Elmin şərəfli yollarında

 

Eldar Novruzov botanika, fitokimya, biokimya və texnologiya sahəsində aparıcı mütəxəssisdir. Onun elmi-tədqiqat işlərinin əsas istiqamətini bitkilər aləmində yayılmış müxtəlif qrup bioloji fəal maddələrin (BFM), xüsusilə antosianların, flavanoidlərin, karotinoidlərin, betasianların, qlikoalkaloidlərin, saponinlərin, sterinlərin, piy yağları və başqa maddələrin kimyasını, biokimyasını, texnologiyasını tədqiq etmək, onların bitki həyatında bioloji, fizioloji, biokimyəvi rolunu və praktiki əhəmiyyətini müəyyən etmək, bu maddələrin bitki materialından çıxarılmasının modifikasiya edilmiş və daha yeni, effektli alınma texnologiyalarını yaratmaq, bu maddələr əsasında bioloji fəal antosian, karotinoid, flavanoid, betasian, qlikoalkaloid, steroidli saponin preparatları, bioloji fəal konsentratlar və qida əlavələri almaq və onların istehsala tədbiqi təşkil edir.

 

E.N.Novruzov 1970-ci ildə Botanika İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1975-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1987-ci ildə SSRİ Ali Atestasiya Komissiyası E.N.Novruzova "biokimya" ixtisası üzrə baş elmi işçi (dosent) elmi rütbəsini vermişdir.

E.N.Novruzovun 1973-cü ildə aspiranturanı bitirdikdən sonrakı bütün elmi fəaliyyəti Botanika İnstitutu ilə bağlı olmuşdur. Burada o, kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə kimi yüksəlmiş və hazırda Bitki ehtiyatları şöbəsinə rəhbərlik edir.

E.N.Novruzov həmişə fundamental və praktiki əhəmiyyəti olan aktual problemlərin həllinə diqqət yetirmişdir.

Keçən əsrin 60-70-ci illərində bir sıra xəstəliklərin müalicəsində böyük ehtiyac duyulan və tibb sənayesinin steroidli preparatlar istehsal edilməsi, xüsusilə, kortizon, hidrokortizon, prednizolon və s. üçün bitki mənşəli xammal mənbəyinin aşkar edilməsi ən aktual problemlərdən biri idi. O vaxtlara kimi bu preparatların istehsalı heyvanların böyrək üstü vəzindən alınırdı. Bu isə, preparatlara olan tələbatı ödəmirdi. Sovet və dünya alimlərinin apardığı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, tropik ölkələrdə bitən Solanium Lacinatum bitkisi tərkibində 3%-dən çox qlikoalkaloid maddəsi saxlayır ki, bundan da steroidli preparatların alınmasında xammal mənbəyi kimi istifadə etmək olar. Keçmiş SSRİ məkanında bu bitki Gürcüstanda və Orta Asiyada əkilmişdir. Yeni şəraitdə bitkidə qlikoalkaloidlərin və steroidli saponinlərin miqdarı az olurdu. Bu çatışmamazlığı aradan qaldırmağa, tibb sənayesini yerli xammalla təmin etmək üçün E.N.Novruzov "Solanum cinsi növlərinin qlikoalkaloid tərkibinin tədqiqi" mövzusunda elmi-tədqiqat işləri aparmağı  qarşıya məqsəd qoydu. Quşüzümü (Solanum L.) cinsinin Azərbaycanda yayılmış 8 növünün müxtəlif orqanlarında qlikoalkaloidlərin və steroidli saponinlərin kəmiyyət və keyfiyyət tərkibini öyrənmiş və müəyyən etmişdir ki, Solanum nigrum , S. persicum, S. kiezeritszkii, S. dulcamara növləri respublikada geniş yayılmış və sənayenin təlabatını ödəyəcək miqdarda ehtiyatı var. Respublikanın müxtəlif rayonlarında apardığı çoxsaylı tədqiqatlarla qlikoalkaloidlərin bitkilərdə toplanması qanunauyğunluqlarını və sintezinə təsir edən ekoloji amilləri müəyyən etmişdir. Sübut etmişdir ki, lazımi aqrotexniki qaydaları tətbiq etməklə yerli quşüzümü növləri steroidli preparatların sintezində xammal mənbəyi ola bilər. Apardığı təcrübələrlə müəyyən etmişdir ki, Respublikanın Abşeron, Naxçıvan, Lənkəran bölgələrində quşüzümü növlərini becərməklə qlikoalkaloidlə zəngin xammal istehsal etmək olar.

Kimyəvi tədqiqatlarla Quşüzümü növlərindən 6 qlikoalkaloid və 3 steroidli saponin almış və müasir fiziki-kimyəvi (xromatoqrafiya, spektroskopiya) metodlarla onların quruluşunu müəyyən etmişdir. Tədqiqat nəticəsində Azərbaycan florası üçün bir yeni quşüzümü növü tapmış və elm üçün bir yeni qlikoalakaloid müəyyən etmişdir. Qlikoalkaloidlərin alınmasının yeni metodunu hazırlamışdır və bu yenilik ixtira kimi qiymətləndirilmişdir.

Həmçinin müəyyən etmişdir ki, quşüzümü növlərinin meyvələri bioloji fəal antosian, karotinoid, C vitaminibaşqa bioloji fəal maddələrlə zəngindir. Bunu nəzərə alaraq S. persicum, S. dulcamara növlərinin meyvələrindən karotinoid, S. nigrum meyvələrindən antosian preparatının alınmasının yeni metodunu hazırlamış və bu üsullara görə ona keçmiş SSRİ İxtiralar və Kəşflər Komitəsi müəlliflik şəhadətnaməsi vermişdir.

E.N.Novruzov keçən əsrin 70-ci illərin axırlarından Azərbaycanda yayılmış çaytikanı bitkisini öyrənməyə başlamışdır. Onun apardığı eksperimentlər nəticəsində yeni metod hazırlandı. Bu üsul elmi yenilik kimi qəbul edilərək müəlliflik şəhadətnaməsi verilmişdir. İxtira çaytikanı meyvələrindən ekoloji cəhətdən təmiz və yüksək bioloji fəallığa malik çaytikanı yağı almağa imkan vermişdir. O, çaytikanı meyvələrindən karotinoid, E, F, P, C vitamin konsentratları, çaytikanı şirəsi və s. alınmasını işləyib hazırlamaqla çaytikanının tullantısız texnologiyasını yaratmışdır.

E.Novruzovun çaytikanının öyrənilməsinə dair tədqiqatların nəticələri yüksək reytinqli "Bitki ehtiyatları" (Leninqrad), "Təbii birləşmələr kimyası" (Daşkənd), "Beynəlxalq Ekologiya" (Hindistan) jurnallarında, "Çaytikanı çoxcəhətli möcüzəvi  bitkidir" (Dehli, 2001), "Çaytikanının kimyası və farmakologiyası" (Dehli, 2006, kitablarında çap edilmişdir. Kanada, Almaniya, Hindistan, Pakistan, Çin, Rusiyada çağırılmış çaytikanın müxtəlif problemlərinin həllinə həsr edilmiş konqreskonfranslarda məruzələrlə çıxış etmişdir. Çaytikanının tədqiqi sahəsində apardığı tədqiqatlar dünya elmi-ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi üçün E.N.Novruzov 2003-cü ildə "Beynəlxalq çaytikanının tədqiqi və tətbiqi assosiasiyasının direktorlar şurasının üzvü və Azərbaycan üzrə koordinatoru seçilmişdir. Hazırda da çaytikanı müxtəlif aspektdə Eldar müəllimin aspirantları tərəfindən tədqiq edilir, fundamental və təcrübi əhəmiyyəti olan yeni nəticələr alınır.

E.N.Novruzovun apardığı tədqiqatların nəticəsində Azərbaycan florasında 400 növdən çox rəngləyici maddə saxlayan bitki aşkar olunmuş, onlardan 30 növü təbii yeyinti rəngi almağın potensial mənbəyi olması sübut etmişdir. Bu   bitkilərdən təbii yeyinti rənglərinin alınmasının yeni texnologiyaları hazırlanmış, İxtiralar və Kəşflər Komitəsi bu işləri ixtira kimi qiymətləndirmiş və onlara 10-dan çox müəlliflik şəhadətnaməsi verilmişdir.

E.N.Novruzovun son apardığı tədqiqatların nəticəsi  Azərbaycan florasında yayılmış 61 fəsiləyə, 125 cinsə aid 550 növün tərkibinin bu maddələrlə zəngin olmasını aşkar etməyə imkan vermişdir. Bu bitkilərdən 236 növ antosian, 343 növ karotinoid, 367 növ  flavanoid, 12 növ qlikoalkaloid, 11 növ saponin, 15 növ betasian saxlayan bitki ilk dəfə onun tərəfindən müəyyən edilmişdir.

Tərkibində BFM saxlayan bitkilərin kompleks öyrənilməsi nəticəsində E.N.Novruzov bir sıra fundamentalpraktiki əhəmiyyət kəsb edən mühüm nəticələr almışdır:

- Müasir fiziki-kimyəvi metodlardan  (xromatoqrafiya, spektroskopiyas.) istifadə edərək bu bitkilərdən 36 antosian, 30 flavanoid, 22 karotinoid, 4 betasian fərdi halda almış və onların fiziki-kimyəvi xüsusiyyətlərini və quruluşunu müəyyən etmişdir.

E.N.Novruzovun apardığı işlər bitki sistematikasında, filogenetik sistemin yaradılmasında da olduqca əhəmiyyətlidir. O, Azərbaycanda kimyəvi taksonomiyanın əsasını qoymuşdur. Onun bitkilərin tərkibində olan bioloji fəal maddələr antosianlar, flavanoidlər, katexinlər, karotinoidlər, qlikoalkaloidlərin kəmiyyət və keyfiyyətcə öyrənilməsinə dair tədqiqatlarının nəticələri növ mənsubiyyəti çətin müəyyən edilən polimorf növlərin təyinində bu maddələrdən kimyəvi taksonomik vahid kimi istifadə edilməsini eksperimentlərlə göstərmişdir.

Onun bitkilərin tərkibində olan maddələrlə onların təbii-tarixi inkişaf prosesində qazandığı əlamətlər arasındakı korrelyativ qanunauyğunluq olmasına dair elmi nəticələri filogenetik sistemin qurulmasında olduqca əhəmiyyətlidir. Eldar müəllim müəyyən etmişdir ki, təkamülün müxtəlif pillələrində duran bitkilərin anatomik-morfoloji quruluşlarında mürəkkəblənmə getdiyi kimi, onların tərkibində olan maddələrin quruluşlarında da mürəkkəbləşmə getmişdir. O bunu flavanoid, antosian maddələrinin quruluşunun mürəkkəbləşməsi timsalında eksperimental yolla göstərmişdir.

Son  30 ildə E.N.Novruzov tərəfindən aparılan tədqiqatlar nəticəsində əldə etdiyi elmi yeniliklər "Piqmentı reproduktivnıx orqanov rasteniy i ix znaçenie" monoqrafiyasında öz əksini tapmışdır.

E.Novruzovun bioloji fəal maddələrin alınma texnologiyası sahəsində apardığı hərtərəfli tədqiqatlar nəticəsində bitki materialından BFM dəyişilmədən və tam çıxarılmasını təmin edən yeni, səmərəli metodlar hazırlanması mümkün olmuşdur. Bu metodlarla antosian, karotinoid, qlikoalkaloid, betasian,  flavanoid b. preparatlar almışdır. Bu texnoloji yeniliklərə 10-dan çox müəlliflik şəhadətnaməsi verilmişdir.

E.Novruzov müasir dövrdə botanika elminin aktual problemlərindən olan təbii bitki sərvətlərinin qorunub saxlanmasına dair geniş tədqiqatlar aparmışdır. Burada vacib məsələ bitki xammalından istifadənin səmərəli metodlarını işləyib hazırlamaq, daha doğrusu, tullantısız texnologiya hazırlamaqdır. Onun apardığı hərtərəfli tədqiqatlar çaytikanı, itburnu, kəndəlaş, fitolakka, böyürtkən b. sənaye əhəmiyyətli bitkilərin tullantısız istifadə texnologiyasını işləyib hazırlamağa imkan vermişdir.

Eldar müəllimin apardığı tədqiqatlar nəticəsində Azərbaycan florasında 100 növdən çox yağlı bitki aşkar edilmişdir. Texnoloji araşdırmalarla bu bitkilərdən yağların alınmasının yeni metodları hazırlanmışdır. Onun bu metodları da ixtira kimi qiymətləndirilmiş müəlliflik şəhadətnaməsi verilmişdir.

E.N.Novruzovun BFM alınma texnologiyalarının nəticələri dəfələrlə respublika, ümumittifaq beynəlxalq sərgilərdə nümayiş etdirilərək mükafat almış, Azərbaycan EA SSRİ EA-nın mühüm nəticələri sırasına daxil edilmişdir.

E.N.Novruzov elmi-tədqiqatlarının nəticələri ilə 15-dən çox beynəlxalq simpozium, konqres konfransda məruzələr etmişdir. O, 1996-cı ildə Fransada Beynəlxalq Polifenol birləşmələrinə həsr edilmiş simpoziuma dəvət almış məruzə ilə çıxış etmişdir. Simpoziumun qəbul etdiyi qərarla o, Beynəlxalq Polifenoloqlar Cəmiyyətinin bu təşkilatın orqanı olan "Polifenol" jurnalının redaksiya heyətinin üzvü seçilmişdir. Həmin ildə o, Nyu-York EA-nın həqiqi üzvü (ABŞ) seçilmişdir.

Alimin əldə etdiyi uğurlu nəticələr elm aləminin diqqətini cəlb edərək tez-tez istinad edilən 150-dən çox əsərlərdə, o cümlədən bir monoqrafiya, 17 müəlliflik şəhadətnaməsi, 3 Texniki şərt 3 Texnoloji instruksiyada öz əksini tapmış, bir sıra beynəlxalq simpozium konqreslərdə təqdim olunmuşdur.

Müdriklik dövrünə qədəm qoymuş E.Novruzov tükənməz enerji yaradıcılıq imkanına malik dünya şöhrətli bir alim elm təşkilatçısıdır. Onun rəhbərliyi altında 3 namizədlik dissertasiyası müdafiə olunmuş hazırda 2 doktoranta, 3 dissertant 1 doktorluq işinə rəhbərdir.

E.N.Novruzov Botanika İnstitutunun Elmi Şurasının, Botanika institutunun nəzdində  fəaliyyət göstərən Doktorluq Dissertasiyası Şurasının Respublika Elmi Tədqiqatların Təşkili Əlaqələndirilməsi şurasının biologiya elmləri (Botanika, Biokimya) üzrə problem şurasının üzvü, Doktorluq Dissertasiyası nəzdindəki Seminar Şurasının sədridir.

Eldar müəllim insanlarla münasibətdə təvazökar alicənablığı, ehtiyacı olanlara kömək etmək keyfiyyəti dostlarına, yoldaşlarına münasibətdə səmimiliyi sevən insandır. O, elmi digər tədbirlərdə çox lakonik şəkildə obyektiv fikir söyləməyi bacaran, aydın düşüncə təfəkkürlü, ziyalı son dərəcə tələbkar müəllim bir o qədər rəhmli, diqqətcil, səmimi, təmkinlidir.

Eldar müəllim, Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik, Sizə can sağlığı, əzizlərinizlə birlikdə sevinc dolu, mənalı günlər keçirməyinizi, elmi-pedaqoji təşkilatı fəaliyyətinizdə elmin şərəfli yollarında hər zaman ön sıralarda olmağınızı arzulayırıq.

 

 

İ.M.HÜSEYNOVA,

 

AMEA-nın müxbir üzvü, b.e.d., professor, AMEA Botanika

İnstitutunun Bioadaptasiya laboratoriyasının müdiri

 

S.V.SƏRKƏROV,

 

Əməkdar Elm Xadimi, k.e.d., professor, AMEA Botanika

İnstitutunun Bitki ehtiyatları şöbəsinin baş elmi işçisi

 

 

Elm.- 2012.- 10 oktyabr.- S.12.