Etrusk mətnlərinin türk
dilləri əsasında
düzgün tərcüməsi
meyarları
(əvvəli 20 noyabr 2012-ci il
tarixli sayımızda)
Xeyli
etrusk sözünün daxil olduğu latın dili də bu həqiqəti
qismən təsdiq edir. Bu dildəki haruspex ("falabaxan")
sözünün tərkibindəki harus kəlməsinin etrusk
mənşəli olması Avropa etruskoloqlarına məlumdur,
sadəcə onun mənşəyi onlara məlum deyildir. Harus
mətndəki arvus ilə, eləcə də türk dillərindəki
harva/arva ("əfsunlamaq") feli ilə eyni kökdəndir.
Mətndəki
aius ("söyləyin") həm qədim türk dilindəki
ay ("söyləmək"), həm də latın dilindəki
aio ("söyləmək") ilə eyni mənşəlidir.
Latın
dilindəki etrusk leksik substratı etrusk mətnlərindəki
bir çox sözlərin düzgün tərcümə
olunduğunu bir daha sübut edir.
Türkcə
səslənən və mətnin ümumi məzmununu
tamamlayan daha bir sətir:
santi
ma vilu tule
Leksik
və morfoloji baxımdan tamamilə qədim türkcə səslənən
və mətnin məntiqi davamı olan bu sətir "həm
də layiqli ölü borcunu ödəmək" kimi tərcümə
olunur:
Etrusk Qədim türk
santi sandı ("sanlı",
"layiqli",
"mötəbər")
ma ma "həm də"
vilu vile "ölü" (çuvaşca")
tule tüle (çuvaşca), töle (qədim
türkcə) "borcunu ödəmək", "haqqını ödəmək"
Qədim
türk və çuvaş dillərinin materialı əsasında
yuxarıdakı cümlənin tam leksik-morfoloji
qarşılığı əldə olunur:
Etrusk Qədim
türk/çuvaş
santi ma vilu tule
sandı ma vile tüle "həm də mötəbər
ölü borcunu ödəmək"
Qədim
türk dilində ma
hissəciyi ("həm də", "və") çox
geniş işlənmişdir: adın-ma taqı bar
sözüm "mənim həm də başqa bir
sözüm var": yana-ma ayıttı... "və yenə
soruşdu".
Etrusk mətnindəki ma hissəciyinin
"və", "həm də" mənasında
olduğunu daha bir faktor sübut edir: tarixən etrusklarla əlaqələndirilən
lidiyalıların da dilində ma eyni mənada işlənmişdir.
Herodotun etrusklarla əlaqələndirdiyi
lidiyalıların dilində belə
ümumi dil faktları çox saydadır. Erkən lidiyalıların
qeyri-hind-Avropa mənşəli olduqlarına, regionun digər
xalqları kimi onların da sonradan
hindavropalaşdıqlarına dair fikirlər vardır.
Etrusklarla
eyni regionda yaşamış romalıların,
yunanların, hat və
hurrilərin də dillərində işlənmiş bu
türkizmlər regionun türk mənşəli dillərinin
təsiri ilə bağlı olmuşdur. Odur ki, etrusk mətnlərinin
düzgün tərcüməsini yalnız türk dillərinin
faktları deyil, həm də latın, Lidiya, qədim yunan və
başqa qədim dillərdəki alınma türkizmlər də
təsdiq edir.
Buna daha bir əyani misal kimi, etrusk
dilindəki makte felini göstərmək olar. Türkiyəli tədqiqatçı
A.Ayda İtaliya etruskoloqu M.Pallottino tərəfindən "tərifləmək"
kimi mənalandırılan makte felinin türk dillərindəki
makta ("tərifləmək") olduğunu qeyd edir. Lakin
eyni fel makto şəklində latın dilinə də daxil
olmuşdur. Latın dilinə etrusk dilindən alınan makto və
eləcə də digər sözlər etrusk mətnlərinin
türk dilləri əsasında düzgün tərcümə
olunduğuna aydınlıq gətirən əlavə dəlildir.
Etrusk dilində sami
mənşəli alınma sözlərin
olması etruskoloqlara məlumdur. Xüsusilə
finikiyalılarla etruskların sıx regional əlaqəsi nəticəsində
etrusk dilinə nesl ("nəsil"), meit ("meyid") və
digər sami elementləri daxil olmuşdur. Bu siyahıya
hüzur sözü də daxildir.
Bu sözə Laris
Pulena adlı şəxsin
epitafiyasında rast gəlirik. Mətn başdan-ayağa mərhumun
ruhunun tanrılara qovuşmasından, tanrıların
hüzurunda rahatlıq tapmasından bəhs edir. Həmin
tanrılar Alumnath, Cath, Paxanak və Hermudur:
pul Alumnath pul Hermu huzrna tre
"Yetiş Alumnath
və Hermunun
hüzuruna xidmətə/haqqa".
Mətndəki pul türk dillərindəki
bul/pul ("tapmaq", "qovuşmaq", "yetişmək")
felidir. Onu izləyən
tre isə qədim türk dilindəki ter ("haqq",
"xidmət") sözünün yönlük hal
forması (tere> tre "xidmətinə")
ola bilər. Yönlük halı bildirən - e şəkilçisi
(tere "xidmətə", "haqqa") yalnız türk
dilləri üçün deyil, Kiçik Asiyanın bir sıra erkən dilləri
üçün də səciyyəvi olmuşdur.
Göründüyü kimi, etruskların mifologiyasında mərhumun ruhunun Alumnath və
Hermuya qovuşması bir mükafat, haqq, xidmət
sayılmışdır. Bizim düzgün qərara gəldiyimizə
əsas verən həm də odur ki, Zilki Keysininin
epitafiyasında da onun ölüm haqqına qovuşduğunu bildirən ifadənin
(fatel tre) tərkibində tre sözü vardır. İfadə
latın dilindəki
fatal ("ölüm") sözündən və yönlük halda olan -tre sözündən
(ter-e) ibarətdir: "ölüm
haqqına".
Laris Pulenanın epitafiyasında
həm də mərhumun işıqlı
dünyaya getməsi arzu olunur:
Pul hermu thutuithi
"Hermunun işıqlı dünyasına qovuş"
Əvvəlki cümlədə işlənən
pul burada da "tapmaq",
"qovuşmaq" mənasındadır. thutuithi isə
çuvaş dilindəki thuta ("işıq",
"işıqlı dünya", "ağ")
sözü əsasında öz mənasını tapır.
İsmin yerlik halında (-thi) olan bu sözün sayəsində
cümlə aşkar olaraq "Hermunun işıqlı
dünyasına qovuş" ("tap", "yetiş")
mənasındadır.
Maraqlıdır ki, çuvaş
dilində də thuta
("işıqlı") sözü tençe
("dünya") ilə birləşmədə
"işıqlı dünya" mənasında işlənir:
thuta tençe "işıqlı dünya".
thuta ayrı-ayrı etrusk mətnlərində
çuvaş dilindəki thuta sözünün digər mənalarında
çıxış edir. Elney Ramtha adlı qadının
epitafiyasında işlənən ati thuta ifadəsini Avropa
etruskoloqları "gözəl ana" kimi şərh etmişlər. Ati
sözünün "ana" mənasını
daşıması etrusk-latın bilinqvalarından məlumdur,
lakin thuta sözünə aid olunan məna təxminidir.
Çuvaş dilindəki thuta sözünün digər mənası
("sevimli, "xoşbəxt") sayəsində ati thuta
ifadəsi özünün dəqiq mənasını əldə
edir: "sevimli ana".
Mex adlı
etrusk vəzifə
titulunun atributu kimi işlənmiş thuta sözünün mənası
aydınlaşdırılmamışdır. Halbuki etrusk dilindəki thuta
sözünün ilkin mənası ("işıqlı")
əsasında mex thuta "işıqlı hökmdar"
kimi tərcümə edilə bilər.
"İşıq" mənalı sözün
hökmdarların atributu kimi işlənməsi antik dövr
üçün səciyyəvi hal idi. Bu hala qədim
türklərin yaruk teqin ("işıqlı şahzadə")
vəzifə titulunda da rast gəlirik.
Göründüyü kimi, etrusk və
çuvaş dillərindəki thuta sözü yalnız
fonetik baxımdan müqayisəyə cəlb edilən təsadüfi
uyğunluq deyildir, həm də semantik baxımdan, ən
önəmlisi isə çoxmənalılıq üzrə
üst-üstə düşən leksemlərdir.
Yuxarıdakı dini ayinlərlə bağlı mətnlərin, eləcə də
epitafiyaların tədqiqi şəffaf olaraq göstərir ki,
bu mətnlər sistemli şəkildə türk mənşəli
dini və ayin terminologiyasından ibarətdir, cümlələr
morfoloji quruluşuna görə də türkcə və
çuvaşçadır. Belə bir sistem heç zaman təsadüfi
ola bilməz.
Etrusk dilinin
tam leksik və morfoloji cümlə səviyyəsində
türkcə şərhi mifologiya ilə bağlı bir mətndə
də şəffaf olaraq görünür. Məzar sütunu üzərindəki
bir yazıda etrusk dilinin qədim türk mahiyyəti xüsusilə
yüksək bir səviyyədə öz ifadəsini
tapır:
hermial. kapzna. slman. sexis. kapzna
("Hermesin qapısına saldırma, axirət
qapısına")
Mətndə yiyəlik halda olan (-al) hermial qədim yunan mifologiyasında
ölənlərin ruhunu o dünyaya yola salmaq
funksiyasını daşımış Hermesi bildirir. Məzar
üzərində qoyulan bu sütun o dünyaya gedən yolun
simvolu, qapısı hesab edilərdi. Müqəddəs
sayılan bu qurğuya zərər gətirmək günah
sayılardı.
Sütun üzərində yazılmış
hermial kapzna slman məhz qədim türkcə
"Hermesin qapısına xətər yetirmə" mənasındadır. Yalnız Hermial
("Hermesin") Qafqaz dillərinə xas olan yiyəlik hal
formasında olub, etrusk dilinin qeyri-türk komponentinə aiddir.
Onu izləyən kapzna türk dillərində ismin mənsubiyyət
(-sı/-si) və yönlük (-na) hal şəkilçiləri
qəbul etmiş qapısına sözüdür. Slman isə
qədim və müasir türk dillərində
"vurmaq", "saldırmaq", "zərər yetirmək"
mənalı sal felinin qədim türk dilinə xas olan inkar
(-man, -men) şəklidir: salman "vurma", "zərər
yetirmə".
Mətnin bu hissəsi şəffaf şəkildə "Hermesin
qapısına zərər yetirmə mənasındadır ki,
bu da yuxarıda qeyd olunan mifoloji baxışla tam
üst-üstə düşür.
Mətnin
ikinci hissəsi birincinin tam məntiqi davamıdır:
sexis kapzna
"axirət qapısına"
Sexis qədim türk yazılarında "qiyamət", "axirət",
"haqq-hesab" mənalarını daşıyan sağis
sözünün fonetik variantıdır (Türk dillərində
a-e saitlərinin əvəzlənməsi geniş
müşahidə olunur).
Sexis kapzna aşkar olaraq "axirət qapısına" mənasında
olub, əvvəlki hissəni mənaca tamamlayır:
"Hermesin qapısına zərər yetirmə, axirət
qapısına". Yiyəlik halda olan hermial istisna olunmaqla mətn
leksik və morfoloji baxımdan qədim türkcədir:
Etrusk Qədim türk
Hermial kapzna slman, [hermesin]
kapısına salman,
sağıs
sexis kapzna kapısına
Bu mətnin də
qrammatik cümlə səviyyəsində
qədim türkcə olması, mətndəki sözlər
arasında semantik əlaqə, nəticə etibarilə bitkin
bir fikrin ifadəsi göz önündədir. Mətnin iki hissəsi
arasındakı məntiqi əlaqə də tamamilə şəffafdır:
Hermesin qapısına saldırma, zərər gətirmə,
çünki o, axirət qapısıdır.
Bu mətndə diqqəti
cəlb edən həm
də odur ki, onun qədim türkcə ortaya çıxan məzmunu
regionun mifoloji reallığı ilə tam üst-üstə
düşür. Beləliklə, bir tərəfdən mətnin qrammatik
cümlə səviyyəsində qədim türkcə
olması, eyni zamanda regionun məlum bir mifoloji gerçəyini
- məzar sütununun Hermesin qapısı sayılması
inancını əks etdirməsi etrusk dilinin qədim türkcə
olması faktından qaynaqlanır. Əks halda edilən tərcümə
həm linqvistik, həm də ekstra-linqvistik tələblərə
cavab verməzdi.
Bu qənaətə gəlmək
olur ki, etrusk mətnlərinin
qədim türkcə olduğunu təsdiqləyən
mühüm linqvistik və ekstra-linqvistik faktorlar vardır ki,
onların əsaslarını aşağıdakı kimi
qruplaşdırmaq olar:
1. Etrusk mətnlərində
aşkar etdiyimiz qədim türkizmlər bitkin bir fikir ifadə
edən qrammatik cümlə əmələ gətirir və qədim
türk dilinin materialı əsasında həmin cümlələrin
tam leksik-morfoloji qarşılıqları əldə olunur:
santi arvus ta aius - qədim türk sandı arviş ta ayız
"mötəbər əfsun da söyləyin"; santi ma
vilu tule - qədim türk sandı ma vile tule "həm də
mötəbər ölü haqqının ödənməsi";
kapzna slman, sexis kapzna - qədim türk kapısına salman,
sağis kapısına "qapısına saldırma, axirət
qapısına" və s.
Dünyanın heç bir dili əsasında etrusk mətnlərinin
cümlə səviyyəsində belə
qarşılıqları əldə olunmamışdır,
yalnız ayrı-ayrı sözlərin zahiri uyğunluğu əsasında
müəyyən fikirlər söylənmişdir. Lakin ayrı-ayrı sözlərin
zahiri oxşarlığı çox zaman təsadüfi səciyyə
daşıyır.
2.
Müxtəlif sahələrə aid olan etrusk mətnlərində
məhz həmin sahələri əks etdirən türkizmlər
toplu halda müşahidə olunur: dini ayinlərlə
bağlı mətnlərdə qədim türk dini terminləri,
qurbanvermədən bəhs edən mətnlərdə
qurbanvermə ilə bağlı qədim türk
terminologiyası, epitafiyalarda mərhumun əbədi
rahatlığa qovuşması və digər oxşar məfhumlarla
bağlı türkizmlər sistemli halda işlənir;
3. Etrusk mətnlərindəki
bir sıra türkizmlər yalnız bir mənada deyil, türk
dillərində malik olduqları digər mənalarda da işlənir:
türk (çuvaş) thuta "işıqlı",
"işıqlı dünya", "sevimli, -etrusk thuta
"işıqlı", işıqlı dünya",
"sevimli".
4. Etrusk mətnlərinin
qədim türk dillərinin materialı əsasında
düzgün tərcümə olunduğunu göstərən
daha bir sübut odur ki,
etrusk dilindəki sözlərin bir qrupu həmin
regionda danışılmış latın, het, Lidiya və
digər dillərdə də işlənmişdir: etrusk, qədim
türk ma "və", Lidiya ma "və", etrusk, qədim
türk ai "söyləmək", latın aio
"söyləmək", etrusk, qədim türk arvus,
arvı "əfsun", harva əfsunlamaq", latın harus
"əfsun", "falabaxma" və s.
5.
Çuvaş türkcəsi üçün səciyyəvi
olan fonetik və morfoloji əlamətlərin etrusk dilində ardıcıl şəkildə
təmsil olunması, ümumtürk y samitinin həm etrusk, həm
də çuvaş dillərində sözlərin
önündə dişarası th (q) samiti ilə,
ümumtürk t samitininsə etrusk, bəzən isə
çuvaş dilində söz sonunda th kimi tələffüzü
və digər fonetik əlamətlər etrusk dilinin
formalaşmasında bulqar-çuvaş tipli türk dilinin də
iştirakını şəffaf şəkildə göstərir.
Etrusk dilinin türk komponenti bulqar-çuvaş və digər
qədim türk dillərinin qovuşuğudur ki, bu da bulqar-çuvaş türkcəsinin
digər qədim türk dillərindən çox erkən
çağlarda ayrıldığına sübutdur.
Bulqarların qədim mənbələrdə
kimmerlərə aid olunması,
İtaliyada etruskların məskunlaşdığı
Kampaniya vilayətində isə Kimmer adlı şəhərin
olması etrusk dilindəki çuvaş komponentinin haradan
qaynaqlandığ ını göstərir.
6.
Kombinator tərcümə metodu ilə araşdırma aparan Qərb
dilçiləri bir çox etrusk sözlərinin mənalarını
düzgün təyin etsələr də, onların
türkizm olmalarının fərqinə varmamışlar
(flerth "bəlli et" - türk belirt "bəlli et",
nak "necə" - qədim turk
neke/nak "necə", thur "övlad" - çuvaş
thur "bala", "övlad", makte "tərif etmək"
- tatar makta "tərif etmək" və s.). Bu faktın
özü də etrusk dilinin türk mahiyyətindən xəbər
verir. Etrusk dilinin sirrini açmağa yaxın olan avropalı
dilçilər sadəcə kombinator metod ilə etimoloji tərcümə
metodunu uzlaşdıra bilmədiklərindən, etrusk dilinə
açar rolunu oynayacaq qohum dili müəyyən edə bilmədiklərindən,
istənilən nəticə əldə edilməmişdir.
Çingiz QARAŞARLI,
filologiya elmləri doktoru
Elm.- 2012.- 30 noyabr.-
S.12.