Azərbaycan şərqşünaslığının inkişafında

akademik Vasim Məmmədəliyevin rolu

 

Azərbaycanın az alimləri həm elmi ictimaiyyət və xalq arasında, həm də vətənimizin hüdudlarından kənarda filologiya elmləri doktoru, professor Vasim Məmmədəli oğlu Məmmədəliyev qədər geniş şöhrət qazanmışlar. O, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri, Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şuranın sədri, AAK rəyasət heyətinin üzvü, Azərbaycanın və Dağıstan Muxtar Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının və Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, İslam Konfransı Təşkilatının Müsəlman Hüququ Akademiyasının akademiki və Azərbaycanın orada təmsilçisi, İranın Beynəlxalq Əhli Beyt Assosiasiyası və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvüdür. Elm və təhsildə səmərəli fəaliyyətinə görə "Şöhrət" və "Şərəf" ordenləri, "Yusif Məmmədəliyev" medalı ilə təltif edilmiş, Prezident təqaüdünə layiq görülmüşdür.

 

Vasim Məmmədəliyev 27 avqust 1942-ci ildə Bakıda doğulmuşdur. 1959-cu ildə  orta məktəbi bitirib, BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olmuş, 1964-cü ildə təhsilini aspiranturada, Tbilisi Dövlət Universitetində davam etdirmişdir. Burada o, həmin dövr SSRİ samişünaslarının öndəri sayılan akademik Georgi Vasilyeviç Seretelinin ən sevimli yetirməsi olur.

Vasim müəllim 26 yaşında Tbilisidə "Müasir ərəb, Azərbaycan ədəbi dilində və İraq dialektində felin zaman formalarının müqayisəli tipoloji təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və 32 yaşında keçmiş SSRİ miqyasında ərəbşünaslıq sahəsində ən gənc elmlər doktoru olmuşdur. Onun bu "rekord"unu hələlik heç kəs təkrar edə bilməmişdir.

İndiyədək alimin 30-dan çox kitabı nəşr olunmuşdur. Onlardan "Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları", "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Ərəb dilçiliyi", "Quranelm" və s. göstərmək olar. Mən iki monoqrafiya barəsində daha ətraflı fikir söyləmək istəyirəm.

"Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları" əsəri ərəb dilçiliyi sahəsində, ümumiyyətlə, irəli atılmış bir addım idi. Ərəb dilində zaman, şəxs və şəkil kateqoriyaları predikativliyin qrammatik özəyi kimi eyni bir söz formasında təzahür edirfeli cümlənin əsasını təşkil edir. Məhz bu baxımdan müəllif həmin üç kateqoriyanı əlaqəli surətdə öyrənməyi vacib bilmişdir.

Əsərdə bəzi faktlar müxtəlif sami dilləri ilə müqayisəli şəkildə araşdırılmış, yeri gəldikcə klassik ərəb dilinin materiallarına müraciət olunmuş, həmçinin Azərbaycan, rus, ingilis, fars, taciks. dillərin faktlarından müqayisəli şəkildə istifadə edilmişdir. Eyni zamanda ərəb dilçilik elminin təşəkkülü barəsində yeni mülahizələr irəli sürülmüş, müasir dilçiliyin bir sıra cərəyanlarının mövzu ətrafında konsepsiyaları hərtərəfli təhlil edilmişdir.

Ümumiyyətlə götürüldükdə Vasim müəllimin haqqında danışdığımız monoqrafiyası nəinki ərəb dilçiliyinin ən ümdə məsələlərinin kamil tədqiqi, həmçinin ümumi dilçilik elminin inkişafına təkan verən mühüm bir hadisə kimi səciyyələnməlidir. Ona görə də 1978-ci ildə rus dilində nəşr olunan bu kitab Vasim müəllimi SSRİ şərqşünaslığında aparıcı alimlər cərgəsinə çıxardı, onun tez-tez şərqşünaslıq mərkəzlərində namizədlik və doktorluq dissertasiyalarına opponentlik etməsinə səbəb oldu.

"Ərəb dilçiliyi" monoqrafiyası, demək olar ki, Vasim müəllimin dünya şərqşünaslığına layiqli töhfəsidir. Çünki ərəb qrammatika elminin təşəkkülü, onun məktəbləri haqqında 10 əsrdən çox müddətdə müxtəlif səpkili əsərlər yazılsa da, müasir dilçilik səviyyəsində heç bir tədqiqat işi bu möhtəşəm problemin həllini axıra çatdıra bilməmişdir.

Amma Vasim müəllimin özünün etiraf etdiyinə görə, nə Avropa, nə də sovet şərqşünaslığında ərəb qrammatika məktəblərinin istər ayrı-ayrılıqda, istərsə də bütövlükdə bir sistem kimi öyrənilməsinə, bu sistemin nəzəri və metodoloji əsaslarının tam şəkildə müəyyənləşdirilməsinə, onların başqa dilçilik təlimləri ilə oxşar və fərqli cəhətlərinin ətraflı şərhinə həsr edilmiş monoqrafik tədqiqat və ya dərslik mövcud idi.

Ərəb dilçiliyi tarixində beş qrammatika məktəbi məşhurdur. Bunlar Bəsrə, Kufə, Bağdad, Əndəlis və Misir qrammatika məktəbləridir. Əsərdə onların hər birinin meydana gəlib formalaşması, görkəmli nümayəndələrinin həyat və yaradıcılığı, dilçiliyə gətirdikləri yeniliklər və s. dərin elmi təhlil əsasında qələmə alınmışdır.

Vasim müəllimin haqqında danışdığımız kitabı ərəb dilçiliyinin yaranması dövründən bu günümüzə qədər keçdiyi mürəkkəb yolun geniş panoramasını əks etdirir. Burada qoyulan müxtəlif səpkili məsələlərin dərindən öyrənilməsi müəllifin ümumi dilçilik sahəsində nəhəng bir şəxsiyyət olduğunu bir daha sübut edir. Əsərdə ayrı-ayrı məktəblərin əsas xüsusiyyətləri, mənbələri, nəzəri-metodoloji əsasları, terminologiyası, mübahisəli məsələləri və s. ətraflı şərh edilir. Ərəb yazısının və leksikoqrafiyasının inkişaf mərhələləri xüsusi diqqətlə izlənilir.

Ərəb dilçiliyi sahəsində fəaliyyət göstərmiş Azərbaycan alimlərinə ayrıca oçerkin həsr olunması elmimiz üçün kitabın dəyərini daha da artırır.

Vasim müəllim  "Ərəb dilçiliyi"ndən savayı heç nə yazmasaydı, yenə də dünyanın ən görkəmli dilçiləri ilə bir cərgədə duracaqdı. Lakin o usanmaq bilmir, humanitar elmlərin müxtəlif sahələrinə dair dörd yüzə yaxın elmi, üç yüzdən çox elmi-publisistik məqalə və müsahibənin müəllifi olduğu halda, yeni-yeni araşdırmalar üzərində işləyir.

Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi Vasim  müəllimin  sonrakı  elmi  yaradıcılığına böyük təsir göstərmiş, əslində onun yeni bir istiqamətdə fəaliyyətinin əsasını qoymuşdur. Əgər həmin vaxtadək o, dilçi-ərəbşünas kimi sabiq sovet məkanında və onun hüdudlarından kənarda özünə ad qazanmışdırsa, bundan sonra ilahiyyatçı alim kimi də şöhrətlənməyə başladı.

Qeyd etməliyəm ki, Qurani-Kərimin əcnəbi dillərə çevrilməsi heçyeni bir deyildi. Bu sahədə ilk addımlar hələ XI əsrdə türklər və farslar tərəfindən atılmış, hazırda türkfars dillərində Quranın yüzdən çox tərcüməsi və təfsiri mövcuddur.

XII əsrdən etibarən Qurani-Kərim latın, italyan, alman, fransız, ingilis, ispan, russ. dillərə dəfələrlə çevrilmişdir. Bu gün onların sayı otuzu ötmüşdür.

Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinə orta əsrlərdən cəhd göstərilsə də, o, yalnız 1904-1906-cı illərdə Bakı qazisi Mir Məhəmməd Kərim ağa tərəfindən həyata keçirildi. Üç cilddən ibarət tərcümə-təfsirin işıq üzü görməsində xalqımızın böyük oğlu Hacı Zeynalabdin Tağıyevin xidmətini unutmaq olmaz.

1908-ci ildə Zaqafqaziya şeyxülislamı Məhəmməd Həsən Mövlazadə Şəkəvi Tbilisidə Qurani-Kərimin ikicildlik tərcümə-təfsirini nəşr etdirir.

Əvvəllər nisbətən örtülü şəkildə sitayiş olunan dinimiz yavaş-yavaş ictimai həyatımızın və mənəviyyatımızın aşkarda ayrılmaz komponentinə çevrilirdi. Belə bir şəraitdə xalqın Qurani-Kərimin azərbaycancaya tərcüməsinə böyük ehtiyacı var idi. Lakin nadir nüsxələri əldə olan Mir Məhəmməd Kərim ağa və Mövlazadənin əsərləri bu vəzifəni yerinə yetirə bilmirdi. Çünki onların dili artıq müasir Azərbaycan oxucusu üçün çox qəliz və anlaşılmaz idi.

1991-ci ildə Vasim müəllimin akademik Ziya Bünyadovla birgə səyi nəticəsində Qurani-Kərimin azərbaycanca tərcüməsi işıq üzü gördü.

Qurani-Kərim haqqında hələ az məlumatı olanlar belə bilirlər ki, bu Allah kəlamı çox bəlağətli, fəsahətli, müəmmalı bir dildə nazil olmuşdur. Peyğəmbərin dilindən söylənilən bir hədisdə onun zahiribatini məzmunu olduğu bildirilir. Təsadüfi deyil ki, əsrlər boyu ensiklopedik biliklərə malik alimlər Qurani-Kərimə yüzlərlə şərhlər yazsalar da, indiyədək onun tam açılmamış ayələri qalmaqdadır.

Tərcümə işini çətinləşdirən başqa bir cəhət var. Belə ki, Qurani-Kərimin nazil olduğu ərəb dili leksik fonduna görə dünyanın ən zəngin dillərindən biridir. Eyni zamanda bir məna bildirən onlarla, bəzən yüzlərlə sinonim sözlərlə yanaşı, bir sözün onlarla mənanı özündə ehtiva etməsi də adi hal kimi sayılır. Qurani-Kərimdə Cahiliyyə, yəni islamaqədərki ərəb poeziyasında tez-tez təsadüf edilən yarımçıq cümlələrin və yalnız ana dilini dərindən bilən ərəblərin özlərinin anladığı eyhamların çoxluğu da mütərcimlər üçün problemlər yaradır. Ərəb cümlələrində söz sırasının Azərbaycan dilindəkindən köklü surətdə fərqlənməsi, tabeli mürəkkəb cümlələrdəki bir sıra bağlayıcıların ədəbi Azərbaycan dilinə yad olması, feli sifət, məsdər tərkiblərinin ərəb və Azərbaycan dillərində işlənməsinin bir-birinə uyğun gəlməməsi və s. ayələrin ardıcıllığına riayət olunmasına xələl gətirir, hər bir ayənin ayrılıqda anlaşılmasını qəlizləşdirir.

Mən Vasim müəllimin müqəddəs kitabımızı ana dilimizə çevirərkən bütün bunları aradan qaldırmaq üçün necə gərgin işlədiyinin şahidi olmuşam. O, onlarla ərəb, fars, türk dillərindəki  təfsirləri ələk-vələk edərək, Allah kəlamını Azərbaycan oxucusuna mötərizədə verdiyi qısa şərhlərlə daha anlamlı, hərfi deyil, lakin ərəb mətninə daha uyğun şəkildə verməyə çalışmışdır. Belə böyük əməyin nəticəsidir ki, Qurani-Kərimin azərbaycancaya qısa şərhli tərcüməsi, Bakıdan başqa Ukrayna, Türkiyə, İranPakistanda da nəşr edilmişdir. Vasim müəllim hər yeni nəşrdən əvvəl bir daha mətn üzərində işləmiş və bəzi dəyişikliklər aparmışdır.

Vasim müəllimin tərcüməyə yazdığı ön söz ayrıca bir tədqiqat işidir. Əslində bu ön söz Azərbaycanda ilahiyyat və islamşünaslıq elminin yenidən dirçəlməsinə təkan vermişdir. O, külli miqdarda müxtəlif tarixi faktları əhatə etməklə, elmiliyi ilə bərabər, öz bədiiliyi, söz düzümünün gözəlliyi ilə oxucunu heyran qoyur.

Vasim müəllim digər elm xadimlərindən bir cəhətlə fərqlənir ki, onu Azərbaycanın ən ucqar guşələrində belə tanıyır və sevirlər. Bu onun Qurani-Kərimi dilimizə çevirməsi və mərkəzi televiziya ilə apardığı "Haqqın dərgahı" verilişi ilə bağlıdır.

Vasim müəllimin "Haqqın dərgahı" verilişinə başlaması ölkəmizdə böyük sensasiyaya səbəb oldu. Çünki yetmiş il yasaqlanmış  dinimizi belə bir alim elmi şəkildə xalqımıza çatdırırdı. Vasim müəllim hər hansı bir dini ayin, mərasim və ya islamla bağlı hadisədən danışanda onu bugünkü reallıqla gözəl şəkildə əlaqələndirir, saflığa, paklığa çağırır, gənclərimizin yüksək mənəvi əsaslar üzərində tərbiyələnməsini  təbliğ edir.

Respublikamızda son zamanlar mövhumat xarakterli ədəbiyyatın yayılmasının qarşısını almaq üçün hörmətli şeyximiz Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-Dini Şuranın yaradılması çox böyük əhəmiyyətə malikdir. Bu şuraya görkəmli din xadimləri və alimlər daxildirlər. Təsadüfi deyil ki, belə bir sanballı şuraya məhz Vasim müəllim sədrlik edir.

Vasim müəllimin ərəb dilində sərbəst və gözəl danışması barədə çox yazılıb. Bu sahənin mütəxəssisi kimi mən də dəfələrlə şahid olmuşam ki, müxtəlif  ölkələrdən gələn, adətən bir-birindən fərqli məhəlli ləhcələrdə danışan ərəblər onunla ərəb ədəbi dilində ünsiyyətdə olarkən özlərini yığışdırırlar. Qeyri-ərəbin yanında doğma ana dilində səhvə yol verməkdən ehtiyat edirlər.

Vasim müəllim nəinki ədəbiyyatımızın, klassik poeziyamızın, eyni zamanda ərəb, fars şerinin tanınmış araşdırıcılarından sayılır. O, təsəvvüfü incəliklərinə qədər öyrənmiş, Mövlanə Cəlaləddin Ruminin "Məsnəvi"si haqqında, hətta İran və Türkiyə televiziyalarında dəfələrlə ətraflı çıxışlar etmişdir. Görkəmli alimimiz bu böyük əsərdən çox hissələri əzbər bilir.

Vasim müəllim Azərbaycan musiqisinin, xüsusilə də, muğamlarımızın gözəl bilicisidir. O, dəfələrlə muğam gecələrini aparmış, respublikanın görkəmli xanəndə və müğənnilərinin yaradıcılıq görüşlərində bir mütəxəssis kimi çıxış etmişdir. Qeyd etməliyəm ki, Vasim müəllim həm də klassik Avropa musiqisinə dərindən bələddir.

Vasim müəllimin ömrünün əsas hissəsi Bakı Dövlət Universiteti ilə bağlıdır. Ona görə də Azərbaycanın bu ən qabaqcıl təhsil məbədgahını ata ocağı qədər sevir. O, 1959 - 1964-cü illərdə Şərqşünaslıq fakültəsində oxumuş, 1964-1967-ci illərdə aspirant olmuş, 1968-ci ildən müəllimlikdən başlayıb, professor, kafedra müdiriprorektor vəzifəsinə (1991-1992) qədər yüksəlmişdir. Vasim müəllim universitetimizdə yeganə şəxslərdəndir ki, üst-üstə indiyədək 30 ilə yaxın dekan vəzifəsində çalışır (Şərqşünaslıqda: 1981-1991, İlahiyyatda 1993-cü ildən).

Vasim müəllimin geniş mənada şərqşünas alim kimi elmi fəaliyyətinə qısa nəzər saldıqdan sonra onun Azərbaycanda və islam aləmində əldə etdiyi nailiyyətləri bir neçə kəlmə ilə yekunlaşdırmaq istəyirəm.

Əgər əllinci illərin sonundan başlayaraq, şərqşünaslıq aləmində ustadımız, mərhum professor Ələsgər Məmmədovun sayəsində Bakı praktik ərəb dili öyrədən ən məşhur mərkəzlərdən biri hesab edilirdisə, hal-hazırda paytaxtımızın ərəb dilçiliyinin tanınmış ocaqlarından birinə çevrilməsində sovet samişünaslarının lideri akademik G.V.Seretelinin nəzəri məktəbini keçmiş Vasim müəllimin əvəzedilməz xidməti olmuşdur. O, bu sahədə 41 elmlər namizədi və fəlsəfə doktoru, 3 elmlər doktoru yetirmiş, özü isə Azərbaycan şərqşünaslarının öndəri kimi dünyanın müxtəlif ölkələrində - Rusiya, Gürcüstan, Polşa, Türkiyə, İran, İraq, Misir, Liviya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt, İndoneziya və sairədə keçirilən elmi toplantılarda ləyaqətlə vətənimizi təmsil edir. Ərəb dilçiliyiilahiyyat sahəsində nail olduğu elmi nəticələr ərəblərin özləri tərəfindən yüksək qiymətləndirilmiş, Vasim müəllim İraq, Suriya və Misirdə Elmlər Akademiyasına  müxbir üzv seçilmişdir.

1994-cü ildə altmışa yaxın dövləti təmsil edən İslam Konfransı Təşkilatı nəzdindəki Müsəlman Hüququ Akademiyasının akademiki seçilməsi isə onun nüfuzunun artıq bütün müsəlman aləmində necə böyük olduğuna bir daha dəlalət edir. XVIII əsrin sonlarından etibarən formalaşmağa başlayan, XIX-XX əsrlərdə sürətlə inkişaf edən şərqşünaslıq elmində heç bir Azərbaycan alimi belə bir uca məqama çatmamışdır.

Məlumdur  ki,  dəqiq  elmlər sahəsində ən böyük kəşflər alimlərin gənc yaşlarında olur. Humanitar elmlər sahəsində isə alimlər yaşa dolduqca daha da püxtələşir, geniş  məlumat  əldə  edir    özlərinin  şah  əsərlərini  ömürlərinin ahıl vaxtında yaradırlar. Mən inanıram ki, Vasim müəllim pərəstişkarlarını hələ neçə-neçə onilliklər boyu öz tədqiqatları ilə sevindirəcək, şərqşünaslıq elmini zənginləşdirəcəkdir.

 

Elxan ƏZİZOV,

BDU-nun şərqşünaslıq fakültəsinin dekanı, dosent

 

Elm.- 2012.- 30 noyabr.- S.8.