Birinci beynəlxalq xarakterli
"Şuşa qrantı" müsabiqəsinin
nəticələri elan edilmişdir
Sentyabrın 21-də "Muğam
klub"da Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondunun (EİF) birinci beynəlxalq
xarakterli "Şuşa qrantı" müsabiqəsinin nəticələri
ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə
müsabiqənin nəticələri və qalib layihələrin
adları açıqlanmışdır.
Fondun
icraçı direktoru Elçin Babayev bildirmişdir ki,
Qarabağ, onun simvolu olan Şuşa ilə bağlı elmi tədqiqatları
stimullaşdırmaq və beynəlxalq səviyyədə
araşdırmaları təmin etmək məqsədilə
EİF 2012-ci ildə "Şuşa qrantı"nı təsis
etmişdir.
Qeyd
olunmuşdur ki, azərbaycançılıq ideologiyası
prioritetinə uyğun olaraq, bütövlükdə
Qarabağın tarixinin, bu diyarın qədim və rəngarəng
qeyri-maddi və maddi-mədəni irsinin, mədəniyyət
tarixinin, incəsənət sahələrinin və s. kompleks
şəkildə, elmi əsaslarla, dərindən tədqiq
olunmasının dəstəklənməsi məqsədilə
elmi-tədqiqat proqramları və xüsusi layihələr
üzrə 2012-ci il üçün birinci beynəlxalq
xarakterli "Şuşa qrantı" məqsədli
müsabiqəsi bu il mayın 8-də "Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin mərkəzi ofisində
keçirilən mətbuat konfransında elan edilmişdir.
Müsabiqə
ilə bağlı müvafiq məlumat EİF-in internet səhifəsində
və kütləvi informasiya vasitələrində
işıqlandırılmışdır.
E.Babayev
demişdir ki, layihələrin qəbulu mayın 10-dan iyunun
29-dək keçirilmişdir. Həmin müddətdə
müsabiqəyə daxil olmuş 9 layihə ekspertiza mərhələlərindən
keçmiş, 5 qalib layihə müəyyənləşdirilmişdir.
Onlardan ikisi beynəlxalq layihələrdir.
"Şuşa
qrantı" müsabiqəsi EİF tərəfindən
mütəmadi keçiriləcəkdir.
Tədbirdə
Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı, "Azərbaycan Respublikası
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin sədri Bayram Səfərov
müsabiqənin əhəmiyyətini qeyd etmişdir.
Bildirilmişdir
ki, müsabiqənin adının seçilməsinin, həmçinin
layihə haqqında elanın göstərilən tarixdə və
adıçəkilən məkanda verilməsinin xüsusi rəmzi
mənası vardır. İyirmi il əvvəl məhz mayın
8-də Ermənistanın silahlı qüvvələri tərəfindən
işğal olunmuş Şuşa Azərbaycanın ən qədim
yaşayış məskənlərindən biri, nadir
memarlıq nümunələrinin toplandığı şəhər-qala,
Qarabağın tacı, mədəniyyət beşiyidir. Qəhrəmanlar,
sərkərdələr, ədiblər, şairlər, bəstəkarlar,
xanəndələr və alimlər yetirmiş
Qarabağın zəngin və şanlı tarixi vardır.
Sonra birinci
"Şuşa qrantı" müsabiqənin nəticələri
və qalib layihələrin adları elan edilmişdir.
Qalib layihələrin
rəhbərləri çıxış edərək həyata
keçiriləcək layihələr barəsində məlumat
vermişlər.
Elm.- 2012.- 10 oktyabr.- S.5.