Təbiətin və tarixin bütünləşdiyi məkan - Kapadokiya
300 km2 ərazini əhatə
edən Gereme Milli
Parkı və Kapadokiya qayalıqları
1985-ci ildə 357 saylı qeydiyyat nömrəsi ilə UNECKO-nun (IX sessiya) ümumdünya irsinə daxil
edilmişdir.
"Dünyanın
səkkizinci möcüzəsi" hesab
edilən Kapadokiya (ərəb dilindən
tərcümədə "gözəl atlar
ölkəsi" deməkdir) Kiçik
Asiyanın şərqində - müasir
Türkiyə ərazisində yerləşir. Bu
təbii möcüzə ən bəsitindən
başlamış ən moderninə qədər bütün insan cəmiyyətlərini
özünə cəlb etmiş və Anadolunun tarixi
baxımından mühüm rol oynamışdır. Vulkan
mənşəli, olduqca maraqlı
landşaftı, b.e.ə. I minilliyə aid
yeraltı şəhərləri və erkən
xristianlıqdan xəbər verən mağara
- monastırları ilə seçilir. Kapadokiya kontinental iqlimi, azsaylı su mənbələri
olan, dəniz səviyyəsindən 1000 m hündürlükdə yerləşən düz, əsasən flora
aləmindən məhrum ərazidir.
Burada insanların məskunlaşması
Paleolit dövrünə təsadüf edir. Kapadokiyanın yazılı tarixi hettlərdən başlayır. Hettlərin
aborigen olduğu bu ərazilər ərəblərin
buradakı bir neçə əsrlik
ağalığından sonra ərazi
Makedoniyalı İsgəndər tərəfindən işğal edilmişdir.
İsgəndərin imperiyası süquta
uğradıqdan sonra Kapadokiya
350 il azad
yaşamışdır. Sonrakı tarixi mərhələlərdə
isə ərazi Roma imperiyasının əyalətinə
çevrilmişdir. Romalılar ərazinin
quruluşunda heç
bir dəyişiklik etməmiş,
yalnız imperator Trayanın zamanında burada yeni yolların
çəkilməsi ilə kifayətlənmişlər. Tarix boyu ticarət
koloniyalarının qərargahına çevrilən, ölkələr
arasında ticari və sosial
bir körpü quran Kapadokiya eyni zamanda Böyük
İpək Yolunun önəmli
qovşaqlarından biri olmuşdur.
Bura mağara
şəhərləri və kilsələri ilə məşhurdur.
Bu ərazi hər zaman
özünəməxsusluğu ilə insanların diqqətini
çəkmişdir. Asketlər, mömin
xristianlar buranı tərki-dünya həyat
tərzi keçirmək, Allahla maneəsiz
ünsiyyət üçün ən münasib yer hesab etmişlər. Kapadokiyanın Göreme vadisi daha əlverişli hesab edilmiş və burada
möminlər ilk hücrələr, kilsə,
yeraltı yollar inşa
etmişlər. Təbii ki, ən diqqətəlayiq
yer kilsələr hesab
edilirdi. Qeyd etmək
lazımdır ki, onların hamısı eyni dərəcədə dəbdəbəli
və geniş deyil. Əksinə,
bu kilsələrin bir
çoxu sadəliyi ilə seçilir və daha çox geniş
otaqları xatırladır. Lakin
onların sırasında günbəz və qübbəşəkilli
memarlıq nümunələrinə də rast
gəlinir. Hal-hazırda Göreme ərazisindəki
350-dən çox kilsənin böyük əksəriyyəti X-XI əsrlərə
aid olsa da, onların arasında daha
qədimlərinə də rast gəlinir.
Qədim rəssamlar yeraltı sığınacaqların
çılpaq divarlarına mürəkkəbliyi ilə o qədər də fərqlənməyən
naxışlar həkk etmişlər. Sonralar
texnikanın inkişafı ilə əlaqədar tikililərin
divarları gipslə örtülür və
naxışlar artıq gips üzərinə
həkk olunurdu. Bu abidələr
min illər boyu formalaşan mədəniyyətlərin izlərini
müasir dövrümüzədək
yaşatmışdır.
Kapadokiyanın
nəhəng çoxyaruslu yeraltı
şəhərləri tədqiqatçıların diqqətini
daha çox cəlb edir. Əslində, bu
şəhərlər Kapadokiya sakinlərindən
birinin zirzəmi qazıntısı zamana üzə çıxmışdır. İlk araşdırmalar nəticəsində xeyli sayda yeraltı otaqlar müəyyənləşdirilmişdir. Hal-hazırda da davam edən
qazıntılar nəticəsində aşkar
edilən belə otaqların, dəhlizlərin sayı get-gedə
artmaqdadır.
Pəri bacaları
Pəri
bacaları Kapadokiya bölgəsindəki
təbii relyef formalarına verilən
addır. Vadi yamaclarından axan sel sularının və
küləyin ayrı-ayrı tuf tərkibli
təbii formaları aşındırması nəticəsində
"Pəri bacası" adlanan
maraqlı formalar meydana
gəlmişdir. Sel sularının dik yamaclarda özünə yer
tapması sərt qayaların çatlamasına və
qopmasına səbəb olmuş, alt hissələrdə yerləşən və
daha asan aşınan
süxurların daha dərindən
oyulması nəticəsində yamac
çəkilmiş və beləliklə də, üst qisimlərdə papaqlı konik gövdələr meydana
gəlmişdir. Nevşəhir-Avanos-Ürgüp ətrafında
papaqlı pəri bacaları üstünlük
təşkil edir. Gövdə tüf, tüffit və vulkan külündən yaranmış süxurdan; papaq qismi isə lahar və iqnimbrit kimi sərt süxurlardan meydana gəlmişdir.
Yəni papaq hissəni əmələ gətirən
növ, gövdə materialından daha möhkəmdir. Pəri bacaları
asanlıqla işlənə bilən süxur
tərkibi etibarilə bəzən bölgəni qoruyan qala, bəzən mənzil,
bəzən xəstələrin şəfa tapdığı
bir ocaq, bəzən də
dua yeri kimi istifadə edilmişlər.
Dünyanın
bir neçə nöqtəsində rast gəlinən Pəri bacaları say etibarilə Kapadokiyada üstünlük təşkil edir.
Bundan əlavə,
yağış sularının vadi yamaclarında
yaratdığı maraqlı cığırlar bölgənin
təbii mənzərəsini daha da rəngarəngləşdirir. Bəzi yamaclarda müşahidə olunan
rəng harmoniyası lava təbəqələrinin
temperatur fərqinin məhsuludur.
Müasir Kapadokiya turizm
baxımından olduqca
vacib bölgələrdən biridir: Avanos, Ürgüp, Göreme,
Akvadi, Uçhisar və
Ortahisar qalaları, El-Nazar
kilsəsi, Aynalı kilsə, Göyərçinlik vadisi, Dərinkuyu, Kaymaklı, Özkonak
yeraltı şəhərləri, İhlara
vadisi, Selime kəndi, Çavuşin, Güllüdərə vadisi, Paşabağ- Zelve bölgənin ən çox
turist qəbul edən məkanlarıdır.
Qayalar üzərində tikilmiş
ənənəvi Kapadokiya evləri və
göyərçin yuvaları XIX əsrdə kəsmə daşlardan inşa edilmişdir.
Bölgə şərabçılıq və
üzümçülüklə məşhurdur.
Hazırladı: Ülviyyə MƏMMƏDOVA
Elm.-
2012.- 10 oktyabr.- S.16.