Bakıda keçirilən beynəlxalq konfransda nüvə enerjisinin

dinc məqsədlərlə istifadəsi perspektivləri müzakirə edilmişdir

 

Noyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA Radiasiya Problemləri İnstitutunun təşkilatçılığı ilə "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda konfrans keçirildi.

 

Konfransın işində Azərbaycan Respublikasının enerji ilə bağlı bütün qurumları ilə yanaşı, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertləri, Varşava Nüvə Kimyası və Texnologiyası İnstitutunun direktoru, professor Andrzey ÇmielevskiUkrayna Nüvə tədqiqatları, radioaktiv tullantılar və radioekologiya üzrə Beynəlxalq radioekoloji laboratoriyanın direktoru Mixail Bondarkov, eləcə də MDB-nin Atom enerjisindən dinc məqsədlərlə istifadəsi üzrə Komissiyanın məsul katibi Yevgeni Sobolev və Tədqiqat Nüvə Reaktorlarının təhlükəsizliyi üzrə işçi qrupun rəhbəri Viktor Fedulin başda olmaqla 12 nəfərdən ibarət nümayəndə heyəti də iştirak edirdi.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Radiasiya Problemləri İnstitutunda keçirilən, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi istiqamətində elmi-tədqiqat işlərinin son nəticələrinin müzakirəsinə həsr olunmuş konfransın əhəmiyyətindən danışdı. O bildirdi ki, Radiasiya Problemləri İnstitutu (RPİ) respublikamızda nüvə elmləri sahəsində fəaliyyət göstərən elmi qurum olub, bu sahədə aparılan bütün tədqiqatların koordinasiyasını da həyata keçirir. Müəyyən dövrdə nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində bəzi qeyri-müəyyənlik və tərəddüdlər olmasına baxmayaraq AEBA-nın son hesabatları göstərir ki, bu amil nüvə enerjisinin istifadəsi istiqamətində 2006-ci ildən başlayan inkişaf xəttinə təsir göstərə bilməyib. İndi dünya nüvə enerjisinin energetik tətbiqi, radiasiya texnologiyaları, radioaktiv izotopların tətbiqi və s. istiqamətlər sürətlə inkişaf etməkdədir. AMEA RPİ-də ənənəvi olaraq nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya texnologiyaları, enerji çevrilməsi istiqamətində elmi-tədqiqat işləri aparılır. Nüvə enerjisinin neft-kimyası kimyəvi proseslərdə istifadəsi, atom-hidrogen energetikası, radiasiya materialşünaslığı istiqamətində maraqlı nəticələr alınır, çoxlu sayda patentelmi əsərlər nəşr olunur.

Akademik M.Kərimov çıxışında vurğuladı ki, Azərbaycan nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi istiqamətində köklü irəliləyiş AEBA-ya üzvlük dövründən başlayıb. Azərbaycanda INIS, radioaktiv izotopların monitorinqi üzrə müasir laboratoriyalaryeni tənzimləyici dövlət qurumu yaradılıb. Nazirlər Kabinetinin nəzdində AEBA ilə əlaqələr üzrə Dövlət komissiyası və Ekspert qrupu formalaşıb, sərhəd-keçid məntəqələrində müasir nəzarət qurğuları qurulub, sərhəd və gömrük əməkdaşlarının radiasiya təhlükəsizliyi üzrə professional hazırlıqlarının artırılması üzrə tədris materialları və kursları keçirilir, tibbi diaqnostika və müalicə sahələrində yeni radiasiya üsulları geniş tətbiq olunur, respublika ərazisində radiasiya fonuna nəzarət stansiyaları quraşdırılıb fəaliyyət göstərir və s.

Göründüyü kimi, 10 illik fəaliyyət dövründə Azərbaycanda nüvə enerjisinin, radiasiya texnologiyalarının istifadəsi istiqamətində, nüvə və radiasiya təhlükəsizliyinin təminatı sahələrində böyük nailiyyətlər əldə olunmuşdur. Əsası 20 il bundan əvvəl qoyulmuş, suverenliklə qoyulmuş bu nailiyyətlər ulu öndər Heydər Əliyevin apardığı uzaqgörən daxilixarici siyasətlə stabil inkişaf xəttinə nail olunması, son illərdə isə cənab İlham Əliyevin bu xətti yeni dövrün tələblərinə uyğun inkişaf etdirməsi nəticəsində qazanılmışdır. Müstəqillik illərində Radiasiya Tədqiqatları Sektoru da ən müasir laboratoriyalara malik olan, nüvə və radiasiya texnologiyalarının elmi əsasları üzrə beynəlxalq səviyyədə qəbul edilən bir elmi-tədqiqat müəssisəsinə  çevrilib. İnstitut elmi tədqiqatların müasir səviyyədə təşkili məqsədilə respublikadaxili və beynəlxalq layihələrdən geniş istifadə edib. Belə ki, NATO, CRDF, Avropa İttifaqı, ABŞ Energetika Nazirliyi və müxtəlif  elmi mərkəzlər və AEBA ilə radiasiyaekoloji təhlükəsizlik, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində elmi işlərin icrası üçün yeni müasir avadanlıqlarla təmin olunub. Burada gənc mütəxəssislərin hazırlanmasına nail olunub.

Son illər nüvə energetikası böyük sürətlə inkişaf etməklə, nüvə enerjisinin dinc məqsədlərlə istifadə edildiyi sahələr gündən-günə genişlənməkdədir.

Konfransın plenar iclasında AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov "Azərbaycan Respublikasında nüvə enerjisinin  dinc məqsədlərlə istifadəsi istiqamətində aparılan  son işlərin xülasəsi", Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya  Komissiyasının sədr müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov "Atlas və GSM eksperimentlərində 125-126 Qev enerji intervalında doğulan bazanın spiniyeni zərrəciyin varlığı", Varşava Nüvə Kimyası və Texnologiyası İnstitutunun direktoru, professor Andrzey Çmielevski "Radiasiya proseslərinin dünyanın texnoloji inkişafında rolu", MDB-nin Atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə Komissiyasının məsul katibi Yevgeni Sobolev "Atom enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlığın inkişafı" mövzularında elmi məruzə ilə çıxış etdilər.

Məruzələr ətrafında fikir mübadiləsi aparıldı və verilən suallar ətraflı cavablandırıldı.

Konfrans işini noyabrın 23-nə kimi "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi", "Nüvə fizikası", "Nüvə və radiasiya təhlükəsizliyi", "Radioekologiya", "Nüvə və radiasiya texnologiyaları və metodlarının tətbiqi", "Nüvə biliklərinin tanınması və istifadəsi" bölmələrində davam etdirmişdir. Bölmə iclaslarında Azərbaycan alimləri ilə yanaşı, Rusiya, Ukrayna, Özbəkistan, Fransa, İran, Qırğızıstan, Gürcüstan və digər ölkələrin mütəxəssisləri də çıxış etmişlər.

İclaslarda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, nüvə və radioizotoplu texnologiya və metodların tətbiqi, nüvə biliklərinin toplanması və istifadəsi mövzularında  100-ə yaxın məruzə dinlənilərək müzakirə edilmişdir.

Qeyd edək ki, konfransın materialları toplu şəklində çap olunacaqdır.

 

G.ƏNSƏRLİ

 

Elm.- 2012.- 30 noyabr.- S.2.