Ərəb
ədəbiyyatşünaslığında Şərq-Qərb ədəbi əlaqələrinin öyrənilməsi
və Aida İmanquliyevanın tədqiqatları
Görkəmli Azərbaycan alimi Aida
İmanquliyevanın yeni ərəb ədəbiyyatının
nümayəndələri Cübran Xəlil Cübran, Əmin
ər-Reyhani və Mixail Nüaymə haqqında tədqiqatlarını
Şərq-Qərb ədəbi əlaqələrinin öyrənilməsində
Azərbaycan və dünya ərəbşünaslığının
uğuru kimi qiymətləndirmək olar. Şərq-Qərb əlaqələri
kontekstində ərəb-Avropa ədəbi təsir və əlaqələrinin
bir sıra məsələləri məşhur şərqşünasların
- Culian Ribera, Asin Palasios, Emilio Qarsia Qomes, Konrad, Kraçkovski
kimi alimlərin əsərlərində qoyulmuş və tədqiqatçıların
diqqəti bu məsələlərə yönəldilmişdir.
Avropa ədəbiyyatında
intibahın təşəkkülündə ərəb-islam
təsirini araşdırmış doktor Suheyr əl-Qalmavi və
doktor Mahmud Əli Məkki göstərirlər ki, Avropa
mühitində bu təsir orta əsrlərdə İspaniyada
qabarıqlığı və genişliyi ilə
müşahidə edilir (11, 120-170).
İspaniyada
yaranan ərəb ədəbiyyatı ərəb ədəbi
ənənələri əsasında formalaşmış və
eyni zamanda, özünəməxsus keyfiyyətləri də olmuşdur. Həmin ədəbiyyat
üç mərhələyə ayrılır:
1) Təqlidçilik
dövrü; 2) Şərqlə Qərbin sintezi dövrü;
3) Yeniləşmə dövrü. Bu mərhələlər Ərəb
xilafətinin mərkəzi regionlarında yaranan ədəbiyyatın
keçdiyi inkişaf mərhələləri kimidir. Fərq ikinci
mərhələdədir. Ümumi ərəb ədəbiyyatında həmin mərhələ
də sintez olmuşdur, lakin bu sintez Şərqlə Qərbin
deyil, VIII-IX əsrlərdə
yaranaraq, "yeni metodu" ("əl-bədii") təmsil
edən poeziyanın və ərəb qəbilə mühitində
meydana gəlmiş şeirin uğurlarından istifadə etməyə
əsaslanmışdır.
Ərəb
ədəbiyyatının İspaniyada ədəbiyyata təsiri
amilinə münasibət həmişə birmənalı
olmamışdır. Bu təsiri tanımaq istəməyən
tədqiqatçılar da olmuşdur. Lakin şərqşünaslıq
sahəsində XVIII əsr müəllifi Xuan Andres, habelə
XX əsrin birinci yarısında obyektiv mülahizələrə
əsaslanan Asin Palasios, Emilio
Qarsia Qomes kimi ispan ərəbşünasları
həmin tərəddüdlərə, demək olar ki, yer
saxlamamışlar (10, 291-308, 324-328).
Qədim ərəb qəsidəsindən
müəyyən qədər fərqli bir zəmində yaranan "müvəşşəh"
İspaniyada və Cənubi Fransa ərazisində XII-XIII əsrlərdə
"trubadur" poeziyasının yaranmasına təsir
etmişdir. Həm "müvəşşəh", həm
"trubadur" poeziyasına sadəlik, geniş xalq dili və
musiqilik xasdır. "Trubadur" sözünün leksik mənası
belə ərəb mənşəlidir: "taraba davara" -
"çalıb oxuyub dolanmaq" (13). İfaçılar
bir növ Azərbaycan aşıqlarına
oxşamışlar: şeir qoşmaq, onu ahənglə oxumaq,
musiqi alətində çalmaq və hərəkətdə -
rəqsdə olmaq bu sənətçiləri fərqləndirən
cəhətlərdir.
Dünya ədəbiyyat
tarixinin inkişafında 3 əsas mərhələni göstərən
akad. Konrad Şərq-Qərb münasibətlərində
onları belə ayırır (9, 440-441):
III/IV -
VII/VIII əsrlər - Şərqdə
VII/VIII -
XIII/XIV əsrlər Şərqdə
XIII/XIV -
XVI/XVII əsrlər Qərbdə.
I dövrdə
və II dövrdə Şərq ölkələrində
ayrı-ayrı ədəbiyyatların inkişafı baş
verir və intibah yaranır. II dövrdə ədəbi əlaqələr
yaranır və genişlənir. III dövrdə Avropada
intibah baş verir.
Ərəb
ədəbiyyatının Avropada təsiri XIII-XIV əsrlərdə
bariz şəkildə görünməyə başlayır.
Artıq intibah ədəbiyyatının başlıca əlaməti
olan humanizm özünü göstərir. Qərbdə intibah
ədəbiyyatının yaranmasında Şərq, o
sıradan ərəb didaktik ədəbiyyatı böyük
rol oynamışdır. Bu baxımdan Ceffri Çoserin (XIV əsr)
"Kenterberi hekayələri" əsəri diqqətəlayiqdir.
Çoser özü fransız və italyan şairləri vasitəsilə bu təsiri
duymuşdur. İnsan xarakterlərini
təsvir etməkdə və humanizm duyğularını
aşılamaqda bu hekayələr xüsusilə seçilir.
"Kenterberi hekayələri" bədii dəyərinə
görə Bokkaçionun "Dekameron"undan geri qalmır.
XIII yüzillikdə
Avropa ədəbiyyatında ərəb-islam təsirini məşhur
italyan şairi Aliqyeri Dantenin "İlahi komediya"sında
görmək olar. Ruhun ölməzliyi və insanın axirət
dünyasında əməllərinin müqabilində nəsibi
olduqlarını almağı öyrədən dinin cənnət
və cəhənnəm mövzusu bu
əsərin süjetinin əsasında durur. Ədəbiyyatşünaslar
arasında bu təsirin olması
və ya onun miqyası haqqında uzun müddət
mübahisəli fikirlər olmuşdur. Asin Palasiosun müqayisəli
tədqiqatından sonra "İlahi komediya"nın
qaynaqlarından biri kimi Əbul-Əla əl-Məərrinin
"Risalətul-ğufran" əsəri diqqəti cəlb
etdi (10, 298-308). İspan şərqşünasının
fikrini inkişaf etdirən doktor Məhəmməd Quneymi Hilal, Salah Fədl, Əbdulmüttəlib
Saleh, Davud Səllum göstərirlər
ki, "Komediya"nın ərəb qaynaqları kimi
"Quran", hədislər, Məərrinin və
İbnül-Ərəbinin oxşar məzmunlu əsərləri
vardır.
XIV-XVII əsrlərdə
Avropada ədəbiyyatda baş verən intibah humanizmi və
realizmi çoxcəhətliliyi ilə seçildiyi kimi
özünəqədərki ədəbi uğurlardan da bəhrələnmişdir.
Bu intibah antik yunan ədəbi irsi və orta əsrlər
Şərq xalqlarının ədəbi-bədii təfəkkürünün
işıqlı cəhətlərindən də
faydalanmışdır.
Alman
intibahının görkəmli nümayəndəsi kimi
İohann Volfhanq Hötenin "Qərb-Şərq
divanı" Avropa ədəbiyyatına ərəb-islam təsirini
göstərən parlaq bir nümunədir.
Ərəb-islam
motivləri Şiller, Şekspir, Bayron, Şelli, Alfred Tennison,
Henrix Heyne və başqa Avropa şair və ədiblərinin
yaradıcılığında da öz əksini
tapmışdır.
Avropadan gələn maarifçilik hərəkatının
təsirləri Şərq
ölkələrində, o cümlədən ərəb
Şərqində səmərəsini vermiş, ədəbi-mədəni
həyatın yeniləşməsi prosesini qüvvətləndirmişdir. Bir
sıra yeni ədəbi janrlar, fəlsəfi-ədəbi cərəyanlar ədəbiyyatın
inkişafına müsbət təsir göstərməyə
başlamışdır.
Onu da qeyd etmək lazımdır ki,
Şərq-Avropa əlaqələrinə mənfi prizmadan yanaşanlar da olmuşdur. Kiplinqin "Şərq Şərqdir, Qərb
də Qərb. Onlar bir-birilə qovuşmayacaqlar"
sözlərinə kəskin etirazını bildirən doktor Abdulmuttalib Saleh qeyd edir
ki, bir sıra Şərq
mövzuları Qərb müəllifləri tərəfindən
qələmə alındığı kimi
Taha Hüseyn, Tofiq əl-Həkim, Əz-Zəhavi və başqa ədiblər də Avropa
ədəbiyyatından bəhrələnmiş və
özlərindən əvvəlki
mənbələrə
yaradıcı şəkildə yanaşmışlar. "Fikir dinamikası sərhəd tanımır.
O, fayda olan hər yerdən
faydalanır. Fikrin və ədəbiyyatın
bəşəriliyi də bundan ibarətdir.
Müqayisəli ədəbiyyatşünaslıq bizi buna dəvət edir, müasir fransız
müqayisəli ədəbiyyatşünaslıq məktəbi
də bunu belə qəbul edir"
(14, 41). A.Saleh
qənaətlərini T. əl-Həkimin "Əshabül-kəhf",
"Kral Odip", Amerika yazıçısı Edvard
Beylaminin "Əshab Kəhf" və Andri Qidin "Odip" adlı əsərlərinin təhlili
əsasında bildirir. Eyni
fikir Saad əl-Bazinin
tədqiqatlarında da önə çəkilir.
O, Lui əl-İfriqinin (XVI əsr)
"Afrikanın təsviri" və İrlandiya
şairi V.B.Yetsin
"Harun ər-Rəşidin hədiyyəsi"
əsərlərini müqayisəli şəkildə öyrənmişdir
(2, 29-60).
XX
əsrin ikinci yarısından başlayaraq ərəb alimləri M.Q.Hilal, D.Səllum, A.Saleh,
C.Kamaləddin, S. əl-Həmlavi, M.Məkki və
başqaları ərəb-Qərb ədəbi əlaqələrinə dair maraqlı araşdırmalar aparmışlar.
Onların tədqıqatlarında ədəbi əlaqələrin
mövcudluğunu göstərən faktik materialların üzə
çıxarılmasına, mövzuca
bir-birinə yaxın olan əsərlərin
məzmununun şərhinə geniş yer verilir. C.X.Cübran, Ə. ər-Reyhani
və M.Nüaymə irsinin araşdırılması ilə məşğul
olmuş E.Abbas, M.Y.Nəcm,
X.Havi, Nədim Nüaymənin əsərlərində
müəlliflərin metodoloji mövqeyindən
irəli gələn icmal xarakterli
təsviri-informativ və birtərəfli təsir göstərən
məqamlar daha çox
qabardılır.
Ərəb
ədəbiyyatı tarixi ilə bağlı yazılmış kitablarda ədəbi əlaqələrin fəal
yaradıcıları olan məhcər şairlərinin irsi genişliyi ilə təqdim
edilmir. Məsələn, Hanna
al-Faxuri "Ərəb ədəbiyyatı
tarixinin toplusu. Müasir dövr"
adlı əsərində M.Nüaymə, Ə. ər-Reyhani və
Cübran haqqında çox
qısa məlumat verməklə yalnız onların Qərb və
dünya mədəniyyəti ilə
qarşılaşdıqlarını qeyd edir (5, 321).
Şövqi Deyfə
görə, "Amerikadakı mühacir
şairlər ərəb şeirinin
mübarək yüksəlişində iştirak
etməmişlər" və onlar ərəb şeirinə hücum
etmişlər. Onları bu hücuma vadar edən səbəb Qərb ədəbiyyatı
ilə tanışlıq olmuşdur. Buna baxmayaraq, onlar ərəb şeirinin sehri altında olmuşlar. Ş.Deyf məhcər şairlərınin əsərlərində ərəb
şeirinin ənənələrindən gəlmə xüsusiyyətləri
və motivləri göstərməyə
çalışır: vətən həsrəti, təbiətə
çağırış, kədər, sufilik
əlaməti (3, 246-274).
Ədəbiyyatşünaslar
Ehsan Abbas və Məhəmməd
Yusif Nəcm isə məhcər şairi Cübranın təbiətə
müraciətini Avropa və Amerika romantiklərinin - Vordsvortun,
Kolricin, Bleykin, Russo və Toronun ilahiləşdirdiyi təbiət ilə
əlaqələndirirlər (1, 42-44). Nədim Nüayməyə
görə, M.Nüaymənin əsərlərində daosizmi, buddizmi, platonizmi, xristianlığı, Tolstoyun etik nəsihətlərini
özündə birləşdirən fərqli fəlsəfi konsepsiya formalaşmışdır (12, 327).
Ərəb
ədəbiyyatşünaslığında ərəb-Avropa ədəbi əlaqələrinin
tipoloji növünün
öyrənilməsi aspektində tədqiqatlara da rast gəlinir. Cəlil Kamaləddin "Ədəbiyyat
araşdırmaları" əsərində İraq
şairi Bədr Şakir
əs-Səyyabla Dostoyevski arasında tipoloji ədəbi əlaqələrin mahiyyətini
açmağa çalışmışdır
(8, 147-170).
Azərbaycan alimi Aida İmanquliyevanın ərəb məhcər
ədəbiyyatı haqqında tədqiqatları ərəb-Avropa və Amerika ədəbi
əlaqələrinin obyektiv elmi əsaslarla
və geniş şəkildə öyrənilməsi
sahəsində yeni bir
mərhələdir. O,
özündən əvvəl aparılmış tədqiqatları
nəzərdən keçirərək onların müsbət
cəhətlərindən istifadə etmişdir.
Avropa, rus, sovet və ərəb alimlərinin məhcər
ədəbiyyatı ilə bağlı
araşdırmalarındakı dəyərli fikirlər A.İmanquliyeva tərəfindən xüsusi qayğı ilə öyrənilir. Onun tədqiqatlarında Cübran
və ər-Reyhaniyə Qərb romantik məktəbinin
təsirini şişirtməyən İ.Y.Kraçkovskinin
müəyyənləşdirdiyi metodoloji
müddəalar əsas götürülür.
"Yeni ərəb ədəbiyyatı
korifeyləri" kitabında A.İmanquliyeva
"Suriya-Amerika məktəbi"nin
nümayəndələri Cübran Xəlil
Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymənin
yaradıcılığının
təkamülünü Qərb romantizmi
və rus tənqidi realizminin
təsiri altında tədqiq edir. Bu, eyni zamanda,
"yeni ərəb ədəbiyyatı
ilə dünya ədəbiyyatının
müxtəlif cərəyanlarının və bədii
metodlarının qarşılıqlı əlaqəsi tarixinin tədqiqidir" (7, 17).
A.İmanquliyeva ərəb-Avropa
ədəbi əlaqələrinin tarixinə nəzər yetirir, maarifçilik
dönəmində onun vəziyyətini təhlil
edir və romantizm ədəbi
cərəyanının təsirini
müəyyənləşdirir. O, ədəbi əlaqələri
milli
özünəməxsusluq və
qarşılıqlı ədəbi təsirlər problemi müstəvisində öyrənir.
Cübran irsinin tədqiqində alim
onun yaradıcılığının ilk dövründə
müşahidə edilən sentimentalizmi
"Banlı Marta", "Hanili Varda" və
"Qırılmış qanadlar" povesti əsasında açıb göstərir.
Yazıçı tərəfindən ingilis
və Amerika romantizm metodunun mənimsənilməsi
"Göz yaşı və təbəssüm", "Tufanlar"
və "Peyğəmbər" əsərinin təhlili
işığında verilir.
A.İmanquliyevanın tədqiqatında
Əmin ər-Reyhani yeni ərəb ədəbiyyatında
romantizmin təşəkkülündə fəal rolu olan bir ədib kimi təqdim edilir. Ər-Reyhani
ərəb romantik ədəbiyyatının
janr tərkibinə, mövzu
seçiminə və poetikasına gətirdiyi rəngarəngliyi
ilə seçilir. Onun yaradıcılığında romantizm milli xarakter kəsb edir. Ər-Reyhani romantizminin
özünəməxsusluğu onun
yüksək sənətkarlıqla yazdığı əsərlərində,
o cümlədən "Hərəmxana
divarlarından kənarda"
povestində əks olunmuşdur.
Görkəmli tədqiqatçı
ərəb məhcər ədəbiyyatının bariz nümayəndəsi Mixail
Nüaymənin əsərlərindəki Qərb ədəbi
təsirlərini daha geniş
şəkildə öyrənmiş və onların rus ədəbiyyatı çərçivəsində
olduğunu müəyyənləşdirmişdir. O, Nüaymənin ədəbi zövqünün
formalaşmasında V.Q.Belinskinin bədii-estetik
konsepsiyasının, L.N.Tolstoyun fəlsəfi-dini
və humanist ideallarının, İ.S.Turgenev və A.P.Çexov
realizminin rolunu
açır. İrəli sürülən fikirlərin şərhi
konkret bədii əsərlərin müqayisəli təhlili əsasında
aparılır.
Müqayisəli ədəbiyyatşünaslığın
obyektiv tələblərindən
çıxış edən Aida İmanquliyeva məhcər şairlərinin ədəbi-bədii
zövqünün formalaşmasında yeni ideya və yeni poetik formalara
malik olan Qərb ədəbi-mədəni
irsinin rolunu göstərir. Onun qənaətinə
görə, "Suriya-Amerika məktəbi"nin
təmsilçiləri yeni ədəbi üslubun yaradıcıları kimi ərəb klassiklərinə qayğı
ilə yanaşmış, arxaik sözlərdən,
ağır sintaktik birləşmələrdən,
yorucu ritorik ifadələrdən
azad olmağa
çalışmışlar. Cübran, ər-Reyhani və
Nüaymə ingilis və Amerika
romantizmi, rus tənqidi
realizmi üçün
səciyyəvi olan ideya
və üslublardan bəhrələnmiş,
fərdi yaradıcı formaya mənsub bədii
metodlardan istifadə etməklə yeni poetik janrların (əş-şi'rul-mənsur,
esse, etüd)
inkişafını təmin etmişlər. Onların
yaradıcılığında Qərb romantizmi
yaradıcı bir metod
kimi özünü
göstərir. Cübran və ər-Reyhani
bu metodu ərəb şeiri ənənələri əsasında
zənginləşdirmişlər. A.İmanquliyevanın
qənaətlərinə görə, ərəb ədəbiyyatının
ənənələri və Qərb romantizminin
mürəkkəb sintezi nəticəsində
məhcər şairlərinin əsərlərində bu ədəbi əlaqəyə Şərq-Qərb
mədəniyyətlərinin qarşılıqlı təsiri
və dünya ədəbi prosesində
ümumbəşəri problemin qoyuluşu səviyyəsinə yüksəlməyə
imkan verilmişdir.
ƏDƏBİYYAT:
1.Abbas
Ehsan və Yusif Nəcm
Muhəmməd. Əş-şi'ru-l-arabiyyu fi-l-məhcər, Beyrut, 1957 (ərəb dilində).
2.Əl-Bazii,
Saad. Muqaranətu-l-axəru, Qahirə, 1999
(ərəb dilində).
3.Deyf,
Şovqi. Dirasatun fi-ş-şiril-arabiyyi-l-muasiri, Qahirə, 1993
(ərəb dilində).
4.Fadl,
Salah. Təsir əs-səqafəti-l-islamiyyəti
fi-l-komidiya əl-ilahiyyəti li-Dante, Qahirə, 1980 (ərəb dilində).
5.Əl-Faxuri,
Hanna. Əl-camiu fi
tarixi-l-ədəbi-l-arabiyyi, Beyrut (ərəb
dilində).
6.Hilal,
Muhəmməd Quneymi. Əl-ədəbu-l-muqaranu,
Qahirə, 1953 (ərəb dilində).
7.İmanquliyeva
A.Yeni ərəb ədəbiyyatı
korifeyləri, Bakı: Elm, 2003.
8.Kamaləddin
Cəlil. Dirasatun ədəbiyyatun, Bağdad, 1915 (ərəb dilində).
9.Konrad N.İ. Zapad i Vostok. Moskva, 1972.
10.Kraçkovskiy İ.Y. İzbrannıe
soçineniə. VI t., Moskva, 1957.
11.Əl-Qılməvi
Suheyr, Mahmud Ali Məkki. Əsər əl-arab və-l-islam fi-n-nehdətil-urubiyyəti. Fi-l-ədəbi,
s. 120-170 (ərəb dilində).
12.Nüaymə, Nədim. Mixail Nüaymə, Beyrut, 1967 (ərəb dilində).
13.Səllum Davud. Əl-ədəbu-l-arabiyyi fi turasi-l-aləmiyyi, Bağdad: 1987
(ərəb dilində).
14.Saleh, Abdulmuttalib, Məbahisu fi-l-ədəbi-l-muqarani, Bağdad: 1987 (ərəb
dilində).
15.Sidqi, Abdurahman. Əş-Şarq və-l-islam
fi adabi Cute, Qahirə (ərəb dilində).
16.Zəki, Ahməd Kamal. Əl-Muqaranə fi-l-ədəbi, Qahirə (ərəb dilində).
İmamverdi HƏMİDOV,
filologiya elmləri doktoru
Elm.- 2012.- 10 oktyabr.- S.11.