Günəş sistemindəki planetlərin paradı olmayacaq

 

21 dekabr.  Son günlər qəzet səhifələrini, televiziya ekranlarını, internet saytlarını ən çox "işğal" edən mövzulardan ən aktualıdır. Az qala bəşəriyyətin "stolüstü söhbət"inə çevrilən (əgər belə demək mümkündürsə) bu mövzu bizim də diqqətimizi çəkdi, düşündürdü. Müxtəlif fərziyyələr, versiyalar, professional və qeyri-professional rəylər, qiyamət xofu, dünyanın dağılması təhlükəsi, əbədi zülmət, qlobal istiləşmə, yaxud, qlobal soyuqlaşma, zəlzələlər, daşqınlar... daha nələr, nələr...

Həqiqətin üzə çıxması, görünməsi üçün ciddi mütəxəssis fikrinə ehtiyac olduğunu hiss etdik. Elə bu məqsədlə də Azərbaycan Milli Elmlər  Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Əyyub Quliyevə müraciət etdik.

Aşağıda professor Əyyub Quliyevlə söhbətimizi təqdim edirik.

 

- Əyyub müəllim, göydə nələr baş verir. Bu nə toplantı, nə paraddır belə. Eşitdiyimiz fərziyyələrə inanaqmı? Doğrudanmı dünyanın sonuna sayılı günlər qalıb? Ümumiyyətlə, "parad" terminində güc göstərmək mesajı olduğu üçün bu ifadə yerində işlənilibmi?

İnsanları qəsdən psixoz vəziyyətə gətirmək üçün cəhdlər edilir? Yoxsa, bəşəriyyəti stresdən qurtarmaq üçün hansısa həqiqət gizlədilir? Axı, söhbət Yer kürəsinin, bəşəriyyətin taleyindən gedir. Fərziyyədə bəşər sivilizasiyasının məhv olacağından danışılır.

...Bəlkə əvvəlcə bütün bu fərziyyələrin mənbəyi olan Mayya təqvimindən başlayaq.

- Etiraz etmirəm. Mayya təqvimini Amerika qitəsində yaşayan qədim mayyalılar, daha doğrusu, mayyalı kahinlər yaradıblar. Bu ilin dekabr ayının 21-də sözü gedən təqvimdə 5000-ci il tamam olur. Və bu təqvimə görə yeni dövr başlayır. Başqa xalqların da bu cür qədim təqvimi var. Məsələn, Yəhudi təqvimi də 5000 il əvvəl yaradılıb. Elə bu gün istifadə etdiyimiz Miladi təqviminin də, Şəmsi-qəməri təqviminin də yaşı az deyil.

Mayya təqvimi kahinlər tərəfindən "müqəddəs təqvim" adlandırılıb... Əlbəttə, qədim Misir sivilizasiyası kimi Mayya sivilizasiyası da olub. Göy cisimlərinin hərəkətini izləyən xüsusi texnologiyaların da olması istisna deyil. Çünki qalaktikanı, ulduzların hərəkətini adi gözlə izləmək, nəticə çıxarmaq o qədər də asan deyil. Xüsusi elmi axtarışlar, arxeoloji qazıntılar davam etməkdədir. Kim bilir, mayyalılarla bağlı bəlkə də bizi heyrətləndirəcək daha ciddi faktlar üzə çıxacaq. Ancaq bu heç də o demək deyil ki, mayyalıların təqviminə görə,  dünya dağılacaq. Əsla belə deyil. Onu deyim ki, baş verəcək kosmik hadisə ilə bağlı son günlər telefon zənglərinə, üzbəüz suallara cavab vermək məni yorub. Hətta öz yaxınlarımın da zəngləri  o cümlədən. Sualların qoyuluşu da qəribədir. Elə bil dünyanın sonu olduğunu mənim dilimdən eşitmək istəyirlər. Sualdan daha çox mənim bu fərziyyələri təsdiqləməyimi gözləyirlər. İş o yerə çatıb ki, hamı ilə rəsmi, elmi dildə danışıram. Səmimiyyətimdən sui-istifadə ediləcəyindən, daha yeni bir şayiənin yaranacağından ehtiyatlanıram.

- Bu sözlər faktı gizləmək anlamına gəlmir ki?..

- Əsla! Əksinə, faktdan, ciddi elmdən kənar söhbət etmək istəmirəm. Mayya təqvimindən də fərziyyələrin mənbəyi olduğu üçün söhbət açdım. Onsuz da bu barədə internetdə kifayət qədər elmi və qeyri-elmi məlumatlar var. Hamıya məlum olanı təzədən izah etməyə məncə ehtiyac yoxdur.

- Bəs planetlərin paradı, bu hadisənin Yer kürəsinə təsiri, bəşəriyyətin taleyi?..

- Söhbətin əvvəlində yaxşı bir söz işlətdiniz. "Parad" ifadəsinin yerinə düşmədiyini dediniz. Siz fikriniz obrazlı olsun deyə işlətdiniz həmin ifadəni. Ancaq sözün həqiqi mənasında planetlərin paradı olmayacaq. Bunu mən qətiyyətlə, tam məsuliyyətimlə bildirirəm ki, planetlərin paradı bu ilin 21 dekabrında olmayacaq. Bu hadisə o zaman baş verəcək ki, doqquz planetin hamısı sıfır, ya da 40 dərəcə radiusda bir  yerə toplaşsın və Günəş tən ortada dayansın. Yəni dörd planet Günəşin bir tərəfində, dörd planet isə başqa tərəfində olsun. Astronomiya elmi bu cür hadisəni "Planetlərin paradı" adlandırır. Planetlər 21 dekabrda bir istiqamətdə toplaşsalar da parad şəklində düzülməyəcəklər. Günəş ortada olmayacaq. Ona görə də baş verəcək astronomik hadisəni "Planetlərin paradı" adlandırmaq səhvdir. "Parad" olacaq, ancaq indi yox.

- Nə vaxt?

- Uzun müddət elmi hesablamalar, araşdırmalar, müşahidələr "Parad"ın 2163-cü ildə baş verəcəyini dəqiqləşdirib.

- Bəs bu paradabənzər toplantı zamanı Yer kürəsində nə baş verəcək?

- Heç nə. Adi astronomik hadisə kimi rəsədxanaların gündəliyində qeydlər aparılacaq, astrofizika, astronomiya elminin tarixinə yazılacaq. 1982-ci ildə olduğu kimi. O vaxt da bu cür astronomik hadisə baş vermişdi. Hələ o vaxt çaxnaşma indikindən artıq idi. Necə deyərlər, dünya dəymişdi bir-birinə. Sovet İttifaqından başqa hər yerdə hamı həmin hadisədən danışırdı. O vaxt ittifaqın hər yerində olduğu kimi, Azərbaycanda da həmin hadisənin baş verəcəyindən xəbərsiz idilər. Bu barədə xüsusi rəhbər işçilərin, mütəxəssis alimlərin, müəyyən dairələrin məlumatı var idi. O dövrü hamımız yaşamışıq. Hadisədən əvvəl də, hadisə baş verən momentdə də planetimizdə elə bir ciddi hadisə olmadı. Bu dəfə də adi günlərimizdən birini yaşayacağıq.

- Bəs böyük partlayış nəzəriyyəsini necə, qəbul edirsinizmi?

- Əlbəttə, əlbəttə... Ancaq bu sualı nə mənada verdiyinizi bilmək istərdim.

- Milyard illər boyunca sonsuz fəzanı bürüyən nəhəng qaz parlarının sıxılması, genişlənməsi, müxtəlif reaksiyalara məruz qalması nəticəsində 15-20 milyard il əvvəl böyük partlayış baş verib və kainat, qalaktikalar, ulduzlar yaranıb. Qurani-Kərimdə də varlığın yoxluqdan yaranması işarəsi var. Bu fikrə etiraz etmirsiniz ki?

- Yox, yox, etiraz etmirəm. Tək mən yox, çoxluq etiraz etmir buna.

- Əgər belədirsə, onda darvinizm inkar olunur, elə deyilmi?

- Bilirsiniz necədir? Böyük partlayış nəzəriyyəsi yanında, darvinizm, təkamül nəzəriyyəsi çox kiçikdir. Hətta bir vint qədər kiçikdir.

- Əyyub müəllim, Yer kürəsində əhali sayının həndəsi silsilə ilə artması, sərvətlərin amansızcasına istismarı, əkin sahələrinin azalması, atmosferin çirklənməsi, kainatın, qalaktikaların, sistemlərin ideal tarazlığına, mizan-tərəzisinə, planet və ulduzların normal ahənginə təsir edə bilərmi? Qoruyucu ozon qatının nazilməsi Yer kürəsinin, eləcə də başqa planetlərin təbii həyatını pozmaz ki?

- İnsan oğlu kainatın, qalaktika və ulduzların ümumi ahənginə təsir etmək iqtidarında deyil. Ekoloji tarazlığın pozulması və dediyiniz başqa məsələlər, ekologiyanın, sosiologiya və hardasa siyası elmlərin predmeti ola bilər.

- Bəs silahlar, nüvə başlıqları? Axı, yazılanlara inansaq insan, əlində olan nüvə silahları vasitəsilə Yer kürəsini bir neçə dəfə dağıda bilər.

- Burada sizinlə razılaşmamaq mümkün deyil. Nüvə silahları çox təhlükəlidir. Bir nəfərin, yaxud bir qrup ağılsızın əlinə düşsə, indiyə kimi bəşəriyyətin bütün qazandığı, eləcə də Yer kürəsi məhv ola bilər. Ona görə də biz alimlər nüvə silahlarının istehsalının dayandırılması, olanların ləğv edilməsi üçün həmişə etiraz səsimizi qaldırırıq.

- Paradoksal haldır: nüvə silahını yaradan da alimlər, bu silaha qarşı etiraz səsini ucaldan da alimlər...

- Elə ən böyük problem də buradadır.

- Əyyub müəllim, deyirlər astrofiziklər sirli və maraqlı adamlar olur. Bir dəfə göyə baxmaqla milyon il, hətta milyard il əvvəl kainatda nələr baş verdiyini bilirlər.

- Bir dəfə yox, uzunmüddətli müşahidə və hesablama nəticəsində müəyyən fikir söyləmək mümkündür.

- Bəs gələcək barədə?

- Gələcək barədə fikrimi bildirdim. 2163-cü ildə Günəş sistemində planetlərin paradının baş verməsi. Bu çox dəqiq hesablanmış, müəyyən edilmiş tarixdir. Planetlərin paradı, Günəşin yerinin dəyişməsi vaxtını dəqiq təyin etmək adi iş deyil.

- "21 dekabr" hadisəsi ilə bağlı silsilə fərziyyələr törəməkdədir. Bunlardan biri də uçan naməlum obyektlər, başqa planetdən gəlmələrdir... Bütün bunlar barədə video görüntülər...

- Uçan naməlum obyektlər heç vaxt ciddi elmin predmeti olmayıb. Yalnız onu deyə bilərəm ki, müxtəlif ölçülü səma cisimləri atmosfer qatına daxil olub yanarkən qeyri-adi görüntülər yarana bilər.

- Göy cisimlərindən, kometalardan, asteroidlərdən söz düşmüşkən bir sualımızı da cavablanıdırın. Məlum olduğu kimi, təkcə Bizim Qalaktikada irili- xırdalı göy cisimlərinin sayı Yer kürəsinin əhalisinin sayından iki yüz min dəfə çoxdur. Planetlərarası, ulduzlararası tarazlıq, mizan-tərəzi dəyişikliyə uğrasa bu göy cisimləri Yer kürəsinə  istiqamət götürməz ki? Axı, bəşəriyyət bir dəfə "İkar" təhlükəsini yaşayıb.

- Bu ciddi məsələdir. Cazibə qüvvəsindən çıxan hər hansı  bir göy cismi Yer kürəsi ilə toqquşa bilər. Belə hadisə son dəfə 1908-ci ildə baş verib. Yer kürəsi göy cismi ilə toqquşub. Ona görə də bu məsələ üçün dünyada böyük pullar xərclənir. Mümkün olan qədər göy cisimləri, onların hansının Yer kürəsinə təhlükə yaradacağı  geniş miqyasda tədqiq olunur. Bu tipli hadisələri zərərsizləşdirmək üçün elm nə bacarırsa, onu edir.

- Məlum olduğu kimi, indi səmada da "iti gözlü" teleskoplar quraşdırılmışdır. Böyük ölkələrin astrofizikləri Bizim Qalaktikanı daha yaxından və daha aydın müşahidə edir. Hətta bir vaxtlar sirr olan "Süd yolu"ndakı, yəni bizim Qalaktikanın mərkəzi müstəvisindəki  ulduzlar, sistemlər tədqiq edilməyə başlanıb. Elmin, xüsusi ilə astrofizikanın bu qədər yüksək inkişaf etdiyi bir vaxtda Şamaxı Astrofizika Rəsədxanasındakı teleskopun obyektivində nələr görsənir?

- Şamaxı Astrofizika Rəsədxanasında çalışan alimlər Azərbaycan elminə, eləcə də dünya astronomiya və astrofizikasına layiqli töhfələr vermişlər. Bu gün də tədqiqatlar, müşahidələr, araşdırmalar davam edir. Biz Azərbaycan astrofiziklərinin də öz tədqiqat obyektləri var. Araşdırmalarımız dünya çapında da layiqli yerini tapmaqdadır. Əlaqələrimiz də xeyli genişlənib. Qabaqcıl elmi təcrübə  mübadiləsi hər zaman önəmli olub. Elmi araşdırmalar aparmaq üçün kifayət qədər kontingentimiz və potensialımız var.

- Çox sağ olun, Əyyub müəllim. Bizə vaxt ayırıb mövzu ilə bağlı müəyyən məlumatları oxucularımızla bölüşdüyünüz üçün Sizə minnətdarlığımızı bildiririk.

 

Söhbəti qələmə aldı:

 

Mir Cəfər SEYİDOV

 

Elm.- 2012.- 30 noyabr.- S.6.