Erməni iddialarına verilən cavablar

 

Tarix boyu Azərbaycanın ərazi bütövlüyünə, mədəniyyətinə qarşı müxtəlif iddialar olmuş, tarix və ədəbiyyatımızı saxtalaşdırmaq cəhdləri, mədəni mirasımızı mənimsəmə və ya yoxetmə səyləri görülmüşdür. Bu iddialar və səylər əsasən üç istiqamətdə olmuşdur: a) hərbi təcavüzlər, b) siyasi oyunlar, c) elmi saxtalaşdırmalar. Biz bu məqaləmizdə əsasən elmi saxtalaşdırma səylərindən bəhs edəcək, ermənilərin və onların havadarlarının iddialarını ortaya qoyacaqMilli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzeyin əməkdaşları tarix elmləri doktoru Əli Rəcəbli və tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova kimi tədqiqatçıların araşdırmaları əsasında onlara verilən cavabları təqdim etməyə çalışacağıq.

 

Firdovsiyyə Əhmədovanın "Qafqazda "Azərbaycan" istilahına dair" (Azərbaycan Tarixi Muzeyi-2006. Bakı, Elm, 2006, s.59-74) məqaləsi bu mövzuda çox gözəl faktları ortaya qoyur. F.Əhmədova bu məqaləsində rus tarixçisi t.e.d. N.A.Naroçnitskayanın "Rossiə i russkie v mirovoy istorii" əsərinin təhlilinə xüsusi diqqət ayırır. Bu əsərin xüsusilə 4-cü bölümü türkə qarşı düşmənçiliklə doludur. F.Əhmədovaya görə, Azərbaycan və Türkiyə tarixindən bəhs edib, bölgə tədqiqatçılarının əsərlərindən bixəbər olmaq, əvəzində isə qərəzli müasir erməni müəlliflərinə istinad etmək, lakin obyektiv məzmunlu elmi əsərlər yazan erməni müəlliflərinin tədqiqatlarına yer verməmək elm adamına yaraşmayan bir cəhətdir. Naroçnitskaya öz əsərində Ermənistanı bölgənin tarixi dövləti kimi qələmə verib, Azərbaycanı bölgənin süni, sonradan yaradılmış dövləti kimi xarakterizə edir və əslində Azərbaycan termininin Qafqazla əlaqəsinin olmadığını iddia edir. Naroçnitskaya Azərbaycan adının 1918-ci il, 15 sentyabrda türk ordusunun Bakını işğalından sonra Rusiyanın ArranŞirvan vilayətlərinə verildiyini göstərir və bölgə xalqının özünü Qafqaz tatarı adlandırdığını bildirir (2, s.61). Bu iddia filologiya elmləri doktoru Qarnik Asatryanın 2001-ci ildə internet saytında yerləşdirilən "Suhestvuet li narod Azari"  məqaləsi ilə eynilik təşkil edir. Bu məqalədə Q.Asatryan İrandakı və Qafqazdakı azərbaycanlıların bir-birindən tamam fərqli, yad xalqlar olduqlarını və Qafqazdakı Azərbaycan termininin pantürkizm ideyasından qaynaqlandığını iddia edir. Q.Asatryan öz məqaləsinin sonunda bu fikri irəli sürür: "Beləliklə, şimali İranın əhalisi - türk olan Qafqaz "azərbaycanlılarından" fərqli olaraq təmiz iranlıdırlar." (2, s.65) N.A.Naroçnitskaya da filoloq Q.Asatryanın yazdıqlarını təsdiq edərək, onun "elmi kəşfini" vurğulayır.

F.Əhmədova N.A.Naroçnitskayanın öz monoqrafiyasında ərəblərin xristianları öz dinlərini dəyişdirməyə zorlamadıqlarını qeyd etdiyini göstərir. Bu proses nəticəsində müsəlmanlığı qəbul etməyən xristian albanlar təbii coğrafi sığınacaq məkanı kimi dağlıq ərazidə cəmləşmişlər. F.Əhmədova xristian albanların qriqorianlaşmasında alban kilsəsinin zorla erməni kilsəsinə tabe etdirilməsi və onların tədricən erməniləşməsi faktını dilə gətirir. F.Əhmədova Azərbaycan termininə açıqlıq gətirərək bu terminlə adlanan inzibati vahidin şimalda Dərbənddən cənubda Həmədana qədər geniş bir ərazini əhatə etdiyini, bu ərazinin şimalında Albaniya, cənubunda Adurbadaqan adlı dövlətlərin əsrlərlə yaşadığını, hətta Sasani işğalı dövründə belə I Xosrov Ənuşirəvan tərəfindən hər iki dövlətin ərazisinin "Azərbaycan kustu" adlanan şimal canişinliyində birləşdirildiyini faktlarla göstərir. Hazırda Rusiya Federasiyasının tərkibində olan Dağıstandakı qədim Azərbaycan şəhəri Dərbəndin qala divarlarında pəhləvi (orta fars dili) yazılarında "Adurbadaqanın (Azərbaycan) maliyyə nəzarətçisi Barzniş" yazısının qeyd edilməsi bu faktları ortaya qoyan epiqrafik mənbələrdən biridir (2, s.70-71). Ərəb qaynaqlarında da Azərbaycan (Adurbadaqan) termini cənublu-şimallı hər iki bölgəni əhatə edir. X əsr ərəb müəllifi ibn Havqəl özünün tərtib etdiyi Xəzər dənizinin xəritəsində Dərbənddən Gilanadək ərazini Azərbaycan adlandırmışdı. Cənublu-şimallı tarixi Azərbaycan ərazisinin ilk dəfə Sacilər tərəfindən vahid dövlət şəklində birləşdirilməsi, Səfəvilər dövründə Təbriz, Çüxursəd, Qarabağ, Şirvan bəylərbəyilikləri adı ilə bir dövlətin tərkibində olması, Nadir şah dövründə bu bəylərbəyiliklərin ləğv edilərək mərkəzi Təbriz olan vahid Azərbaycan vilayətində birləşdirilməsi xanlıqlara qədərki dövrdə vahid bir inzibati Azərbaycan bölgəsinin mövcudluğu faktını ortaya qoyur (2, s.71). Nadirin ölümündən sonra mərkəzdənqaçma proseslərinin güclənməsi ilə vahid Azərbaycan ideyası zərbə almış, nəticədə şimali Azərbaycan torpaqları 1813 və 1828-ci il müqavilələri ilə rus işğalına məruz qalmış, cənub xanlıqları isə İran dövlətinə qatılmışdı.

Erməni "alim"lərinin Azərbaycana qarşı irəli sürdüyü torpaq iddialarından biri də Naxçıvan ərazisi ilə əlaqəlidir. N. Vəlixanlı bu məsələni belə qeyd edir: "Müasir erməni alimlərinin və onların rus və qərb havadarlarının əsərlərində Naxçıvan erməni şəhəri, diyarın ərazisi isə Böyük Ermənistanın bir hissəsi kimi təqdim olunur. Bu isə bizi Naxçıvanın mürəkkəb orta əsrlər dövrünə yenidən müraciət etməyə, tarixi materialı yenidən müqayisəli şəkildə araşdırmağa təhrik edir". N.Vəlixanlı "Naxçıvanın VII-XII əsrlər dövrü tarixinin tarixşünaslığına dair" (Milli Azərbaycan Tarixi Muzeyi-2008, Bakı, 2008, s.17-26) məqaləsində t.e.d. V.A.Şnirelmanın "Voynı paməti: mifı, identiçnostğ i politika v Zakavkazğe" ("Yaddaşın müharibələri. Miflər, eynilikZaqafqaziyada siyasət", Moskva, 2003) adlı kitabından, kitabın XIV fəslindən xüsusilə bəhs edir. Burada Şnirelman belə bir fikri irəli sürür: "...Naxçıvan MSSR Böyük Ermənistan adlanan yerin mərkəzi rayonlarından biri idi. ... Bu rayon erməni xalqının formalaşdığı vilayətə daxil idi. ...Sonralar bu rayonu ərəblər, daha sonra səlcuqlar işğal etdilər. ...Lakin şəhər böyük erməni icmasının yaşadığı iri ticarət-sənətkarlıq mərkəzi rolunu saxlamışdı (4, s.18)." N.Vəlixanlı V.Şnirelmanın yazdıqlarını saf-çürük edərək, onun müddəalarının ciddi bir elmi qaynağa əsaslanmadığını, müasir erməni müəlliflərinin yazdıqlarını təkrarladığını göstərir. N.Vəlixanlı daha sonra bunları qeyd edir: "Əgər Şnirelman orta əsr mənbələri ilə yaxından tanış olsa idi, onda əl-Biruninin (X-XI əsrlər) Azərbaycan şəhərləri sırasında Naxçıvanı (Nəşavə) da qeyd edildiyini görərdi. Eyni məlumat Yaqut əl-Həməvinin "Mucəm əl-buldən" əsərində də öz əksini tapır" (4, s.19).

N.Vəlixanlı Naxçıvandakı "böyük erməni icması" ilə əlaqədar belə yazır: "Orta əsr qaynaqları Azərbaycanın mühüm sərhəd vilayəti olan Naxçıvanda müsəlman və müşriklərdən başqa kafir-xristianların da yaşadığını göstərsə də, bu xristianların milliyyətləri qeyd edilmir, onlar arasında albanlar, ermənilər, başqaları da ola bilərdi. Bu məqam Naxçıvanın heç də erməni şəhəri olmadığını göstərir" (4, s.19-20). Tarixi saxtalaşdırmanın bir növü də yazılı qaynaqların saxtalaşdırılaraq, erməni iddialarını dəstəkləyəcək şəkildə təqdim edilməsidir. Buna bir nümunə də Albaniyada Mehranilərin hakimiyyəti dövründə Sasani şahənşahı IV Hörmüzün adından zərb edilən gümüş sikkənin üz tərəfindəki monoqramın ARM(enia) kimi oxunmasıdır (3, s.88). Əli Rəcəbli "Biləsuvar Sasani sikkələri dəfinəsi və VI-VII yüzillərdə Azərbaycanda sikkə zərbi və pul dövriyyəsinin bəzi özəllikləri" (Azərbaycan Tarix i Muzeyi-80, Bakı, 2001, s.84-91) adlı məqaləsində bu monoqramın GDMN APZUD (qoy şöləsi ucalsın) kimi oxunuşunun daha doğru olduğunu bildirir. Sikkələrin üst tərəfində olan bu ifadə şaha xeyir-dua məqsədi ilə həkk olunmuşdur. Müəllif bu sikkənin Bəhram Çubin üsyanı ilə əlaqədar Bakıda zərb olunduğunu sikkənin üzərindəki BWGWVAN monoqramı ilə izah edir, müəllifə görə bu monoqramlı sikkələrin 90 %-dən artığının Bakıda və Abşeronda tapılması onların suquru ticarət yolları üzərində yerləşən və atəşpərəstliyin tanınmış mərkəzlərindən biri olan Bakıda zərb olunduğunu göstərir. BWGWVAN ifadəsi isə Bakının Hind-Avropa mənşəli adıdır. Müəllif sikkə üzərində yanlış olaraq oxunan ARM ifadəsini Böyük Ermənistan xülyaçılarının dəyirmanına su tökmək kimi qələmə verir (3, s.88-89). Lakin atalar sözündə olduğu kimi "yalan ayaq tutar, amma yeriməz". İ.Çavçavadzenin dediyi kimi - vicdanlı insanlar, "bu cür hoqqabazlığa, saxtakarlığa, qədim məbədlərdən daşları çıxaranlara, ya da qədim yazıları pozub, onları erməni yazıları ilə əvəz edənlərə, ya da bu daşları oğurlayıb tullayanlara biganə qala bilməz." (1, s.30). Buna görə erməni elmi saxtakarlığını ifşa edən əsərlər nəşr edilməli, təbliğ olunmalı, xarici dillərə tərcümə edilərək dünya miqyasında yayılmalıdır. Bu sahədə Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşlarının apardığı elmi-tədqiqat işləri təqdirəlayiqdir davamını arzu edirik.

 

İstifadə olunmuş ədəbiyyat:

 

1. Çavçavadze İ.Q. Erməni alimləri fəryad edən daşlar. Tərc.: Vasif Quliyev. Bakı: Azərbaycan, 1995, 80 səh.

2. Əhmədova F. Qafqazda "Azərbaycan" istilahına dair // Azərbaycan Tarixi Muzeyi-2006. Bakı: Elm, 2006, s.59-74.

3. Rəcəbli Ə. Biləsuvar Sasani sikkələri dəfinəsi VI-VII yüzillərdə Azərbaycanda sikkə zərbi pul dövriyyəsinin bəzi özəllikləri // Azərbaycan Tarixi Muzeyi-80, Bakı: Elm, 2001, s.84-91.

4. Vəlixanlı N. Naxçıvanın VII-XII əsrlər dövrü tarixinin tarixşünaslığına dair // Milli Azərbaycan Tarixi Muzeyi-2008, Bakı: Elm, 2008, s.17-26.

 

Əli FƏRHADOV,

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi

 

Elm.- 2012.- 30 noyabr.- S.11.