Buraxılmış bir siyasi səhvin bağışlanılmaz acı nəticələri

və ya Azərbaycan torpaqlarının ermənilərə güzəştə

gedilməsi prosesi necə baş vermişdir

 

(əvvəli ötən sayımızda)

 

1920-ci il noyabrın 4-də Stalin, Orconikidze, Qabrielyan, Leqran, Ə.Qarayev və başqalarının iştirakı ilə keçirilən iclasda Rusiya ilə Ermənistan arasındakı müqavilənin şərtlərinə toxunularkən Stalinin fikri əsasında belə bir qərar qəbul edilmişdi: "Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə nə siyasi, nə də strateji cəhətdən sərfəli deyildir və yalnız son halda baş tuta bilər".

İclasda həmçinin Siyasi Büronun Naxçıvan və Zəngəzura aid fikrinin əsaslandırılmasını hazırlamaq N.Nərimanova həvalə olunmuş, habelə Stalinin bu məsələ ilə RK/b/P Mk ilə danışıqlar aparmasınadək Ermənistana təqdim edilən müqavilə barədə qəti qərar çıxarmamaq razılaşdırılmışdı. Bu qərarın özübir daha göstərir ki, Azərbaycan torpaqları hərraca qoyulmuşdur. V.İ.Lenindən sonra SSRİ dövlətinə rəhbərlik edən İ.V.Stalin bu hərracın təşkilatçısı kimi "Mən Azərbaycanın müstəqilliyi tərəfdarı deyiləm" - deyə Azərbaycana öz düşmən mövqeyini bildirmişdi.

Həmin qərarın "B" bəndində yazılırdı "Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir". Qərarın "Q" bəndində Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi, "D" bəndində isə Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verildiyi göstərilirdi.

Zəngəzurun ermənilərə verilməsi, əslində isə sadəcə Sovet Rusiyasının təzyiqi ilə "bağışlanması" istiqamətində daha bir ciddi addım 1920-ci il dekabrın 1-də atıldı. Həmin gün Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyətinin qurulması münasibətilə keçirilən, təntənəli "tarixi" iclasında N.Nərimanov bəyanatla çıxış etdi. Lakin qeyd etmək lazımdır ki, N.Nərimanovun bəyanatı Ermənistanda yaxın və uzaq gələcəkdə Dağlıq Qarabağla əlaqədar məsələ qaldırmaq məqsədilə, İrəvanda ermənicə nəşr olunan "Kommunist" qəzetinin 1920-ci il 7 dekabr tarixli nömrəsində saxtalaşdırılmış məzmun dərc edilmişdi. Sonralar N.Nərimanov özü bəyanatda elan edilən faktların saxtalaşdırılmasına etiraz etmişdi. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanın torpaqlarının Ermənistana bağışlanmasını həyata keçirən İ.V.Stalin Bakı Sovetinin 1920-ci il dekabrın 1-də qəbul etdiyi qərara münasibətini belə demişdir: "Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir". Göründüyü kimi, əgər Xİ Qızıl Ordunu Azərbaycanı işğal etmək üçün A.Mikoyan dəvət etmişdirsə, ondan sonra onun torpaqlarını siyasi hərraca qoyan İ.V.Stalin olmuşdur. 1920-ci il dekabrın 2-də İ.Stalinin "Azərbaycanın fatehi" adlandırdığı S.Orconikidze V.İ.Leninə və İ.Stalinə Bakı Sovetində qəbul edilən qərarın məzmununu çatdırmışdı. Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi elan edilən kimi həyata keçirilmədi. N.Nərimanov ZSFSR İttifaq Sovetinin sədrlərindən biri olarkən Leninə yazdığı məktubda "Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana güzəştə gedir və düzəlməsi mümkün olmayan həlledici səhvdir" - deyə etiraf etmişdir.

Ermənilər Zəngəzurun ələ keçirilməsini asanlaşdırmaq və sürətləndirmək məqsədilə qəzanın onlar tərəfindən tutulan sahələrində möhkəmlənərək bölgənin digər hissələrində - Aşağı Zəngəzurda Kürdüstan yaradılması "ideya"sını irəli sürmüşdülər. Əslində əsas məqsəd Rusiyanın Azərbaycanda yenidən möhkəmlənməsini təmin etməkdən, bu niyyətlə də Azərbaycanın parçalanmasını da daima təzyiq altında saxlanılmasından, Zəngəzurun tədricən, hissə-hissə Ermənistana verilməsinə nail olmaqdan ibarət idi.

Zəngəzurun və digər ərazilərin itirilməsi o zamankı Azərbaycan rəhbərliyinin 1920-ci il 1 dekabr tarixli bəyanatı ilə verdiyi vədə öz sərvətlərinin qapılarının Ermənistanın üzünə geniş açmasına dərhal əməl etməsi, hələ müharibəyə və daşnakların ərazi iddialarına son qoyulmasının, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər qurtarmamış, "qonşudost xalqa" hərtərəfli yardım göstərilməsindən ibarətdir. Yuxarıda qeyd edildiyi kimi, Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da qəzanın onun idarəçiliynə keçməsi dərhal baş vermədi. Belə ki, 1921-ci il yanvarın 12-də Azərbaycan KP MK Siyasi və Təşkilat Bürolarının iclasında Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili haqqında qərar çıxarıldı. Nəhayət uzun müzakirələrdən sonra Zəngəzur qəzasının köhnə inzibati sərhədlərdə saxlanması qərara alındı. Zəngəzurla bağlı qeyri-müəyyənlik 1927-ci ilə qədər davam etdi.

Zəngəzurun Azərbaycan əhalisini sıxışdırmaqda davam edən ermənilər bununla kifayətlənməyərək sonralar bir sıra ərazilərin də ələ keçirilməsinə nail oldular. Belə ki, Zaqafqaziya MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci il 20 iyun tarixli iclasında isə Zəngəzur-Kürdüstan qəzasının 1.065 desyatin ərazisinin buya digər qəzalara aid edilməsi məsələləri müzakirə edildi. Yenə də bu qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-də M.Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D.Bünyatzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasda Mehridə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun üç kəndi Nüvədi, Ernəzir və Tuğut Ermənistana verildi.

1938-1939-cu illərdə Ernəzir kənd kollektiv təsərrüfatı Nüvədi kəndi, Tuğut kəndi isə ermənilər yaşayan Astazurla birləşdirildi, hər iki kəndin doğma yerlərindən Nüvədi, Əldərə və Astazura kəndlərinə köçürüldü.

Beləliklə, Zəngəzurun cənub-qərb hissəsindəki torpaqların da ermənilərə "bağışlanması" və burada Mehri rayonunun təşkili ilə Azərbaycan özünün tərkib hissəsi olan Naxçıvandan ayrı salındı, bu bölgə ilə əlaqə çətinləşdi. Zəngəzurun bir hissəsinin ermənilərin əlinə keçməsi ilə Şimali Azərbaycan parça-parça edildi, onunla Türkiyə arasında əlaqə pozuldu, torpaqlarımızın sonrakı işğalı üçün yeni zəmin yaradıldı.

Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə müəyyən edilmiş sərhədlərinə gəldikdə isə, həmin müqavilədə Naxçıvan ərazilərinin qarantı kimi çıxış edən Türkiyə dövlətinin razılığı olmadan Zaqafqaziya Sovetləri MİK Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə bölgənin 657 kv.km sahəsi Ermənistana verildi. Bu orqanın 1938-ci il 5 mart tarixli iclasının qərarına əsasən isə Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistana keçdi.

XX əsrin 40-cı illərinin ikinci yarısında mərkəzi hökumətdəki nümayəndələrinə arxalanan erməni millətçiləri azərbaycanlıların Ermənistan SSR-dəki öz tarixi-etnik torpaqlarından qovulub çıxarılması və ilk növbədə Qarabağın qoparılıb Ermənistana verilməsi tələbini irəli sürdülər. 1945-ci ilin payızında Ermənistan SSR rəhbərliyi növbəti dəfə ÜİK(b) PMK qarşısında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsini qaldırdı. Azərbaycan SSR-ə o zaman rəhbərlik edən M.C.Bağırov 10 dekabr 1945-ci il tarixdə (tam məxfidir qrifi ilə) ÜİK(b) PMK katibi G.M.Malenkova göndərdiyi cavab məktubunda Sovet hakimiyyəti illərində ilk dəfə itirilmiş Azərbaycan torpaqları problemini qaldırdı və bununla da erməni millətçi dairələrinin planlarının pozulmasına nail oldu. Lakin rədd cavabı verilməsinə baxmayaraq ermənilər 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi ilə bağlı  fərman verilməsinə nail oldular. Xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR-ə repartriasiyası "Daşnaksütyun" partiyasının 1947-ci ilin iyununda  keçirilmiş XİV konqresinin qəbul etdiyi qərarlarla bilavasitə bağlı idi. Bu qərarlarda isə repartriasiyanın "azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və  Ermənistan sərhədlərinin genişləndirilməsi" şəraitində baş verdiyi iddia edilirdi. Bu işə Qriqoryan kilsəsi də xeyir - duasını vermişdi.

Beləliklə, azərbaycanlıların Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və  başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə 100 min azərbaycanlı 1948-1950-ci illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər "könüllülük prinsipinə əsasən" Azərbaycana köçürülməsi idi. O zaman Ermənistan SSR-də 400 mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistan SSR-dən deportasiya edilənlərin sayı 10,504, 1949-cu ildə 15,713 nəfər, 1950-ci ildə 12,332 nəfər, 1952-1953-cü illərdə 13,760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər olmuşdur. Ümumiyyətlə, Ermənistan SSR-də deportasiyaetnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüşya köçməyə məcbur edilmişdir.

Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş və əsasən azərbaycanlıların ilk yaşadıqları ərazilərdə həyata keçirilmişdi.

1953-cü ildə İ.V.Stalinin ölümündən sonra SSRİ dövləti rəhbərliyində baş verən dəyişikliyə ümid bəsləyən Erməni Qriqoryan Kilsəsi və  Ermənistan SSR rəhbərliyi yenidən DQMV-ti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında N.S.Xruşşova müraciət etdi. 1958-ci ildə Erməni Qriqoryan Kilsəsinin başçısı II Vazgen  Bakıya gəlir və o zaman Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimovla görüşür. Görüş zamanı II Vazgen Bakı  şəhərində yerləşən erməni kilsəsi nəzdində erməni uşaqları üçün  ruhani  seminariyasının açılmasına, səhər və axşam kilsə zənginin  vurulmasına icazə verilməsini və ən başlıcası Dağlıq Qarabağ Muxtar  Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsinə Azərbaycan SSR rəhbərliyinin razılıq verməsi təkliflərini irəli sürür. Azərbaycan SSR Nazirlər Sovetinin sədri S.Rəhimovdan çox sərt rədd cavabı alan II Vazgen SSRİ rəhbərliyinə şikayət edir, lakin mərkəzi hökumət qaldırılan məsələnin nə qədər təhlükəli olduğunu  anlayaraq onu müzakirə etməkdən  çəkinir. Qeyd etmək lazımdır ki, erməni katolikosuna verilən sərt rədd cavabı Azərbaycan SSR rəhbərliyinə mərkəzi hökumətin münasibətinin dəyişməsinə təsir etdi. 1959-cu ildə Azərbaycan SSR rəhbərliyi  millətçilikdə ittiham edilərək dəyişdirildi.

XX əsrin 60-cı illərinin  ortalarında Ermənistan SSR-də növbəti dəfə antiazərbaycan təbliğatı geniş miqyas almağa başladı. 1965-ci il aprelin 23-də İrəvanda qondarma "erməni soyqırımı"nın 50 illiyi, başkəsən Andronikin isə anadan olmasının 100 illiyi Ermənistan SSR-də atəşfəşanlıqla qeyd edildi. 1967-ci ildə Ermənistan SSR-in  millətçi-təcavüzkar dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq 1967-ci ildə DQMV-nin azərbaycanlı əhalisinin yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Həmin il Xankəndində bir neçə azərbaycanlı qətlə yetirildi. Mərkəzi SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi. 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri  seçilən Heydər Əliyev bu qərarın icrasını dayandırdı.

Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistan SSR rəhbərliyi Erməni Qriqoryan Kilsəsinin təhriki ilə yenidən Azərbaycan SSR-in DQMV-ti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ Mərkəzi hökumətinə müraciət etdi.

 

(ardı var)

 

Cəbi BƏHRAMOV,

 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun

elmi işlər üzrə direktor müavini, professor

 

Elm.- 2012.- 30 noyabr.- S.5.