Xalqımızın folklorda
yaşayan tarixi
AMEA-da "Folklor və
tariximiz" mövzusunda
respublika elmi
konfransı keçirildi
19-20 noyabr tarixlərində AMEA Rəyasət Heyətinin
əsas binasında AMEA Folklor İnstitutu və A.Bakıxanov adına Tarix İnstitutunun birgə
təşkilatçılığı ilə "Folklor və tariximiz" mövzusunda respublika elmi konfransı keçirildi.
Konfransı giriş sözü ilə açan Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev iki institutun birlikdə Azərbaycanla bağlı dəyərlərini cəmiyyətin müzakirəsinə çıxartmaq səyinin elmi nöqteyi-nəzərdən çox maraqlı, faydalı və perspektivli bir məsələ olduğunu qeyd etdi. O, xalqımızın folklorda yaşayan tarixinin qarşılıqlı şəkildə öyrənilməsi və konkret problemlərin ortaq müstəvidə öz həllini tapmasının konfransın keçirilməsində əsas məqsəd olduğunu vurğuladı. Azərbaycan xalqı ən zəngin folklor xəzinəsinə sahib olan xalqlardan biridir. Folklorla tarixin bir-birinə təsiri məsələlərini, inteqrasiya problemlərini Azərbaycan folklorşünas alimləri və tarixçilərinin birgə müzakirə etməsi baxımından bu konfrans mühüm əhəmiyyət kəsb edir.
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək bildirdi ki folklor nümunələrinə istinad etməyin əhəmiyyəti böyükdür. Şifahi xalq ədəbiyyatına istinad etdikdə görürük ki, bizim xalqımız geniş coğrafiyada fəaliyyət göstərmişdir. Xalq ədəbiyyatımızdan bəlli olur ki, Çindən Fransaya kimi böyük bir ərazidə mili-etnik izlərimiz vardır. Bu baxımdan "Kitabi-Dədə Qorqud" dastanı dəyərli bir örnəkdir. Xalqımızın şifahi yaradıcılığı kimi dəyərləndirilən folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır. Azərbaycan dünya xalqları içərisində ən zəngin folklor sərvətlərindən birinə sahibdir. Konfransın əsas qayəsini Azərbaycan xalqının folklorda yaşayan tarixinin və eləcə də tarixi hadisələrin folklora təsirinin qarşılıqlı öyrənilməsi, bu məsələlərə yeni prizmadan baxış təşkil edir. Bu baxımdan da biz indi folklorla tarixin bir-birinə təsiri məsələlərini, inteqrasiya, problemlərini Azərbaycan folklorşünas alimləri və tarixçiləri ilə birgə müzakirə etmək üçün bir araya gəldik.
Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirdi ki, milli ədəbiyyatımızın ilkin qatlarında zəngin və dərin məzmunlu Azərbaycan folkloru dayanır. Tarixi hadisələr və tarixi səxsiyyətlər folklorda folklorun poetikasına uyğun şəkildə öz əksini tapır. Tarixi hadisənin folklorda əks olunmasının öyrənilməsi həm də öz mahiyyətinin ayrı-ayrı folklor janrlarının poetikasının öyrənilməsinə kömək edir.
Konfransda T.Nəcəflinin "Azərbaycanda Cəlalilər hərəkatı və Koroğlu", Məhsəti İsmayıllının "Folklorda yaşayan tarixi həqiqət", Qara Namazovun "Koroğlu və Giziroğlu Mustafa bəy", Aynur Qəzənfərqızının "Qumuq yırlarında tarixin bədii əksi", Adil Cəmilin "Manas: tarixi varislikdən ədəbi varisliyə", Əziz Ələkbərlinin "Kitabi Dədə-Qorqud" dastanında gizlənən tarix" mövzularında məruzələri dinlənildi.
Konfransın ikinci günündə də iştirakçılar Q.Namazovun, F.Bayatın, V.İskəndərovun, İ.Sadığın, M.Abbasovanın, M.Allahmanlının, N.Muradoğlunun, S. Abbaslının, X.Xəlillinin və b. tədqiqatçı-alimlərin folklor və tarix probleminə aydınlıq gətirən maraqlı məruzələri ilə tanış oldular.
Tədbirdə respublikanın qabaqcıl elm və tədris müəssisələrini - AMEA-nın elmi-tədqiqat institutlarını, Bakı Dövlət Universitetini, Bakı Slavyan Universitetini, Azərbaycan Dövlət Pedaqoji Universitetini və digər elmi qurumları təmsil edən 40-a yaxın mütəxəssis iştirak edirdi. Qeyd edək ki, konfransa qatılan tədqiqatçılar arasında gənc alimlər üstünlük təşkil edirdi.
Güllü ƏNSƏRLİ
Elm.- 2012.- 30 noyabr.- S.2.