi. Onların üzərində inək
və medalyon təsviri var idi. Qəbir inventarına yuvarlaq
şəkilli şüşə flakon və bu tip flakona aid
parçalar da daxil idi. Bunlarla bərabər, Finikiya mənşəli
şirli muncuq da aşkar edilmişdir.
Radiokarbon analizlər göstərir
ki, sütunlu salon təqribən e.ə.
800-cü ildə Oğlanqala IV dövründə
tikilmişdir, bu bürclərin və müdafiə
istehkamlarının yaradılması ilə üst-üstə
düşür. İstehkamların inşasında istifadə edilən
tikinti üsulları həmçinin sidsteldə istifadə olunmuşdur.
Tikintidə istifadə olunan əhəngdaşı
blokların ölçülərinin 35-i 90 sm2 - dir. Bu divarların əksəriyyəti
əvvəlkilər kimi ya ana qaya üzərində tikilərək
gillə düzəldilmiş, yaxud kərpic tikinti ilə
tamamlanmışdır. Müdafiə istehkamlarında
olduğu kimi, sidsteldə də bərkidici inşaat
materialı kimi daş ovuğu, yaxud çınqıldan
istifadə edilmişdir. Onların eni 1,7 - 2,5 m arasında idi. Oğlanqalanın IV Dövrünə
aid binaları ölçüləri
33´34
m, yaxud 1122 m2 olan böyük daxili həyətin
ətrafında inşa olunmuşdur. Bu demək olar ki,
Türkiyədəki Altıntəpə məbədini əhatə
edən daxili həyətlə eyni ölçüdədir.
Araşdırmalar zamanı daxili həyətdə IV Dövrə aid, qalanın
inzibati funksiyaları ilə bağlı olan böyük
küplərin qalığına və Azərbaycanda ən qədim
mixi yazı olan keramika üzərindəki kitabələrə
rast gəldik. Lakin heç bir təsərrüfat küpü
bütövlükdə aşkar edilmədi. Təsərrüfat
küplərinin parçaları bədii cəhətdən
olduqca yüksək səviyyəli hazırlanmışdı.
Üzərində mixi yazı olan parçalar isə demək
olar ki, bu sahənin bütün kontekstlərindən aşkar
olunurdu. Küplərin üzərindəki fraqment
halındakı yazılar, şübhəsiz ki, onların
tutumunu göstərirdi. Biz rəqəmlərə aid a-q [ar] və
ru kimi bəzi işarələri bərpa edə bildik, ehtimal
ki, onlar aqarqi i terusi işarələrini
və həcm ölçüsünü bildirmişdir.
Müəyyən edilmişdir ki, şəhər sakinləri
yazı və hesab sistemini Urartulardan mənimsəmiş və
oz yazılarını yaratmışlar. Bunlar Azərbaycanda
aşkar olunan ən qədim mixi yazıdır.
Aparılan araşdırmalar göstərir
ki, müxtəlif dövrlərdə, hətta
Əhəmənilər və Roma kimi qüdrətli
imperiyaların dövründə Oğlanqala müstəqil
siyasət yürütmüşdür. Bizim uğurlarımız
Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və
ABŞ Milli Elm Fondunun köməkliyi sayəsində
mümkün olmuşdur. Biz onlara öz minnətdarlığımızı
bildirir və güman edirik ki, Azərbaycan- Amerika
qazıntıları gələcək illərdə də
davam etdiriləcəkdir.
Vəli BAXŞƏLİYEV,
AMEA-nın müxbir üzvü
Elm.- 2012.- 30 avqust.- S.8.