Şeirdən ucalıq umma dünyada,

Çünki Nizamiylə qurtardı o da

 

Əsərləri yüzilliklərdən bəri sevilə-sevilə oxunub bu gün də ürəkləri fəth edən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin yetirdiyi nadir sənət dahiləri içərisində ən şərəfli yerlərdən birini tutur. Özünəqədərki Yaxın və Orta Şərq elmi-mədəni nailiyyətlərini dərindən mənimsəyərək onları görünməmiş bir yüksəkliyə qaldıran böyük şairin çoxcəhətli zəngin irsində bəşəriyyəti əbədi düşündürən mühüm ictimai-siyasi problemlər öz bədii həllini tapmış, insan qəlbinin ən nəcib hissləri, həyəcanları ifadə olunmuşdur. Dahi sənətkar bədii fikir tarixini insan səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət və s. bu kimi əhəmiyyətini heç vaxt itirməyən ölməz ideyalarla zənginləşdirmişdir.

 

Nizami sənəti özünün humanist ruhu, xalq arzu və istəklərinin aydın, təsirli ifadəsi ilə seçilir. Buna görədir ki, bu zəngin irs bütün dövrlərdə müasir səslənmiş, təqdir olunaraq izlənilmişdir. Şairin bədii yaradıcılığa gətirdiyi qabaqcıl ənənələr əsrlər boyu yaşamış, neçə-neçə qüdrətli sənətkarların ideya-estetik inkişafına kömək göstərərək oxucuları ülvi ideallar uğrunda mübarizəyə sövq etmişdir. Nizami irsini öyrənmək, şairin söz sənətinə gətirdiyi özəllikləri davam və inkişaf etdirmək orta əsrlərdə mədəni tələbata, ədəbi-bədii inkişafın doğurduğu bir zərurətə çevrilmiş, az qala bütövlükdə Şərq ictimai-bədii fikrinin tərəqqisində ədəbi zəmin rolu oynamışdır.

Şairin oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda tərbiyələndirən ölməz əsərləri bu gün də gözəllikləri, ülviyyəti dərk etməyə çağırır, ağlın, zəkanın qüdrətinə, haqqın, ictimai xeyirin qələbəsinə inam hissləri oyadır.

İlyas Yusif oğlu Nizami 1141-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzi Gəncə şəhərində dünyaya göz açmışdır. Şairin yaşayıb- yaratdığı XII əsr  mədəni-elmi nailiyyətlərlə zəngin bir dövr idi. Bu illərdə hələ VIII əsrdən başlayaraq xilafətin tərkibinə daxil olan bir çox Yaxın və Orta Şərq xalqlarının birgə səyi ilə yaranan sinkretik mədəniyyət islam mədəniyyəti adı ilə şöhrət taparaq yüksək bir səviyyəyə çatmışdı. Şairin vətəni Azərbaycanda iqtisadi-ictimai həyat inkişaf edir, şəhərlərin rolu artır, ticarət genişlənirdi. Ölkənin şimalında və cənubunda hakimiyyət sürən Şirvanşahlar və Eldəgizlər abadlıq işlərinə xüsusi diqqət yetirir, mədəniyyətin yüksəlməsinə çalışırdılar. Gəncə, Şamaxı, Təbriz, Naxçıvan və başqa şəhərlərdə elmin, sənətin inkişafı nəzərə çarpır, Nizaminin yaşadığı Gəncə öz ipəyi, toxuculuq malları və sənətkarlarının hazırladığı əl işləri ilə bütün Şərqdə tanınırdı. Böyük karvan yolunun üzərində olub, dünyanın bir çox ölkələri ilə ticarət edən Gəncə müxtəlif mədəniyyətlərin də kəsişmə nöqtəsi idi. Burada məktəblər, mədrəsələr, kitabxanalar fəaliyyət göstərir, nücum, tibb, coğrafiya, tarix, fəlsəfə, məntiq və ədəbiyyatşünaslıq elmləri inkişaf edirdi.

Belə bir mədəni mühitdə boya-başa çatan şair ilk təhsilini də Gəncədə almış, hələ çox gənc ikən ərəb, pəhləvi, fars və çox güman ki, yunan dilini də öyrənmiş, zəmanəsinin elmlərinə dərindən yiyələnmişdir. İlyas kiçik yaşlarında Quranı mükəmməl bilmiş, Peyğəmbərin hədisləri, fiqh və ədəbə daxil olan elmləri incəliklərinə qədər öyrənmişdi. Böyük şair özünəqədərki ərəb-fars klassiklərinin ədəbi-fəlsəfi irsini, Əbül-Üla Gəncəvi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beyləqani, İzzəddin Şirvani, Qivami Mütərrizi və başqa azərbaycanlı sələflərinin əsərlərini dönə-dönə oxumuşdu. Şair Əl-Biruni, Əl-Farabi, İbn Sina, Aristotel, Platon və Evklidin görüşlərinə də dərindən bələd idi. Nizaminin İbn Müqlə, İbn Hani, Əsədi, Firdovsi və  Sənaini xatırlaması, əsərlərində məşhur filosofların görüşlərindən tez-tez söz açması onun ədəbi-fəlsəfi fikrin özünəqədərki nailiyyətlərini incəliklərinə qədər mənimsədiyini göstərir.

Nizami Yaxın Şərq xalqlarının şifahi ədəbiyyatları, doğma ədəbiyyatın "Kitabi-Dədə Qorqud" və başqa əski abidələri ilə də yaxından tanış idi.  Şairin əsərləri onun Orta Asiya mədəniyyəti, türk xalqlarının qədim mədəni-ədəbi abidələri, o sıradan Yusif Xas Hacibin "Qutadqu bilik" əsəri ilə də bağlılığını aydın göstərməkdədir. Ancaq bütün bunlarla yanaşı Nizami öz böyük sələflərini təkrar etməmiş, ədəbiyyata gətirdiyi yeni yaradıcılıq istiqaməti ilə seçilərək Şərq bədii fikir tarixinə orijinal ədəbi məktəb yaradıcısı kimi daxil olmuşdur.

Nizami çox gənc yaşlarından ədəbi yaradıcılığa başlamış və ilk növbədə lirik əsərləri ilə müasirlərinin diqqətini cəlb etmişdir. Zəmanəsinin hökmdarları şairi öz saraylarına gətirtmək istəmiş, bu məqsədlə ona qiymətli hədiyyələr göndərmişlər. Lakin şair şahların saraya gəlmək təkliflərindən inadla boyun qaçırmış, ömrünün sonuna qədər Gəncədən kənara çıxmamış, heç kimin himayəsinə sığınmamışdır.

Təxminən 1173-cü ildə Dərbənd hakimi şairin sənətinə öz pərəstişini bildirmək üçün ona Afaq (Appaq) adlı bir kəniz töhfə göndərir. Nizami bu qıpçaq gözəlini qanuni ömür yoldaşı kimi qəbul edir, onunla ailə qurur. Şairin Afaqdan Məhəmməd adlı bir oğlu olur. Ancaq onların ailə səadəti uzun sürmür. Afaq çox gənc yaşlarında vəfat edir. Nizami bu vaxtsız ölümü ömrü boyu unutmamış, əsərlərində özünün ilk məhəbbətini tez-tez xatırlamış, hətta "Xosrov və Şirin" əsərindəki Şirin obrazı üzərində işlərkən sevimli qadınını göz önündə tutmuşdur.

Nizami özünün yeganə övladı olan Məhəmmədi də çox sevmiş, əsərlərində bir neçə yerdə ona nəsihətlər etmişdir. Nizaminin əsərlərindən onun həyatının bəzi məqamları, şairin ata-anası, dayısı və başqa ailə üzvləri haqqında müəyyən bilgi almaq mümkündür. Dahi şair öz poemalarında müasirlərinə olan münasibəti, doğma vətənə, xalqına məhəbbəti, gəncliyə qayğısı və s. haqqında da aydın məlumat verir. Şairin müasiri olduğu Azərbaycan hökmdarları onunla sıx əlaqə saxlamış, Məhəmməd Cahan Pəhləvan Eldəgiz onun adına yeni bir əsər yazmağı Nizamidən xahiş etmişdi. Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə keçən Qızıl Arslan şairi görmək üçün Gəncəyə gəlmiş, Gəncə şəhəri yaxınlığında onunla görüşmüşdür. Şirvanşah Axsitan da Nizamiyə qasid göndərərək ona Leyli və Məcnun məhəbbəti haqqında əsər yazmağı təklif etmişdir. Nizami özünün "Yeddi gözəl" poemasını da Azərbaycan hökmdarlarından Marağa hakimi Əlaəddin Körpə Arslana ithaf etmişdir. "Xəmsə"nin son əsəri "İsgəndərnamə"də şair Gəncədə baş verən dağıdıcı zəlzələdən bəhs etmiş, şəhərin zəlzələ nəticəsində viranəyə çevrildiyini ürək ağrısı ilə təsvir etmişdir.

Nizaminin əsərləri eyni zamanda onun saf, təmiz mənəviyyatı, xeyirxah təbiəti, bəşəri arzuları və pak niyyəti haqqında  da aydın təsəvvür yaradır.

Fəxriyyəsində özünün sənət qüdrətini, şeir-sənət aləmindəki uğurlarını qələmə alan şair poemalarında da yeri düşdükcə gərgin zəhməti, sözlər üzərindəki zərgər əməyindən bəhs edir, keçirdiyi yuxusuz gecələri, yaradıcılıq həyəcanlarını xatırlayır. Şairin tez-tez oxucuya üz tutaraq etdiyi nəsihətlərində, eləcə də əsərlərindəki obrazlara mənsub edilən insani əxlaqi keyfiyyətlərdə də onun özünün xarakterini səciyyələndirən xüsusiyyətləri görürük:

 

Bacarsan hamının yükünü sən çək,

İnsana ən böyük şərəfdir kömək.

Özünü məclisdə şamtək dolandır,

Özgənin işiyçün özünü yandır.

 

Nizaminin "Leyli və Məcnun" əsərinin müqəddimə hissəsindən gətirilən aşağıdakı sətirlər də şairin uca şəxsiyyəti haqqında aydın təsəvvür yaradır:

 

Mən, mən olan gündən şahiddir aləm,

Bir qarışqanı da incitməmişəm.

Dürrümü çəkmədən özgə suyuna,

Pislik yaratmadım, düşmənəm buna.

Təmizdir vicdanım, ucadır adım,

Heç kəsin haqqında pis danışmadım.

 

Nizami əsərlərində şairin şəxsiyyətinə xas vətənpərvərlik, doğma Gəncə ilə bağlılıq da qabarıq nəzərə çarpır. Nizami öz doğma şəhərindən həmişə məhəbbətlə danışmış, əsərlərini Gəncənin mənəvi sərvəti saymış, özünü söz sənətinin mahir sehrkarı adlandırarkən - "Babilim-Harut yaxan əziz Gəncədir", deyərək vətəni Gəncəni də sehrkarlar yurdu Babillə müqayisə etmişdir.

Dövlətşah Səmərqəndi özünün "Təzkirətüş-şüəra" adlı təzkirəsində Nizaminin iyirmi min beyti əhatə edən "Divan"ı olduğunu qeyd edir. Nizami özü də fəxriyyəsində qəzəllərinin qulaqlarda ərqənun sədası kimi səsləndiyini söyləyir. "Xosrov və Şirin" əsərindən şairin Qızıl Arslanla görüşü zamanı şahın məclisində xanəndələrin Nizami qəzəllərini oxuduqlarını öyrənirik. Nizami 1188-ci ildə bitirdiyi "Leyli və Məcnun" poemasında da "Divan"ından danışır.

Ancaq Nizaminin lirik irsindən az bir hissə elm aləminə məlumdur. Şairin bizə gəlib çatan qəsidələri ictimai-əxlaqi və fəlsəfi şeirin gözəl nümunələri olub, dolğun məzmunu, ideya dərinliyi və poetik dəyəri ilə diqqəti cəlb edir. Nizami özünün ictimai-humanist düşüncələrini ilk dəfə bu qəsidələrində ifadə edərək oxucunu da həyat, kainat və onun ziddiyyətləri barədə düşünməyə çağırır, onun nəzərini hökmdar və xalq, insan və cəmiyyət, mənəvi ucalıq, sənətkar vüqarı və başqa bu kimi həyati məsələlərə yönəldir.

Nizaminin əldə olan lirik əsərləri içərisində qəzəllər daha geniş yer tutur. Nizami qəzəllərinin mühüm bir hissəsi məhəbbət mövzusundadır. Belə qəzəllərdə insan gözəlliyinin ülviyyəti, həyatı sevən, gözəllikləri duyan, dəyərləndirən həssas şair qəlbinin həyəcanları, sevib-sevilmək arzuları diqqəti cəlb edir.

Nizami qəzəllərində ictimai problemlərə də toxunur, insan və insanlıq haqqında danışır, həyatın qədrini bilməyə, onun gözəlliklərindən faydalanmağa çağırır. Şair gəncliyə üz tutur, ömrü mənalı keçirməyi, həyatın bu gözəl illərini faydalı işlərə sərf etməyi məsləhət görür:

 

Nə dövlət varsa dünyada sənə ancaq ömürdü, bil,

Onun mənasını dərk et, çalış boş keçməsin bir an.

Neçin sən hərzə işlərdə verirsən ömrünü badə?

Xeyirli işlərə sərf et həyatı, eylə cavidan.

 

Öz fikir dərinliyi, orijinal bədii biçimi və emosional təsir gücü ilə şairin sənət qüdrətini aydın əks etdirən bu şeirlər Yaxın Şərq poeziyasının inkişafında müəyyən bir mərhələ kimi qiymətləndirilmişdir.

Nizaminin ilk böyük əsəri "Sirlər xəzinəsi"dir. Şairin yaradıcılığında yeni mühüm bir mərhələnin başlanğıcı olan bu əsər Şərq bədii fikir tarixində də orijinal bir səhifə idi. Nizami bu əsərində müasirlərini düşündürən bir çox ictimai-fəlsəfi və əxlaqi problemlərə toxunmuş, cəmiyyət, onun ayrı-ayrı təbəqələrinin nümayəndələri ilə bağlı qənaətlərini qələmə almışdır. Dahi mütəfəkkir bu əsərində hər şeydən əvvəl insan təbiətinin və fərdin psixologiyasının şərhinə diqqət yetirmiş, insanın mənəvi aləmindən söz açmışdır. Nizaminin bütün yaradıcılığı boyu ardıcıl izlədiyi ictimai ədalət, insan ləyaqəti, təmiz əxlaq; insan və cəmiyyət münasibətləri, cəmiyyətin təbiətlə ahəngdarlığı və başqa bu kimi qlobal məsələlər ilk dəfə geniş şəkildə bu əsərdə işıqlandırılır. Nizaminin ictimai-siyasi, əxlaqi-tərbiyəvi və dini-fəlsəfi görüşləri də özünün ilk əhatəli əksini bu əsərdə tapır.

"Sirlər xəzinəsi"ni təxminən 1173-cü ildə yazaraq Ərzincan hakimi Davud oğlu Məlik Fəxrəddin Bəhram şaha (1162-1225) ithaf etmişdir. Nizami tərəfindən epik şeirə gətirilən səri bəhrində yazılmış bu əsərin orijinal bir kompozisiyası vardır. Tovhid (Allahın birliyi), minacat (Tanrıya yalvarış), beş nət (Peyğəmbərin tərifi), meracnamə (Peyğəmbərin meraca getməsi) fəsillərindən sonra gələn bölmələrdə əsərin ithaf olunduğu Bəhram şahın mədhi, əsərin yazılma səbəbləri, sözün fəziləti və şairlik ləyaqətinin yüksəkliyindən bəhs açılır.

Poemanın əsas məzmununu iyirmi məqalə təşkil edir. Bu məqalətlərin hər birində Nizami müəyyən aktual bir problemi əsas  götürərək şərh etdikdən sonra onu maraqlı bir hekayə ilə aydınlaşdırır. Bu hekayələrin çoxunun mövzusu xalq ədəbiyyatı və tarixi şəxsiyyətlərlə bağlı olsa da, şair hər hekayədən çıxardığı nəticə ilə müasirlərinə üz tutur, dövrünün ədalətsiz hökmdarlarını, insafsız darğalarını, vəzir və başqa ixtiyar sahiblərini ədalətə, xalqın qayğısına qalmağa çağırır. Şair zəmanəsinin yalançı sufilərini, zəhmətə xor baxan tüfeyli gəncləri, sədaqətsiz dostları, dili uzun, hünəri az adamları tənqid edir. İctimai ədalət və adil şahla bağlı mülahizələrinə ayrıca yer verən böyük şair eyni zamanda müasirlərini də zülmə dözməməyə çağırır. O, "Nüşirəvan və bayquşların söhbəti" hekayəsində dövrünün zalım şahlarına quşların dili ilə ədalət dərsi verir, "Zalım padşahın zahid ilə dastanı" hekayəsində boynuna kəfən salıb şahı öz kəskin ittihamları ilə utandıran qoca zahidin cəsarətini örnək göstərir. "Sultan Səncər və qarı hekayəsi"ndə isə hər zülmə dözən, zalıma sözsüz itaət edənlərə Sultan Səncərin ətəyindən tutub, ölkədə əmin-amanlıq yaratmağı tələb edən qoca qarıdan ibrət almağı öyrədir.

"Sirlər xəzinəsi"ndə əməyin, zəhmətin tərənnümü xüsusilə qabarıq verilir. Şair öz əlinin zəhməti ilə dolanan sadə insanlardan məhəbbətlə söz açır, son dənini torpağa səpib onu gözlərinin yaşı ilə suvaran, yeri dırnaqları ilə şumlayan qoca əkinçinin, ona-buna əl açıb abrını tökməmək üçün qışın soyuğuna, yayın istisinə baxmayaraq ağır zəhmətə qatlaşan kərpickəsən kişinin əməyini qürurla təsvir edir.

Poemada ağıl, zirəklik, sədaqət, dostluq kimi gözəl sifətlər haqqında xüsusi bəhs açılır. Nizami hünər və istedadın qiymətləndirilməsini zəruri sayır, hünəri qiymətləndirməyin özünün böyük hünər olduğunu bildirir. Əsərdə həmçinin ikiüzlülük, paxıllıq, həsəd, lovğalıq, tamahkarlıq və başqa bu kimi insanın mənəvi əzəmətinə, onun ülviliyinə kölgə salan bütün qüsurlara şairin barışmaz münasibət bəslədiyini görürük.

"Sirlər xəzinəsi" öz zəngin mündəricəsi ilə səsləşən orijinal bədii xüsusiyyətlərə malikdir. Şair dərin elmi-fəlsəfi fikirlərini yığcam bir şəkildə ifadə etmiş, beytlərin aydın, qısa, bədii cəhətdən yüksək və mənalı olmasına, fikir bitkinliyinə xüsusi diqqət yetirmişdir. Gözəl təbiət təsvirləri, fəlsəfi-ictimai mülahizələrini təsdiq edən aforizm səciyyəli mənalı beytlərlə əsərin poetik tutumunu daha da artırmışdır.

Nizaminin Şərq şeirinə gətirdiyi yüksək bəşəri ideyalar 1180-ci ildə bitirdiyi ikinci poeması "Xosrov və Şirin"də epik planda daha ətraflı ifadə olunur. Sasani şahlarından Xosrov Pərvizlə Arran hökmdarı Məhin Banunun vəliəhdi Şirin arasındakı qarşılıqlı məhəbbəti təsvir edən bu poemada Nizami məhəbbətin dərin ictimai-fəlsəfi mənasını şərh etmiş, insanı mənən ucaldan, onda yüksək insani hisslər tərbiyələndirən eşqin əzəmətini göstərmişdir. Tovhid, minacat, nət və zəmanə şahlarının (Toğrul ibn Arslan, Atabəy Əbu Cəfər Məhəmməd Eldəgiz və onun oğlanları Cahan Pəhləvan və Qızıl Arslanın) mədhindən sonra Nizami dastanının xalq arasında yayılmış versiyalarından bəhs edir, mövzu ilə bağlı tarixi abidələrdən danışır. Şair mövzunu ilk dəfə epik şeirə gətirən böyük İran şairi Firdovsini xatırlayır, sələfini təkrar eləmədiyini, məhəbbət mövzusunu əsas götürməklə seçildiyini diqqətə çatdırır. Bununla əlaqədar olaraq əsərin başlanğıcında eşq haqqında söhbət açılır. Nizami eşqi kainatı bəzəyən, təbiətə və bütün canlılara məxsus gözəl bir xüsusiyyət, zəruri tələbat kimi mənalandırır:

 

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin?

Eşqsiz olsaydı xilqətin canı,

Dirilik sarmazdı bütün cahanı.

...Kainatda hər şey cəzbə bağlıdır,

Filosoflar bunu eşq adlandırır.

 

Poemanın mərkəzində Şirin və Xosrov obrazları durur. Nizami ilk tanışlıqdan başlayaraq mənəviyyatları, həyata, insanlara və məhəbbətə münasibətləri ilə bir-birindən seçilən əsər qəhrəmanlarını məhz onların daxili aləmlərinə nüfuz etmək və psixoloji şərh yolu ilə hərtərəfli səciyyələndirir. Gözəllik vəfa və məhəbbət mücəssəməsi olan Şirin həm də zəngin daxili aləmi, həssas qəlbi, elmə, biliyə rəğbəti ilə oxucunun diqqətini cəlb edir. Şirin bütün qəlbi ilə sevdiyi Xosrovun yüngül tələbləri qarşısında təslim olmur, qadınlıq heysiyyətinin alçalmasını rəva bilmir. Nizami öz qəhrəmanını düşüncəli bir insan, vətənini və xalqını sevən ədalətli hökmdar, ilk məhəbbətinə sona qədər sadiq qalan sevgili kimi oxuculara sevdirir. Şair hələ çox gənc yaşlarından başlayaraq  qayğısız bir həyat keçirən Xosrovun mənəvi boşluqdan xilas olub, xalqın taleyi, həyatın, kainatın sirləri ilə maraqlanan ədalətli bir hökmdar və alicənab bir insan səviyyəsinə yüksəlməsində bu Azərbaycan gözəlinin müstəsna rolunu qabarıq nəzərə çarpdırır.

Şirin vətəni düşmən əlində qoyub yalnız öz qəlbinin istəklərini düşünən Xosrova ata yurdunun yadlar tərəfindən qəsb olduğunu xatırladır, onu kefcil həyatdan əl çəkib taxt-tacını geri qaytarmaq haqqında düşünməyə, bu yolda qətiyyət göstərməyə təhrik edir:

 

Ölkəni fitnədən xilas edərək,

Hünərini göstər, bir dəfə görək.

Almışdır o oğru tamam varını,

Güclə qəsb etmişdir ixtiyarını,

Qılınc al, meydanda özünü göstər,

Məhv olsun qurduğu bütün hiylələr.

 

Nizami mənalı bir ömür yaşamış sevimli qəhrəmanının ölüm səhnəsini də çox ibrətamiz təsvir edir. Hər şeydən əli üzülən Şirin əvvəlcə Xosrovun bütün var-dövlətini yoxsullara paylayır, şahənşaha layiq dəfn mərasimi düzəldir, özü də gəlin kimi bəzənərək cənazənin ardınca gedir. Son vida anında isə heç kəsin gözləmədiyi bir halda Xosrovun cənazəsi önündə intihar edir. Nizami Şirinin bu qətiyyət və fədakarlığını alqışlayaraq özünün qadınlıq haqqındakı yüksək fikirlərini belə ümumiləşdirir:

 

Alqış bu ölümə, əhsən Şirinə,

Öldürən Şirinə, ölən Şirinə.

...Çox gözəl arvad var mərdlikdə bir şir,

Çox ipək içində sirlər gizlənir.

 

Poemanın digər qəhrəmanı Xosrov obrazı Nizaminin hələ ilk poemasında qoyduğu islah yolu ilə mənəvi təkmilləşmənin mümkünlüyü ideyasının təsdiqi baxımından xüsusilə maraqlıdır. Nizami naz-nemətlə böyümüş bu şahzadəni əsərin əvvəllərində keyfə, əyləncəyə aludə, yüngül əxlaqlı bir gənc kimi oxuculara tanıdır. Atasının ölkənin asayişi naminə qoyduğu qanunları pozan Xosrov sonralar da qayğısız, şən bir həyat keçirir. O, ata yurdunu yağılar əlində qoyub sevgi-məhəbbət sorağı ilə yad ellərdə dolaşır, Şirinin pak, təmiz məhəbbətinə dəfələrlə dönük çıxır, Fərhad kimi istedadlı bir sənətkarı xəyanət yolu ilə məhv edir. Şahlıq qüruru, mənəvi səbatsızlıq uzun müddət onu tərk etmir. Ancaq şair bu obrazı daimi inkişafda verir, Şirinin pak məhəbbətinin getdikcə daha qüvvətli təsir göstərərək məğrur şahı mənən dəyişdirdiyini göstərir.

"Xosrov və Şirin" insan hünəri, zəhmət və sənəti məhəbbətlə tərənnüm edən bir əsər kimi də Şərq ədəbiyyatında özünəməxsus bir yer tutur. Şairin böyük məhəbbətlə təsvir etdiyi Fərhad obrazı bu baxımdan daha diqqətəlayiqdir. Ülvi bir məhəbbətlə sevən Fərhad eyni zamanda Nizaminin sənətə və sənətkar əməyinə rəğbətini aydınlaşdırır. Şair saf, təmiz eşqin qüdsiyyəti ilə yanaşı, insan gücünə inam, sənətkar vüqarı, pak, ləkəsiz mənəviyyatla bağlı düşüncələrini də bu obraz vasitəsilə ifadə edərək onu əsərinin əsas qəhrəmanı Xosrov şahla qarşılaşdırır. Şahla sənətkarın üz-üzə gəldiyi bu səhnədə bir-birindən kəskin fərqlənən iki məhəbbətin, iki sevən ürəyin, iki şəxsiyyətin üzləşdiyini görürük. Fərhadı nə qızıl, nə də sözlə susdura bilməyən Xosrov sənətkarın zəka və hünəri qarşısında özünü itirir. Özünün mərdanə mübarizədə acizliyini duyub saray adamlarının məsləhəti ilə hiyləyə əl atır, onu xəyanət yolu ilə aradan götürür. Öz sevimli qəhrəmanının ölümünə ürəkdən təəssüflənən böyük şair sərt qayaları yarıb arxlar çəkən, təkbaşına əzəmətli dağla pəncələşən bu sənət adamının izsiz-əlamətsiz həyatdan getmədiyini xüsusi qeyd edir. Nizami xalq rəvayətindən faydalanmaqla Fərhadın külüngünün dəstəsinin torpağa sancılaraq böyük nar ağacına çevrildiyini, beləliklə də sənətkarın adının təbiətdə qorunub saxlanıldığını bildirir.

Nizaminin epik şeirdə ilk dəfə canlandırdığı Fərhad Yaxın Şərq ədəbiyyatlarında hünər, cəsarət fədakarlıq rəmzi kimi  əbədiləşmiş, sadə daşyonan kimi göstərilən bu obraz Nizami ədəbi məktəbinin davamçıları tərəfindən şahzadə kimi təsvir olunaraq baş qəhrəman səviyyəsinə yüksəlmişdir.

Nizami Gəncəvi 1188-ci ildə Şirvanşah Axsitanın sifarişi ilə "Leyli və Məcnun" poemasını yazmağa başlayır. "Leyli və Məcnun" mövzusu Yaxın Şərq folklorunda hələ Nizamiyə qədər də geniş yayılmış, İbn Qüteybənin "Şeir və şairlər kitabı", Əbülfərəc İsfahaninin "Nəğmələr kitabı", Əbubəkr əl Valibinin "Məcnunun divanı" adlı şeirlər məcmuəsində də öz əksini tapmışdı. Nizami isə Yaxın Şərq xalqları arasında pərakəndə halda yayılan rəvayətləri vahid sujet ətrafında toplamış, onu xalq ədəbiyyatından gələn yeni motivlər və əlavə epizodlarla zənginləşdirərək, sələflərindən seçilən orijinal bir sənət əsəri yaradır.

Əsərin müqəddiməsində Nizami insan adının ucalığından söz açır, müasirlərini yüksək  məqsədlərlə yaşamağa, "çiynini dağ kimi uca tutmağa" çağırır:

 

Qısa söz, dünyada nə sən, nə də mən

Oyuncaq deyilik xilqətimizdən.

Nə şöhrət, nə yuxu, nə də ki yemək

Həyatın mənası olmasın gərək.

...Anlayıb düşünək hər şeyi gərək,

Hər sirri açmaqda hünər göstərək.

 

"Leyli və Məcnun" poemasının qəhrəmanları Qeys ilə Leyli bir-birini saf, təmiz bir məhəbbətlə sevirlər. Lakin gənclərin məhəbbəti qarşısında keçilməsi mümkün olmayan maneələr durur. Bu maneələr sevgililəri bir-birindən ayırır. Qeys Məcnun adı alaraq təbiətin qoynuna çəkilir, Leyli isə sevmədiyi bir adama ərə verilir. Lakin onların məhəbbəti hər iki sevgilinin ölümü ilə başa çatsa da məğlub olmur.

Nizami saf, təmiz məhəbbətin mənəvi qələbəsini öz bəşəri ideallarının şərhi ilə birlikdə ifadə edir. Şair insanı alçalmağa vadar edən hərisliyi, tamahkarlığı pisləyir, dünya nemətlərinə aludəçiliyin insani azadlıq kimi əziz bir nemətdən məhrum elədiyini gündə ancaq bir çəngə ot ilə qidalanan qoca zahidin dili ilə oxuculara çatdırır. Nizami bu əsərində təbiətin saf qoynuna sığınmış qəhrəmanının vəhşilərlə ünsiyyətinə xüsusi yer ayırmış, Məcnunla vəhşi heyvanlar arasındakı bağlılığı real həyati məsələlərlə ustalıqla əlaqələndirmişdir. Ona gətirilən yeməklərin cüzi bir hissəsi ilə kifayətlənən Məcnunun ruzisini heyvanlarla bölüşdürdüyünü qeyd edən şair bunun üçün də vəhşilərin onunla dostlaşdığını, onu ruzi verən bilib daima qoruduqlarını söyləyir.

Böyük şair vəhşilərin sədaqətini amansız insanların qəddarlığına qarşı qoyaraq "İt saxlayan padşahla cavanın hekayəsi" adlı süjetdə vədinə xilaf çıxan, insanlıq ləyaqətini qiymətləndirməyi bacarmayan müasirlərinə üz tutur, dövrünün vəfa və səadətdən uzaq ixtiyar sahiblərinə vəhşilərdən insanlıq öyrənməyi tövsiyə edir. Nizami "Leyli və Məcnun" əsərində insan qəlbinin incəliklərini, onun təbii arzu və meyillərini, həsrət və nisgilini həssaslıqla ifadə etmiş, gözəlliyə pərəstiş, məhəbbətə inam, şəxsiyyət toxunulmazlığı, sevgi aləminin bərabərlik və s. ilə yanaşı təmiz ad, ləkəsiz mənəviyyat, nəcib adət-ənənələrə hörmət və başqa bu kimi həyati məsələləri də əhatə etmişdir. Buna görədir ki, Nizaminin bu əsəri Şərq məhəbbət dastanlarının ən gözəl nümunələrindən biri kimi şöhrətlənmiş, Leyli və Məcnun adlarının klassik Şərq şeiri və canlı xalq dilində saf məhəbbət, vəfa və fədakarlıq rəmzi kimi məşhurlaşmasında əvəzsiz rol oynamışdır.

Nizaminin dördüncü poeması "Yeddi gözəl" öz orijinal quruluşu və ictimai-siyasi tutumu ilə Nizami yaradıcılığında xüsusi bir mərhələ təşkil edir. Şair bu əsəri artıq söz sənətində zəngin bir təcrübəyə yiyələndiyi bir zamanda qələmə alır. Poema Marağa hakimi Əlaəddin Körpə Arslana ithaf olunur. Əsər Sasani sülaləsindən I Yəzdgürdün oğlu Bəhram Gurun həyatını, hökmdarlıq fəaliyyətini və məhəbbət sərgüzəştlərini təsvir edir. Tarixi qaynaqları diqqətlə araşdıran şair şifahi xalq ədəbiyyatı, Buxari, Təbəri əsərlərindən faydalanmış, "Siyasətnamə" "Qabusnamə", "Min bir gecə", eləcə də Firdovsinin "Şahnamə"sini bir daha nəzərdən keçirmişdir.

Şair topladığı yazılı və şifahi qaynaqları bir araya gətirib onları saf-çürük edərək yeddi şahzadə qızın nağılı, yeddi məhbusun şikayəti, mahir bənna Simnarın faciəsi, Fitnə ilə şahın sərgüzəşti, qoca çobanın ibrətamiz söhbəti və başqa maraqlı süjetləri Bəhramın həyat və fəaliyyəti ilə ustalıqla bağlamışdır.

Nizami öz qəhrəmanını şərəf və ləyaqətini uca tutan, vətəni və xalqını sevən, ölkənin yad əllərdə qalmasına dözə bilməyən qanuni varisi olduğu şahlıq tacını yırtıcı şirlərin əlindən qəhrəmanlıqla alan igid və adil bir hökmdar kimi oxuculara təqdim edir. Bəhram hələ gənc yaşlarında memar Simnarın tikdiyi Xəvərnəq sarayında şəkillərini gördüyü yeddi ölkə padşahının qızlarını saraya gətirərək onlarla evlənir. Bundan sonra başı kefə və əyləncələrə qarışan şah ölkəni və xalqı unudur. Məmləkətin taleyini Rast Rövşən adlı vəzirinə etibar edir. Rast Rövşən şahın bu inamından istifadə edərək xalqı çapıb talayır, onu dilənçi vəziyyətinə salır. Sonra isə Bəhramın düşmənlərinə xəbər göndərib ölkənin daha müdafiə iqtidarında olmadığını onlara bildirir.

 

(ardı var)

 

 

Nüşabə ARASLI,

filologiya elmləri doktoru,

professor

 

Elm.- 2012.- 10 oktyabr.- S.8-9.