"Azərbaycanın mühüm ornitoloji əraziləri" ikicildliyi haqqında

  

Quşlar Yer üzünün ən gözəl canlılarıdır.  Digər vəhşi onurğalı heyvan qruplarından fərqli olaraq müxtəlifliyi və gözəlliyi ilə hər kəsi valeh edən quşlar həmişə bizimlə yanaşı yaşayır, həyatımızda müsbət emosional fon yaradırlar. Onlar bizi əhatə edən təbiətin firavanlıq, əmin-amanlıq göstəricisidirlər.

 

Təəssüflə qeyd etmək lazımdır ki, müasir dövrdə insanın təsərrüfat fəaliyyəti artıq buya digər mühafizə tədbirləri həyata keçirilmədən bir çox həssas heyvan növlərinin, o cümlədən, quşların yaşamasını imkansız edir. Bütün dünyada olduğu kimi, bu gün ölkə ornitoloqları da quşların növmüxtəlifliyini qorumaqsaxlamaq probleminin həlli ilə üz-üzə qalmışlar.

Bu günlərdə Azərbaycan Ornitoloji Cəmiyyətinin üzvləri E.Sultanov, T.Kərimov, S.Hümbətova, A.Cabbarova, S.Saruxanova, S.Mirzəyeva, G.Cəbrayıllı və AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı A.Məmmədov tərəfindən tərtib edilmiş, ornitofaunanın öyrənilməsinin və mühafizəsinin müasir problemlərinə həsr olunmuş ikicildlik işıq üzü görmüşdür.

İkicildlikdə əlverişli təbii-coğrafi şərait, iqlim amilləri, biotop rəngarəngliyi və köçəri quşların Avrasiya-Afrika köç yolu üzərində yerləşməsi səbəbindən ölkə ərazisində zəngin növmüxtəlifliyinə malik olan ornitofaunanın formalaşması xüsusi vurğulanır. Qeyd edilir ki, quş növlərinin sayına (390 - dan artıq) görə Azərbaycan hazırda Avropada Türkiyə, İspaniyaRusiyadan sonra dördüncü yeri tutur. Qafqaz tetrası (Tetrao mlokosiewiczi), Qafqaz uları (Tetraogallus caucasicus), Xəzər uları (Tetraogallus caspicus) və Qafqaz yarpaqgüdəni (Phylloscopus lorenzii) Qafqaz ekoregionunun endem quş növləridir.

Kitabda dünyanın 120-dən çox ölkəsində yerli şöbələri fəaliyyət göstərən Beynəlxalq BirdLife İnternational təşkilatının işləyib hazırladığı Mühüm Ornitoloji Ərazilər (MOƏ) proqramının əsas məqsədi, quşların yaşayışı üçün xüsusi əhəmiyyət daşıyan qurusulu ərazilərin müəyyən edilməsi, onların monitorinqi, biomüxtəlifliyinin qorunması yolları aydın və yığcam şərh olunmuşdur. Mühüm Ornitoloji Ərazilər  özünəməxsus iqlim şəraitinə, torpaq-bitki örtüyünə, heyvanlar aləminə malik olan biomlar daxilində quşların fauna müxtəlifliyinin qorunması üçün xüsusi əhəmiyyət daşıyan məhdud təbiət əraziləridir. Hazırda Azərbaycanda 6 müxtəlif coğrafi region üzrə  ölkə ərazisinin 9%-ni əhatə edən və yarımsəhra düzənliklərdən tutmuş yüksək dağ zirvələrinədək  (Bazardüzü - 4466 m) beynəlxalq və ölkə əhəmiyyətli 53 belə ərazi qeydə alınmışdır.

Cəmiyyət üzvləri tərəfindən 1995 - 2010-cu illərdə həmin ərazilərin inventarizasiya olunmasının elmi nəticələri  ikicildlikdə öz əksini tapmışdır. Kitabda ornitofaunanın  böhran vəziyyətində olan növləri üçün qəbul edilmiş dörd standart qlobal meyar (CR - critical; EN - endangered; VU - vulnerable; CD - conservation dependent) əsasında müəyyənləşmiş MOƏ-lərin sxematik görüntüləri, sahələri, coğrafi koordinatları və yerləşmələri, siyahıya alınma meyarları, ətraflı təsvirləri (iqlim amilləri, bitki örtüyü, relyefis.), biotopları haqqında yetərli məlumatlar öz əksini tapmışdır. Hər bir ərazi üçün quşların ümumi növ sayı ilə bərabər, yaşayışı yalnız bu biomlarla məhdudlaşan növlərin adı və onların əsas bioloji göstəriciləri dəqiq tərtib olunmuş cədvəllərdə verilmişdir. Həmin ərazilərdə ilboyu həyata keçirilən ekoloji nəzarətlə  antropogen amillər və təbii proseslər nəticəsində nadir və həssas növlərin yaşamında baş verən dəyişikliklər müəyyənləşdirilib qiymətləndirilmiş, gözlənilən təhlükə mənbələri göstərilmişdir.

İkicildlikdə Dünya Üzrə Təhlükədə OlanQlobal Mühafizə Statuslu qıvrımlələk qutan, ağqaş qaz,  göydimdik, imperator qartalı, leşyeyən, ütəlgi,  durna, çökükburun cüllüt, kiçik əyridimdik və s. quş növlərinin Azərbaycanın belə ərazilərində məskunlaşdığı xüsusi qeyd edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, ölkə ərazisində biomu məhdud, başqa sözlə, həyatı yalnız bir bioma bağlı olan 22 quş növünün populyasiyası yayılmışdır.  MOƏ-lərin sayına (15 və 12) və nisbi payına (28% və 23%) görə  müvafiq olaraq Böyük QafqazKür-Araz ovalığı coğrafi regionlar arasında əsas yerləri tuturlar.

Müəlliflər dünyada quş qripi ilə bağlı epizootoloji vəziyyəti nəzərə alaraq ölkənin düzənlik ərazilərində yaradılmış su anbarlarının sahillərini, dağ göllərini və Xəzər dənizinin qərb sahilində su-bataqlıq sahələrini əhatə edən  MOƏ-lərin monitorinqinə üstünlük vermişlər. Belə ərazilər nəsli təhlükə altında olan, miqrasiya edən, qışlayan çoxsaylı quş növlərinin məskunlaşdığı, dincəldiyi sahələrdir. Azərbaycan üzrə 36 Mühüm Ornitoloji Ərazinin milli park, təbiət qoruğu, yasaqlıq, ovçuluq təsərrüfatı və tarixi-bədii qoruq daxilində mühafizə statusuna malik olduğu qeyd olunmuşdur.

Təbiətdə müəlliflərin özləri tərəfindən yüksək peşəkarlıqla çəkilmiş fotoşəkillər əla poliqrafik səviyyədə nəşr olunmuş kitabları daha maraqlı və oxunaqlı edir. Kitablarda Azərbaycan Respublikasının da qoşulduğu ətraf mühitin, faunanın, o cümlədən quşların öyrənilməsinə və qorunmasına aid olan beynəlxalq konvensiyalar, sazişlər, dövlətimizin qəbul etdiyi təbiəti mühafizə qərarları, onların məzmunu və məqsədləri haqqında məlumatlarla da ətraflı tanış olmaq olar. Ümid edirik ki, müvəffəqiyyətlə ərsəyə gəlmiş ikicildlik dəyərli mənbə kimi ornitoloqlar, ekoloqlar, bioloqlar, təbiət həvəskarları və tələbələr tərəfindən öz layiqli qiymətini alacaq.

 

 

Akif BAYRAMOV,

Mahir MƏHƏRRƏMOV,

biologiya üzrə fəlsəfə doktorları,

AMEA Naxçıvan Bölməsi Bioresurslar

İnstitutunun əməkdaşları

 

Elm.- 2012.- 30 oktyabr.- S.13.