AZƏRBAYCAN
KLASSİK POEZİYASININ İNCİSİ
Məhsəti Gəncəvinin
900 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir
Noyabrın
27-də Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin təşkilatçılığı
ilə Azərbaycan intibahının parlaq
nümayəndəsi, şairə Məhsəti xanım Gəncəvinin
900 illik yubileyinə həsr olunmuş "Məhsəti Gəncəvi-900"
mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Azərbaycan poetik fikrində bənzərsiz yeri olan Məhsəti Gəncəvinin ədəbiyyatımızın inkişafındakı xidmətlərindən, zəngin yaradıcılıq axtarışlarından danışmış, Gəncə şəhərində dünyaya göz açmış Məhsəti xanımın uzun və səmərəli ömür sürdüyünü, dahi Nizami kimi mükəmməl təhsil aldığını, poeziya, fəlsəfə, musiqi, şahmat və başqa sahələrdə dövrünün kişi sənətkarlarından heç də geri qalmadığını qeyd etmişdir. Onun müxtəlif qaynaqlardan toplanmış 200-dən artıq rübaisinin orta əsrlər Azərbaycan renessansının klassik örnəkləri cərgəsində özünə əbədi yer tutduğunu bildirmişdir.
Məhsəti xanımın regional çərçivələrə sığmayan, səsini bütün dünyaya salan bir sənətkar olduğunu bildirən akademik M.Kərimov bunun birbaşa şairənin yaradıcılığı üçün xarakterik olan renessans humanizmindən qaynaqlandığını qeyd etmişdir. Məhsəti Gəncəvinin insan gözəlliyinin, ağlının, istedadının, yaradıcılıq qüdrətinin, insana məhəbbətin böyük tərənnümçüsü olduğunu, bu baxımdan onun haqlı olaraq Şərq və dünya ədəbiyyatının ən seçkin lirikləri ilə müqayisə edildiyini vurğulamışdır. Onun böyük rübai ustası Xəyyamdan rübai estafetini qəbul edərək ləyaqətlə davam etdirdiyini, həm də onu məna və məzmun baxımından daha da zənginləşdirdiyini, ona türk ruhu və intonasiyası gətirdiyini, yeni lirik obrazlar, poetik təsvirlər, ürəkaçan deyimlərlə süslədiyini qeyd etmişdir. Elə buna görə də onun Xəyyamla yanaşı, öz rübai məktəbini yaratdığını, dünya lirik şeir dəftərinə öz imzasını qoyduğunu vurğulamış, Gəncə ədəbi mühitinin yetirməsi, Xalq şairi Nigar Rəfibəylinin tərcümələri ilə Məhsəti rübailərinin Azərbaycanda daha da populyarlaşdığını, bu böyük sənətkar haqqında bir sıra elmi və bədii əsərlər yazıldığını bildirmişdir.
Akademik M.Kərimov Məhsəti Gəncəvinin 900 illik yubileyinin UNESCO xətti ilə beynəlxalq səviyyədə qeyd edilməsinin qərara alındığını, bunun isə müstəqil Azərbaycan Respublikasında ədəbi-mədəni irsimizə dövlət tərəfindən yüksək qayğı və diqqət göstərilməsinin birbaşa sübutu olduğunu qeyd etmişdir.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Gəncədə yazıb-yaratmış görkəmli bəstəkar, musiqiçi, şahmatçı şairəmiz Məhsəti Gəncəvi bədii irsinin bir çox dillərə: ingilis, italyan, alman, fransız dillərinə tərcümə edildiyini, Gəncə şəhərində Məhsəti adına Mədəniyyət Mərkəzinin mövcud olduğunu, 1980-ci ildə şairəyə heykəl ucaldıldığını bildirmişdir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov "Yaradıcı Şərq qadınının iradə və ifadə azadlığının klassik modeli - Məhsəti Gəncəvi" mövzusunda məruzə etmişdir. O, yaradıcılığında humanizm və nikbinliyi ilə seçilən Məhsətinin zahirən kiçik görünən poetik irsinin daxili üfüqlərinin hüdudsuz olduğunu, poeziyamızda azadfikirliliyin ilk carçılarından olduğunu qeyd etmişdir. Şairə Azərbaycan poeziyasında şəhraşub (şəhrəngiz) poetik janrının gözəl nümunələrini yaratmışdır. Bəllidir ki, şəhraşubda, əsasən, sadə zəhmət adamları, müxtəlif peşə və sənət sahibləri vəsf edilir. 8 əsrdən çox bir zamanda dahi Azərbaycan şairəsi Məhsətinin həyat şövqü ilə dolu rübailəri nəsil-nəsil insanlarımızın zövqünü oxşayır, ruhunu təzələyir. Gözəl şeirlər müəllifi olan Məhsəti nə qədər zərif, həssas qəlbli olsa da çox çətin, narahat ömür sürmüş, haqsızlıqlara məruz qalmışdır. Lakin bu gün Məhsətinin izinin dünyanın hər qitəsində olduğunu qeyd edən natiq, şairənin səkkiz yüz il öncə yanar düşüncəsi və mübariz qələmi ilə öz sözünü dediyini, borcunu yerinə yetirdiyini bildirmişdir. Məhsəti Gəncəvi və müasirlərinin ədəbi irsi o vaxtdan indiyədək yalnız bədii sözə məftun olan, onu oxumaqdan, dinləməkdən, əzbərləməkdən zövq alanları deyil, şeirşünasları, ədəbiyyat tarixçiləri və nəzəriyyəçilərini də daim cazibəsində saxlayıb.
Sonra AMEA Ədəbiyyat İnstitutunun direktoru v. i. e., AMEA-nın müxbir üzvü Teymur Kərimli "Məhsəti Gəncəvi XII əsr Azərbaycan poeziya məktəbinin görkəmli nümayəndəsi kimi" mövzusunda məruzə ilə çıxış etmişdir. Məhsəti Gəncəvi haqqında bir çox araşdırmaların aparıldığını, monoqrafiyaların, əsərlərin yazıldığını söyləyən natiq şairənin ilk növbədə öz ədəbi-mədəni mühitinin - XII yüzillik Gəncə mühitinin yetirməsi olduğunu vurğulamışdır.
Orta əsrlər Azərbaycan poeziya
məktəbinin iki məkan - külbə
və saray arasında inkişaf
etdiyini bildirən natiq
Məhsətinin də zaman-zaman saraylara üz tutsa da, orada
uzun müddət duruş
gətirmədiyini və yenə də öz
şəhərinə - doğma sənət
adamlarının əhatəsinə qayıtdığını, şahlara mədhiyyə
söyləməklə deyil, insan gözəlliyinin tərənnümü
ilə sənətini görəvləndirdiyini qeyd etmişdir. T.Kərimli Məhsəti Gəncəvini XII yüzil Azərbaycan ədəbi məktəbinin
nümayəndəsi kimi nəzərdən
keçirməyin başqa bir
tutalqasının onun
yaradıcılığı ilə bağlı olduğunu söyləyərək, hər
şeydən öncə, Məhsətinin poetik
dili ilə Azərbaycan məktəbinin başqa nümayəndələrinin dili arasında bənzərliklərin çoxluğunu, bunun da onun bu
məktəbə sıx bağlılığının
göstəricisi olduğunu nəzərə
çatdırmışdır.
Azərbaycan ədəbi məktəbinin başqa nümayəndələri kimi, Məhsəti Gəncəvi yaradıcılığı da şifahi xalq ədəbiyyatı, Azərbaycan folkloru ilə sıx bağlıdır ki, bunun da ətraflı araşdırmaya ehtiyacı olduğunu bildirən T.Kərimli Məhsəti və folklor probleminin hələ də öz araşdırıcısını gözlədiyini qeyd etmişdir.
Konfransda AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə e.d. Zümrüd Quluzadə "Məhsəti Gəncəvi Azərbaycan intibahının hadisəsı kimi", AMEA "Nizami Gəncəvi Mərkəzi"nin direktoru, filologiya üzrə e.d. Xəlil Yusifli "Məhsəti Gəncəvi irsinin xarici ədəbiyyatşünaslıqda öyrənilməsi", AMEA Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə e.d. Möhsün Nağısoylu "Məhsəti Gəncəvinin ədəbi irsi əlyazmalarda" mövzusunda məruzələrlə çıxış etmişlər.
Sonra konfrans öz işini "Məhsəti Gəncəvi rübai ustası kimi", "Məhsəti Gəncəvinin ədəbi irsi və əlyazmaları", "Sənətşünaslıq", "Məhsəti Gəncəvinin fəlsəfə tarixində yeri", "Məhsəti Gəncəvi irsi və şəxsiyyəti klassik və müasir ədəbi-estetik meyarlar kontekstində" bölmələri üzrə işini davam etdirmiş, bir sıra məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Sevinc PAŞAYEVA
Elm.- 2012.- 30 noyabr.- S.3.