Buraxılmış bir siyasi səhvin bağışlanılmaz acı nəticələri

və ya Azərbaycan torpaqlarının ermənilərə güzəştə

gedilməsi prosesi necə baş vermişdir

 

Məlum tarixi həqiqətdir ki, Cənubi Qafqaz ərazisində heç zaman Ermənistan deyilən dövlət olmamışdır. 1917-ci ilin fevralında Rusiyada baş verən burjua-demokratik inqilabından sonra imperiya dağılmış və onun keçmiş ərazilərində yaşayan bir sıra xalqlar öz müqəddəratlarını təyin etmək hüququ əldə etmişdilər.

1917-ci ilin martından 1918-ci ilin mayın 26-dək Zaqafqaziya Federasiyası tərkibində Azərbaycan, Gürcüstan və 1804-1813, 1826-1830-cu illərdə və XX əsrin  I yarısında Azərbaycan ərazilərinə (İrəvan, Naxçıvan və Qarabağ) keçmiş Rusiya və Sovet imperiyalarının hərbi-strateji maraqlarını təmin etmək məqsədilə köçürülən ermənilər birləşdilər. 1918-ci il mayın 26-da Gürcüstan Zaqafqaziya Seyminin tərkibindən çıxmaq haqqında qərar qəbul etdikdən sonra, həmin ayın 28-də Azərbaycandan olan deputatlar Azərbaycanın müstəqilliyi haqqında bəyannamə qəbul etdilər. Maraqlıdır ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin hansı ərazilərdə elan ediləcəyini gözləyirdilər. Onlar Azərbaycan Milli Şurasına müraciət edərək Aleksandropolun türk ordusu tərəfindən tutulduğunu qeyd edir və İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsi məsələsini müzakirə etməyi təklif edirlər. Müzakirələrdən sonra İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz zərurət olduğu, Azərbaycan xalqı üçün isə qaçılmaz acı bir bəla olduğu Milli Şura üzvləri tərəfindən etiraf edilir. Bu baxımdan Fətəlixan Xoyskinin Ermənistan  hökuməti başçısının məktubuna verdiyi cavabla bağlı onun AXC-nin xarici işlər naziri M.H.Hacinskiyə 1918-ci ilin mayın 29-da göndərdiyi məktub çox  maraqlıdır. Fətəlixan məktubunda yazırdı ki: "biz ermənilərlə bütün mübahisələri qurtarmışıq və onlar bizim ultimatumumuzu qəbul edəcəklər və müharibə qurtaracaqdır. Biz İrəvanı ermənilərlə güzəştə getdik". Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev 2008-ci ilin əvvəlində Ağdam rayonuna səfəri zamanı 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən bu qərarın çox səhv və yanlış bir addım olduğunu qeyd etmişdir. Ölkə prezidenti öz fikri ilə tarixi həqiqəti təsdiqləmişdir. Bəs bu tarixi həqiqət arxiv sənədlərində öz əksini neçə  tapmışdır, bu hadisələr neçə baş vermişdir sualına cavab tapmaq üçün arxiv sənədlərinə müraciət edək. 1918-ci il mayın 29-da Azərbaycan  Milli Şurasının dördüncü iclasında iki dəfə İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi ilə bağlı məsələ müzakirə olunur. Birinci dəfə məsələ müzakirə edilərkən iclasda Milli Şuranın 28 nəfər üzvü iştirak edir və səsvermə zamanı 16 nəfər lehinə, 1 nəfər əleyhinə, 3 nəfər bitərəf qalmaqla 8 nəfərin hansı mövqe tutduğu göstərilmir. Həmin gün keçirilən ikinci iclasda İrəvandan olan Milli Şuranın üzvləri M.H.Seyidov, M.B.Rzayev və N.Nərimanbəyov yazılı şəkildə Milli Şuranın İrəvanın ermənilərə güzəştə gedilməsinə qarşı etiraz ərizəsilə müraciət etsələr də, iştirak edən 26 nəfər Milli Şura üzvü məsələyə münasibət bildirmədən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına razılıq verirlər. İrəvandan olan deputatların yazılı şəkildə təqdim etdikləri  etiraz məktubu işə tikilsə də indi bu sənəd arxivdə yoxdur. Milli Şura üzvlərinin bu məsələdə  tutduqları belə bir mövqe bir sıra suallar doğrurur. İrəvan şəhərinin ermənilərə güzəştə gedərkən şəhər əhalisinin və onları təmsil edənlərin  rəyi soruşulmuşdumu? Sənədlər təsdiq edir ki, heç bir rəy sorğusu və yaxud bu istiqamətdə hər hansı bir addım atılmamışdı. Bütün bunlar bu qərarın həm siyasi, həm də hüquqi cəhətdən nə qədər səhv olduğunu bir daha təsdiq edir. Digər tərəfdən, bu şəhərin ermənilərə verilməsi məsələsi ilə bağlı son illərdə aparılan tədqiqatlar, xüsusilə də arxiv  sənədlərinin üzə çıxarılması Azərbaycan xalqını daim düşündürən bir sıra suallara aydınlıq gətirmişdir. Bu baxımdan t.ü.f.d. V.V.Qafarovun 2011-ci ildə nəşr etdirdiyi "Türkiyə - Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922)" adlı monoqrafiyası çox böyük əhəmiyyət kəsb edir. Monoqrafiya Türkiyə Cümhuriyyəti Baş Bakanlığın Osmanlı Arxivindən bu məsələyə müəllif tərəfindən aşkar edilmiş sənədlər əsasında yazılmışdır. Əsərdə qiymətli  məlumatlar çoxdur, lakin İrəvan şəhərinin verilməsi ilə bağlı diqqəti cəlb edən ən mühüm sənəd Azərbaycan Xalq Cümhuriyyətini yaradanların Ənvər paşaya  1918-ci il mayın 22 və 23 tarixlərində ünvanladıqları müraciətdir. Müraciətin mətnini heç bir şərh vermədən bu məqalədə verməyi məqsədəuyğun sayıram. Müraciətdə deyilirdi: "Paşa Həzrətləri! ...Osmanlı hökumətinin tashih-i hüdud haqqındakı təklifi ilə müttəhid Qafqaz fikri məhv olur. Üç - gürcü, müsəlman və erməni kantonu əvəzinə yalnız iki kanton qalır. Çünki Axalkələk, Aleksandropol, Eçmiəzdin, Sürməli sancaqları ilə İrəvan sancağının bir qisminin ilhaqından sonra Ermənistan kantonunun qtis-i küllisi  Türkiyəyə keçmiş olur. Qeyd edilən kantonun Cənubi Qafqaz daxilində  qalan qismi isə o qədər məhdud və az bir şeydir ki, həmin hüdud daxilində bir kanton təşkilindən qətiyyən bəhs oluna bilməz. Sayca ermənilər Cənubi Qafqazda çox bulunuyorsalar da onlar ufak-ufak kıtalarla müsəlman ərazi meydanına  səpilmiş bir halda olub, bu ayrı-ayrı parçalardan bir erməni kantonu biçmək nə coğraftyaca mümkün, nə də felən təsəvvür olunur, müsəlman əhali belə bir təklifi dinləmək belə istəməz. İki kantonlu müttəhid Qafqaz hökumətinə gəlincə, burada gürcülər qətiyyən razı deyildirlər. Onlar işin belə müşkül bir şəklə müncər olacağı ilə hasil olacaq ihtilat-ı daxiliyəyi  kamilən təqdirdə kəndi yüklərini sudan çıxarmaq üçün  ika olunucağını təxmin eylədikləri yanğına iştirak etməmək, ermənilərlə əlaqəni pisləşdirməmək və eyni zamanda da kəndi ərazilərini bir sel kimi gələcək olan erməni mühacirətinə qarşı müdafiə eyləmək üzrə kəndi istiqlallarını elan ilə Qafqaz vahdaniyətindən xaric müstəqil bir siyasət ittihazına qərar vermişlərdir. İş bu dərəcəyə gəlincə, təbiidir ki, biz də Şimali Qafqaz ilə birlikdə Qafqaz müsəlmanlarının istiqlalını elan etməliyk. Fəqət indiki halda məsələnin belə bir şəkil alması müvafiqdirmi?

Bizə elə gəlir ki, bu, Trabzonda irae olunub da Batumda bir daha tevezzuh edən mulahazat ilə pek də müvafiq  olmaz. Acaba Türkiyə, kiçik qardaş bulunan Azərbaycan və ümumiyyətlə, böyük türk siyasətindən ötrü bakalım hansı yol müvafiqdir. Kəndi daxilində hüsn-i  intiqamla meşyu, daima fırsat ardından koşan və ilk imkan bulunca arxamızdan xəncəri vurmaq zeyniyətində qalan erməni arzu-yı milisi  münker və hər zaman türk siyasəti əleyhində mudahelat-ı əcnəbiyəyi ihtar edən intiqalara vasitə olacaq bir buçuk milyonluq bir erməni kütləsi bulundurmaqmı, yoxsa türk akvamı mlə muhat, sevkülceyş nokta-yı nazarınca zararsız və amal-ı milliyesince təmin  olunmuş kiçik bir erməni kantonumu? Siyasət-i milliyemiz nokta-yı nazarından bizcə ikinci şəkil daha faydalı və münasib  olsa gərək... Biz daha erməni kantonu təsisindən bəhs etdikdə məqsədimiz erməniləri müdafiə deyil, kəndi siyasətimiz, türk siyasət-i umumiyesi nokta-yı nəzərindən baxır və məsələni bu siyasət kaidəsinə həll etmək istəyirik...". Müraciətnamənin sonuna Azərbaycanın Batum sülh konfrasındakı nümayəndələri olan M.H.Hacınski və M.Ə.Rəsulzadədən başqa Əhməd bəy (Can Baba), A.Səfikürdski, Ə.C.Pepinov, M.Y.Cəfərov, F.X.Xoyski, N.Yusifbəyli və X.Xasməmmədov imza atmışdılar. Bu müraciətnamənin göndərilməsindən bir gün əvvəl -  mayın 22-də Ə.Hüseynzadə və Ə.Ağaoğlu da Tələt paşaya və Ənvər paşaya eyni məzmunlu bir müraciətnamə  göndərmişdilər. Buradan haqlı bir sual doğur. Müzakirələr zamanı Milli Şura üzvləri yaranmış vəziyyəti nəzərə alaraq bu ağır bəladan imtina edə bilərdilərmi və mümkün idimi və başqa xalqların tarixində buna oxşar bir hadisə baş veribmi? Yuxarıda göstərilən sənəddən aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar hələ cümhuriyyət yaranmamışdan əvvəl Qərbi  Azərbaycan torpaqlarını ermənilərə güzəştə gedilməsi haqqında öz aralarında razılığa gələ bilmişlər. Buna görə də XİX əsrin əvvəlində  Fransa tarixində baş vermiş mühüm bir hadisə belə bir fikir yürütməyə əsas verir ki, Milli Şura üzvləri torpaq məsələsi müzakirələri aparılarkən belə bir səhv addım atmaya bilərdilər, lakin bu səhv addım artıq əvvəlcədən planlaşdırılmışdı. Digər tərəfdən  onların əksəriyyəti Avropa və çar Rusiyası Universitetində təhsil almış insanlar olduqları üçün Avropa tarixini və o cümlədən beynəlxalq hüquq məsələlərini çox gözəl bilirdilər. Odur ki, 1815-ci ildə Napoleon Bonapart məğlub edildikdən sonra Vyana konqresinə toplaşan qalib dövlətlərin başçıları bütün Avropanın və o cümlədən Fransanın taleyini həll etməli idilər. Fransanın ağır vəziyyətə düşdüyünü görən ölkənin xarici işlər naziri Taleyran çıxış yolu kimi legitimlim prinsipi deyilən bir diplomatik vasitədən istifadə etmək qərarına gəldi. Legitimlik prinsipinin əsas mahiyyəti ondan ibarət idi ki,  qalib dövlətlər Avropa xalqlarının gələcək taleyini həll edərkən Fransanın 1792-ci ilə qədər olan təbii sərhədlərinə toxunmamalı idilər. Bu uğurlu diplomatik vasitədən istifadə edən Taleyran konsessdən əvvəl qalib dövlətlərin başçıları və xarici işlər nazirləri ilə görüşdü və demək olar ki,  öz istəyinə nail oldu və beləliklə, ölkənin ərazi bütövlüyünü qoruya bildi. Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradanların bir çoxu bu tarixi çox gözəl bilirdi. Digər tərəfdən, 1918-ci ilin may və sentyabr aylarında Cənubi Qafqazda yaranmış siyasi vəziyyət Azərbaycanın hər halda xeyrinə olduğu halda belə onlar bundan istifadə edib İrəvan şəhərini güzəştə getməyə bilərdilər. Amma çox təəssüf! Qeyd etmək lazımdır ki, İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra   1918-ci  il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99.908.86 kv.km təşkil edirdi. 13.983.10 kv. kilometr ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması  nəzərdə tutulmuşdu.

Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 7.913.17 kv.km təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin  Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular. Sovet Rusiyası hökuməti Gürcüstan və Ermənistan missiyaları ilə ərazi məsələlərini Azərbaycan SSR hökumətindən gizli aparırdı. Ən dəhşətlisi isə o idi ki,  Azərbaycan nümayəndə heyəti belə danışıqlara cəlb edilərkən onları ya ermənilər, ya da gürcülər təmsil edirdilər. Azərbaycanlılar isə nə ermənilərin, nə də ki, gürcülərin nümayəndə heyətlərinin tərkibinə daxil edilirdilər. 1920-ci il avqustun 10-da İrəvan şəhərində Sovet Rusiyası ilə Ermənistan arasında müqavilə imzalanarkən bir sıra diplomatik sənədlərin də sübut etdiyi kimi, burada Azərbaycanın milli-dövlət mənafelərinə ciddi qəsdlər edilərək Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi planlaşdırılmışdı. Bu zaman Sovet Rusiya hökuməti S.Orconikidzenin belə bir iddiasından çıxış edirdi ki, "...məlum siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər. İrəvandakı danışıqlar tərəfləri gələcək sülh müqaviləsini tanımağa məcbur edən protokolun imzalanması ilə qurtardı, ki, həmin sazişlə də Ermənistan Qarabağdan imtina etməli, ancaq Zəngəzur və Naxçıvanı almalı idi. Əslində Azərbaycanın tarixi torpaqlarının Ermənistana verilməsi planı Leninin razılığı ilə  Stalin tərəfindən hazırlanmışdı. Çünki sonrakı illərdə bu torpaqların hissə-hissə zəbt olunması və bu ərazilərdə yaşayan əhalinin deportasiyası da Stalin tərəfindən həyata keçirilmişdi.

 (ardı var)

 

Cəbi BƏHRAMOV,

 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun

elmi işlər üzrə direktor müavini, professor

 

Elm.- 2012.- 20 noyabr.- S.7.