Azərbaycan təbii abidələr diyarıdır

 

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun öyrənilməsinə, mineral-xammal bazasının yaradılması və möhkəmlənməsinə böyük töhfələr vermişlər. Belə alimlərdən biri də Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun "Palçıq vulkanizmi" şöbəsinin müdiri, g.-m.e.d., professor Adil Əliyevdir.

 

- Adil müəllim, elmi fəaliyyətinizin əsas istiqaməti palçıq vulkanlarının püskürmə məhsullarının geoloji-geokimyəvi tədqiqi və onların yerləşdiyi sahələrin tektonikası, həmçinin qeyri-ənənəvi yanacaq resurslarının geokimyəvi tədqiqidir. Bu sahədə gördüyünüz işlər barədə məlumat verməyinizi xahiş edirəm.

  -40 ildən artıqdır ki, biz palçıq vulkanlarını öyrənirik. Azərbaycandan başqa, keçmiş SSRİ məkanında, yəni Türkmənistan, Gürcüstan, Ukrayna, Rusiya ölkələrinin ərazilərində intişar tapmış palçıq vulkanlarını da tədqiq etmişik. Alınan nəticələr monoqrafiyalarda və çoxsaylı elmi məqalələrdə öz əksini tapmışdır. Bunların hamısını bir məqalədə sadalamaq mümkün deyil, bəzilərini, xüsusilə, son 20-25 il ərzində alınan nəticələri qeyd etmək istərdim.

Palçıq vulkanlarının yayıldığı ərazilərdə dərin qatlarda neft-qaz yataqlarının geokimyəvi axtarış metodu və sönmüş sualtı palçıq vulkanlarının axtarışı üsulu işlənilmiş və Xəzərin kəşfiyyat sahələrində tətbiq olunmuşdur. 2003-cü ildə palçıq vulkanlarının geodinamik əsasda yarım milyon miqyasda yeni xəritəsi tərtib olunmuş, onların morfogenetik təsnifatı işlənilmiş, vulkanların struktur mövqeyi və zaman-məkan paylanma qanunauyğunluqları geoloji-geofiziki məlumatlar, aerokosmofotomaterialların deşifrəsi əsasında müəyyən edilmişdir.

Azərbaycanın qeyri-ənənəvi yanacaq-enerji resurslarını (təbii bitum və yanar şistlər) ətraflı öyrənərək, ölkənin şərqində: Quba (yanar şistlər), Şamaxı-Qobustan (təbii bitumlar) rayonlarında və Abşeron yarımadasında 50-dən artıq təbii bitum və 70-ə yaxın yanar şist yataq və təzahürləri müəyyən edilmişdir. Yanar şistlərin keyfiyyəti xarici ölkələrin aşağı kalorili şistlərindən üstündür. Onların ehtiyatları hesablanmış, müvafiq olaraq, hazırda 200 mln t və 600 mln t qəbul olunur. Eyni zamanda, bu alternativ yanacaq mənbələrinin istifadə olunması yolları da göstərilmişdir.

-Son illər bütövlükdə Azərbaycan elmi yeni bir mərhələyə qədəm qoymuşdur. Bunu AMEA Geologiya İnstitutu və xarici ölkələrin geoloji təşkilatları arasında yaradılmış əmədaşlıq və təcrübə mübadiləsi də sübut edir. Ümumiyyətlə, əcnəbi alimlərin "palçıq vulkanları diyarı", "təbii laboratoriya" adlandırdıqları Azərbaycanın elmi haqqında məlumatları hansı səviyyədədir?

-Son 15 ildə Azərbaycanın palçıq vulkanları dünyanın aparıcı neft şirkətlərinin mütəxəssisləri, Qərb universitetləri, eləcə də Rusiyanın və Ukraynanın alimləri ilə birlikdə öyrənilmişdir. Bir çox mühüm elmi nəticələr əldə edilmiş, onların da əksəriyyəti xarici ölkələrin nüfuzlu jurnallarında, beynəlxalq konfransların, simpoziumların materiallarında dərc olunmuşdur. Buna görə də, bizim bu istiqamətdə apardığımız tədqiqatlar və nailiyyətlərimiz haqqında onların tam məlumatları vardır və elmi işlərimizə, xüsusilə palçıq vulkanlarının püskürmələrinə həsr olunmuş kataloqlara istinadlar da çoxdur.

-Prezident İlham Əliyevin 15 avqust 2007-ci il tarixli sərəncamına əsasən "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu" yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir. Hazırda həmin palçıq vulkanlarının mühafizəsi və tədqiqi istiqamətində hansı tədbirlər həyata keçirilir?

-Palçıq vulkanları bizim milli sərvətimizdir və  onlar qorunub saxlanılmalıdır, xüsusilə gələcək nəsillər üçün. Mən bu barədə hələ 1993-cü ildə mətbuatda öz fikrimi bildirmişdim. Hal-hazırda Dövlət Təbiət Qoruğu yaradılmışdır və onun rəhbərliyi tərəfindən müəyyən tədbirlər görülür. Ən vacib məsələlərdən biri də odur ki, palçıq vulkanlarının yaxınlığında yaşayış binalarının tikintisi dayandırılmalıdır. Vulkan püskürməsinin nə qədər təhlükəli olmasını insanlar nədənsə nəzərə almaq istəmirlər. Vulkanların dağıdılmasının qarşısı, demək olar ki, alınıbdır. Amma vulkan sahələrinin zibillənməsi hələ də müşahidə olunmaqdadır. Qoruq zonası ərazisində yerləşən, aktiv fəaliyyətdə olan, görümlü palçıq vulkanlarına turist marşrutlarının salınması məqsədəuyğun olardı.

-Son illərin geoloji tədqiqatları barədə nə deyə bilərsiniz?

-Palçıq vulkanizmi şöbəsi uzun illərdir palçıq vulkanizmi problemi ilə məşğul olur. Biz bir neçə istiqamətdə tədqiqat işləri aparmışıq və indi də onlar davam etdirilir. Əsas istiqamət dərində yatan qaz yataqlarının, neft-qaz yığımının axtarışı ilə əlaqədardır. Bu onunla bağlıdır ki, Azərbaycan neft ölkəsidir və çoxlu sayda bizim istər quruda, istərsə də dənizdə yataqlarımız neçə illərdir, əsrlərdir istismar olunur. Bu günə kimi hələlik quyuların dərinliyi 7 km-dən aşağı getməyib. Əsas etibarilə 4-5, 6 km-ə yaxın olmuşdur. Ancaq o qədim çöküntülər 7 km-dən aşağıda yerləşir. Yəni bizim hələ potensialımız var. Baxmayaraq ki, o tədqiqat işləri, axtarışlar ki, aparılır, qazlı yataqlar  açılır, buna baxmayaraq hələ bizim yenə də zəngin neft-qaz yataqları açmaq imkanlarımız vardır. Onların açılması paleogen, təbaşir yaşlı dərin qatlarla əlaqədardır. Bir neçə yerdə quyular artıq dərin qatlardakı yataqlara çatmışdır. Bunların neft-qazlılığı haqqında məlumatı məhz palçıq vulkanları verir. Palçıq vulkanı püskürəndə biz sevinirik, çünki biz gedib püskürmə tullantılarını öyrənirik.

Vulkan puskürəndə yerin təkindən yer səthinə külli miqdarda müxtəlif yaşlı, müxtəlif tərkibli süxur parçaları, qırıntıları tullanır. Biz onları toplayırıq və laboratoriya şəraitində yaşını, sonra isə tərkibini öyrənirik. Püskürmə materiallarının içərisində neftli süxurlar   xüsusilə maraq doğurur. Yəni bu o deməkdir ki, yerin təkində neft yığımı vardır. Bunun həm elmi, həm də praktiki əhəmiyyəti vardır.

Hələ ötən əsrin 80-ci illərində mən həkimlərlə birgə tədqiqat işləri aparmışıq və Bakının 15 müalicə ocağında vulkan palçığını tətbiq eləmişik. Biz onların həm tibbi, həm də geokimyəvi xüsusiyyətlərini açıqlamışıq. Həmin dövrlərdə bu üsuldan geniş istifadə olunurdu. Çox xəstəliklərdə - sinir sistemi, radikulit, onurğa ağrıları, ginekologiya, urologiya, xüsusilə kosmetologiyada istifadə olunurdu və çox yaxşı nəticələr verirdi. Mən həmişə istər televiziya, istər mətbuatda çıxışlarımda qeyd edirəm ki, nə üçün bizim ölkədə vulkan palçığından istifadə etmirik.

Bizdə hətta elə hallar olur ki, mualicə olunmaq üçün xarici ölkələrdən, məsələn, Bosniyadan bura qonaqlar gəlir. Bir çox xəstəliklərin müalicəsi üçün onlardan istifadə etmək olur. Keçən əsrin 80-ci illərində mən palçığın tipinə görə xəritəsini tərtib eləmişdim. Tərkibindəki mikroelementlərdən asılı olaraq ayrı-ayrı ərazilərdə palçıq vulkanlarının müalicəvi əhəmiyyəti fərqlidir. Ancaq ümumilikdə bütün palçıq vulkanları müalicəvidir. Məsələn, Naftalanın müalicəvi neftinin tərkibi ilə palçıq vulkanlarının tərkibindəki neftdə uyğunluq vardır. Digər bir istiqamət isə palçıq vulkanlarında yanar şistlərin öyrənilməsidir. Vulkan püskürməsi yanar şistləri yer səthinə tullayır. Yanar şistləri tədqiq edərkən (xüsusilə eosen tipli yanar şistləri) belə bir fikir irəli sürmüşdüm ki, onlar neft doğuran ana süxur kimi qəbul olunur. Biz yanar şistləri öyrənəndə onların arasından neft axdığını müşahidə edirdik.

Digər istiqamət isə palçıq vulkanlarının fəaliyyətinin zəlzələlərlə six əlaqəsinin olmasıdır. Bu istiqamətdə də, mən 80-ci illərin ortalarından arasıkəsilməz tədqiqat işləri aparıram. Seysmoloqlarla birgə fəaliyyətimiz nəticəsində müəyyən edilmişdir ki, maqnitudası 4-5-dən yüksək olan zəlzələlər palçıq vulkanının oyanmasına, güclü püskürməsinə təkan verir. Ümumiyyətlə, bu istiqamətdə tədqiqat işlərimiz davam etdirilir. Zəlzələlərlə vulkanın fəaliyyəti arasında əlaqəni daha əyani sübut etmək üçün gündəlik monitorinqlər keçirməyi nəzərdə tutmuşuq.

Son illər apardığımız tədqiqatlardan biri də, dünya palçıq vulkanlarının atlasının tərtib olunmasıdır. Artiq bu istiqamətdə işlər başa çatmaq ərəfəsindədir. İlin sonuna kimi hesabatın hazırlanması nəzərdə tutulur. Dünyanın 37 ölkəsində palçıq vulkanları intişar tapmışdır. Biz onların hamısını araşdırmış və xarici ölkələrin palçıq vulkanlarının məlumat bankını hazırlamışıq, çox böyük elmi yeniliklər əldə etmişik. Biz tədqiqimizdə onların apardığı işlərlə burdakı işləri müqayisə etmişik. Belə bir nəticəyə gəlmişik ki, istənilən halda vulkanların neft-qazlılıqla, seysmikliklə əlaqəsi, püskürmə məhsullarının geokimyəvi tərkibi lazımi səviyyədə öyrənilmişdir. Və bu gün bizim imkanımız var ki, ümumi olaraq bunları tam araşdırandan sonra palçıq vulkanlarının qlobal miqyasda əmələ gəlməsi, onların təzahür mexanizmi haqqında fikir söyləyək.

-2008-2012-ci illlərdə Azərbaycan ərazisində "oyanmış" bir çox palçıq vulkanları da maraqlı mövzulardandır.

- Elədir. Son illər bizim ingilis rus dilində kataloqumuz çıxıb. Kataloq 1810-2007-ci illəri əhatə edir. Kitabda  palçıq vulkanları Azərbaycanın vulkanlarının fəaliyyəti nəticəsində yaranmış məhsullardan bəhs edilir. Azərbaycanda Xəzərətrafı digər bölgələrdə son iki yüz il ərzində 93 palçıq vulkanında baş vermiş 387 püskürmə hadisəsi xarakterizə edilmişdir. Palçıq vulkanlarının bəzi xüsusiyyətləri səciyyələndirilmişdir. Palçıq vulkanlarının eruptiv mərhələsinin kəmiyyət xarakteristikası verilmişdir.

2008-ci ildən etibarən Quşçu, Ayrantökən, Səngi-Muğan, Dəmirçi, Guzdək bozdağı, Çapılmış, Şəkixan, Ağnohur, Ayazaxtarma, Şıxzərli, Daşmərdan, Qarıca sonda Lökbatan vulkanları püskürmüşdür.

-Bu yaxınlarda püskürmüş  Lökbatan palçıq vulkanı haqqında oxucularımıza məlumat verərdiniz.

- Lökbatan Azərbaycanın ən aktiv vulkanıdır. 20 sentyabrda baş vermiş püskürmə 1829-cu ildən başlayaraq onun 24-cü aktivliyidir. Keçən əsrin 30-cu illərinə qədər geoloqlar elə hesab edirdilər ki, palçıq vulkanlarını neftlə bağlı öyrənmək lazım deyil, çünki palçıq vulkanları neft-qaz yataqlarını dağıdır. 1933-cü ildə Lökbatan vulkanının çanağında qazılan 45 saylı quyu 20 min ton həcmində böyük neft fəvvarəsi verdi. Hələ bu vaxta kimi heç bir ölkədə belə bir debüt alınmayıb. Ondan sonra geoloqların fikri dəyişdi onlar yekdil qərara gəldilər ki, palçıq vulkanları neft yataqlarının axtarışında bir göstərici kimi hesab oluna bilər. Bu gün demək olar ki, istər quruda, istərsə dənizdə kəşf olunan, istismar olunan yataqların 90%-dən çoxu palçıq vulkanlarının öyrənilməsi sayəsində açılmışdır. Yəni açılan yataqlar palçıq vulkanlarının strukturu ilə əlaqədardır. Bunların arasında bir genetik əlaqə vardır.

Lökbatan vulkanının axırıncı püskürməsi  2010-cu ilə nisbətən çox güclü oldu. Bu mənə 1977, 2001-ci ildəki püskürmələri xatırladır. Həm vaxt etibarilə, həm yer səthinə çıxan materiala, tutduğu sahəyə, həcminə görə o zamankı püskürmələr güclü olmuşdur.

Püskürmə 3 fazada oldu. 1-ci püskürmə səhər 5-ə qalmış, 7 dəqiqə, 2-ci faza 09:15-də 4 dəqiqə, 3-cü faza isə 09:25-də 12 dəqiqə baş verdi. Ümumilikdə 23 dəqiqə. Alov sütununun hündürlüyü 200 m-dən yuxarı oldu yer səthinə 300 min m3-dən çox vulkan brekçiyası tullanıb. Brekçiya müxtəlif yaşlı, müxtəlif tipli süxurların gilli məhlulla birləşməsini əmələ gətirir. Vulkan püskürməsi 7,3 hektar sahəni əhatə edib dərinliyi 2-2,5 m, eni isə yarım metr olan çatlar əmələ gətirib. Püskürmə yüksək partlayışla baş verdiyinə görə çoxlu belə çatlar əmələ gəlmişdir. Çox maraqlıdır ki, tullantıların içərisində çox miqdarda paleogen, meosen yaşlı neftli qədim süxurların qırıntıları tapılmışdır. Bunların içərisində yanar şistlər vardır. Vulkan püskürməsində qədim qırıntılar üstünlük təşkil edir. İndi onlar laboratoriya şəraitində tədqiq olunur. Onun mərkəzi hissəsindən - yəni kraterindən qaz çıxıntısı hələ davam etməkdədir.

Tədqiqat işləri hələ laboratoriya şəraitində davam etdirilir müşahidəmiz davam etməkdədir.

 

 

Müsahibəni apardı: Samirə KƏRİMOVA

 

Elm.- 2012.- 30 oktyabr.- S.12.