Dil tarixinin yorulmaz tədqiqatçısı

 

Sevil Hacı qızı Mehdiyeva Azərbaycan dili tarixi sahəsində ardıcıl tədqiqatlar aparan zəhmətkeş alimlərdəndir. Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun özü ilə yaşıd Azərbaycan dili tarixi şöbəsində işlədiyi 45 il müddətində baş laborant vəzifəsindən həmin şöbənin müdiri vəzifəsinədək məşəqqətli, lakin bir elmi ömür yolu keçən Sevil xanım Mehdiyeva filologiya elmləri doktoru, professor, səriştəli elmi işçi, Əməkdar müəllim, dilçi-tənqidçi, həm də özünəməxsus bədii söz sahibi, ictimaiyyətin dəyərləndirdiyi onlarla bədii yazıların müəllifi kimi Yazıçılar Birliyinin üzvüdür. "Ana!!", "Xarıbülbül!!", "Hardasan, Dədəm Qorqud?!", habelə "Əzizlərimi ağlayaraq" silsilə ağıları Sevil xanımın həm də bir qələm adamı olmasından xəbər verir.

 

1967-ci ilin oktyabrından Azərbaycan dili tarixi şöbəsində dil tarixi maraqlısı kimi işə başlayan Sevil xanım Mehdiyeva bu günə qədər öz peşəsinə sadiq qalmış, dil tarixi sahəsində hər cür təzyiqlərə, çətinliklərə, maneələrə böyük səbr və təmkinlə durub-dözmüş, ana dilimizin tarixən inkişaf durumunu araşdırmaq, tədqiq etmək üçün enerji və iradəsini əsirgəməmiş, gərgin əməyi, yuxusuz gecələri hesabına müəyyən uğurlara da nail olmuşdur. Dil tarixi sahəsində dözümlü, ardıcıl zəhməti, ən başlıcası, Tanrının ona verdiyi mülayim və ağır təbiəti sayəsində o bu "Varidatı" əldə edə bilmişdir.

Uzun illərin müşahidəçisi kimi (mən uzun illər Sevil xanımla bir kollektivdə işləmişəm) Sevil xanım Mehdiyevanın Allahdan verilmiş təbii cizgilərini belə təsvir edə bilərəm: həyatının hər səviyyəsində səliqəli, ağır, zəhmətsevər, savadlı, qələmli, səbrli, dözümlü, ən başlıcası, insanlarla davranmaq bacarığı... Onu yaxından tanıyanlar bu xanımda olan səbr və təmkinə, hər bir vəziyyətdə barışıq, sülh yaratmaq meylinə heyran qalır. Hər kəslə öz dilində danışmaq, insanları axıra kimi dinləmək, insanlara yaxşılıq etməkdən xüsusi həzz almaq və s. kimi bu gün az təsadüflərdə qalan humanist cizgilər onun müsahibini heyran etməyə bilmir... Çöhrəsindəki daimi təbəssüm (doğrudur, son illərdə onun çöhrəsində tez-tez duman da görünür) insanları onunla məsləhətləşmək, bölüşmək istəyinə sövq edir. Qəddarlara sərt, yazıqlara yardımçı... Belə insani keyfiyyətlərin sayını artırmaq olar... Bədii yazılarında adı ilə yanaşı işlətdiyi "Nur" sözü, zənnimizcə, bütün bunları birləşdirir. "Nə üçün bu sözü təxəllüs kimi götürmüsünüz?" sualına Sevil xanım belə cavab verdi: - Mənim anam İslam təhsilli bir xanım idi: həmişə səhər çağları, xüsusən orucluq ayında, avazla Quran oxuyardı, biz onun Quran avazının səsinə yuxudan oyanardıq... Bəlkə, bununla əlaqədardır ki, yalnız mən yox, anamın dörd övladının bir təyini var idi: üzü nurlu adam! Mənə də çox adamlar "üzündə nur var!" dedikləri üçün mən "nur" sözünü xoşlayıram, baxmayaraq ki, alınma sözdür, lakin xalqımızın qəbul etdiyi sözdür... Bir də, atamın soy-kökündə "nur" sözü var: bizim ellərdə atamın nəsli Nurəlibəylilərdir. Hər iki istiqamətdə "nur" sözünü özümə məhrəm hesab edirəm...

-Sevil xanım, asudə vaxtlarınızda hansı işlərlə məşğul olmağa üstünlük verirsiniz?

-Siz çox incə yolla mənim boş vaxtımın olması ilə maraqlandınız. Deyim ki, mənim boş vaxtım olmur, yəqin inanmazsınız... Əslində mənim həqiqətən də boş vaxtım olmur... Nəşriyyatda kitablarımız var, onların çap prosesi, monoqrafiyalar üzərində işlər, ümumiyyətlə, mən, demək olar ki, "qələmnən dostam", elmi işlərin fasiləsi olursa, mən o zaman bədii yazılarımla məşğul oluram, mən yazmağı çox sevirəm, istər elmi yazı olsun, istərsə də bədii... Yazmaq (təbii ki, həm də oxumaq...) mənim həm peşəm, həm də xobbimdir... Mənim yorğunluğum yazı masamın arxasında olarkən çıxır... Belə bir ritorik yazım da var... "Mənim yazı masam, neylərdim sən olmasaydın?!" Ümumiyyətlə, deyim ki, işləmək, yazmaq üçün mən hər zaman vaxt tapa bilirəm, bu mənada məndə vaxt qıtlığı olmur...

-Yəqin, bu səbəbdən məqalələriniz kifayət qədərdir...

-Bəli, məqalələrimin sayı çoxdur. Məsələn, son vaxtlarda möhtərəm Prezidentimizin Azərbaycan klassikləri Nizami Gəncəvi, M.F.Axundzadə, X.Natəvan, M.Ə.Sabir və başqalarının yubileylərinin qeyd edilməsilə əlaqədar sərəncamları olub. Bunların elmi-bədii irsinə həsr olunmuş konfranslarda mən "Bir daha Nizami Gəncəvi yaradıcılığında türk ruhu, türk məişəti haqqında", "M.F.Axundzadənin üslub novatorluğu", "Xan qızı Natəvanın qəmli üslubu haqqında qeydlər" və s. kimi məqalələr yazıb çap etdirmişəm. Bax, məqalələrin siyahısı belə-belə artır. Bu yaxınlarda mənim iki monoqrafiyam da çap olunub "Bayatıdan dastana", "Ədəbi dil məsələləri". Yəni yazmaq hər zaman yaşadır bizi... Tanrı bəndələrinə fərqli-fərqli peşə "seçib"... Məncə yazmaq, məzmunlu yazmaq da alimlərin peşəsidir, Allah belə qismət edib!

...Bu gün prof. Sevil xanım Mehdiyevanın elmə sonsuz məhəbbəti və gərgin əməyinin səmərəsi göz qabağındadır. Prof. S.Mehdiyeva 4 monoqrafiyanın (Yazılı dastanların dili. Bakı: Elm, 1991; Folklor abidələrinin linqvopoetik tədqiqi. Bakı: Elm, 2003; Bayatıdan dastana. Bakı: Elm və təhsil, 2010; Ədəbi dil məsələləri. Bakı: Elm və təhsil, 2012); 7 kollektiv monoqrafik tədqiqatın ("Kitabi-Dədə Qorqud" dastanlarının izahlı lüğəti. Bakı: Elm, 1999; "Kitabi-Dədə Qorqud" Məqalələr. Bakı: Elm, 1999; Azərbaycan dili xaricdə. Bakı: Elm, 1986; Füzulinin dili. Məqalələr. Bakı: Elm, 1996; Çoxcildlik: Azərbaycan ədəbi dili tarixi (XIII-XVI əsrlər), I c.: Azərbaycan ədəbi dili tarixi (XVII-XVIII əsrlər), II c.: Azərbaycan ədəbi dili tarixi (XIX əsr), III c.: Azərbaycan ədəbi dili tarixi (XX əsr -1900-2000-ci illər) həmmüəllifi, son əsərlərin həm də elmi redaktoru olmuşdur. Prof. Sevil Mehdiyevanın elmi, elmi-kütləvi, resenziya-məqalələrinin sayı 200-ü haqlamışdır.

Prof. Sevil xanım Mehdiyevanın rəhbərliyi ilə şöbədə son illərdə "Azərbaycan dilinin tarixi leksikologiyası", "Kitabi-Dədə Qorqud"un dili", "Azərbaycan dilinin tarixi frazeologiyası", "Azərbaycan dilini tarixi onomastikası (XIII-XVIII əsrlər yazılı abidələrdə onomastik vahidlərin üslubi özəllikləri)" kimi fundamental əsərlər yerinə yetirilmiş və o, bu işlərin həm elmi-istiqamətverici rəhbəri, həm də bu monoqrafik (kollektiv) tədqiqatların əsas müəlliflərindən biri olmuşdur. Hazırda prof. S.Mehdiyeva "Azərbaycan dilinin tarixi lüğəti", "Füzulinin poetik əsərlərinin izahlı lüğəti" kimi fundamental əsərlərin nəşrində məsul şəxs kimi çap məsələlərinə nəzarət edir.

Prof. Sevil xanım Mehdiyeva bir alim kimi obyektiv və kifayət qədər cəsarətli alimdir. "Alim üçün obyektivlik məhək daşıdır" - deyir Sevil xanım. "Xüsusən dil tarixində prinsipial, ardıcıl olmaq gərəkdir - AMEA-nın müxbir üzvü Tofiq Hacıyev kimi! Bu insan bir çox vətəndaş alimlərimiz kimi, mənim də səcdə etdiyim alimdir -kumirimdir! Axı Alban dövlətinin 26 tayfa qəbiləsinin 22-si türksoyludursa, burada türklərin aborigen olmasına hansı şübhə ola bilər! Bu absurddur! Azərbaycanın ən böyük əhalisi türksoylu əhalidir! Bu min illər bundan öncə belə olmuş, indi də belədir! Bunun birinci səbəbi türklərin, ümumən türksoylu əhalinin qeyri-türklərlə səmimi münasibət qura bilmək məharətidir. Etiraf edək ki, insanlar kimi, xalqları da Allah yaradarkən, onların hər birinə (hər bir xalqa) məxsusi xarakter və hal-əhval vermişdir... Məhz bu xasiyyətlərinə görə türklər dünyanın bu başından o başına gedib, hər yerdə öz səmimiyyətləri və inamları, etibarlı olmaları ilə başqa millətlərlə dil tapıb dolana bilmişlər! Bu gün dünyada ölkələr arasında inteqrasiya şəffaflaşdıqca, biz bunu daha aydın görürük -axı heç bir ölkədə Azərbaycanda olduğu qədər millətlər, xalqlar arasında səmimiyyət, açıq münasibət olmayıb! Azərbaycan dünyanın ən tolerant məmləkətidir! Bunun ilkin səbəbi, yəni, necə deyərlər, təşkilatçısı məhz türksoylu azərbaycanlılardır.

Sevil xanım öz işində daima ciddi, məsuliyyətli bir işçi kimi diqqəti cəlb etmiş, səmərəli elmi fəaliyyətinə görə fəxri fərmanlarla təltif edilmişdir. O, hələ gənc yaşlarında, sovet dönəmində Respublika üzrə İctimai Elmlərin keçirdiyi gənc alimlərin müsabiqəsinin qalibi olmuş (22 oktyabr 1973-cü il), bir neçə dəfə səmərəli elmi və elmi-pedaqoji fəaliyyətinə görə Milli Elmlər Akademiyasının fəxri fərmanları ilə təltif edilmişdir (25 oktyabr 2002, 12 dekabr 2005).

Prof. Sevil xanım Mehdiyevanın 20 ildən çox bir müddətdə respublikanın müxtəlif ali məktəblərində tədris etdiyi Azərbaycan dili dərsləri yüksək elmiliyi, məhrəm pedaqoji səriştəsi ilə sözün həqiqi mənasında azərbaycançılıq məfkurəsi üzərində qurularaq azərbaycanşünaslığı təbliğ etdiyi üçün böyük rəğbətlə qarşılanmış və nəticədə onun bu zəhməti də diqqətdən yayınmamış və o, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 dekabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Əməkdar müəllimi" kimi fəxri ada layiq görülmüşdür...

-Sevil xanım, ardıcıllarınız haqqında nə deyə bilərsiniz?

-Aspirantlarım var, amma, çox deyil... Dil tarixi çətin məsuliyyətli sahədir. Dil tarixçisi olmaq üçün ilk növbədə azərbaycançılıq məsləkin olmalıdır, yalnız azərbaycançılığa böyük önəm verən gəncləri bu sahəyə cəlb etmək səmərə verə bilər... Azərbaycançı olmaq isə azərbaycanşünaslıqdan başlayır... Bütün bunlar üçün bizə, bizim şöbəyə Azərbaycanı Azərbaycan dilini sevən gənclər lazımdır!

-Müsahibəyə görə sağ olun!

-Siz sağ olun!

 

Müsahibəni apardı:

Validə CƏFƏRZADƏ,

filologiya üzrə fəlsəfə doktoru

 

P.S. Bu günlərdə professor Sevil xanım Mehdiyevanın doğum günüdür. Redaksiya adından, tanıyanları dostları adından onu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.

 

 

Elm.- 2012.- 30 oktyabr.- S.11.