"İrəvan xanlığı" sənədli
televiziya filminin təqdimatı
Noyabrın 23-də Azərbaycan
Milli Elmlər Akademiyasının əsas binasında AMEA Tarix
İnstitutu və Azərbaycan Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı
ilə "İrəvan xanlığı" sənədli
televiziya filminin təqdimat mərasimi
keçirilmişdir.
AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov tədbiri giriş sözü ilə açaraq, Tarix İnstitutunun dünyanın müxtəlif arxivlərindən əldə etdiyi sənədlərin və "İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" adlı kitabın əsasında hazırlanan bu filmin Azərbaycan tarixi üçün böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir.
Akademik A.Həşimov bildirmişdir ki, Milli Elmlər Akademiyasının aparıcı elmi-tədqiqat müəssisələrindən biri olan Tarix İnstitutunda vətən tarixinin xüsusi məqsədlərlə unudulmuş səhifələrinin araşdırılması, itirilmiş torpaqlarımızın tarixinin tədqiq olunaraq bugünkü və gələcək nəsillərə çatdırılması kimi çox gərəkli lahiyəsinin mühüm bir mərhələsi başa çatmaq üzrədir. O, eyni zamanda filmin hazırlanmasında böyük əməyi olan Azərbaycan Televiziyasının rəhbərliyinə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, filmin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazinin yaxın keçmişdə (XIX əsrin əvəllərinə qədər) Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olduğu burada sübut olunur.
Sonra tədbir iştirakçılarına " İrəvan xanlığı" sənədli filmi nümayiş etdirilmişdir.
Filmin müzakirəsi zamanı çıxış edən AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev İrəvan xanlığı ətrafında gedən saxtakarlıqlara baxmayaraq yaranışından məğlubiyyətinədək olan tarixi dövrünün filmdə ətraflı şəkildə işıqlandırıldığını vurğulamışdır. Onun fikrincə, ən qədim tarixi də, ən müasir tarixi də orta əsrləri dəqiq, mükəmməl şəkildə bilmədən öyrənmək mümkün deyil və bu filmin mükəmməlliyi ondan ibarətdir ki, burada orta əsr Azərbaycan dövlətçiliyi ardıcıllıqla göz önündə canlanır.
Tədbirdə millət vəkili Çingiz Qəniyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək Azərbaycan xalqının tarix boyu təzyiqlərə məruz qaldıgını, öz müqəddəratını təyinetmə hüququndan məhrum edildiyini qeyd etmiş və tarixi faktlara əsaslanan bu kimi filmlərə böyük ehtiyac olduğunu bildirmişlər.
Tədbirin sonunda çıxış edən AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov filmin müxtəlif dillərə tərcümə olunduqdan sonra dünyada və Azərbaycanda maarifləndirmə nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edəcəyini bildirmişdir. O qeyd etmişdir ki, 1828-ci ilə qədər Cənubi Qafqazda Azərbaycandan və Gürcü knyazlığından başqa üçüncü bir dövlət yox idi və ermənilər etnik qrup kimi Çar Rusiyası tərəfindən bizim tarixi torpaqlarımıza köçürülmüş, 1918-ci ildə isə burada Ermənistan dövləti yaratmışlar. Halbuki, bu ərazilərin qədim əhalisi Azərbaycan türkləri olmuş, sonradan onlar ermənilər tərəfindən zorakılıqla öz torpaqlarından qovulmuşlar.
Çıxışının sonunda tarixçı alim xalqımızı öz tarixinə sahib çıxmağa çağırmışdır. Çünki tarixinə sahib çıxan xalq məğlubedilməzdir.
Ruhiyyə RZAYEVA
Elm.- 2012.- 30 noyabr.- S.3.