Xəbəri məchul fellərlə ifadə olunmuş

cümlələrdə mübtəda məsələsi

 

Azərbaycan dilinə aid elmi qrammatika kitablarının yazıldığı tarixdən 200 ilə yaxın bir vaxt ötür. Professor Mirzə Kazım bəyin 1939-cu ildə Qazan şəhərində nəşr olunan "Türk-tatar dilinin qrammatikası" dərsliyindən sonra bu sahə ilə bağlı yüzlərlə dərsliklər yayılmış, müxtəlif dil məsələləri ilə bağlı minlərlə tədqiqat işi aparılmışdır. XIX əsrin sonu, XX əsrin əvvəllərində dilçilik məsələləri ilə bağlı qabarıq şəkildə nəzəri cəlb edən "qabarma və çəkilmələr" özünü büruzə versə də, XX əsrin sonlarına yaxın bir durğunlaşma, sakitlik özünü göstərmişdir. XX əsrin 20-ci illərindən 70-ci illərinədək Azərbaycan dilinin qrammatikasına aid elə bir anlayış, məfhum, qanun, hadisə və s. olmamışdır ki, ona müxtəlif formada, müxtəlif baxış bucağından yanaşılıb, aydınlaşdırılaraq ifadə edilməsin.

İsmin hallarının qrammatika dərsliklərindəki sayına, cümlənin sadə, qovuşuq və mürəkkəb adı altında üç yerə bölünməsinə və digər bu kimi məsələlərə diqqət yetirdikdə bu daha qabarıq görünür. XX əsrin birinci yarısında nəşr olunan dərsliklərlə həmin əsrin sonunda nəşr olunan dərslikləri müqayisə etdikdə bu fərq, bu müsbət irəliləyiş diqqəti daha çox cəlb edir.

Bütün bu irəliləyişlərlə yanaşı, Azərbaycan dilinin qrammatikası ilə bağlı elə məsələlər də vardır ki, onlar bu günöz həllini gözləməkdədir. Həmin məsələlərə olan münasibətlər əksər dilçilər tərəfindən şəksiz surətdə qəbul edilsə də, diqqətlə yanaşdıqda görürük ki, bu yanaşmalar obyektiv gerçəkliyi əks etdirmir. XX əsrin əvvəllərində müxtəlif anlayışlarla bağlı söylənilən fikirlər bu gün də diqqətlə təhlil edilmədən eynilə təkrar edilir.

Həmin zaman kəsiyində məsələlərə o cür yanaşma ola bilsin ki, aktual olsun. Lakin zaman keçdikcə öz aktuallığını itirən və yeni yanaşmalar tələb edən məsələlər bütün elm sahələrində, o cümlədən də dilçilikdə də vardır.

Yeni yanaşma tələb edən məsələlərdən biri də, xəbəri məchul fellərlə ifadə olunan cümlələrdə mübtəda məsələsidir. Bu məsələ ilə bağlı müxtəlif dərsliklərdə müxtəlif fikirlər olmasa da, bu məsələ bu gün izaha, aydınlaşdırılmağa ehtiyacı olan əsas məsələlərdən biridir. Bu gün aliorta məktəblər üçün yazılan dərsliklərdə xəbəri məchul fellərlə ifadə olunan cümlələrdə obyektin subyekti əvəz etdiyi, yəni cümlənin tamamlığının mübtəda yerində işləndiyi qeyd olunur.

Məsələn, hələ 1959-cu ildə nəşr edilən "Azərbaycan dilinin qrammatikası" (II hıssə) kitabında bu məsələ ilə bağlı yazılıb: "Azərbaycan dilində səxssiz cümlələrin xəbəri ancaq təsirsiz fellərin məchul növü ilə ifadə olunur. Şəxssiz cümlələrin xəbərinin felin məchul növü ilə ifadə olunması qanunauyğun bir haldır, çünki aktiv cümləni passiv cümləyə çevirdikdə təsirli felin tələb etdiyi vasitəsiz obyekt cümlənin mübtədası olur" (səh. 285 )

Bu gün nəşr olunan dərsliklərdə də eyni fikir irəli sürülür və müdafiə olunur. Yəni onlar bu qənaətdədirlər ki, məsələn, Rasim taxtanı rəndələyir cümləsində Rasim subyekt ( görən) taxtanı obyekt (üzərində icra olunan), yonur isə təsirli məlum feldir. Lakin bu cümlənin xəbərini məchul fellə ifadə etdikdə cümlə Taxta yonuldu formasına düşürobyekt, (üzərində icra olunan) subyekti ( görəni ) əvəz edir, bir sözlə tamamlıq mübtədanı əvəz edir. Bu fikirlərə diqqətlə yanaşdıqda düşünürsən: üzərində icra olunan obyekt subyekti ( görəni) həqiqətən əvəz edə bilirmi?

2010-cu ildə nəşr edilən "Müasir Azərbaycan dili" (Q.Ş.Kazımov. Morfologiya. Ali məktəblər üçün dərslik) dərsliyində şəxssiz növ fellərdən danışarkən müəllif yazır: " Bilirik ki, məlum növ təsirli fellərin həm subyekti, həm də vasitəsiz tamamlığı - müstəqim obyekt bildirən sözü olur. Məsələn, Qoşun çayı keçdi - cümləsində qoşun - subyekt, çayı obyekt bildirən söz, keçdi - təsirli məlum feldir. Əgər bu felə -il şəkilçisini artırsaq, subyekt (qoşun) fəallığını itirəcək, obyekt bildirən söz (çayı sözü) onun yerinə keçəcək yenə də cüttərkibli - şəxsli (mübtədalı) cümlə alınacaqdır: Çay keçildi" (səh. 205)

1947-ci ildə nəşr edilən və "Azərbaycan dilinə aid tədqiqlər" adlanan məqalələr toplusunda xəbəri məchul fellərlə ifadə olunan cümlələrdə obyektin subyekti əvəz etməsi məsələsi araşdırılmır. Orada qeyd edilir ki, "Məchul növ , hal və hərəkətin bir şəxs üzərində, yaxud bir şəxs haqqında icra olunmasını bildirir. Bu şəxs "kim", "nə" suallarından birinə cavab olur. İş, hal, hərəkət faili ( görəni - mübtədası - S.Z.) insandırsa " kim", başqa canlı, yaxud cansız şeydirsə "nə" sualı verilər. Məsələn: 1) Sona Moskvaya göndərildi, 2) Məktub Moskvaya göndərildi. " Göndərildi məchul feli birinci cümlədə "kim", ikincidə isə " nə " sualı ilə səxsə bağlanır" (səh. 78).

İzahdan görünür ki, burada obyektsubyekt məsələsi araşdırılmır. Söhbət cümlədə yalnız fellə əlaqələnən "kim" və "nə" suallarından gedir, bir sözlə mübtədadan.

1954-cü ildə nəşr edilən "Müasir Azərbaycan dili" (M.Hüseynzadə, ADU nəşriyyatı) dərsliyində məchul fellərə münasibət başqa formada ifadə edilmişdir. Orada qeyd olunur ki, məchul felli cümlələrdə " İşin kim tərəfindən icra olunduğu məlum olmur. Fail naməlum olduğundan obyekt onun rolunu ifadə edir. Başqa sözlə desək, obyekt subyekti əvəz edir" (səh. 179).

Müəllif fellərdən danışarkən sanki məsələni ətraflı şərh etməyə ehtiyac duymur, morfoloji anlayışdan danışdığı halda birdən-birə fikrinin düzgünlüyünü sübut etmək üçün sintaktik anlayışlara müraciət edir. Bununla bağlı yazır: "Müvafiq şəkilçi qəbul etdikdən sonra həmin fellərin hamısı təsirsiz olur, cünki obyekt qeyri- fəal deyil, cümlənin fəal üzvü yerini tuturobyektin (vasitəsiz tamamlığın) suallarına cavab verə bilmir. Buna görə də subyektin suallarına cavab verə bilir" (səh. 179).

Məlumatdan görünür ki, müəllif cümlədə adi halda tamamlığın suallarına cavab verən sözün məchul fellərlə işləndikdə həmin suala cavab vermədiyini nəzərə alaraq onu başqa cümlə üzvü sırasına daxil edə bilmir. Kim, nə sualı mübtədaya aid olduğundan həmin cümlədə nə sualına cavab verən sözü də cümlənin mübtədası adlandırır.

Başqa bir əsərdə də (Müasir Azərbaycan dili, Elm nəşriyyatı, Bakı - 1980) məchul fellərlə bağlı məlumat elə əvvəlki dərsliklərdəki fikrin eynini təşkil edir. Bununla bağlı yazılır: "Məlum növ fellərdən fərqli olaraq bu növdəki (məchul növdəki - S. Z.) fellərdə işin icraçısı öz yerini cümlə daxilində tamamlıqla dəyişir. Başqa sözlə desək, hərəkətin həqiqi icraçısı qrammatik obyekt (tamamlıq), həqiqi obyekti isə qrammatik subyekti (mübtəda) kimi işlənir. Deməli, məchul növ fellərlə ifadə olunan cümlələrdə iki subyektliiki obyektli quruluş meydana çıxır: yəni subyektlərdən biri məntiqi, ikincisi qrammatik; obyektlərin isə biri məntiqi, ikincisi qrammatik olur" (səh 242).

Çox maraqlı münasibətdir.Bizə elə gəlir ki, hər bir cümlədə iki obyektiki subyektin varlığının ifadəsi tamamilə başqa formalı cümlələrin meydana çıxmasını tələb edir. Məsələn: Vüqarla Vasif kitabları və dəftərləri yığışdırdılar. Bu cümlədə müəlliflərin söylədiyi kimi iki subyektiki obyekt öz əksini tapmışdır. Subyektlər (mübtədalar) VüqarAsif, obyektlər (tamamlıqlar) isə kitabları və dəftərləri sözləridir.

Deməli, iki subyektiki obyektli cümlələr ( məntiqlə) həmcins mübtədalı və həmcins tamamlıqlı cümlələrdir. Düzdür, burada müəllif " biri məntiqi, ikincisi qrammatik" obyekt və subyektdən söhbət açır. Aydındır ki, cümlədə məntiqi obyektsubyekt deyil, yalnız qrammatik obyektsubyekt nəzərə alınmalıdır. Cümlə obyektiv aləmdəki , hal, hərəkətin ifadə forması olsa da, məntiqin tədqiqat obyekti deyildir.

Ortaya belə bir sual çıxır: Məchul fellərdən- morfologiyanın tədqiqat obyekti olan anlayışdan - danışarkən müəlliflər nə üçün sintaktik anlayışların izahının köməyinə ehtiyac duyurlar?

Ona görə ki, bütün dövrlərdə adlıq hal " mübtəda halı" adlandırılıb. Xəbəri məchul fellə iadə olunan cümlələrdə əksər dilçilərin "müstəqim obyekt" adlandırdıqları cümlə üzvü olan tamamlıq özünü adlıq hal formasında büruzə verir. Adlıq halda işlənən sözün tamamlıq vəzifəsində işlənməsinə aid başqa bir məqalədə onlarla nümunələr göstərmişik. Məsələn, Atam traktorçu işləyir cümləsində traktorçu sözü, Xəlilov rayona polis rəisi göndərildi cümləsində polis rəisi birləşməsi kimi.Nəyə görə xəbəri məchul fellərlə ifadə olunan cümlələrdə kim, yaxud nə sualına cavab verən cümlə üzvlərini mübtəda adlandırmaq olmaz. Çünki bu həmin məchul felin tələbindən irəli gəlir. Əgər belə olmasaydı biz məlum fellərə "məktəb qrammatikalarında görən məlum olarsa, fel məlum olur" (M.A.D.Elm. 1980, səh 178) deməzdik. Əgər xəbəri məlum fellərlə ifadə olunan cümlələrdə görən məlumdursa, xəbəri məchul fellərlə ifadə olunan cümlələrdə də görən məlum deyil, məchuldur, yəni yoxdur.

Özümüz " faili ( görəni- mübtədası) bəlli olmayan fellərə məchul fel deyilir" fikrinə sahib çıxırıqsa, onda obyekt cümlədə subyekti necə əvəz edir?

Professor Q.Kazımov məchul fellərdən bəhs edərkən yazır: "Əsmər dəsmalını yudu - cümləsinin feli (yudu) məlum növdədir və təsirlidir. Cümləni: Dəsmal yuyuldu şəklinə salsaq, fel (yuyuldu) məchul növ üzrə dəyişmiş olur, subyekt fəallığını itirir, obyekt bildirən söz onun yerini tutur" (Q. Kazımov MAD. Morfologiya. "Elm və təhsil" - 2010, səh. 197).

Bu fikir tək professor Q.Kazımovun fikri deyil, bu fikir Azərbaycanda məchul fellərlə bağlı danışan bütün dilçilərin fikridir.

Tədris zamanı şagird, yaxud tələbə müəllimin qarşısına belə bir sual qoya bilər: Dəsmal yuyuldu cümləsində dəsmal görəndirmi ki, biz onu çümlənin subyekti adlandırırıq? Müəllim nə cavab verməlidir? Dil obyektiv aləmin sözlərlə subyektiv inikasıdır. Doğrudan da, Əsmər dəsmalı yudu cümləsində Əsmər yuyan (subyekt - mübtəda), dəsmal yuyulan (obyekti - tamamlıq) məchul fellə ifadə olunan isə hərəkətdir. Dəsmal yuyuldu cümləsində əvvəlki cümlədə ifadə olunan yuyulan ( dəsmal) yerindədir. Yəni obyekt ( dəsmal) dəyişməz qalıb. Naməlum - məchul isə dəsmalı yuyanın kim olmağıdır ki, bu da məchul fellərdə öz əksini tapır.

Əgər xəbəri məchul fellə ifadə olunmuş cümlədə - obyekt (yəni yuyulan tamamlıq) yenə dəsmaldırsa, o yuyanı (subyekti - mübtədanı) necə əvəz edə bilər? Söhbət burada insanın əşya ilə əvəzlənməsindən getmir. Söhbət Dəsmal gözəldir cümləsi ilə Dəsmal yuyuldu cümlələrindəki eyni (nə?) suala cavab verən üzvlərdən birincinin mübtəda, ikincinin isə tamamlıq vəzifəsində çıxış etməsindən gedir.

"Şəxssiz cümlə" dedikdə bəziləri elə başa düşür ki, burada şəxs olmur, əşya iştirak edir. Məsələn, Kitab - bilik mənbəyidir cümləsində mübtəda şəxslə deyil, əşya  ilə ifadə olunmuşdur.  Halbuki "şəxssiz cümlə" şərti termindir, əslində mübtədasız cümlələrin bir qismi belə adlandırılır" (Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov Müasir Azərbaycan dili IV hissə, Bakı: Maarif, 1972, səh. 240).

Bir sözlə demək olar ki, xəbəri məchul fellərlə ifadə olunan cümlələrin heç birində qrammatik şəxs, mübtəda ola bilməz.

Düzdür, dilimizdə yüzlərlə ismi xəbərli şəxssiz cümlələr işlənir. Bu cümlələr əsasən söz birləşmələrinə idi, imiş hissəciklərinin artırılması ilə düzəlir. Lakin xəbəri məchul fellərlə ifadə olunan sadə cümlələrin heç biri şəxssiz cümlələrin sırasına daxil edilmir. Lakin bütün dərsliklərdə bu cür cümlələrdə işi icra edən şəxsin cümlədə qrammatik şəxs kimi ortaya çıxmaması heç bir kəsi öz fikrindən daşındıra bilmir. Məsələn: Məchul fellərlə bağlı yazılır: Xəbəri məchul növ fellərlə ifadə olunmuş cümlələrdə "Əsas məsələ subyektin bir aktiv subyekt kimi cümlədə işlənə bilməməsi, qeyri-fəallıqdır. Məsələn: Sərvər tərəfindən binanın yeni layihəsi tərtib edildi - cümləsində tərtib edildi feli məchul növdədir, lakin işin icraçısı məlumdur: Sərvər tərəfindən icra edilmişdir. Fel ona görə məchul növdədir ki, işin icraçısı subyekti (misalda Sərvər sözü) cümlədə fəal bir subyekt kimi, mübtəda kimi özünü göstərə bilmir, vasitəli tamamlıq şəklində çıxış edir. (Q.Kazımov, MAD, morfologiya Bakı, 2010, səh. 191).

Burada hər şey müəllif tərəfindən açıq -aydın qeyd edilmişdir, lakin görənin (mübtədanın) üzə çıxması üçün müəllif o dəqiqə məntiqə müraciət etmişdir. Qız qalası XII əsrdə tikilmişdir cümləsində biz görənin kim olduğunu haradan bilək? Qız qalası nə? sualına cavab versə də, o obyektdir, üzərində icra olunandır, onun kim tərəfindən tikilməsi bizə məlum deyil və məlum olmağına heç ehtiyac da duyulmur. Söhbət qız qalasının kim tərəfindən tikilməsindən yox, hansı əsrdə tikilməsindən gedir.

Məchul fellərdən danışarkən müəllif başqa bir yerdə yazır: "Fel təsirli olduqda onun həm subyekti, həm də müstəqim obyekti olur. Məsələn, Əsmər kitabı oxudu" (səh. 191). Sonra müəllif qeyd edir ki, oxudu məlum növdə olan təsirli fel, Əsmər subyekti, görəni, kitabı sözü isə təsirlik halda olub müstəqim obyekti bildirir.

Deməli, Əsmər kitabı oxudu cümləsi ilə, Kitab oxundu cümlələrinin hər ikisində kitab sözünün müxtəlif hallarda olmasına baxmayaraq, eyni vəzifəni yerinə yetirir, yəni hər iki halda kitab oxunur.

Bəzi dilçilər yeri gəldi, gəlmədi müstəqim obyektdən söhbət açıb vurğulayırlar ki, müstəqim obyekt təsirlik halında olub üzərində icra olunan əşyanı bildirir. Yəni hərəkət  birbaşa obyekt üzərində icra edilir. Əsmər kitabı oxudu cümləsində hərəkət birbaşa obyektin ( kitabı) icra olunursa, onda bəs kitab oxundu cümləsində hərəkət hansı obyektin üzərində icra olunur?

Q.Kazımovun kitablarına müraciətimiz həmin dərsliklərdəki fikirləri analiz etmək, çatışıb, çatışmayan cəhətlərini üzə çıxarmaq marağından deyil, həmin dərsliklər qrammatikaya aid yazılmış son və samballı dərsliklər olduğundan irəli gəlmişdir. Biz haqqında danışdığımız anlayışlarla bağlı bu dərsliklərdə olan münasibətə XX əsrin əvvəllərindən bu günə qədər yazılmış bütün dərsliklərdəki fikirlərin ümumi nəticəsi kimi yanaşmışıq və belə bir nəticəyə gəlmişik ki, xəbəri məchul fellərlə ifadə olunmuş cümlələrdə adlıq halda işlənən söz (məsələn: taxta yonuldu cümləsində taxta sözü) subyekti əvəz edən obyekt yox, elə obyektin özüdür. İsmin adlıq halında işlənmələrinə baxmayaraq həmin sözlər üzərində icra olunan əşyanı bildirir ki, bu da adlıq halda olduğundan bütün dilçilər tərəfindən bu cür araşdırılır, yəni mübtəda adlandırılır.

Biz, eyni zamanda, felin mənaca növlərinin sırasına daxil edilən şəxssiz növün məchul növdən ayrılıqda müstəqil bir növ kimi verilməsinin əleyhinəyik.

Subyekti olmayan cümlələrin xəbəri vəzifəsində iştirak edən fellərin məchul və "şəxssiz" adı altında iki yerə bölünməsi hansı faktlardan qaynaqlanır? Məchul feli xəbərli cümlələrdə, doğrudan da, görən məlum deyil, lakin deyildiyi kimi guya ki obyekt subyekti əvəz edirbu cür cümlələrdə obyekt qrammatik şəxs formasında cümlədə özünü büruzə verir. Şəxssiz adlandırılan fellər cümlənin xəbəri olduqda isə obyekt adlıq hal formasında öz əksini tapmır və cümlə şəxssiz görünür.

Bizə elə gəlir ki, xəbəri şəxssiz adlanan fellərlə, yəni deyildiyi kimi təsirsiz fellərlə ifadə olunduğuna görə cümlədə obyekt subyekti əvəz edə bilmir, yəni obyekt qrammatik şəxs formasında (mübtəda şəklində) özünü büruzə verə bilmir. Ona görə də bu cür formalı cümlələrdə işlənən fellər şəxssiz fellər adlanır.

Bu günün özündə də şagirdlər və tələbələr məchul fellərlə şəxssiz felləri bir- birindən ayırmaqda əziyyət çəkirlər. Başa düşdükləri odur ki, məchul fellər təsirli (əsasən), şəxssiz fellər isə təsirsiz fellərdən düzəlir. Araya başqa bir fərq çıxarıla bilmir. Ancaq bizə elə gəlir ki, işləndiyi cümlədə görənin ifadəsini tələb etməyən bu felləri "şəxssiz" və "məchul" adı altında iki yerə bölmək yanlış addımdır. 1990 - cı ilə qədər nəşr olunmuş orta məktəb dərsliklərinin heç birində felin mənaca növləri sırasına şəxssiz növ daxil edilməmişdir. 1988-ci ildə nəşr olunan Azərbaycan dili dərsliyində (B.A.Əhmədov, A.A.Axundov. 5-ci sinif üçün dərslik, 15-ci nəşri) felin mənaca növlərindən "Feldən düzələn fellərin növləri" (səh. 158) kimi danışılmış və onların dörd növə (1 məchul, 2 qayıdış, 3 icbar, 4 qarşılıq və müştərək növ) bölündüyü qeyd olunmuşdur. Həmin müəlliflərin 1990-cı ildə nəşr etdirdikləri dərslikdə isə felin məna növləri aktivpassiv növ adı altında iki yerə bölünmüş (səh. 176), görəni məlum olanlar (məlum, icbar, qayıdış, qarşılıqlı-birgəlik) aktiv növə, görəni məlum olmayanlar isə (məchul və şəxssiz) passiv növə daxil edilmişdir. Biz bu qənaətdəyik ki, görəni məlum olmayan fellərin şəxssiz və məchul növ adı altında iki yerə bölünməsi məntiqi cəhətdən normal deyil.

Məchul fellərin təsirli, şəxssiz növ fellərin isə təsirsiz fellərdən əmələ gəldiyi əsas götürülürsə, dilimizdə xəbəri təsirli və təsirsiz məlum fellərlə ifadə olunan istənilən qədər  cümlələr işlənir. Onda məlum felləri də bu qayda ilə iki yerə bölmək tələbi ortaya çıxır.

 

Sərdar ZEYNAL,

filologiya üzrə fəlsəfə doktoru

 

Elm.- 2012.- 30 noyabr.- S.13.