Görkəmli litoloq alim, neftçi-geoloq
Həyatda elə insanlar var ki, onlar
öz seçdikləri
ixtisasa qulluğunu şöhrət və şərəfə görə
deyil, istisna olaraq cəmiyyətə gətirən öz daxili tələbatlarında
görürlər. Anadan
olmasının 100 illiyini
qeyd etdiyimiz görkəmli litoloq alim, neftçi-geoloq, geologiya-mineralogiya elmləri
doktoru, professor İbad
Sultan oğlu Mustafayevi
də bu kateqoriyaya aid etmək olar.
İ.S.Mustafayev 1911-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Elmə olan marağı onu keçmiş M.Əzizbəyov adına
Azərbaycan Sənaye
İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) gətirib çıxarmışdır.
O, 1937-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirmiş və Böyük Vətən müharibəsi başlayana
qədər o vaxtkı
Neft-Mədən İdarəsində
böyük geoloq vəzifəsində çalışmışdır.
Müharibə başlananda İ.S.Mustafayev
könüllü olaraq
cəbhəyə yazılır. Lakin elmli,
yüksək ixtisaslı
və bacarıqlı
neftçi-geoloqlara ehtiyac
böyük olduğundan
onun cəbhəyə
yola salınması ləngidilir. Vəziyyət mədənlərdə dəqiq
neft hasilatının təşkilini və Abşeron yarımadasından
ordunu mühüm strateji xammal olan yanacaq və
sürtgü yağları
ilə fasiləsiz təchizatını təmin
etmək tələb edirdi. Alimin geniş dünyagörüşü və
təşkilatçılıq qabiliyyəti o vaxt arxa cəbhənin fövqəladə vəziyyətlər
üzrə rəhbərlərinin
nəzərindən yayınmadı.
Müharibənin ilk aylarında İ.S.Mustafayev
Qaradağ Rayon Partiya Komitəsinin katibi seçilmiş, sonradan
rayon qazma idarəsində
partiya təşkilatçısı
vəzifəsində işləmişdir.
Gənc
təşkilatçı gecə-gündüz
mədənlərdə olur
və hər bir quyuya şəxsən
nəzarət edirdi. Elə olurdu ki, çox
vaxt elə mədənlərdə gecələyirdi.
O, tapşırılan işi
məsuliyyətlə yerinə
yetirirdi. Elə bu keyfiyyətlərinə
görə müharibə
illərində o, ordunun
tərkibində zabit kimi qonşu İran dövlətinə
məsul işə ezam edilir.
Müharibə qurtardıqdan sonra həyat yenə də öz axarına düşür. Ciddi sınaqlardan
qeyrətlə, alnıaçıq
çıxan İbad
Mustafayevə bir sıra məsul vəzifələr təklif
edilir. Lakin perspektivli işçinin
qəlbində olan tədqiqatçı ruhu onu elm sahəsinə çağırırdı. Və o, qəti olaraq öz gələcək həyatını elmi axtarışlara həsr etməyə bağladı.
Bu seçim onu
Azərbaycan EA-nın
Elmi-Tədqiqat Geologiya
İnstitutuna gətirib
çıxarır. Burada ona
bir neçə laboratoriyanın rəhbərliyi
tapşırılır.
Sonralar keçmiş "Dənizneftlayihə"
Elmi-İstehsalat Baza İnstitutuna rəhbər
vəzifəyə keçirilən
İ.S.Mustafayev ona xas olan ilham
və enerji ilə elmi axtarışlara
başlayır. İstedadlı
gənc alimin tədqiqat mövzusu neft geologiyasının həllini gözləyən
ən aktual problemləri, axtarışda
olan yeni neft və qaz
yataqlarına dair konkret elmi-praktiki təkliflər və onların mümkün maksimal iqtisadi verimi
effektliyi təşkil
edirdi. Elə bu meyarlar alimin elmi karyerasında
əsas strateji istiqamətləri təşkil
edirdi. Artıq bir neçə
aydan sonra-1945-ci ilin axırlarında onun intensiv və dərin tədqiqat fəaliyyətinin nəticəsi
olaraq "Azərbaycanın
çokrak-spirialis çöküntülərinin
litologiyası" mövzusunda
elmi işi meydana gəldi. Alimə geologiya-mineralogiya elmləri
namizədi adı verildi.
1951-ci il İ.Mustafayevin
həyatında yeni çevriliş ili oldu. Artıq yetkinlik yaşına çatmış, böyük
istehsalat və elmi, həyat və təşkilatçılıq
təcrübəsi olan
İbad müəllimə
nəinki Azərbaycan,
hətta keçmiş
SSRİ və dünyanın
bir sıra ölkələri üçün
yüksək ixtisaslı
mütəxəssislər hazırlayan
Azərbaycan Neft və Kimya İnstitutuna
müəllim vəzifəsi
təklif edilir. Vaxtilə həmin ali məktəbi
bitirmiş İ.Mustafayev
Neft və qaz yataqlarının geologiya və axtarışı kafedrasının
aparıcı müəllimlərindən
biri olaraq artıq əldə edilmiş elm və istehsalat təcrübəsi
ilə bölüşür,
yüksək ixtisaslı
mühəndis və elmi kadrlar yetişdirir.
Özünə həddindən artıq tələbkar olan İbad müəllim müəllimlik fəaliyyətini
geniş profilli elmi axtarışlarla birgə aparırdı. O, Abşeron
yarmadasının, Qobustan
və respublikanın digər rayonlarının
neftli çöküntülərinin
kollektor xüsusiyyətlərini
dəqiq tədqiq etmişdir. Alimin gərgin və məhsuldar çoxillik fəaliyyətinin nəticəsində
"Neft və təbii qazın geologiyası", "Xəzər
çökəkliyinin orta
pliosen yaşlı neftli-qazlı çöküntülərinin
litofasiyası və paleocoğrafiyası", "Abşeron
rayonunun cənub zonasının məhsuldar
qatının litofasiyası
və neftqazlılığı"
kimi fundamental kitabları
meydana gəlir. Demək olar ki, elə bu
dövrdə Azərbaycan
EA-nın nəşriyyatı
tərəfindən alimin
"Neft və qaz kəşfiyyatına
aid yeni dərs vəsaiti haqqında",
"Darvin bankası neft yatağının məhsuldar qat çöküntülərinin litoloji-kollektor xüsusiyyətləri" və
s. kitabları nəşr
edilir. Tədqiqatlarda ilk dəfə olaraq
Xəzər çökəkliklərində
orta pliosen yaşlı neftli-qazlı
çöküntülərin yayılmasının əsaslı
təhlili verilmiş,
müxtəlif geotektonik
şəraitlərdə hər
litofasial tipin süxurları toplanma şəraiti dərin işıqlandırılmış, orta pliosen dövründə
Xəzər çökəkliyinin
geoloji tarixi və paleocoqrafi bərpası öz əksini tapmışdır.
1961-ci ildə İ.C.Mustafayev doktorluq dissertasiyası müdafiə etmiş, növbəti ildə
ona "Neft və qaz yataqlarının
geologiyası və kəşfiyyatı" kafedrasının
professoru adı verilmişdir. O, litologiya üzrə ilk elmlər doktoru olmuş və Azərbaycanda
yer qatının çökmə süxurlarını
öyrənən litologiya
sahəsinin aparıcı
eksperti olmuşdur.
İ.Mustafayev tərəfindən hazırlanmış
və nəşr edilmiş kitablar, 100 elmi iş, monoqrafiya,
məqalələr, məruzələr,
tədris-praktiki vəsaitlər
bir neçə onilliklər ərzində
neftçıxarma sahəsində
və elmi-tədqiqat idarələrində işləyən
geoloqların əvəzedilməz
vəsaiti, həmçinin
litoloqlar, paleocoğrafiyaşünaslar və
tələbələr üçün
qiymətli dərs materialı olmuşdur.
Ömrü boyu sakitlik bilməyərək
geologiya elminin kəşf olunmamış
sahələrini fəth
etməyə tələsən
alim öz biliyini tələbə,
aspirant və dissertantları
ilə bölüşürdü. Onu tələbələri, iş yoldaşları,
dostları, doğmaları
və yaxınları
çox sevirdilər.
Onların bir çoxu əsl Azərbaycan ziyalısına
xas keyfiyyətləri
ilə yüksək erudisiya və intellektuallığa malik İbad müəllimə oxşamağa
çalışırdı.
O, 59 yaşında, elmi axtarışlarla zəngin
olan yaradıcılığının çiçəkləndiyi
bir dövrdə dünyadan köçdü.
Əməyi bir sıra hökumət mükafatları
ilə qiymətləndirilmiş
professor İbad Mustafayev
Azərbaycanın geologiya
elmi üçün çox işlər görmüş və yaddaşlarda xoş xatirə qoyub getmişdir.
Hüseyn HÜSEYNOV,
geologiya-mineralogiya elmləri doktoru,
professor
Elm.- 2012.- 30 noyabr.- S.9.