AMEA
NAXÇIVAN BÖLMƏSİNİN 2011-ci ildə ELMİ VƏ ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİ
HAQQINDA HESABAT
Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin
yanvarın 25-də keçirilən
iclasında Naxçıvan Bölməsinin (NB) 2011-ci il üçün
hesabatı dinlənilmişdir.
Əvvəlcə
Rəyasət Heyətinin foyesində Bölmə
institutlarının 2011-ci ildə əldə etdikləri
nailiyyətləri əks etdirən sərgi nümayiş
etdirilmişdir.
Tədbiri
giriş sözü ilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov
açaraq gündəlikdəki məsələlər
haqqında məlumat vermişdir.
Sonra AMEA
Naxçıvan Bölməsinin sədri, akademik
İsmayıl Hacıyev Bölmə
institutlarının 2011-ci ildəki elmi və elmi-təşkilati
fəaliyyəti haqqında hesabat məruzəsi ilə
çıxış etmişdir. (Məruzəni diqqətinizə
təqdim edirik).
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin xüsusi sərəncamı
ilə yaradılmış AMEA-nın Naxçıvan Bölməsi
fəaliyyətinin onuncu ilinə başlamışdır. Bu
illərdə Akademiyanın Naxçıvan Bölməsi
özünü muxtar respublikanın elm mərkəzi kimi təsdiq
etmişdir.
2011-ci ildə
Akademiyanın Naxçıvan Bölməsi Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarının,
Nazirlər Kabinetinin qərar və sərəncamlarının,
Naxçıvan MR Ali Məclisi Sədrinin, Nazirlər
Kabinetinin fərman və sərəncamlarının, AMEA Rəyasət
Heyətinin sərəncam və qərarlarının, habelə
müxtəlif dövlət proqramlarının icra edilməsində
yaxından iştirak etmişdir.
2011-ci il
Naxçıvan Bölməsində Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyəti tərəfindən
təsdiq edilən plana uyğun olaraq bölgənin tarixi, təbii
sərvətləri, maddi və mənəvi mədəniyyəti
geniş şəkildə tədqiq edilməyə
çalışılmış, Bölmənin tərkibindəki
tədqiqat müəssisələrinin struktur bölmələrinin
formalaşdırılması və maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər
həyata keçirilmişdir. Hesabat dövründə Bölmədə
2011-ci il üçün təsdiq edilmiş plana uyğun
olaraq 6 elmi istiqamətdə 6 problemi əhatə edən 7
mövzuya daxil olan 34 iş 98 mərhələdə yerinə
yetirilməsi nəzərdə tutulan elmi-tədqiqat işlərinin
müasir standartlara cavab verəcək keyfiyyətdə
aparılmasına xüsusi diqqət yetirilmişdir.
Hesabat ilində
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin
müxtəlif məsələlərlə bağlı 41 qərarı,
4 sərəncamı qəbul edilmişdir.
AMEA Naxçıvan Bölməsi elmi-tədqiqat
müəssisələrinin 2011-ci ildəki fəaliyyəti
AMEA Naxçıvan Bölmənin
elmi-tədqiqat işləri 6 institutun (Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat
İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar
İnstitutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası)
20 şöbəsində və 8 laboratoriyasında 2 nəfər
akademik, 4 nəfər müxbir üzv, 7 nəfər
elmlər doktoru, 45 nəfər fəlsəfə doktoru, 8 nəfər
doktorant, 16 nəfər dissertant olmaqla 89 elmi işçinin
iştirakı ilə yerinə yetirilmiş, 10 mühüm elmi
nəticə əldə edilmişdir. Elmi
işçilərdən 6 nəfərin iş yerini dəyişməsi,
2 nəfərin vəfat etməsi, 1 nəfərin isə məzuniyyətə
çıxması ilə əlaqədar olaraq planda nəzərdə
tutulan 9 mərhələ üzrə tədqiqat işləri
başa çatmamışdır.
Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları
1 problem, 5 iş, 15 mərhələdə yerinə yetirdikləri
elmi-tədqiqat işləri üzrə bir sıra
mühüm nəticələr əldə etməyə nail
olmuşlar. "Naxçıvan Muxtar Respublikasının
ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni
inkişafı (1991-2011)" (172 səh.), "Nuh baba və
türk atadan gələn yol (rəvayətlər,
baxışlar və tarixi həqiqətlər)" (192 səh.),
"Sədərək" (184 səh.), "Ermənistan-Azərbaycan
münaqişəsi sivilizasiyalararası kontekstdə" (326
səh.) monoqrafiyaları, eləcə də
"Naxçıvan: dövlət müstəqilliyi
uğrunda mübarizənin dayağı
(302 səh.), "Mənim həyat məktəbim"
(204 səh.) nəşrləri institutun uğuru sayıla bilər.
İnstitutun 7 nəfər əməkdaşı 8 beynəlxalq
səviyyəli simpoziumda iştirak etmişdir. Əməkdaşlardan
bir nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 2
nəfəri isə Naxçıvan MR Ali Məclisinin
üzvü kimi fəaliyyət göstərmişdir.
İnstitutun əməkdaşları "Naxçıvan: ilk
yaşayış və şəhərsalma yeri kimi"
adlı beynəlxalq simpoziumda, Behbud ağa Şahtaxtinskinin 130
illik yubileyinə və Beynəlxalq Qars müqaviləsinin
90-cı ildönümünə həsr olunmuş tədbirlərdə,
Akademik Ziya Bünyadovun 90 illiyi ilə əlaqədar
keçirilən "Müharibə qəhrəmanı - elm fədaisi"
adlı konfransda yaxından iştirak etmişlər.
Hesabat
ilində "Azərbaycan Xalq Cümhuriyyəti və
Naxçıvan", "Naxçıvan Muxtar
Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və
mədəni inkişafı (1991-2011-ci illər)",
"Kalbalı xan Naxçıvanski. Onun dövrü və
irsi. Tarixi oçerklər", "Osmanlı arxiv sənədlərində
Naxçıvan" kitablarının təqdimatı
keçirilmişdir. İnstitutun 2 elmi əməkdaşı
fəlsəfə doktoru dissertasiyasını müzakirədən
keçirmiş, dissertasiya şurasına təqdim
etmişdir. Bir nəfər doktorluq dissertasiyasını
bitirmişdir.
İnstitutun
arxeologiya və etnoqrafiya sahəsində çalışan əməkdaşların
fəaliyyəti genişlənmişdir. Hesabat ilində
Naxçıvan ərazisində 2 beynəlxalq, 7 respublika səviyyəli
arxeoloji ekspedisiya fəaliyyət göstərmişdir. Muxtar
respublikanın Oğlanqala, Ovçulartəpəsi,
Şahtaxtı, Duzdağ, Meydantəpə, Qazma
mağarası, Xaraba Gilan, Plovtəpə, Sirab ərazisində
geniş və irimiqyaslı arxeoloji qazıntı işləri
aparılmış və mühüm nəticələr əldə
edilmişdir. Ovçulartəpəsindən aşkar
olunmuş əmək alətlərinin təhlilindən sonra
Naxçıvan ərazisində insanların
yaşadığı dövr 500-300 min il müəyyən
edilmişdir. Duzdağın öyrənilməsindən sonra isə buranın
dünyanın ən qədim duz mədəni olması qənaətinə
gəlinmiş və onun tarixi e.ə. V minillik göstərilmişdir.
İnstitut
əməkdaşlarından 9 nəfəri 11 beynəlxalq və
8 respublika səviyyəli simpozium və konfransda iştirak
etmişlər. Naxçıvanın arxeoloji tədqiqi və
Müasir beynəlxalq münasibətlərdə
Naxçıvan məsələsi işləri üzrə
mühüm nəticə əldə
olunmuşdur.
Hesabat
ilində İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunda
"Naxçıvanın mədəni mühiti, maddi və
mənəvi mədəniyyətin tədqiqi" mövzusu
üzrə 6 iş 27 mərhələdə
aparılmışdır. Naxçıvan rəssamlarının
yaradıcılığında mənzərə janrı,
muxtar respublikada xalq teatrının fəaliyyəti, bəstəkar
Məmməd Ələkbərovun həyat və fəaliyyəti,
Naxçıvan, Ordubad dialektləri, Babək rayonu şivələrində
səsəvəzlənməsi və əkinçilik terminləri,
xrematonium və xronimlərim linqvistik xüsusiyyətləri,
Ordubad oykonimlərinin tarixi-coğrafi xüsusiyyətləri
öyrənilmişdir. Elmi istiqamət olaraq
Naxçıvanın görkəmli yetirmələrindən
Şeyx Məhəmməd Rasizadə və prof. Abbas Zamanovun həyat və
yaradıcılığının öyrənilməsi, orta əsrlərdə
bu regionda ədəbiyyatın formalaşması və
inkişafı, rəvayətlərdə tarixilik,
Naxçıvanda aşıq
yaradıcılığının toplanması, nəşri
və tədqiqi tarixi, layla, nazlama, oxşama janrlarının
ifadə xüsusiyyətləri, etnik həqiqətdən
epik həqiqətə keçid, Naxçıvanda
bektaşilik tədqiq edilmişdir. İnstitut əməkdaşlarının
222 elmi əsəri, o cümlədən 12 kitab və
monoqrafiyası nəşr edilmişdir. ("Cəlil
Məmmədquluzadə. Seçilmiş hekayələr"
(macar dilində) - 132 səh., Abbas Zamanov. Məktublaşma.,
Əliqulu Qəmküsar: taleyi və sənəti (140 səh.),
Eynəli bəy Sultanov: taleyi və sənəti (240 səh.),
Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru. II
cild (469 səh.), Naxçıvan nağılları (fars
dilində) - 266 səh., Məmmədhüseyn
Təhmasib. Seçilmiş əsərləri. İki cilddə.
II cild (440 səh.), Naxçıvan aşıqları və
el şairləri (152 səh.), Əlincəçay folkloru - Qəssaboğlu
ilə üz-üzə (92 səh.), Oronimlərin linqvistik
xüsusiyyətləri. Dərs vəsaiti (220 səh.) və
s. Kitablardan 2-si, elmi məqalələrdən 44-ü, tezislərdən
5-i xarici ölkələrdə çap olunmuşdur. Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr
olunmuş respublika kitab sərgisində "Naxçıvan
folklor antologiyası" (I və II cildlər) diploma layiq
görülmüşdür. İnstitutun
"Axtarışlar" jurnalı nəşrə
başlamış və 2 nömrəsi işıq
üzü görmüşdür.
İnstitutun
2 əməkdaşı fəlsəfə doktoru
dissertasiyası müdafiə etmiş, 1 əməkdaşın
dissertasiyası müdafiəyə buraxılmış, 2 əməkdaşı
"dosent" elmi adı almışdır. Elmi
işçı Elxan Məmmədov gənc şair kimi
"Prezident mükafatı"na layiq görülmüş,
prof. Məhərrəm Cəfərli isə filologiya elminin
inkişafındakı xidmətlərinə görə AMEA Rəyasət
Heyətinin Fəxri Fərmanı ilə təltif
olunmuşdur.
15
əməkdaş 30 beynəlxalq və 12 respublika əhəmiyyətli
simpozium və konfranslarda iştirak və məruzə
etmişlər.
Tədqiqat
nəticəsində "Naxçıvan Muxtar
Respublikasında onomastik vahidlərin tədqiqi" və
"Naxçıvan folklorunun toplanılması və öyrənilməsi"
işləri üzrə mühüm nəticə əldə
olunmuşdur. Hesabat ilində institutun bir elmi işçisinə
orta hesabla 9,5 əsər düşür ki, bu da Bölmənin
orta göstəricisindən yüksəkdir.
Coxşaxəli
tədqiqat yönümü olan Təbii Ehtiyatlar
İnstitutunun əməkdaşları 2011-ci ildə məhsuldar
elmi fəaliyyətlə məşğul olmuş, elmi tədqiqatları
ilə elmin inkişafına sanballı töhfə verməyə
çalışmışlar.
Elmi
tədqiqat işləri 1 mövzu üzrə 7 iş 20 mərhələdə
aparılmışdır. Kimya
laboratoriyalarında əsas istiqamət Naxçıvan Muxtar
Respublikasının Gümüşlü qurğuşun-sink
filizinin emalının mümkün variantlarının işlənib
hazırlanması, filizin tərkibinin kimyəvi və spektral
analizi, kollektiv flotasiya üsulu ilə zənginləşdirilməsi
şəraitinin öyrənilməsi, İRA-743, AN -31, Orta
borat turşusu sistemlərinin tədqiqi, qalluazit və
serpentinin hidrotermal və termal çevrilmələri və
müxtəlif tipli seolitlərin alınması istiqamətində
yerinə yetirilmişdir. Tədqiqatlar zəif əsaslı
amberlit İRA-743, AN-31, orta borat turşusunun, Duolayt - S - 467
markalı xelat əmələgətirici makroməsaməli
Aminofosfon funksional qruplu ionitlə misin sorbsiyası, qalay sulfid,
qadolinium sulfid və gümüş tioindat birləşmələrinin
nazik təbəqələrinin alınması və muxtar
respublika ərazisində külək enerjisi resurslarının
təyin edilməsi və atmosferin strukturunun öyrənilməsi
istiqamətində aparılmışdır. Başqa bir
istiqamət isə fəza və fəza-zaman elektron rəqəm
kommutasiyası innovativ metodlarının tədqiqidir.
Naxçıvan
Muxtar Respublikasında sənayenin inkişafı xüsusiyyətləri
və məşğulluq təminatını şərtləndirən
amillər, Naxçıvan Muxtar Respublikasının
geomorfoloji quruluşu və onun landşaft-yaradıcı rolu
öyrənilmişdir.
"Naxçıvan MR-in
Gümüşlü qurğuşun-sink filizinin kompleks
emalının elmi və praktiki əsaslarının işlənməsi,
metal, su, üzvi həlledicilər sistemlərindən
üçlü birləşmələrin və onların
nazik təbəqələrinin alınması",
"Çoxkomponentli sistemlərdən qiymətli elementlərin
sorbsiya vasitəsilə ayrılmasının nəzəri
və praktik əsaslarının işlənib
hazırlanması" işləri üzrə mühüm nəticə
əldə edilmişdir.
Hesabat
dövründə institut əməkdaşlarının 107
elmi əsəri, o cümlədən 91 məqaləsi və
16 tezisi çap edilmişdir. Bunlardan 36-sı, yəni
üçdə biri xarici ölkələrin nəşrlərində
çıxmışdır. İnstitut əməkdaşlarının
hazırladığı (rəhbər k.e.d. Ə.Abbasov) "Gümüşlü polimetallik
yatağı filizinin kompleks emalının elmi və praktiki əsaslarının
işlənib hazırlanması" layihəsi Elmin
İnkişaf Fondunun qrant layihəsində qalib gəlmişdir.
K.e.d. B.Rzayevin 70 illik yubileyi keçirilmiş və o, AMEA Rəyasət
Heyətinin Fəxri Fərmanı ilə təltif
olunmuşdur. K.ü. fəlsəfə doktoru Günel Məmmədova
Rusiya Federasiyasının Yoşkar-Ola şəhərində
buraxılan "Yeni Universitet" jurnalının redaksiya heyətinə
üzv seçilmişdir.
Bioresurslar
İnstitutunda Naxçıvan Muxtar Respublikasının flora,
fauna və torpaq örtüyünün öyrənilməsi
üzrə 1 mövzuya daxil olan 11 iş 26 mərhələdə
yerinə yetirilmişdir. Qeyd olunan mərhələlər
üzrə iki mühüm elmi nəticə
alınmışdır.
İnstitutda Naxçıvan MR
florasının Asterkimilər fəsiləsinə daxil olan
nadir bitkilər, onların biomorfoloji xüsusiyyətlərinin
öyrənilməsi, mühafizə yollarının
araşdırılması, bəzi ağac və kol bitkilərinin
introduksiyası və onların istifadə imkanlarının
öyrənilməsi istiqamətində tədqiqatlar aparılmışdır.
Muxtar respublika florasında rast gəlinən nadir, nəsli kəsilməkdə
olan bitkilər içərisində növ sayının
çoxluğuna görə birinci yerdə duran Asterkimilər
fəsiləsi 89 cinsə daxil olan 337 növlə təmsil
olunur. Tədqiqat zamanı bu bitkilərin toksonomik spektrinin 82
cinsə daxil olan 340 növlə təmsil olunduğu dəqiqləşdirilmişdir.
Muxtar respublikanın dendro-florası da öyrənilmişdir.
Bunlardan 21 növü çılpaqtoxumlulara, 303 növü
isə örtülütoxumlulara aid olmaqla 220-si təbii, 79-u mədəni,
25-i isə introduksiya olunmuş növlərdir.
Muxtar
respublika ərazisində yayılan ibtidai və ali bitkilərin
öyrənilməsi, nadir növlərin mühafizəsi, səmərəli
istifadəsi və mühafizəsi istiqamətində tədqiqat
aparılmışdır. Sədərək-Şərur
rayonları ərazisində yayılmış təbii
ehtiyatı bol olan faydalı bitkilərin sistematik, bioekoloji
xüsusiyyətləri, kələmkimilər fəsiləsinin
taksonomik spektri, adi çaytikanı növü, onun təbii
ehtiyatı və istifadə perspektivləri, armud sort və
formaları, yeni süfrə üzümü forma və sortlarının
biomorfoloji xüsusiyyətləri, müxtəlif
mənşəli ərzaqlıq paxlalı bitkilər, bərk
buğda və qarğıdalı yarımnövləri, iyli kərəvüz
bitkisinin bioloji xüsusiyyətləri, onlardan bioaktiv maddələrin
alınması, Lizbird çökəkliyi torpaqlarının
ekocoğrafi qiymətləndirilməsinin elmi əsasları
hazırlanmışdır.
İnstitutda Kəngərli və
Babək rayonlarında yayılmış sürünənlərin,
tumlu meyvə ağaclarının zərərverici həşəratları
və onların entomofaqlarının növ tərkibi,
xırdabuynuzlu heyvanların sarkosporidləri və onların
bioekoloji xüsusiyyətləri, aran zonalarındakı
otlaqlarda anoplosefalyatoz törədicilərinin
yayılma xüsusiyyətlərinin öyrənilməsi
istiqamətində tədqiqat aparılmışdır.
Elmi işçilərdən
bir qrupu Niderland Krallığı Genetik Ehtiyatlar Mərkəzinin
əməkdaşları ilə birgə şomu bitkisinin
genetik ehtiyatlarını, Fransa, Almaniya, Türkiyə və
Çin alimləri ilə kənd təsərrüfatına
ziyan vuran virus xəstəliklərinin aşkar edilməsi
istiqamətində tədqiqatlar aparmışlar. Özbəkistan
Respublikası EA "Botanika"
Elm-İstehsalat Mərkəzi ilə Bioresurslar İnstitutu
qarşılıqlı anlaşma Memorandumu imzalamışlar.
İnstitutun 3 nəfər əməkdaşı Ərzurum,
Tbilisi və Bakı şəhərlərində keçirilən
treninq kurs və seminarlarda iştirak etmişlər. Ümumiyyətlə,
İnstitutun 16 nəfər əməkdaşı 6 beynəlxalq
və 5 respublika səviyyəli simpozium və konfranslarda
iştirak və çıxış etmişlər.
Hesabat ilində institut əməkdaşlarının
3 monoqrafiya və kitabı ("Yarımsəhra və səhra
ekosistemlərinin deqradasiyası" (138 səh.),
"İmperator qartalı, leşyeyən və çöl muymulu
Azərbaycanda" (73 səh), "Latın dili" (128 səh.),
2 metodik vəsaiti, 4 tövsiyəsi, 2 xəritəsi, 2 bukleti
və 137 elmi məqaləsi çap
edilmişdir. Bunlardan 36-sı xarici ölkələrdə nəşr
olunmuşdur. "Naxçıvan Muxtar Respublikasının
ampeloqrafiyası" monoqrafiyası tamamlanmış və nəşrə
təqdim edilmişdir.
İnstitut əməkdaşları
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişaf Fonduna təqdim etdikləri "Naxçıvan
Muxtar Respublikasında rəsmi dərman bitkilərinin
genefondunun müəyyənləşdirilməsi, təbii
ehtiyatı bol olan rəsmi dərman bitkilərindən səmərəli
istifadə olunması və mühafizəsinin elmi əsasları" mövzusunda qrant layihəsi üzrə
müsabiqənin qalibi olmuşlar (Rəhbər müxbir
üzv T.Talıbovdur). 2 patent alınmış, 2-si isə təqdim
olunmuşdur. 2 nəfər biologiya üzrə fəlsəfə
doktoru dissertasiyası müdafiə etmiş, 4 nəfərin
elmlər doktoru dissertasiyaları müdafiəyə
buraxılmışdır. İnstitutun 5 nəfər əməkdaşı
"dosent" elmi adını almışdır.
İnstitutun 1 nəfər əməkdaşı
Naxçıvan MR Ali Məclisinin deputatı kimi fəaliyyət
göstərmişdir. Şöbə müdiri V.Quliyevin 70
illik yubileyi keçirilmişdir. O, AMEA Rəyasət Heyətinin
Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Ədəbiyyat
istiqamətli Əlyazmalar Fondunda aparılan tədqiqatlar kəmiyyətcə
az olsa da, əhəmiyyəti ilə seçilir.
Hesabat
ilində fondda 2 işin 4 mərhələsi həyata
keçirilmişdir. Tədqiqatlar Hatif
İsfahani Ordubadinin "Tibnamə", Məhəmməd
Taqinin "Leyli və Məcnun",
Hacı Molla Məhəmməd Naxçıvaninin "Səhabəd-Dümu"
("Buludların göz yaşı"), "Üsulu-Fiqh" əsərləri
əsasında aparılmışdır. 2011-ci ildə Əlyazmalar
Fonduna 61 adda əlyazma və qədim kitablar daxil olmuşdur. Əməkdaşların
1 monoqrafiyası, 1 kitabı, 1 metodik vəsaiti və 16 elmi məqaləsi
çap edilmişdir. Bir mühüm nəticə əldə
edilmişdir.
Astrofizika
sahəsində də elmi- tədqiqat işləri "Günəş
fəallığı elementlərinin, kometlərinin
müşahidələri və tədqiqi", "Günəş
sistemi cismlərinin fotometrik müşahidələri və tədqiqi"
istiqamətində aparılmışdır. Batabat Astrofizika Rəsədxanasında
1 problem, 2 mövzu üzrə 3 iş 6 mərhələdə
yerinə yetirilmişdir. Əməkdaşların 14 elmi məqaləsi
dərc olunmuş, bir mühüm nəticə əldə
edilmişdir.
Hesabat
ilində Naxçıvan Dövlət Universitetində 21 elmi
istiqamət, 22 problem, 257 mövzu ilə bağlı 217 mərhələ
yerinə yetirilmiş, 10 mühüm nəticə əldə
olunmuşdur. Universitet əməkdaşlarının
23 monoqrafiyası, 3 dərsliyi, 42 proqram, dərs və metodik vəsaiti,
846 məqaləsi, 119 tezisi çap edilmişdir. Ümumiyyətlə,
əməkdaşların 1033 əsəri çapdan
çıxmışdır ki, bunun da 295-i xarici ölkələrdə
nəşr olunmuşdur.
Naxçıvan
Müəllimlər İnstitutunda 3 elmi istiqamət, 3 problem,
68 mövzu 68 mərhələdə yerinə yetirilmiş, 6
mühüm nəticə əldə olunmuşdur. Hesabat ilində
institut əməkdaşlarının 2 monoqrafiyası, 9
kitabı, 148 məqalə və tezisi çap
olunmuşdur. Bunlardan 11-i xaricdə
işıq üzü görmüşdür (cəmi 159 əsər).
AMEA
Naxçıvan Bölməsinin elmi müəssisələrində
2011-ci ildə əldə olunmuş mühüm nəticələr
Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutu üzrə:
İş
1. Naxçıvanın arxeoloji tədqiqi işi üzrə.
Erkən
Tunc dövrünün yeni radiakarbon analizlər (c 14) əsasında
e.ə. V minilliyin sonundan (e.ə. 4200) başlandığı
qəti şəkildə təsdiq edilmişdir. Oğlanqala
yaşayış yerində aparılan tədqiqatlar (2006-2011)
göstərmişdir ki, Oğlanqala Urartunun sərhədləri
yaxınlığında yerləşmiş və onun ilk
tarixi urartulara qarşı mübarizə ilə bağlı
olmuşdur. Müəyyən edilmişdir ki, Oğlanqala
müəyyən mərhələdə Urartunun e.ə. IX və VIII əsrlərdə müharibələr
apardığı və urartuluların Etuini
adlandırdığı kiçik tayfaların və dövlətlərin
birliyinə daxil olmuşdur. Şahtaxtı
qazıntıları nəticəsində məlum olmuşdur
ki, abidə çoxtəbəqəli olmaqla yanaşı,
Eneolit dövründən məskunlaşdırılmışdır.
Eyni zamanda, Babək rayonunun Sirab kəndi ətrafında
aparılan araşdırmalar zamanı yeni Eneolit abidələri,
son Ubeyd mədəniyyətinə aid boyalı keramika aşkar
edilmişdir. Ordubad rayonunun Tivi kəndi ərazisində Erkən
Dəmir dövrünə aid Pətəkqoyulan, Təkəsaqqalı
zəmi, Zəy dərəsi, Sarıyal, Çərəzdər
və Pənahəli yalı abidələri qeydə
alınmışdır.
İcraçılar:
AMEA-nın müxbir üzvü V.Baxşəliyev, tarix üzrə
fəlsəfə doktoru Z.Rzayev, tarix üzrə fəlsəfə
doktoru T.Xəlilov.
İş
2. Müasir beynəlxalq münasibətlərdə
Naxçıvan məsələsi işi üzrə.
Tədqiqatlar zamanı geosiyasi və
geostrateji məkanda yerləşən qədim türk yurdu
Naxçıvanın öz coğrafi mövqeyinə görə
bir çox dövlətlərin diqqət mərkəzində
olduğu aydınlaşdırılmış, bölgənin
türk dünyası arasındakı əlaqələrin təmin
edilməsində oynadığı rolun əhəmiyyəti
açıqlanmış və problem sivilizasiyalararası
münasibətlər kontekstində dəyərləndirilmişdir.
Müəyyən olmuşdur ki, həqiqətən də, bu
qapının açıq olması türk
dünyasının beynəlxalq siyasətdə güc qazanmaq
üçün gələcəyinin parlaq olması deməkdir.
Bu qapının açıq olmasını istəməyən
kənar güclərin türk dünyasının gələcəyinə
mane olmaq cəhdləri araşdırılmış və məsələnin
əsas səbəbləri sivilizasiyaların kəsişməsinin
tərkib hissəsi kimi izah edilmişdir.
İcraçı:
Tarix üzrə fəlsəfə doktoru E.Şıxəliyev.
İncəsənət,
Dil və Ədəbiyyat İnstitutu üzrə:
İş
1. Naxçıvan MR-də onomastik vahidlərin tədqiqi
işi üzrə.
Tədqiqat nəticəsində
ilk dəfə olaraq tariximiz, dilimiz, milli
varlığımızla bağlı oronimlər növləri
üzrə qruplaşdırılmış, dil mənsubiyyəti,
yaranma yolları, semantik mənaları
araşdırılmış, oronimlərdə baş
vermiş fonetik və morfoloji dəyişikliklər təhlil
edilmiş, mənşələri ilə bağlı
fikir və mülahizələr yeni arqumentlərlə əsaslandırılmışdır.
Onomastik vahidlərin tarixi-linqvistik təhlili
zamanı onomalogiyanın antroponimiya, etnonimiya və toponimiya
yarımşöbələrinə aid materiallar əksini
tapmış, müxtəlif mənbələrdə işlənən xüsusi adlar
aşkarlanıb üzə çıxarılmış, bu
adlar əmələ gəlmə, yaranma yolları,
struktur-semantik tipləri, mənşəyi və ictimai-siyasi
xarakterinə görə
araşdırılmışdır. Kitab çapdan
çıxmışdır (220 s.).
İcraçı:
Filologiya elmləri doktoru A.Bağırov.
İş
2. Naxçıvan folklorunun toplanılması və öyrənilməsi
işi üzrə.
Tədqiqat
işinin nəticəsi kimi 33 janra, xüsusilə də ilk dəfə
olaraq acıtmalar, öcəşmələr, andlar,
yanıltmaclar və vücudnamələr də əksini
tapmışdır. "Sənəm cadu", "Ögey
ana", "Zəhra xanımın nağılı",
"Kasıb arvadın nağılı" adlı nümunələr,
sırf Naxçıvanla bağlı "Telli Qara"
dastanından verilən parça orijinallığı ilə
xüsusi əhəmiyyət daşıyır. Təcrübədə
ilk dəfə olaraq folklor arealının çevrələdiyi
obyekt-məkanların əks olunduğu "Onomastik
sözlüy"ün də antologiyaya daxil edilməsi
yenilikdir.
Aparılan
araşdırmada XVI-XX əsrlərdə Naxçıvan
mühitində yaşayıb-yaratmış aşıqlar və
el şairlərinin şeirlərindən nümunələr,
aşıq deyişmə və rəvayətləri toplanaraq
çap edilmişdir. Keçmiş sovet dövrü də
daxil olmaqla müstəqillik illərində regionun 50-dən artıq
aşıq və el şairi haqqında məlumat sistemləşdirilmişdir.
Folklor materiallarında insanların bədii təfəkkür
və estetik zövqünün zənginləşməsinə
xidmət etmiş bu irs Naxçıvan aşıq
mühitinin özəlliklərini, didaktik və tərbiyəvi
siqlətini özündə əks etdirir. Araşdırmada
ozan-aşıq sənətinin mənşəyi, klassik ənənələri,
elmi mənzərəsi və Azərbaycan aşıq ədəbiyyatında
tutduğu mövqe haqqında ciddi elmi-nəzəri fikirlər
irəli sürülmüşdür. Azərbaycan folkloru
antologiyası. Naxçıvan folkloru. II cild. (496 s.) və
"Naxçıvan aşıqları və el şairləri"
kitabı (152 s.) nəşr olunmuşdur.
İcraçılar:
Filologiya elmləri doktoru M.Cəfərli, filologiya elmləri
doktoru Y.Səfərov, filologiya üzrə fəlsəfə
doktoru R.Babayev.
Təbii
Ehtiyatlar İnstitutu üzrə:
İş
1. Naxçıvan MR-in Gümüşlü
qurğuşun-sink filizinin kompleks emalının elmi və
praktiki əsaslarının işlənməsi, Metal+x- (Sb, As,
Mo, In-in ikili halkogenidləri) - su, üzvi həlledicilər
sistemlərindən üçlü birləşmələrin
və onların nazik təbəqələrinin alınması
işi üzrə.
Kalium
antimoniltartrat duzunun selenesulfatla etilenqlikol mühitində
qarşılıqlı təsirindən sürmə(III)selenid
alınmışdır.
İcraçılar:
Kimya üzrə fəlsəfə doktoru Ə.Qarayev, elmi
işçi Rafiq Quliyev.
İş
2. Çoxkomponentli sistemlərdən qiymətli elementlərin
sorbsiya vasitəsilə ayrılmasının nəzəri və
praktiki əsaslarının işlənib hazırlanması
işi üzrə.
Zəifəsaslı Amberlit
İRA-743, AN-31 ionitləri ilə borat turşusunun, Duolayt
C-467 markalı xelatəmələgətirici makroməsaməli
aminofosfon funksional qruplu ionitlə isə Cu2+ ionunun sorbsiyası
öyrənilmiş, sorbsiya izotermlərinin tabe olduğu
qanunauyğunluqlar müəyyənləşdirilmiş,
seçiciliyin entalpiya amilindən asılılığı
termodinamik hesablamalarla təsdiq edilmişdir.
İcraçılar:
Kimya elmləri doktoru Ə.Abbasov, kimya üzrə fəlsəfə
doktoru F.Məmmədova.
Bioresurslar
İnstitutu üzrə:
İş
1. Genetik üsulların təkmilləşdirilməsi əsasında
eksperimental yolla alınmış yeni üzüm sort və
formalarının ampeloqrafik xüsusiyyətlərinin tədqiqi
və seçmə işi
üzrə.
Naxçıvan MR ərazisində
yayılan yabanı üzüm - V.sylvestris Gmel.
növünün müxtəlif biotipləri, 92 aborigen
sortların, 16 introduksiya olunmuş üzüm
formalarının ampelo - deskriptor xüsusiyyətləri
araşdırılmış, sortların yeni ekspres rəqəmsal
təyini üsulu işlənib hazırlanmışdır.
"Əlincə" və "Qəhvəyi"
üzüm formaları Dövlət Sort Sınağına təqdim
edilmək üçün hazırlanmışdır.
"Naxçıvan Muxtar Respublikasının
ampeloqrafiyası" adlı kitab nəşrə təqdim
edilmişdir.
İcraçı:
AMEA-nın müxbir üzvü T.Talıbov, biologiya üzrə
fəlsəfə doktoru V.Quliyev
İş
2. Naxçıvan MR-in flora biomüxtəlifliyinə daxil olan
ibtidai bitkilərin öyrənilməsi, nadir növlərin
mühafizəsi və istifadə imkanlarının
araşdırılması işi üzrə.
Naxçıvan
MR mikobiotasının növ tərkibi müəyyənləşdirilmiş.
16 fəsilə, 45 cins və 84 növ Naxçıvan MR, 4 cins
və 18 növ isə Azərbaycan mikobiotası
üçün ilk dəfə qeyd olunmuşdur. Növlərin
ekoloji xüsusiyyətləri dəqiqləşdirilmişdir.
İcraçı:
Elmi işçi Həmidə Seyidova.
Əlyazmalar
Fondu üzrə:
İş
1. Naxçıvan əlyazmalarının toplanması və tədqiqi
işi üzrə.
Araşdırma nəticəsində
XVIII əsrdə yaşamış filosof-təbib Hatif
İsfahani Ordubadinin "Tibnamə" əsərinin bu
nüsxəsi tədqiq edilmişdir. Əsərdə 20 babda
verilmiş xəstəliklərdən, onların müalicəsindən,
dərmanların hazırlanması yollarından bəhs olunur.
Müəllif əsərin son hissəsində müxtəlif
dərmanların, yeməklərin və içkilərin
xarakteristikasının və təsirinin izahını
vermişdir.
İcraçı:
Fəxrəddin Eylazov.
Batabat
Astrofizika Rəsədxanası üzrə:
İş
1. Kometlərin mövqe müşahidələri və tədqiqi
işi üzrə.
Tədqiqat ilində
tapılmış uzundövrlü kometlərin mövqe
müşahidələri və tədqiqi nəticəsində
məlum olmuşdur ki, uzundövrlü kometlərin
böyük əksəriyyətinin kiçik afeli məsafələrinə
malik olması faktı planet sarsıntılarının təsiri
ilə izah edilə bilməz, komet
buludlarının sərhədləri daha yaxın heliosentrik məsafələrdə
yerləşməlidir.
İcraçı:
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ə.Dadaşov
2011-ci
ildə Naxçıvan Dövlət Universitetində əldə
olunmuş mühüm nəticələr
İş
1. Məhəmmədağa Şahtaxtlının tərcümeyi-halı
işi üzrə.
İşdə
ilk dəfə olaraq, görkəmli Azərbaycan
maarifçisi, böyük publisist Məhəmmədağa
Şahtaxtlının (1846-1931) elmi tərcümeyi-halı
öz əksini tapmışdır. Azərbaycanla
yanaşı Rusiya, Almaniya, Türkiyə, Gürcüstan
arxivlərindən əldə edilmiş materiallar əsasında
Məhəmmədağa Şahtaxtlının həyatı və
fəaliyyətinin bütün dövrləri
araşdırılıb ümumiləşdirilmişdir.
Xüsusən, Məhəmmədağa Şahtaxtlının
tərcümeyi-halının Türkiyə mərhələsi
(1908-1913) və sovet dövrü (1920-1931) yeni arxiv sənədlərinə
istinad edilərək əsaslı şəkildə öyrənilmişdir.
Bundan başqa, tədqiqat işində ilk dəfə olaraq Məhəmmədağa
Şahtaxtlının Rusiya Xarici İşlər Nazirliyi
sistemindəki diplomatik fəaliyyəti tam halda elmi
araşdırmaya cəlb olunmuşdur. Burada Məhəmmədağa
Şahtaxtlının Türkiyə mətbuatı, türk
ziyalıları və dövlət adamları ilə əlaqələrinə
dair də zəngin məlumatlar vardır.
İcraçı:
AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru,
professor İ.Həbibbəyli
İş
2. Ələkbər Qərib Naxçıvanlının həyatı
və yaradıcılıq yolu işi üzrə.
İşdə XX əsrin ilk
onilliklərində ədəbi prosesdə real iştirak edən
unudulmuş ədib Ələkbər Qərib
Naxçıvanlının həyatı, mühiti, ədəbi
irsinin tədqiqi tarixi məsələləri ilk dəfə
sistemli şəkildə araşdırılmış, onun tərcümeyi-halı
yazılmış, çoxşaxəli fəaliyyətinin
yönləri ilə bağlı bir çox mübahisəli
məsələlər dəqiqləşdirilmişdir.
İcraçı:
Filologiya elmləri doktoru, dosent H.Həşimli.
İş
3. Şəxsiyyətin sistemli struktur təhlilinin metodoloji əsasları
işi üzrə.
Müəllif
öz tədqiqatında bu nəticəyə gəlmişdir
ki, sistemli-struktur təhlil metodologiyası şəxsiyyət
fenomeninin yaranması zəruriliyini, cəmiyyətin
inkişafı prosesində onun rolunu araşdırmağı
tədqiqatın əsas vəzifəsi kimi görür.
Sistemli-struktur təhlil metodu sistemlərin elə mühüm əsaslarını
araşdırır ki, insanın təbiət, cəmiyyət
və öz-özü ilə qarşılıqlı təsiri
onların vasitəsilə həyata keçirilir. Tədqiqatçı eyni zamanda şəxsiyyətin
tədqiqinin sistemli təhlil metodologiyasının əsas
müddəalarını tədqiqə cəlb etmiş, şəxsiyyətin
ən ümumi və əsas ünsürlərini subyekt, obyekt
və aktivliklik kimi səciyyələndirmişdir. İşdə
fəaliyyət və ünsiyyət kateqoriyaları da ətraflı
şərh edilmişdir.
İcraçı:
Fəlsəfə elmləri doktoru, professor M.Rzayev.
İş
4. Birinci Dünya müharibəsi ərəfəsi və
dövründə Azərbaycan əhalisinin sosial-iqtisadi durumu
işi üzrə.
Tədqiqat işində Birinci
Dünya müharibəsi ərəfəsində Azərbaycanın
beynəlxalq vəziyyəti, ölkənin imperialist dövlətlərinin
işğalçılıq planlarında olması, rus
müstəmləkəçiliyinin daha da
azğınlaşması, vətənimizin əsas xammal mənbələrinin
vəhşicəsinə xarici ölkələrə
dağılması və bu kimi ədalətsizliklərlə əlaqədar
əhalinin sosial-iqtisadi vəziyyətinin daha da
ağırlaşması kimi məsələlərin
araşdırılmasından bəhs edilir.
Elmi-tədqiqat işində həmçinin
yuxarıda göstərdiyimizin məntiqi nəticələri
olaraq mövcud rejimə qarşı mübarizənin güclənməsi,
bu mübarizəyə rəhbərlik edən milli-siyasi təşkilatların
yaranması və onların fəaliyyətlərinin nə dərəcədə
əhəmiyyətli olmasından bəhs edilir.
İcraçı:
Tarix elmləri doktoru Z.Şahverdiyev.
İş
5. İqtisadi subyektlərdə seqmentar hesabatın tərtibi
işi üzrə.
Elmi-tədqiqat
işində mövzuya uyğun olaraq Naxçıvan Muxtar
Respublikasının iqtisadi subyektlərində seqmentar
hesabatların tərtib edilməsində İFRS - Maliyyə
hesabatlarının beynəlxalq standartlar əsasında həyata
keçirilməsi üçün araşdırmalar
aparılmışdır. Bunun üçün
Naxçıvan Muxtar Respublikasında idarəetmə
uçotunun beynəlxalq standartlara uyğunluğu və eyni
zamanda, seqmentar hesabatların milli mühasibat uçotu
standartları əsasında tərtib edilməsi yolları
göstərilmişdir. Eyni zamanda, işdə seqmentar hesabatların
tərtibi üçün milli mühasibat uçotu
standartlarının xüsusiyyətləri də
araşdırılmışdır. Elmi tədqiqat işində
əsaslandırmalar MHBS və MMUS əsasında
aparılmışdır.
İcraçı:
İqtisad üzrə fəlsəfə doktoru T.Abbasov.
İş
6. Xətti psevdohiperbolik tənliklər üçün Koşi
məsələsinin ümumi ifadəsi və köməkçi
təkliflər işi üzrə.
İşdə
xətti psevdohiperbolik tənliklər üçün Koşi
məsələsinin qlobal həll olunması məsələlərinə
baxılmışdır. Qlobal həllin
varlığını göstərmək üçün əvvəlcə
lokal həllin varlığı isbat olunur və həllin
qlobal davam etdirilə bilməsi üçün şərtlər
verilir. Bununla əlaqədar olaraq bir sinif xətti
psevdohiperbolik tip differensial tənliklər üçün
Koşi məsələsinin həllinin analitik ifadəsi
alınmışdır. Həmçinin teoremi isbat etmək
üçün bir sıra köməkçi qiymətləndirmələr
isbat olunmuşdur.
İcraçı:
Riyaziyyat üzrə fəlsəfə doktoru A.Kazımov.
İş
7. Tərkibində müxtəlif funksional qrup və heteroatom
saxlayan bəzi üzvi maddələrin sintezi və tədqiqi
işi üzrə.
Merkaptosirkə turşusunun (MST)
HS-CH2-COOR ümumi formulu ilə göstərilən bəzi birəvəzli
və R/ - S-CH2-COOR ümumi formulu ilə göstərilən
ikiəvəzli törəmələri (MSTBT və MSTİT) məlum
metodikalar əsasında sintez edilmiş, ilk dəfə olaraq
onlar müxtəlif tədqiqat üsullarının köməkliyi ilə neft və qaz kondensatının
çıxarılması, təmizlənməsi, ilkin
emalı, saxlanması və nəqlinə uyğun model şəraitlərdə
CT-3 markalı poladın korroziya prosesinə qarşı
inhibitor kimi tədqiq edilməklə effektivliklərinin
quruluşundan, qatılıqdan və mühitin təbiətindən
asılılığı ilə bağlı bir
sıra qanunauyğunluqlar aşkar edilmişdir. Müəyyən
edilmişdir ki, bu birləşmələrin əksəriyyəti
bu və ya digər sistemlərdə korroziya inhibitoru təsirinə
malikdir.
Göstərilmişdir
ki, bu birləşmələrin R-radikalında karbon zəncirinin
boyunun qısalması və şaxələnməsi effektivliyə
mənfi, ora oksigen atomuna malik fraqmentin daxil edilməsi isə
müsbət təsir göstərir. Həmçinin göstərilmişdir
ki, birinci hal metal səthində adsorbsiya zamanı fəza
çətinliyinin yaranması, ikinci hal isə oksigen atomunun
rabitəyə sərf olunmamış elektronları
hesabına "metal - inhibitor molekulu" əlaqəsinin daha
da möhkəmlənməsi ilə bağlıdır.
Müəyyən
edilmişdir ki, MSTBT-də (HS-CH2 COOR) -SH qrupunda hidrogen atomunun
heç də bütün əvəzlənmələri
alınmış yeni birləşmələrin - MSTİT-nin
(R/ - S-CH2-COOR) korroziya inhibitoru kimi effektivliyinin yüksəlməsinə
səbəb olmur. Göstərilmişdir ki, MSTİT-nin
effektivliyi R/ - fraqmentinin molekul kütləsi ilə
yanaşı onun quruluşundan, uzunluğundan və təbiətindən
də əhəmiyyətli dərəcədə asılı
olur.
İcraçı:
Kimya elmləri doktoru, dosent T.Əliyev.
İş
8. Araz çayı hövzəsinin Naxçıvan Muxtar
Respublikası daxilində çay sisteminin hidroqrafik
xüsusiyyətləri işi üzrə.
2011-ci ildə çoxillik
tematik plan-proqrama uyğun olaraq Araz çayının
Naxçıvan MR ərazisindəki çayların, xüsusilə
hövzəsinin bir hissəsi Ermənistan Respublikasında yerləşən
Qabaxlıçay, Çanaxçıçay və Şərqi
Arpaçayın və s. hidroqrafik xüsusiyyətlərinin
ekoloji baxımdan tədqiqi
araşdırılmışdır. Mənbəyi və çay sisteminin əsas hissəsi
Ermənistanda, mənsəbi isə Azərbaycanda yerləşdiyinə
görə bu çayların suyu qonşu respublikanın məişət,
kommunal, sənaye və kənd təsərrüfatı sahələrinin
tullantıları ilə mütəmadi çirklənməyə
məruz qalır və bəzən, xüsusilə
çayların mejen dövründə sututarlarda ekoloji gərginlik
yaranır. Göstərilən çaylarda ekoloji
tarazlığın pozulmasını və onun inkişaf
dinamikasının tədqiqi suyundan müxtəlif məqsədlər
üçün istifadə edən Azərbaycan
üçün olduqca mühüm əhəmiyyət və
aktuallıq kəsb etməkdədir. Araşdırmalar
zamanı çaylarda hidroqrafik şəbəkənin və
ayrı-ayrı çay sistemlərinin müasir vəziyyətini
öyrənmək, optimallaşdırma və
proqnozlaşdırma aparmaq üçün onların hövzələrinin
hidroloji şəraiti, su rejimi,
buz və termik rejimi, kimyəvi tərkibi, keyfiyyət
göstəriciləri, bərk axını,
axının illik paylanması elmi əsaslarla ekoloji
baxımdan öyrənilmişdir. Gələcəkdə
ayrı-ayrı hövzələr üzrə ekoloji
rayonlaşdırılmanın aparılması, göstərilən
çayların həm də hidroenerji ehtiyatlarının
hesablanması əsas məqsədlərdən biri kimi nəzərdə
tutulmaqdadır.
İcraçı:
Coğrafiya üzrə fəlsəfə doktoru, dosent N.Bababəyli.
İş
9. Naxçıvan MR-də peritonitlərin etioloji
faktorlarının araşdırılması işi üzrə.
İşdə 10 il ərzində
Naxçıvan MR-in aparıcı tibb müəssisələrinin
materialları əsasında peritonitli xəstələrin
hansı etioloji faktorlarla müraciət etmələri
araşdırılmış, nadir hallarda peritonitlərin
etioloji faktoru kimi rast gəlinən xəstəliklər
qruplaşdırılmış, xəstəliyin müalicəsinə
və müalicənin nəticələrinə bu
faktorların təsiri öyrənilmişdir.
Etioloji faktorların tədqiqi
sayəsində Naxçıvan MR-də peritonitlərin
etiologiyasının "coğrafiyası" müəyyənləşdirilmiş,
nadir təsadüf edilən xəstəliklər zamanı
diaqnostik çətinliklərin aradan qaldırılması məqsədi
ilə lazımi tövsiyələr verilmişdir. Nadir
təsadüf edilən xəstəliklər nəticəsində
əmələ gələn peritonitlərin təsnifatı təklif
edilmiş və bu ümumişlək vəziyyətdə təqdim
edilmişdir.
İcraçı:
Tibb üzrə fəlsəfə doktoru, dosent İ.Abdullayev.
İş
10. Naxçıvan Muxtar Respublikasında ekoloji amillərin həzm
prosesinə təsiri işi üzrə.
Ekoloji amillərin həzm
prosesinin fizioloji xüsusiyyətlərinə müsbət və
mənfi təsiri vardır. Ətraf mühit temperaturunun
aşağı düşməsi, eyni zamanda, havada oksigenin
normal miqdarı həzm prosesinin sürətlənməsinə
səbəb olur. İsti hava, havada karbon qazının, həmçinin
zərərli
qazların miqdarının normadan çox olması həzmin
zəifləməsinə, insan orqanizminin normal inkişaf etməməsinə
şərait yaradır. Naxçıvanda ətraf mühitin
nisbi təmizliyi insanların həzm və maddələr
mübadiləsinə müsbət təsir edir ki, nəticədə
uşaqların və yaşlı insanların inkişafı
normal səviyyədə gedir.
İcraçı:
Baytarlıq üzrə fəlsəfə doktoru, dosent S.Məhərrəmov.
AMEA
Naxçıvan Bölməsinin 2011-ci ildəki elmi-təşkilati
fəaliyyətinin təsnifatı
Elmi əsərlərin nəşri və
qrant layihələri
2011-ci ildə AMEA
Naxçıvan Bölməsinin əməkdaşları 18
kitab, 5 monoqrafiya, 3 metodik vəsait, 4 tövsiyə, 557 məqalə,
23 tezis, 7 xəritə və 2 buklet olmaqla 619 elmi əsər nəşr
etdirmiş, 2 patent almışlar. Əsərlərdən 2
kitab, 129 məqalə və 16 tezis - ümumiyyətlə, 147 əsər
xaricdə çapdan çıxmışdır. Əməkdaşların
respublikanın dövri mətbuatında 220 məqaləsi
çap olunmuşdur. Həmçinin Bölmədə
humanitar və ictimai, təbiət və texniki elmlər
seriyalarından ibarət olan "Xəbərlər"
jurnalının 4 nömrəsi çapdan
çıxmışdır ki, bu nömrələrdə
Bölmə əməkdaşlarının 141 məqaləsi
işıq üzü görmüşdür. Tərtib
olunmuş materiallar əsasında www.qedim.nakhchivan.az veb-saytı və rəsmi
www.ameanb.nmr.az veb-saytı istifadəyə
verilmişdir. Hesabat ilində Bölmənin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
Folklorşünaslıq şöbəsinin əməkdaşları
"Axtarışlar" adlı elmi jurnalın
çapına başlamışlar. Hazırda
"Hüseyn Cavid Ensiklopediyası", "Azərbaycan
folkloru antologiyası. Naxçıvan folkloru"nun III cildi,
"Şərur folkloru" toplusu, "Onomalogiya problemləri"nin
II cildi, "Ktematonimlərin linqvistik xüsusiyətləri"
(Naxçıvan Muxtar Respublikasının materialları əsasında)
kitabları üzərində iş yekunlaşır, iki patent
hazırlanaraq Naxçıvan Muxtar Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsinə təqdim edilmişdir.
2011-ci ildə "AMEA
Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanası
üçün spektrometrik cihazların düzəldilməsi,
quraşdırılması, "Seyss-600" teleskopunda
sınaq müşahidələrinin aparılması,
ixtisaslı elmi-texniki kadrların hazırlanması və
spektroskopik tədqiqatların həyata keçirilməsi"
və "Naxcıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən
molibden(VI)oksidin, surmə (III) sulfidin və farmasevtik təmiz
natrium-xloridin yeni alınma metodlarının işlənməsi"
mövzusu üzrə qrant layihəsi çərçivəsində
elmi-tədqiqat işləri davam etdirilmişdir. 2011-ci ildə
əməkdaşlardan k.e.d. Ə.Abbasovun rəhbərliyi
ilə "Gümüşü polimetallik yatağı
filizinin kompleks emalının elmi və praktiki əsaslarının
işlənib hazırlanması" və AMEA-nın
müxbir üzvü T.Talıbovun rəhbərliyi ilə
"Naxçıvan Muxtar Respublikasında rəsmi dərman
bitkilərinin genefondunun müəyyənləşdirilməsi,
təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən
səmərəli istifadə olunması və mühafizəsinin
elmi əsasları" mövzularında işlər Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun qrant layihələri üzrə müsabiqənin qalibi
olmuşlar.
Elmi
kadrların hazırlanması
AMEA
Naxçıvan Bölməsində ştat cədvəli
üzrə 2011-ci ildə 269 nəfər əməkdaş
çalışmışdır. Hesabat dövründə 16
nəfər (7 laborant, 9 texniki işçi) yeni işə
götürülmüşdür. Hazırda
Bölmədə 93 nəfər elmi işçi, 18 nəfər
laborant və baş laborant çalışır ki, onlardan 2
nəfər AMEA-nın həqiqi üzvü, 4 nəfər
AMEA-nın müxbir üzvü, 7 nəfər elmlər
doktoru, 45 nəfər fəlsəfə doktoru olaraq fəaliyyət
göstərirlər. Bölmə əməkdaşlarından
62 %-nin elmi dərəcəsi vardır.
Hesabat ilində AMEA
Naxçıvan Bölməsinin doktoranturasına fiziki kimya,
botanika, Azərbaycan ədəbiyyatı, beynəlxalq hüquq
ixtisasları üzrə 4 nəfər fəlsəfə
doktoru, zoologiya və folklorşünaslıq ixtisasları
üzrə 2 nəfər elmlər doktoru qiyabi hazırlıq
üzrə qəbul olunmuş, mövzu və rəhbərləri təsdiq
edilmişdir. Bölmə əməkdaşlarından
4 nəfər (R.Qasımov, Z.İsmayıl, G.Seyidzadə,
H.Seyidova) fəlsəfə doktoru dissertasiya işini müvəffəqiyyətlə
müdafiə etmiş, 4 nəfərin (V.Quliyev, F.Nəbiyeva,
S.Hacıyev və E.Məmmədov) elmlər doktoru, 3 nəfərin
isə (Ə.Hüseynzadə, M.Quliyev, Y.Rəhimov)
fəlsəfə doktoru dissertasiyası müzakirədən
keçərək müdafiəyə təqdim edilmişdir.
Hazırda AMEA Naxçıvan Bölməsində 8 doktorant
(qiyabi), 17 nəfər dissertant var. Bölmədə
fəaliyyət göstərən Dissertasiya Şurasında 3
nəfər "Vətən tarixi", 1 nəfər
"Xalq təsərrüfatının iqtisadiyyatı və
idarə edilməsi (kənd təsərrüfatı)"
ixtisasları üzrə doktorluq, 2 nəfər "Xalq təsərrüfatının
iqtisadiyyatı və idarə edilməsi" ixtisası
üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə
etmişdir. Hesabat ilində AMEA Naxçıvan
Bölməsinin əməkdaşları Bölmədə və
digər elmi müəssisələrdə üzv olduqları
müdafiə şuralarında elmi-təşkilati fəaliyyətlərini
davam etdirmiş, çox sayda fəlsəfə doktoru və
elmlər doktoru dissertasiyalarına rəsmi rəy
yazmış, rəhbərlik və rəsmi opponentlik
etmişlər.
Heydər
Əliyev lektoriyasının fəaliyyəti
və keçirilən tədbirlər
2011-ci
il AMEA Naxçıvan Bölməsində fəaliyyət
göstərən "Heydər Əliyev lektoriyası"nın
6 məşğələsi keçirilmişdir. Məşğələlərdə ümummilli
lider Heydər Əliyevin həyatı və çoxcəhətli
siyasi fəaliyyətinin müxtəlif istiqamətləri
öyrənilmiş, eyni zamanda "Heydər Əliyev və
Azərbaycan Respublikasının dövlət qadın siyasəti",
"Heydər Əliyev və müstəqil Azərbaycan",
"Tarixə qayıdış", "Heydər Əliyev
və Azərbaycan Respublikasının enerji siyasəti",
"Heydər Əliyev müstəqil Azərbaycan
Respublikasının banisi, memarı və qurucusudur" və
s. mövzularda geniş məruzələr dinlənilmişdir.
Hesabat
ilində Bölmədə 15 konfrans, 10 iclas və 41 seminar
keçirilmişdir.
Bunlardan Naxçıvan Dövlət Universiteti,
Naxçıvan Müəllimlər İnstitutu ilə birgə
"Naxçıvan Muxtar Respublikasının təşkili:
tarix və müasirlik" (Naxçıvan, 9 fevral 2011),
Naxçıvan Dövlət Universiteti, Naxçıvan
Müəllimlər İnstitutu və Naxçıvan Özəl
Universiteti ilə birgə "Azərbaycan Xalq Cümhuriyyəti
və müstəqil Azərbaycan" (Naxçıvan, 27 may
2011), "Müstəqil Azərbaycanın 20 il ərzində
keçdiyi tarixi yol" (Naxçıvan, 26 avqust 2011),
Naxçıvan Dövlət Universiteti ilə birgə
"Milli mədəniyyət tariximizdə Eynəli bəy
Sultanov imzası: görkəmli publisist, böyük
yazıçı və fədakar ziyalı"
(Naxçıvan, 13 iyul 2011), Professor Abbas Zamanovun 100 illiyi -
"Böyük vətəndaş və görkəmli elm
xadimi" (Naxçıvan, 25 sentyabr 2011), "Nəsillərə
nümunə: görkəmli dövlət xadimi və diplomat
Behbud ağa Şahtaxtinski" (Naxçıvan, 28 sentyabr
2011), Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi,
Dövlət Statistika Komitəsi və Naxçıvan
Dövlət Universiteti ilə birgə "Müstəqil Azərbaycanın
inkişafı rəqəmlərdə" (Naxçıvan,
7 oktyabr 2011) mövzularında keçirilən elmi-praktiki
konfransları, eləcə də 20 Yanvar faciəsinin 21-ci,
Xocalı faciəsinin 19-cu ildönümü, 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü, 18 Aprel Tarixi Abidələrin
Mühafizəsi Günü, "Heydər Əliyev və
müasir Azərbaycanın inkişafı", "Dövlət
müstəqilliyimizin bünövrəsi",
"Naxçıvanda rəssamlığın
inkişafı", Akademik Ziya Bünyadovun 90 illiyi münasibətilə
"Müharibə qəhrəmanı - elm fədaisi"
mövzularında keçirilən elmi konfransları qeyd etmək
olar. 2011-ci ildə akademik İsmayıl Hacıyevin 60 illik,
k.e.d. Bayram Rzayevin və kimya üzrə fəlsəfə
doktoru Vahid Quliyevin isə 70 illik yubileyləri qeyd olunmuş,
"Azərbaycan Xalq Cümhuriyyəti və
Naxçıvan", "Naxçıvan Muxtar
Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və
mədəni inkişafı (1991-2011-ci illər)",
"Kalbalı xan Naxçıvanski", "Osmanlı
qaynaqlarında Naxçıvan" elmi kitablarının təqdimatı
keçirilmişdir.
Tədqiqat
ilində Bölmənin 46 əməkdaşı Barnaul,
Vladiqafqaz, Qars, Ankara, Budapeşt, Leypsiq, Bitlis, İsparta, Sivas,
Ərdahan, İzmir, Aşqabad, Alikante, Prizren, Bişkek, Ordu, Ərzurum,
Fəthiyə, Tiflis, Urmiya, Astana, Aydın, Karaman,
Şanlıurfa və s. şəhərlərdə 47 beynəlxalq
simpozium və konfranslarda məruzələrlə
çıxış etmişlər.
Maddi-texniki bazanın artırılması
2011-ci il AMEA
Naxçıvan Bölməsində mövcud cihaz və
avadanlıqların təkmilləşdirilməsi davam
etdirilmiş, ayrı-ayrı struktur bölmələrə 10 ədəd
kompyuter və kompyuter avadanlıqları
alınmışdır ki, buna 7878 manat vəsait xərclənmişdir.
Bölmənin nəqliyyat strukturunu təkmilləşdirmək
üçün 17464 manat dəyərində bir ədəd
UAZ-390945 markalı avtomobil alınmışdır.
Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunda "Arxeologiya muzeyi"
üçün tarixi abidələrin şəkillərinin
alınmasına 944 manat, Bioresurslar İnstitutunun
Aşağı Əylis kəndində "Biokimyəvi tədqiqatlar"
və Təbii Ehtiyatlar İnstitutunun "Sorbsiya prosesləri"
laboratoriyalarına avadanlıq və cihazların
alınmasına 148935 manat, İnstitutun "Nəbatat
bağı"nın inzibati binasında maddi-texniki bazanın
təkmilləşdirilməsi üçün 7753 manat vəsait
xərclənmişdir. Təbii Ehtiyatlar İnstitutunun
"Sorbsiya prosesləri" və Bioresurslar İnstitutunun
"Biokimyəvi tədqiqatlar" laboratoriyalarına 5 ədəd
soyuducu alınmışdır ki, buna da 3245 manat vəsait sərf
edilmişdir. Əməkdaşlar elmi-tədqiqat
işləri üçün ezamiyyətdə olmuş və
bu məqsədlə 9705 manat sərf edilmişdir. Bölmənin Mərkəzi Elmi Kitabxanasının
zənginləşdirilməsi üçün müxtəlif
jurnal və ədəbiyyatların alınmasına 1277 manat vəsait
xərclənmişdir. 2011-ci ildə 11789 manat dəftərxana
ləvazimatları və cari təsərrüfat, 2510 manat nəşriyyat,
10800 manat yanacaq və sürtgü materialları, 10259 manat təbii
qaz yanacağı alınmasına sərf olunmuşdur.
Cari ildə
Naxçıvan Bölməsinin Elmi Kitabxanasına 375 ədədi
Azərbaycan, 16 ədədi rus dillərində olmaqla 391 ədəd
yeni kitab daxil olmuşdur ki, bunlardan 145 ədədi Azərbaycan
Respublikası Prezidentinin sərəncamı əsasında
latın qrafikası ilə nəşr edilmiş kitablardan ibarətdir.
Kitabxanaya daxil olan ədəbiyyatın 238 ədədi
Naxçıvan MR Ali Məclisi tərəfindən, eləcə
də müxtəlif müəlliflər və şəxslər
tərəfindən hədiyyə verilmişdir. Qərbi Avropa və Şərq ədəbiyyatı
bölmələrinə 63 ədəd kitab daxil olmuşdur.
Hesabat müddətində kitabxana fonduna 6 ədəd
dissertasiya və 379 ədəd avtoreferat daxil olmuşdur.
2011-ci ildə Bölmənin kitabxana fonduna daxil
olan 356 ədəd humanitar elmlərə aid ədəbiyyatın
elektron kataloqlaşdırılması işi yerinə
yetirilmişdir. Hesabat ilində Heydər Əliyevin həyatı
və siyasi fəaliyyəti adlı kartotekada "1993 - Tarixi
qayıdış" adlı yeni rubrikalar
açılmış, o cümlədən "Azərbaycan
qadınları - tarixdə və siyasətdə",
"Şahtaxtinskilərin tarixi", "Yeni Azərbaycan
Partiyası", "Dünya azərbaycanlılarının
həmrəyliyi. Azərbaycan diasporu",
"Unudulmuş unudulmazlar" kartotekaları yaradılmışdır.
Hal-hazırda kitabxana fondlarının ümumi həcmi
53856 ədəd təşkil edir.
AMEA Naxçıvan Bölməsinin
ehtiyacları və çatışmazlıqlar
2011-ci ildə
Naxçıvan Bölməsinin fəaliyyətində qeyd
edilən uğurlu göstəricilərlə yanaşı,
bir sıra həll olunmamış problemlər də
olmuşdur:
- 2011-ci ildə
Naxçıvan Bölməsinin tərkibindəki institutlarda
elmi-tədqiqat işlərinin müasir tələblər səviyyəsində
aparılması üçün bir sıra qiymətli cihaz və
avadanlıqlar əldə edilsə də, bu sahədə
görülən işlərin davam etdirilməsinə ehtiyac
duyulur.
- Tədqiqatlardan
əldə edilən nəticələrin müzakirəsi
Bölmə tərkibindəki elmi-tədqiqat müəssisələrində
keçirilən elmi seminar və iclaslarda lazımi səviyyədə
keçirilmir.
-
Naxçıvan Bölməsinin bəzi elmi-tədqiqat
institutları əməkdaşlarının elmi fəaliyyətləri
və beynəlxalq tədbirlərdə iştirakı qənaətbəxş
deyildir.
* * *
Hesabat məruzəsi
ilə bağlı müzakirələrdə akademiklər
Mahmud Kərimov, İsa Həbibbəyli, Asəf Nadirov,
AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Adil Qəribov və başqaları
çıxış edərək öz fikir və təkliflərini
bildirmiş, Bölmənin illik hesabatını qənaətbəxş
hesab etmişlər.
AMEA Rəyasət
Heyəti Naxçıvan Bölməsinin 2011-ci ildəki elmi
və elmi-təşkilati fəaliyyəti haqqında
hesabatını dinlədikdən və müzakirə etdikdən
sonra əldə olunmuş mühüm nəticələrin
AMEA-nın illik hesabatına daxil edilməsi və hesabatın
təsdiq olunması haqqında qərar qəbul etmişdir.
ELM.-
2012.- 24 fevral.- S.2-5.