Dilçilik İnstitutunun əsərləri

 

(Akademik Ağamusa Axundov-80; Bakı, "Elm", 2012, ¹ 1, 192 səh., baş redaktor: fil.e.d., prof. F.Y.Veysəlli)

 

Dilimizin qloballaşma şəraitində zamanın tələbərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair  Dövlət Proqramı haqqında  Respublika Prezidentinin Sərəncamından irəli gələn vəzifələr  Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda uğurla həyata keçirilir. Sərəncamda haqlı olaraq göstərilmişdir ki, sovet dövründə Azərbaycan dilçiliyinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərəçarpan boşluq hələ də aradan qaldırılmamışdır.

Son bir neçə ayda həqiqətən də dilçilik sahəsində böyük işlər görülür, yeni rəhbərlik mühüm elmi tədbirlərin keçirilməsinə müəyyən şərait yaradır. İnstitutda Nizami Gəncəvinin, M.F.Axundovun, M.S.Ordubadinin, X.B.Natəvanın, Əhməd Cavadın və başqa söz sənətkarlarının yubileyləri keçirilir, digər elm-tədris ocaqlarından dəvət olunmuş alimlərin həmin sənətkarlar haqqında məruzələri dinlənilir, qarşılıqlı fikir mübadiləsi aparılır.

X.B.Natəvanla bağlı Bakının məktəblərində  institutun əməkdaşları ilə təşkil olunmuş tədbirlər elmlə tədrisin birbaşa bağlı olduğunu bir daha sübut edir.

Prezdentin sərəncamının  AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsində ciddi müzakirəsi ictimaiyyəti razı salan tədbirlərdəndir. Burada təkcə elm adamları deyil, əhalinin müxtəlif təbəqələri də iştirak edir, dilin müxtəlif sahələrdə tətbiqi vəziyyəti, işlənməsi barədə diskussiyalar açılır.

Ölkədə dilçilik elminin inkişafı start götürüb. İnstitutun yeni rəhbərliyi bu inkişafı təmin edən amilləri qabaqcadan planlaşdırmış, müəyyənləşdirmiş, düşünülmüş proqram əsasında dövlət plan işlərini, tədqiqat mövzularını yeniləşdirmiş, Azərbaycan dilçiliyində işlənməmiş ən aktual problemləri müzakirə obyekti seçmişdir.

Elmi əsərlər hər bir tədqiqat institutunun aynasıdır. Bu aynadan baxanda institutun səviyyəsi, orada çalışan alimlərin tədqiqatlarının istiqamətləri, fərdi alim üslubu, yazılmış əsərlərin dəyəri və s. görünür.

Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin Sərəncamından sonra Dilçilik İnstitutunun əsərlərinin işıq üzü görməsi elmin inkişafının ilkin mərhələsi üçün yeni istiqamətlərin yaxşı gedişindən soraq verir. "Əsərlər"in bu sayı böyük dilçi-alim, akademik Ağamusa Axundovun 80 illiyinə həsr edilmişdir. Ağamusa Axundov 25 ildən çox sözügedən instituta rəhbərlik etmiş, məhz bu dövrdə  institutda aparılan tədqiqatların səviyyəsi artmış, xeyli sayda dilçi kadrlar yetişmiş və kitablar, monoqrafiyalar nəşr edilmişdir.

Akademik A.Axundov, sözün həqiqi mənasında, dilçilik elminin inkişafı üçün çox işlər görmüşdür. Onun elmi fəaliyyətinin bəzi məqamlarına "Əsərlər"dəki məqalələrdə rast gəlmək olur.

"Əsərlər"də K.Abdullayevin "MSB-nin sərhədlərinin müəyyənləşdirilməsi. Dil meyarları", F. Veysəllinin "A.Axundov Azərbaycan dilçiliyinin döyünən ürəyidir", A.Babayevin "Dilçiliyimizin novator ağsaqqalı",  R.Eyvazovanın "Ağamusa Axundov beynəlxalq münasibətlər və dil əlaqələri fonunda",  S.Əhmədovanın "Fonem və variant dialektik vəhdətdə", V.Əliyevin "İstedadlı alim, qayğıkeş müəllim",  İ.Kazımovun "A.Axundovun türkçülük düşüncələri", Q.Kazımovun "Ağamusa Axundov: "Dil və ədəbiyyat", M.Mahmudovun "Akademik Ağamusa Axundovun yaradıcılıq yolu",  M.Musaoğlunun "Türkçe fonetiğin deneysel incelemesi veya bir dilbilimci türkologun hayatı ve bilimsel faaliyeti üzerine notlar", S.Mehdiyevanın "Akademik Ağamusa Axundov haqqında bir neçə söz",  İ.Məmmədlinin "Ağamusa Axundov və Azərbaycan dili məsələləri",  A.Məmmədov və M.Məmmədovun "Siyasi diskursda konseptlər", Q.Məşədiyevin "Akademik Ağamusa Axundovun elmi yaradıcılığında onomastika məsələləri",  S.Sadıqovanın "Ağamusa Axundovun yaradıcılığında müasir ədəbi dil problemləri",  N.Seyidəliyevin "A.Axundov yaradıcılığında dil və ədəbiyyat problemləri",  İ.Tahirovun "Azərbaycan və ingilis dillərində gələcək zaman mikrosahəsinin əsas komponentlərinin semantik xüsusiyyətlərinə dair", B.Xəlilovun "A.Axundov məktəb yaratmış dilçidir",  N.Xudiyevin "Elmin zirvəsinə yüksələn alim", F.Zeynalovun "İngilis və Azərbaycan dillərində emfatik səslərə dair bəzi qeydlər",  S.Zeynalovanın "Nitq axınında sait fonemlərin modifikasiyası (Azərbaycan dilində mürəkkəb sözlər əsasında)" məqalələri çap edilmişdir. Həmin məqalələrin əksəriyyəti yeniliyi ilə seçilir. Belə ki, Azəraycan dilinin dinamik sintaksisi, mətn sintaksisi hələ yetərincə öyrənilməmişdir. Bu sahədə AMEA-nın müxbir üzvü K.M.Abdullayevin tədqiqatları, onun rəhbərliyi altında aparılmış araşdırmaların və nəşrlərin elmi sanbalını xüsusi qeyd etmək olar. "Əsərlər toplusu" alimin  "MSB-nin sərhədlərinin müəyyənləşdirilməsi. Dil meyarları"  adlı yeni fikirlər aşılayan məqaləsi ilə açılır. Görkəmli alim dilimizin zəngin materialları əsasında mürəkkəb sintaktik bütövlərin sərhədlərini müəyyənləşdirir. Bunun üçün dil meyarlarını dəqiqləşdirir. O, nəzəri dilçilikdə və türk dillərində müstəqil cümlələr təşkil edən mətn komponentləri arasındakı müxtəlif semantik-struktur əlaqələri və münasibətləri təhlil edərək ən vacib məsələyə üstünlük verir. Bu vacib məsələ Azərbaycan türk dilində mətnin (təbii ki, mikromətnin və ya mürəkkəb sintaktik bütövün) müəyyən sintaktik məkandakı sərhədlərini, başlanğıc və bitmə nöqtələrini göstərən əsaslı bir meyarın müəyyənləşdirilməsidir. Kamal Abdullayev çox maraqlı bir təkliflə çıxış edir ki, belə bir meyarı müəyyənləşdirmədən, aydın məsələdir ki, MSB-lə bağlı sintaktik hadisələrin daxili mexanizminin tədqiqinə başlamaq qeyri-mümkündür. Kamal müəllimin təklif etdiyi meyar (MSB- tərkibindəki mərkəzi cümlənin ayrılması və təhlilin onun üzərində qurulması) yeni bir -özünəməxsus meyar olmaqla indiyə kimi bu sahədəki yayğın fikirlərə qarşıdır. "Biz mətn sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı öz meyarımızı təklif edərkən Azərbaycan türk dilinin sintaktik quruluşunun daxili spesifik xüsusiyyətlərindən istifadə edirik. Çox mümkündür ki, bu xüsusiyyətlər hər hansı bir dərəcədə başqa qohum türk dilləri üçün də səciyyəvi ola bilər və təbii ki, bizim təklif etdiyimiz meyar müəyyən mənada başqa türk dillərindəki mürəkkəb sintaktik bütöv sərhədlərinin müəyyənləşdirilməsinə də tətbiq edilmə imkanına malikdir" (s.6).

Kamal Abdullayevin məqaləsi yığcamlığı və yeni fikirlər aşılaması ilə seçilir, xüsusən də bu sahədəki çətin terminlərin mənalarının məqalə daxilində göstərilməsi (məsələn, relikt- qədimdən qalmış hər hansı əlamət) tədqiqatçı təcrübəsinin, səriştəsinin orijinallığını bir daha göstərir.

Toplunun baş redaktoru Fəxrəddin Veysəlli məqaləsində obrazlı şəkildə A.Axundovu Azərbaycan dilçiliyinin  döyünən ürəyi adlandırır. F.Veysəlli A.Axundovdan maraqlı bir sitat da verir: "Azərbaycanda dilçilik elmi hazırda elə bir səviyəyyə gəlib çatmışdır ki, yerli kadrlar yalnız Azərbaycan dilini deyil, müxtəlif mənşəyə mənsub olan dilləri də öz tədqiqat planlarına daxil etmişlər".

F.Veysəllinin düşüncələrinə görə, bu nəhəng alim gənc yaşlarında Azərbaycan dilçiliyində inqilab etmişdir. A.Axundov gələcək tədqiqatının yönünü tamam dəyişərək dilçiliyin zirvəsi sayılan fonologiyaya üz tutdu. O, Azərbaycanda, dünya türkologiyasında ilk sanballı fonoloji araşdırmaların əsasını qoydu. Fonologiya onu ənənəvi dilçiliyin əsarətindən xilas olmağa və gələcəkdə adlı-sanlı dilçi olmasına bir növ təkan verdi... Axundovun yeniliyi nədə idi? Əvvəla, bu alim dilin fonemlərinə bir sistem kimi yanaşırdı. Sistemdə hər bir fonemin statusunu o, linqvistik kriteriyaların köməyilə sübut edir: fonoloji qarşılaşma yaratmaqla fonemlər söz mənasını fərqləndirmək qabiliyyətinə malikdir... İkincisi, o, fonemlərin maddi varlığının səslərdən ibarət olduğunu əsas götürür, bununla da o zaman dilçilikdə hökm sürən atomizmi və mücərrədliyi qəbul etmirdi. Üçüncüsü, A.Axundov türkologiyada ilk dəfə dil vahidlərinin- fonemlərin distribusiyasının təsvirində riyazi-statistik metoddan istifadə etmişdir (s. 159-160).

Qəzənfər Kazımov məqaləsində Ağamusa müəllimi xoşbəxt bir insan sayır... Ağamusa müəllim hər bir azərbaycanlı ailəsinin əziz qonağı, daimi yaddaş kitabıdır. Ümumtəhsil məktəblərini bitirən hər bir gənc ana dilinin sirlərini onun dərsliklərindən öyrənir. Filoloq və jurnalist kimi yetişən hər bir gənc onun ali məktəb dərslikləri ilə elm aləminə qədəm qoyur, elmi-pedaqoji kadrların hazırlamasında xüsusi xidmət göstərib. Ədəbiyyatşünas alim, tərcüməçi və yazıçı kimi də şöhrətlidir... Onun əsərlərində qızğın ehtiraslardan kənar, soyuq baş və dərin məntiqlə, xüsusi bir yaradıcılıq üslubu ilə söylənmiş fikirlər filologiya aləmində daim rəğbətlə qarşılanmışdır. Düşünülmüş və uydurulmuş konsepsiya ilə deyil, faktlardan doğan təəssürat əsasında söylənmiş mülahizələri gənc tədqiqatçıların yoluna işıq saçır...

Əsl alimin öz üslubu olmalıdır. Bu baxımdan yanaşanda Qəzənfər müəllim A.Axundovun yazı üslubunu səciyyələndirir: yeni və orijinal mövzular tapmaqda ustaddır, dildə yeni keyfiyyətlər görmə imkanına malikdir. Üslubunun başqa bir səciyyəvi keyfiyyəti araşdırma üçün seçdiyi mövzudan kənara çıxmadan, həmin mövzunun konkret həllini başa çatdırmaqla məsələni ustalıqla yekunlaşdırmaqdan ibarətdir. Ona görə də məqalələri həcm etibarilə əksərən yığcam və oxunaqlıdır. Əksərən arqumentləri konkret dəlillərə əsaslanır.... (s.74-75).

Vilayət Əliyev məqaləsində A.Axundovu təkcə respublikamızda deyil, keçmiş SSRİ və eləcə də dünya miqyasında tanınan, elmi xidmətləri qiymətləndirilən, biliyinə güvəniləsi, əməlləri ilə fəxr olunası dilçi kimi xarakterizə edir. O uzun müddət Berlində nəşr olunan beynəlxalq nəzəri elmi jurnalın redaksiya heyətinin üzvü, 2 il sonra beynəlxalq məsləhətçisi olmuşdur. Keçmiş SSRİ məkanında ən nüfuzlu dilçilər kimi tanınmış B.A.Serebrennikov, T.V.Qamkrelidze, V.A.Nikonov, A.T.Kaydarov, M.F.Zəkiyev, O.N.Trubaşov, S.A.Sokolov, T.M.Qaripov və başqaları onun elmi fəaliyyəti və əsərləri barədə yüksək fikirlər söyləmişlər. SSRİ EA-nın akademiki B.A.Serebrennikov A.Axundovu "ən hazırlıqlı və məhsuldar Azərbaycan dilçisi" hesab edirdi. V.A.Nikonov onu "Ümumqafqaz onomastika kollektivinin banilərindən və rəhbərlərinən biri" kimi qiymətləndirirdi" (s.53).

Məsud Mahmudovun məqaləsi A.Axundovun yaradıcılıq yoluna həsr olunmuşdur. Müəllif A.Axundovdan maraqlı bir sitat gətirir: "Dil xalq mənəviyyatının elə ecaskar bir xəzinəsidir ki, milyonlarla adam geninə-boluna faydalandığına baxmayaraq heç vaxt yoxsullaşıb tükənmir; əksinə, işləndikcə daha artır, zənginləşir, səlis, rəvan və ahəngdar olur".

A.Axundovun beynəlxalq aləmlə əlaqələrini araşdıran  Roza Eyvazova onun bədii tərcümə fəaliyyətini maraqlı faktlar əsasında təqdim edir. Sevil Mehdiyeva müəllimini fenomenal şəxsiyyət adlandırır və onun əsərləri vasitəsilə Ana dilinin şəhdi-şəkərini duyduğumuzu nəzərə çatdırır.

Görkəmli alimin çoxşaxəli yaradıcılıq yoluna nəzər salan Məsud müəllim A.Axundovun Azərbaycan dilində ilk dəfə saitlərin işlənmə tezliyinə görə sırasını müəyyənləşdirdiyini göstərir. Tədqiqatçının əldə etdiyi nəticələr tələbələrə riyazi vərdişlər aşılamaqla bərabər, həm də böyük tətbiqi əhəmiyyət kəsb edir. Xüsusilə, poliqrafiyada, nitqi məlumatın ötürülməsi prosesində, çap işi ilə bağlı texniki vasitələrin optimal variantlarının hazırlanması işində bu nəticələrdən istifadə oluna bilər (s. 83).

Türkiyədə respublikamızı ləyaqətlə təmsil edən Mehman Musaoğlu müəllimi haqqında dəyərli bir  məqalə ilə  çıxış etmişdir.  M.Musaoğlu  türkcənin fonetik quruluşuna nəzər salmış və A.Axunlovun həyatı, fəaliyyəti,  dil və ədəbiyyat haqqında əsərlərindən söz açmış, əsərlərində irəli sürdüyü yeni görüşlərə yüksək qiymət vermişdir. (s.104)

A.Axundovun türkçülük düşüncələri, onun müxtəlif türk ölkələrində çıxış və mühazirələri geniş bir tədqiqatın mövzusudur. Bu görüşlərdə o, türk dillərinin məntiqi tipinin qurulması üzrə özünəməxsus ideya ilə çıxış etmişdir. Türk dillərinin yeni mərhələsinin xarakterik əlamətlərini aydın şəkildə izah edən alimin baxışları da yeniliyi ilə seçilir (İ.Kazımovun məqaləsindən).

Q.Məşədiyevin məqaləsində A.Axundovun onomastik sahədə olan tədqiqatları, xüsusən də onun "Torpağın köksündə tarixin izləri" kitabı dəyərləndirilir: Q.Məşədiyev yazır ki, bu kitabın əhəmiyyətini artıran ən əsas cəhətlərdən biri də ilk dəfə olaraq məhz bu əsərdə Azərbaycan ərazisində qeydə alınmış toponimlərin konkret dil arealı üzrə təsnifatının aparılmasıdır. Təsadüfi deyildir ki, yüksək elmi dəyərinə, konseptual əhəmiyyətinə görə "Torpağın köksündə tarixin izləri" kitabı nəşr edildiyi vaxtdan bəri toponimiya sahəsində aparılmış tədqiqatlarda ən çox istinad  edilən elmi mənbələrdən olmuş və bu əsərin yüz illər sonra onomastika sahəsində aparılacaq gələcək tədqiqatçılar üçün də aydın bir istiqamət rolunda çıxış edəcəyi qətiyyən şübhə doğurmur (133).

A.Axundovun dilçilik elminin inkişafındakı böyük xidmətlərini professor Nizami Xudiyev məqaləsində belə qiymətləndirir: "Beynəlxalq elmi konfranslarda etdiyi məzmunlu çıxışlarında qoyduğu problemlərin həlli istiqamətində çıxardığı bitkin nəticələr dünya alimlərinin diqqətini cəlb etmişdir. Onun dünya dillərinin təsnifatı ilə bağlı söylədiyi maraqlı fikirlər elmi ictimaiyyətin diqqətini çəkir. O, məqalə və çıxışlarında düşündürücü elmi fikirlər söyləyir, türk dillərinin hətta qohum olmayan başqa dillərə keçdiyini, koreya və yapon dillərinin türk dilləri ilə qohum olduğunu maraqlı faktlar və müqayisələrlə sübut edir" (s.169).

S.Sadıqova məqaləsində A.Axundovdan çox lakonik və dərin məna ifadə edən sitat verib: "Xalqın dili onun ruhudur". Alim Ağamusa müəllimin müasir ədəbi dil problemləri ilə əlaqədar fikir və mülahizələrini təhlil süzgəcindən keçirir. Ədəbi dilimizin dörd əsas fərqləndirici xüsusiyyətlərinə (1.Ədəbi dil, hər şeydən əvvəl, mənsub olduğu xalqın və ya millətin ictimai həyatının bütün sahələrində geniş faliyyət göstərir; 2.Ədəbi dil normalaşdırılmış ünsiyyət vasitəsidir; 3.Ədəbi dil hamı üçün məcburidir. Bu, o deməkdir ki, hər hansı bir ədəbi dildən istifadə edənlər həmin dilin müəyyən edilmiş normalarına əməl etməyə borcludurlar) A.Axundovun baxışını onun göstərdiyi nöqsanlar üzərində qurur. Bu gün də davam edən həmin nöqsanların (1.Tələffüz nöqsanları və ya fonetik nöqsanlar; 2.İfadə nöqsanları və yaxud leksik-qrammatik nöqsanlar; 3. Üslub nöqsanları) əmələgəlmə səbəbləri, aradan qaldırılması yolları da S.Sadıqovanın məqaləsinin əhəmiyyətini artırır.

B.Xəlilovun fikrincə, A.Axundov məktəb yaratmış dilçidir. "Ağamusa müəllim bir dilçi kimi öz tədqiqatları, düşüncəsi, mövqeyi, mühakiməsi ilə müasir Azərbaycan dilçiliyinin fövqündə dayanır. O, nədən yazıbsa, yazdıqları öz orijinallığı ilə fərqlənibdir. İstər dilin estetikası, istər Azərbaycan dilinin etimologiyası, istər Azərbaycan dilinin fonetikası, istərsə də digər dil məsələləri onun tədqiqatlarında yeniliyi ilə fərqlənir (s.166).

Topludakı bir sıra məqalələr A.Axundova birbaşa aid olmasa da, orada  böyük alimin ideyaları genişləndirilir. A.Məmmədovun, F.Zeynalovun, İ.Tahirovun, S.Zeynalovanın məqalələrində bu sistem gözlənilmişdir. Məsələn, F.Zeynalov yazır ki,  Azərbaycan dilində emfatik səs olan qlotal stopu ilkin olaraq A.Axundov müşahidə etmişdir. Bu hadisə ilə əlaqədar A.Axundov yazır: "Qlotal stop hadisəsi Azərbaycan dilində örtüsüz qapalı təkhecalı sözlərdə müşahidə edilir. Həmin hadisənin baş verməsi üçün samitin kipləşən samit olması zəruridir" (s. 176).

Beləliklə, Ağamusa müəllimin sadəcə olaraq bir müşahidəsi neçə-neçə məqalələrin yazılması üçün şərait yarada bilmişdir.

Topluda bəzi qüsurlar da nəzəri cəlb edir. Bəzi məqalələr ümumi sözçülükdən ibarətdir, belə məqalələrin alimin  elmi irsini dəyərləndirməyə gücü çatmır.  Konkret bir fərdə, şəxsiyyətə həsr edilmiş məqalələr konkretlik və yeni fikir işlətməyi tələb edir. Bir çox məqalələrdə bu xüsusiyyəti görmək olmur. "Əsərlər"  görkəmli dilçi alimlərimizin A.Axundov haqqında yazılarının olmaması təəssüf doğurur. Yubiley nömrəsi olduğu üçün yaxşı olardı ki, Tofiq Hacıyevin, Y.Seyidovun və başqalarının da yazılarına yer ayrılaydı.

Arzu edərdik ki, "Əsərlər"in növbəti saylarında cavabdeh şəxslər bu cəhətə ciddi fikir versinlər. Eyni adam haqqında eyni fikirlərin topluda yer alması da, təkrarçılıqdan başqa bir şey deyil. Gəlin beynimizi, zehnimizi təzələyək, məsələlərə öz dəsti-xəttimizdən, öz nöqteyi-nəzərimizdən qiymət verək, təhlillərimiz yalnız özümüzəxas olsun, hörmətli alimlərimiz!

 

İsmayıl KAZIMOV,

filologiya elmləri doktoru, professor

 

Elm.- 2012.- 30 noyabr.- S.10.