Neft kimyası üzrə VIII Bakı Beynəlxalq Yusif Məmmədəliyev konfransı keçirilmişdir

 

Oktyabrın 3-də AMEA-nın əsas binasında neft kimyası üzrə VIII Bakı Beynəlxalq Yusif Məmmədəliyev konfransının açılışı və plenar iclası keçirilmişdir.

 

AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq tədbir iştirakçılarını salamlamış, mütəmadi olaraq keçirilən konfransın əhəmiyyətindən söz açmışdır. O, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin əziz xatirəsinə həsr olunmuş konfransın neft emalı və neft kimyası sahəsində əldə olunmuş elmi-texniki nailiyyətlər, tədqiqatların perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, beynəlxalq əməkdaşlığın təşkil olunması və s. məsələlərə həsr olunduğunu bildirmişdir. Tədbirdə ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun Fiziki Biologiya Mərkəzinin direktoru, kimya üzrə Nobel mükafatı laureatı, kimya və fizika elmləri üzrə professor Əhməd Zevaylın da iştirak etdiyini söyləyən M.Kərimov qonaq haqqında ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, professor Əhməd Həsən Zevayl Misir əsilli Amerika kimyaçısıdır. O, 1946-cı il fevralın 26-da İsgəndəriyyə (Misir) şəhərində anadan olub. İsgəndəriyyə Universitetinin kimya üzrə bakalavrmagistr pilləsini bitirdikdən sonra təhsilini Amerikada davam etdirib. 1974-cü ildə Pensilvaniya Universitetində fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1976-cı ildə Kaliforniya Texnologiya İnstitutunda işə qəbul edilib, 1982-ci ildən bu institutun professorudur. 1990-cı ildə həmin institutda əvvəllər dünya şöhrətli alim Laynus Polinqin rəhbərlik etdiyi kimyəvi-fizika kafedrasının müdiri vəzifəsinə seçilib. Eyni zamanda Milli Elm Fondunun Molekulyar fizika laboratoriyasının rəhbəridir.

M.Kərimov professor Əhməd Zevaylın kimyafizika sahəsində çoxşaxəli elmi fəaliyyətlə məşğul olduğunu, 1999-cu ildə "Femtosaniyələr texnikasından istifadə etməklə kimyəvi reaksiyalar zamanı yaranan keçid hallarının tədqiqi"nə görə kimya üzrə Nobel mükafatı laureatı adına layiq görüldüyünü nəzərə çatdırmışdır. Ə. Zevaylın müasir dünyada elmin və demokratiyanın inkişafına verdiyi töhfələrə və sülhməramlı fəaliyyətinə görə AMEA-nın Fəxri xarici üzvü seçildiyini söyləyən M.Kərimov Fəxri xarici üzv diplomunu ona təqdim etmişdir.

Nobel mükafatı laureatı, professor Əhməd Zevayl Azərbaycana səfərindən, neft kimyası üzrə VIII Bakı Beynəlxalq Yusif Məmmədəliyev konfransında iştirak etməsindən və AMEA-nın Fəxri xarici üzvü seçilməsindən məmnun olduğunu bildirmişdir.

Tədbirdə çıxış edən AMEA NKPİ-nin direktoru, müxbir üzv Vaqif Abbasov və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev konfransın əhəmiyyətindən söhbət açmış, bu günlərdə Əhməd Zevayl haqqında yeni kitabın nəşr olunduğunu bildirmiş və konfransın işinə uğurlar arzulamışlar.

Konfrans işini bölmələr üzrə davam etdirmişdir.

 

 

Elm.- 2012.- 10 oktyabr.- S.5.