MUSTAFA
AĞA ŞUXİ VƏ ONUN ƏDƏBİ İRSİ
XIX əsrdə
yaşayıb-yaratmış, Azərbaycan türkcəsində
divan müəllifi olan Mustafa ağa Şuxinin həyat və
yaradıcılığına dair əlimizdə az məlumat
vardır. Bildiyimiz odur ki, o, Şəki xanları nəslindən
olmuşdur. Şəki xanlığının banisi Hacı
Çələbi xan (?-1754/55) Mustafa ağanın ulu
babasıdır. Hacı Çələbi xanın oğlu Həsən
ağa (?-1718), nəvəsi isə həm də şeirləri
ilə tanınan Məhəmməd Hüseyn xan Müştaq
(?-1780) olubdur. Ümumiyyətlə, Şəki xanları nəslinin
nümayəndələri içərisində bir neçə
şəxs şairlik istedadı ilə seçilmişdir.
1925-ci ildə
"Kommunist" nəşriyyatında Müştaqın
şeirlər toplusunu çap etdirən görkəmli ədəbiyyatşünas
alim Salman Mümtaz onu maarifpərvər şair kimi təqdim
edir. Alim Məhəmməd Hüseyn xanın Molla Pənah
Vaqif, Molla Vəli Vidadi, Şəkili Nəbi, Şəkili
Raci, Ağcayazılı Zari, Kəlbirli Rafe' və
başqaları ilə dost olduğunu da göstərmişdir.
Mümtaz Müştaqın Vaqiflə dostluğu barədə
yazır: "Müştaq Molla Pənah Vaqifin valehi-məftuni
və şeirlərinin aşiqi-aşüftəsi idi. Bunu hiss
edən Vaqif artıq rəsmiyyəti buraxaraq hər bir dərdini,
istəyini apaçıq Müştaqa söylərdi. Odur ki,
qonşu xanlıqlara və yaxud qəzalara çıxarkən
bir mümtaz tüfəngə ehtiyac hiss edən Vaqif Şəkidə
dostu Müştaq ilə etdiyi müsahibələrinin birində
bir əla tüfəng istəmiş, o da Vaqifə bir gözəl
tüfəng göndərəcəyini vəd etmişdi.
Müştaq nəsə etdiyi vədini unudaraq tüfəngi
göndərməmişdi. Vaqif də aşağıdakı
müxəmməsi inşad edərək Kəbirli
"Rafe'" təxəllüs vasitəsilə Şəkiyə
göndərərək Müştaqa şuxyanə gilayə
etmişdir... Müştaq səmimiyyətlə sevdiyi Vaqifi
daha da xoşhal etmək üçün ona bir də bir
xoşcövlan at bağışladığını xəbər
verir ki, müxəmməsin dördüncü bəndi
sözümüzə dəlildir..." (1, s. 90-91).
Salman
Mümtaz Məhəmməd Hüseyn xanın
xanlığı idarə etməsi barədə yazır:
"Şəki vilayətini Müştaq gözəl idarə
etdiyindən dolayı İran hökuməti Şirvan məmləkətinin
idarə olunmasını da ona mühəvvəl etmişdi.
Odur ki, İran müvərrixləri Müştaqın ləqəbini
"Məhəmməd Hüseyn xan bəylərbəgiyi-Şəki
və Şirvan" ibarəsi ilə qeyd edirlər...
İyirmi iki il hökumət edə bilən Müştaq
Şəki və Şirvan məmləkətlərini gözəl
idarə etdiyindən dolayı bir çox rəqib və
düşmənlər qazanmışdı..." (1, s. 95).
Müştaqın
oğlu, Mustafa ağanın babası Fətəli xan (?-13 may 1815) 1804/05 və 1806/07-ci
illərdə iki dəfə (hərəsində bir neçə
ay) xanlıq etmişdir. Fətəli xan da şairlik
istedadına malik olmuş, "Mehnəti" təxəllüsü
ilə şeirlər yazmışdır. Filologiya elmləri
namizədi Ədalət Tahirzadənin verdiyi məlumata görə,
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunda Salman Mümtazın əli ilə
yazılmış bir cüngün (arx.38, Q-34/580) 91 a vərəqində
"mərhum Fətəli xan "Mehnəti" təxəllüsün
bir mümtaz qəzəli"nə (farsca, 5 beyt) rast gəlirik.
Fətəli
xanın oğlu "Fateh" təxəllüsü ilə
şeirlər yazan Kərim ağa Şəkixanov /1887/88-1859)
da dövrünün alim və şairi kimi
tanınmışdır. Mustafa ağa Şuxi Əlyazmalar
İnstitutunda saxlanan "Kərim ağa Fatehin tərcümeyi-halı"
adlı 21 səhifəlik avtoqraf yazısında (şifri:
B-1890/ 13639) atası barədə yazır: "Bir parə əhvalat-əxbaratdan
məlum və məfhum olur ki, kətmi-ədəmdən səhrayi-vücudə
təşrif gətirib təvəllüd etmələri olub səneyi-islamiyyə
1202 (m.1787/88) tarixdə Şəki ölkəsində.
Silsileyi-bərgüzideyi-xəvaninül-əzamdan olub, pedəri-valaməqamları
mərhum Fətəli xan ibn Hüseyn xan bəglərbəgiyi-Şəki
və Şirvan ibn Həsən ağa ibn Hacı Çələbi
xan mərhum. Madəri-mehribanları Xurşid xanım əsl-əl-Qübbə
əvvəl Hacı Əbdülqadir xan ibn Hacı Çələbi
xana təzvic olunub, bəd Fətəli xan mərhuma; nəhayətdə
aqilə və kamilə olmağı məşhur və
mübərhəndir" (2).
Firidun bəy
Köçərli ilk dəfə 1925-1926-cı illərdə
Azərbaycan Dövlət Nəşriyyatında "Azərbaycan
ədəbiyyatı tarixi materialları" adı ilə
çap edilmiş kitabında Kərim ağa Fatehi gözəl
təlim görmüş savadlı ziyalı və şair
kimi təqdim edir: "Kərim ağa ibn Fətəli xan
"Fateh" təxəllüs Şəki şairlərinin
bərgüzidələrindən birisi hesab olunur. Kərim
ağa Şəki xanlarının xanədanından olmağa
görə nəcib və alitəb bir zat imiş;
familiyası-Şəkixanov. Mirzə Fətəlinin
müasiri olubdur və onun xatirini əziz tutarmış və
hər dəm ləyaqətli töhfələrlə mirzəni
yad edərmiş...
Fətəli
xanın fərzəndi-ərcüməndi Kərim ağa
atasının təhti-himayəsində nəşvü
nüma tapıb, gözəl təlim və tərbiyə
almışdır. Fars və ərəbcə yaxşı
savadı var imiş. Təb'i-səlim sahibi imiş. Özləri
əhli-kəmal və sahibi-hal olduğu üçün
üləma sinfini, üdəba və şüəranı
ziyadə dost tutarmış və müdam məclisini
onların vücudu ilə müzəyyən qılıb həqiqi
xan tərzində güzəran edərmiş"(3, s.270).
Kərim
ağa Fatehin ana dilində yazdığı ən gərəkli
əsəri 1829-cu ildə yazılmış, bir neçə
dəfə çap edilmiş "Şəki xanlarının
ixtisar üzrə tarixi"dir. Şəki tarixinin öyrənilməsi
üzrə ən mühüm mənbələrdən biridir.
Kərim
ağanın oğlu Mustafa ağa Şuxi barədə də əlimizdə
məlumat çox azdır. Tədqiqatçı Ədalət
Tahirzadə "Kərim ağa Fatehin həyat və
yaradıcılığından qeydlər" adlı məqaləsində
yazır: "Mustafa ağa Şuxi hicri 1274-cü (m.1857/58) ildə
atasından alınıb Peterburqa aparılmış, orada
böyüyüb, kornet çininə yüksəlmişdir.
Atasını bir daha görə bilmədiyi, dəfnində
iştirak edə bilmədiyi üçün, onun borcundan
çıxmaqdan ötrü tərcümeyi-halını
yazmağı qərara almışdır. Özü 1895-ci
ildə ölüb. Şeirlərinin bir neçəsini Salman
Mümtaz çap etdirib". (4, s. 57).
Tahirzadə
həmin məqaləsində Şuxi barədə
S.Mümtazın əlyazmasından öyrəndiyi başqa bir
məlumatı da diqqətimizə çatdırır:
"S.Mümtaz başqa bir əlyazmada (Ə.i, arx. 38, 1-2/78)
Mustafa ağa haqqında beləcə qısa məlumat verir:
"Mustafa ağa dörd il kanvoyluq eləyib. 1857-ci tarixdə
kanvoyluğa aparıb, 61-də karnet (kornet-Ə.T.) [çini]
alıb qayıtdı. Karnetdən qayıtdığı zaman
Şəkidə murov pamoşnikliyi elədi. Təxminən
beş il bu xidmətdə qaldı. Mustafa ağa əvaxiri-ömrüsünü
Qaraqosı (Qaraqoyunlu) adnalı kəndisinə məxsus kəndində
keçirmiş və orada da füc'ədən vəfat
etmişdir. Sonra cənazəsini Şəkiyə gətirib
Hüseyn xan məscidinin həyətində Kərim ağa Fatehin
qəbrinin yanında dəfn etmişlər" (4,s.58).
Firidun bəy
Köçərli adını çəkdiyimiz məşhur
əsərində Mustafa ağadan rəvan və gözəl
təbli şair kimi danışır. Firidun bəy yazır:
"Mustafa ağa Şəkixanov məşhur şair Kərim
ağa Fatehin sülbi oğludur. Mustafa ağa validi-büzürgüzarı
kimi mərifət və kamal sahibi möhtərəm bir şəxs
olub, əksər övqat məclisini ürəfavü
şüəralar ilə təzyin edərmiş. Zindəganlığının
ibtidasında dövlətmənd olub, axır vaxtlarda bir az
kasıb düşübdür və özünə mütəəlliq
olan əmlakın mədaxili ilə güzəran edərmiş.
Mərhum Mustafa ağa Şuxinin çox rəvan və
gözəl təbi var imiş. Öz dəst xətti ilə
yazılmış bir divanı vardır ki, onda ədəbiyyatın
hər növünə dair əşarü kəlam
vardır". (3. s. 270) Köçərli əsərinin tərtibçisi
filologiya elmləri namizədi Ruqiyyə Qəmbər
qızının göstərdiyinə görə, Firidun bəy
Şuxi əsərlərini araşdırarkən onun Əlyazmalar
İnstitutunda saxlanan B-2584 şifrəli əlyazma
divanından istifadə etmişdir (3, s.423).
Qeyd etmək
istərdik ki, Əlyazmalar İnstitutunda Şuxi
divanının iki nüsxəsi saxlanılır (Şifr:
B-2584 və M-125). Hər iki əlyazma müəllifin
özü tərəfindən
köçürülmüşdür, avtoqraf nüsxəsidir.
217 səhifədən ibarət birinci əlyazma 1892-ci, 220 səhifə
həcmində olan ikinci əlyazma isə 1890-cı ildə
köçürülmüşdür. Bəzi kiçik fərqlər
olsa da, hər iki divan nüsxəsindəki əsərlər,
demək olar ki, eynidir. Şairin əsərlərini çapa
hazırlayarkən daha mükəmməl hesab etdiyimiz B-2584
şifrəli əlyazmanı üstün tutmuş, yeri gəldikdə
M-125 şifrəli əlyazmadan da istifadə etmişdik. Əsas
tutduğumuz nüsxədə əsərlər belə
ardıcıllıqla düzülüb: dibaçə, 2 qitə,
farsca 17 qəzəl, 162 türkcə qəzəl, 1 mərsiyə, 6 qəsidə, 1
tərcibənd, 1 müsəddəs, Füzuliyə 2 təxmis,
1 müxəmməs, 18 rübai, 1 müxəmməs, "Dər
tərife-şəhre-Şəki" şeiri, 55 qəzəl.
Buradakı şeirlər içində cəmi 17 qəzəl
farsca, bütün digər şeirlər ana dilindədir.
Şeirlərin ümumi həcmini hesabladıqda
görürük ki, burada cəmi türkcə 217 qəzəl,
6 qəsidə, 18 rübai, 2 qitə, 2 müxəmməs,
Füzuliyə 2 təxmis, 1 müsəddəs, 1 tərcibənd, 1 mərsiyə və Şəki
haqqında 1 şeir; farsca 17 qəzəl vardır.
Mustafa
ağanın şeirlərini məzmununa görə 4 yerə
bölmək olar:
1)Dini məzmunlu,
2) lirik, 3) ictimai məzmunlu, maarifçi, 4) müxtəlif
hadisələrə həsr edilmiş şeirlər.
Şuxi
atası Kərim ağa kimi, əsərlərində dini
mövzuya xüsusi fikir vermiş, Tanrının, Peyğəmbərimizin
mədhinə gözəl şeirlər həsr etmişdir:
Səni məhbub
qılmışdır xudayi-əkbərü ə'la,
Ki, sənsən
kainat içrə münəvvər gövhəri-ə'la.
Şəhi-təxti-nübüvvətsən,
həbibi-həqqi-ziqüdrət,
Səfarayi-güruhi-əhli-məhşər,
sərvəri-ə'la.
Xoşa mümtaz
qılmışdır səni kövnü məkan içrə,
Həmə
məxluqi-aləmdən güzidə, bərtərü ə'la...
(5, s.19)
Xalqın həyat
və məişətinə heç bir zaman laqeyd qalmayan
Şuxi inkişafa mane olan insanlar arasındakı
paxıllığı, xəyanəti, əyriliyə meyli tənqid
edir:
Nə surət
bilməzəm əhvali-xəlqi-dövri-hazirdir,
Olubdur bir-birinə cürmsiz nahəqq cabirdir.
Xəyanətlə dəruni sərbəsər məmlüvdür
xəlqin,
Kimi təsviri-adəmlikdə
görsən, şəkli-zahirdir...
Ucalda gəl fələk həmmillətindən
bir kəsin başın,
Dili-əqvami-büxlindən müdam aşüftəxatirdir.
Görünməz doğruluq əqvalü əmali-xəlayiqdə,
Sərapa əyrilikdir feli-mərdüm hərçi
sadiqdir.
(5. s.65)
F.Köçərli bu şeir
barədə belə yazır: "Şuxinin bu qəzəli şikvəüslub olsa da, pürməzmun kəlamlardan birisi olub, bizim yerlərin
əhalisinin müqtəzayi-təbiətləri
olan büxlü həsədi, nəmmamçılığı,
öz işini buraxıb özgə sözü danışmağı,
aralıq qarışdırmağı,
qövm-əqrabanın tərəqqisinə
xəyanət və əfsürdəhal olmasına
bəşaşət etməkləri
və filcümlə bəşərə layiq olmayan hal və
sifətlərini şərhü
bəyan edir.
Filhəqiqə, ancaq bizim
torpağın adamlarıdır
kəsrəti-kəsalətdən öz şüğlü
karını atıb,
həmdigəri halını
təcnis etməyə
daim amadə və nazir ola.
Bir kəsin başı uca olsa, onun büxlindən
digəri pərişan
və aşüftəxatir
ola. Qardaşı qəzadan bir bəlaya düçar olsa da, ona
təsəlli verməyib
kəsrəti-qənaətdən onun pəjmürdə halına qəlbdən şadü şakir ola. Bu qism sifətlər
ilə müttəsif
olanlar, əlbəttə,
zahirdə adama bənzəsələr də,
batində və həqiqətdə adamlıqdan
uzaq və kənardırlar". (3, s. 271).
"Zamanın halətin bu tərz ilə
görən" Şuxi
bu vəziyyətə
laqeyd qala, göz yuma bilmir,
xalqı birliyə səsləyir.
Mustafa ağa şeirində qədim tarixə, mədəniyyətə malik
xalqının dövrün
tələbindən geri
qaldığını, qəflət
yuxusunda olduğunu acı bir təəssüflə
qeyd edir, bunun səbəbləri barədə düşündüyünü
deyir:
Xabi-qəflətdə qalıbdır belə əhli-islam,
Həmə bihuş, nə bir karə
mühəyya, səd
heyf!
Qabili-tərbiyeyi-elmü maarifdə ikən,
Qalmışıq vadiyi-qəflətdə
sərapa, səd heyf!
Söndürüb əldə ikən böylə qalıb zülmətdə,
Nuri-islam kimi məş'əli-ziba,
səd heyf!
Nə səbəb qalmağa bu halətə bilməm, Şuxi,
Yox imiş bir kəsimiz samevü bina, səd heyf!
(5, s.83).
Şuxi əsərlərinin əksəriyyəti məhəbbət
mövzusunda yazılmış
lirik şeirlərdir.
Onun qəzəllərində
sevgilisinə qarşı
ən səmimi hisslər bəsləyən,
sədaqətli aşiqin
obrazı əksini tapmışdır:
Könül aramın o gülçöhreyi-xəndan aparır,
Nə ki arami-dili,
bəlkə dilü
can aparır.
Nə zaman olsa
müqabil nəzərimdə
kuyin,
Gözüm ol neməti-rizvandan
ehsan aparır.
(5, s. 58-59)
Şairin lirik qəhrəmanı
sevgilisinin həsrəti
ilə yaşayır,
onun bir busəsi aşiqə ölüm məqamında
belə həyat bəxş edə bilər:
Firqətindən gözüm ol novgüli-şirindəhənin,
Əşkini əbri-baharan kimi barəndə edər.
Şuxiya, vəqti-həlakımda
yetən dəm ləbdən,
Zində bir busə
ilə ol büti-nazəndə edər.
(5, s. 63).
XIX əsrin bir çox şairləri kimi, Şuxinin də əsərlərində
Füzuli poeziyasının
güclü təsirini
görürük. Şair
Füzulinin bir sıra şeirlərinə
nəzirə yazmış,
onun iki qəzəlinə təxmis
bağlamışdır.
Firidun bəy Köçərlinin sözləri
ilə desək, "ziyadə dindar və millət təəssüfü çəkən
bir vücud olan" Mustafa ağanın
şeirlər divanı
indiyədək bir toplu halında çap edilməmişdir.
Onun yalnız bir neçə şeirinin Salman Mümtaz tərəfindən
nəşr edilməsi
barədə məlumatımız
vardır.
İnanırıq ki, Mustafa ağa Şuxinin şeirlər toplusu-divanının
bir kitab halında nəşri XIX əsr Azərbaycan tarixinin tədqiqi ilə məşğul olanlar və ədəbiyyat həvəskarları
üçün diqqətəlayiq
mənbə olacaqdır.
Ədəbiyyat:
1.Mümtaz Salman. Azərbaycan ədəbiyyatının
qaynaqları. Bakı:
Yazıçı, 1986.
2.Şuxi Mustafa Ağa.
Kərim Ağa Fatehin tərcümeyi-halı
(Əlyazma). AMEA ƏYİ. Şifr: B-1890.
3.Köçərli Firidun
bəy. Azərbaycan ədəbiyyatı. İki
cilddə. İkinci cild. Bakı: Elm, 1981.
4.Tahirzadə Ədalət.
Kərim ağa Fatehin həyat və yaradıcılığından
qeydlər/ Əlyazmalar
xəzinəsində. VIII cild.
Bakı: Elm, 1987.
5.Şuxi Mustafa ağa.Divan
(Əlyazma). AMEA ƏYİ Şifri: B-2584.
Nailə MUSTAFAYEVA,
filologiya üzrə fəlsəfə doktoru
Elm.- 2012.- 10 oktyabr.- S.10.