"QARA
QİTƏ"NİN GÖVHƏRİ
Planetimizin mənzərəsi
İslam aləminin ən
böyük gil məscidi - Cənnə məscidi Cənnə
şəhərinin, eləcə də Malinin (Afrika) ən
görməli yerlərindən biridir. Burada
hələ XIII əsrdə tikilmiş məscid,
təəssüf ki, XIX əsrdə
dağıdılmışdır. Hal-hazırda Cənnənin
rəmzi sayılan bu məscid isə yenidən
1907-ci ildə tikilmişdir. Tikinti işlərinə Cənnə bənna
gildiyası nəzarət etmişdir.
Məscidin palma ağacından olan dirəkləri gündüz və gecə temperaturlarındakı fərqin, tropik yağıntıların, yüksək rütubətliliyin neqativ təsirlərinə tab gətirə bilir. Hər il Malidə Niger çayının daşması ilə əlaqədar olaraq təpəlikdə tikilmiş məscid gil qalaya çevrilir.
İslam - Malinin əsas dinidir, əhalinin 90%-ni müsəlmanlar təşkil edir. Cənnə məscidi
yalnız ibadət yeri deyil, eyni
zamanda mənəvi mərkəz hesab olunan məkandır.
1996-cı ildə
"Vogue" jurnalı məscidə
qarşı qeyri-əxlaqi
material nəşr etdikdən
sonra buraya yalnız müsəlmanların
daxil olmasına icazə verilir. Tikilinin daxilində müsəlmanların
açıq səma altında namaz qılmaları üçün
xüsusi həyət
vardır. Memarların
bir çoxu Cənnə məscidini islam ənənələri
ilə süslənmiş
Sudan-Saxeliya memarlıq
üslubunun şah əsəri hesab edirlər.
"Burada zaman dayanır"-deyirlər. Yəqin
ki, beş
əsr əvvəl də Cənnənin yerli ənənəvi üsluba müvafiq olaraq bütünlüklə
gildən tiklimiş evləri elə bu sayaq imiş.
Məscid bütünlüklə
gil, saman
və peyin qarışığından hazırlanmış
materialdan tikilmişdir.
Əslində, bu şəhərdə
əsas tikinti materialı məhz bu qatışıqdır.
Hətta
burada bütün yeni tikintilərdə yalnız "banko" adlanan bu materialdan
istifadəyə nəzarət
edən xüsusi komitə də yaradılmışdır. 1906-1909-cu illər ərzində tikilən bu məscid, demək olar ki, hər
il təmir
edilir. Gil o qədər
də dayanıqlı
material olmadığından Afrikada yağıntı mövsümü başlayan
vaxt gildən olan bütün tikililər, həmçinin
Cənnə məscidi,
demək olar ki, göz önündə
əriyir! Yağıntılar qurtaran kimi şəhərdə əsas
məqsədi zərər
çəkmiş məscidin
və digər tikililərin bərpası
olan festival təşkil
edilir.Yalnız məscidin
bərpası yekunlaşdıqdan
sonra digər tikililərə diqqət ayrılır.
Məscid kompleksinə hər birinin hündürlüyü
11 metr olan 3 minarə daxildir. Məscidin
bütün bürclərində
straus yumurtaları
görmək mümkündür.
Yerli əhalinin inancına görə bu, bərəkət və paklıq rəmzidir.
Cənnə məscidi şəhərin
ticarət meydanının
mərkəzində yerləşir.
Yüksək platforma üzərində
ucaldılan tikili bazarın çoxsaylı
piştaxtaları və
çadırları arasında
məğrur görkəmi
ilə fərqlənir.
Məscidin qibləsi şərqə
- Məkkəyə doğrudur.
Məscidin interyerinə çoxsaylı
dəhlizlər, həmçinin
bir neçə zal daxildir.
Məscidin ən böyük
zalı, təbii ki, ibadət üçün nəzərdə
tutulmuşdur. Uzunluğu
50, eni 26 metr olan döşəməsi
torpaqdan və qumdandır. Tikilinin cənub və
şimal divarlarında
xaotik şəkildə
kiçikölçülü pəncərələr vardır.
Qaranlıq içində olan
məscid bu pəncərələrdən daxil
olan gün işığı ilə
işıqlanır. Şəhərin sakinləri uzun müddət məscidə
işıq xətlərinin
çəkilməsində tərəddüd edir, konstruksiyaya zərər vurmaqdan çəkinirdilər.
Nəhayət ki, bu yaxınlarda tərəddüdlərə
son qoyuldu. Həmçinin, məsciddə səsgücləndirici
aparatlar tətbiq edilməyə başlanıldı.
Yerli əhali
bu qeyri-adi memarlıq nümunəsini
özlərinin ikinci evi hesab edir. Bu nəhəng kompleks 1988-ci
ildə "Cənnənin
qədim şəhərləri"
obyektinin tərkibində
UNESCO-nun Ümumdünya irsi
siyahısına daxil edilmişdir.
İnternet materialları əsasında
hazırladı:
Ülviyyə MƏMMƏDOVA
Elm.- 2012.- 30 noyabr.- S.16.