Bədii dilimizə aid İZAHLI LÜĞƏT

 

"Səməd Vurğunun bədii dilinin izahlı lüğəti"nin çapı (2011-ci il) Azərbaycan lüğətşünaslığı sahəsində hadisədir. Ona görə hadisədir ki, bədii dilin izahlı lüğətini tərtib etmək sahəsində böyük işlər görülməlidir. Məhz həmin işlərdən biri çap olunmuş bu lüğətdir. Lüğətin redaktoru ön sözün müəllifi filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, tərtibçilər prof. İsmayıl Məmmədli, prof. Aydın Ələkbərov, f.e.n. Bəhruz Abdullayev, f.e.n. Nərgiz Rəhimzadə, f.e.d. Nəriman Seyidəliyev, f.e.d. Mirvari İsmayılova, Nigar Xəlifəzadədir. Rəyçiləri isə professor Məsud Mahmudov filologiya üzrə fəlsəfə doktorları Fəridə Ləman, Salatın Əhmədlidir.

 

Lüğət Səməd Vurğunun bədii irsinin dili əsasında tərtib edilmiş ilk sorğu kitabıdır. Lüğətdə 6215 söz 1753 ifadə vardır. Beləliklə, lüğət 7968 söz ifadədən ibarətdir. Onu da qeyd edək ki, lüğət Səməd Vurğunun 1960-1972-ci illərdə nəşr olunmuş 6 cildliyinin 4 cildindəki şeirləri, poemaları, dram əsərləri əsasında tərtib olunmuşdur.

Hər şeydən əvvəl, onu da qeyd edək ki, lüğətin quruluşu müəyyən meyar prinsiplər əsasında qurulmuşdur. Əlifba sırası ilə verilmiş sözlərin qarşısında hansı nitq hissəsinə aid olması, onların mənşəyi, məna çalarları bədii nümunələr əsasında verilir. Eyni zamanda sözlərin mənaları ilə yanaşı, onların məna çalarları da lüğətdə öz əksini tapır. Lüğətdə sözlərin həqiqi məcazi mənaları Səməd Vurğunun yaradıcılığındakı bədii nümunələr əsasında verilir. Məsələn, ana sözünün mənaları, məna çalarları bütün incəliklərinə qədər verilir. Fikir verək: ana-övladı olan qadın; yaşlı qadına hörmətlə müraciət; məcazi mənada hər şeyin kökü, mərkəzi mənasında; Vətən mənasında; müraciət, nəvazişli xitab kimi. Lüğətdə bu cür məna incəlikləri ilə verilmiş minlərlə söz vardır. Məsələn, artıq, aşmaq, atmaq, ayaq, baba, bağ, bağır, bağlamaq, bahar, baxmaq, baş, batmaq, bilmək, boyun, göz s. Əlbəttə, S.Vurğunun bədii yaradıcılığında sözlərin məna incəliklərinin dəqiq dürüst verilməsi onu təsdiq edir ki, o, Azərbaycan dilinin bütün incəliklərini dərindən bilən mütəfəkkir şair olmuşdur. Deməli, o, Azərbaycan dilini  qəlbdən sevə-sevə yaradıcılığındakı sözlərin bütün məna imkanlarına çox dəqiqliklə yanaşmışdır. Elə bəlkə də bunun sayəsində Səməd Vurğun yaradıcılığını hər bir oxucu sevə - sevə oxuyur, asanlıqla əzbərləyə bilir.

Lüğətdə bir maraqlı cəhət də ondan ibarətdir ki, hiss edirsən ki, Səməd Vurğunun bədii dilinin orijinallığı, onun yaradıcılığının özünəməxsus siması vardır. Bunun səbəbi isə Səməd Vurğunun xalq danışıq dilindən bəhrələnməsi ilə bağlıdır. Səməd Vurğun dili belə olduğundan kütləvilik qazana bilmiş, eyni zamanda Azərbaycan ədəbi dilini daha yüksək səviyyələrə qaldırmışdır. Bu mənada lüğətdəki bozarmaq, bozüzlü, çadar-çadar, cahal (cavan, gənc, cahıl mənasında), carçı, çırmalamaq, cilvələnmək, çabalamaq, çalxanmaq, çuğul, yalmanmaq, yapmaq, hərlənmək, kilidləmək, kirimək, kükrəmək, qınamaq, lələş, oylaq, dayamaq, daxma, gücənmək və s. sözlər Səməd Vurğunun xalq danışıq dilindən bədii yaradıcılığa gətirdiyi sözlərdir. Onların hər birini Səməd Vurğun bədii yaradıcılığında işlətməklə ədəbi dilimizin imkanlarına geniş meydan açmışdır.

Səməd Vurğunun bədii yaradıcılığının məhz bədii qüdrətinin bir sirri də ondadır ki, o, xalqın milli dəyərlərinə, etnoqrafiyasına, adət -  ənənəsinə qəlbdən bağlı olmuşdur. Bu bağlılıq ona gətirib çıxarmışdır ki, o, bədii yaradıcılığında etnoqrafik leksikaya da gen-bol müraciəti sayəsində bədii dilimizin imkanlarını genişləndirmişdir. Bu mənada lüğətdəki cehiz, ceviz (cövüz), cəhrə, çalma, çuxa, çul, çuval, yemlik, yengə, dələmə, gön, kəmər, kəlağayı, kərmə, kəsər (kəsici alət), kətmən, körük, qarmaq, qımız, qulac-qulac (saç) və s. sözlər etnoqrafik leksikanın bədii dilin imkanlarına xidmət etməsini təsdiqləyir.

Səməd Vurğun milli xüsusiyyətləri bədii yaradıcılığında qoruyub saxlayan milli sənətkarlarımızdandır. Odur ki, o, fərdi hissləri, duyğuları, zövqləri ümumiləşdirərək ümumbəşəri mədəniyyətə doğru getməyi üstün tuturdu. Və bu prinsiplə milli xüsusiyyətlərə, Azərbaycan ruhuna da olduqca sadiq idi. Ona görə də bu cür sadiqliyi o, bədii yaradıcılığındakı sırf milli ifadələri işlətməklə də qoruyub saxlayırdı. Həmin milli ifadələrdə Azərbaycan dilinin bütün dərinlikləri yaşayır. Məhz lüğətdə bu cür ifadələrin də izahı verilmişdir. Təbii ki, Səməd Vurğunun bədii dilinin izahı lüğəti bu mənada da orijinal bir xüsusiyyət daşıyır. Lüğətdə verilmiş ağ kəfən geyinmək, ağ gün, ağlını başına yığmaq, ağır oturmaq, ağzını qurd kimi ayırmaq, ağız-burun sallamaq, ağızdan-ağıza dolaşmaq, ağlaşma açmaq, can almaq, cana gəlmək, canına qəsd eləmək, qaşını çatmaq, ağ günə çıxmaq, saman çuvalı, daş üstə daş qoymamaq, daşdan çörək çıxarmaq, daşı ətəyindən tökmək və bu qəbildən olan minlərlə ifadələr bir daha Azərbaycan dilinin zəngin olduğunu bədii nümunələr əsasında təsdiq edir. Səməd Vurğuna gəlincə isə onu qeyd etmək lazımdır ki, o, bu cür ifadələrə çox həssaslıqla, deyərdim ki, təəssübkeşliklə yanaşmışdır. Yeri gəlmişkən qeyd edək ki, hətta Səməd Vurğun bu cür milli ifadələri başqa dillərə tərcümə etdikdə onların qarşılığı kimi adekvat ifadələrin tapılması prinsipinə əsaslanmışdır. Bu məqamda "Yevgeni Onegin" əsərinin tərcüməsi zamanı söylədiyi bir fikri qeyd etmək yerinə düşər: "Bəs sırf milli ifadələrlə qarşılaşanda nə etməli? Burada mən həmişə adekvat ifadələr tapmaq prinsipinə əsaslanmışam. Bizdə belə  bir ifadə var: bir adamdan şübhələndikdə deyirlər: gözüm səndən su içmir. Buna müvafiq, buna adekvat bir şey tapmaq lazımdır". Göründüyü kimi, Səməd Vurğun milli ifadələrə çox həssaslıqla yanaşmışdır. Və onun bədii yaradıcılığındakı milli ifadələr də Azərbaycan dilinin zəngin milli xüsusiyyətlərini yaşadan bir mənbədir. Bax bu mənada da mövcud lüğət ədəbi dilimizin milli xüsusiyyətlərini özündə ehtiva edir, onu qoruyub saxlayır və gələcək nəsillərə çatdırır.

"Səməd Vurğunun bədii dilinin izahlı lüğəti"ndə diqqəti cəlb edən məqamlardan biri də lüğətdə köhnəlmiş sözlərin özünə yer almasıdır. Köhnəlmiş sözləri Səməd Vurğun bədii yaradıcılığında çox böyük həssaslıqla işlətmişdir. Bunlar da Azərbaycan dilinin lüğət tərkibinin bir hissəsi olmaqla Səməd Vurğunun bədii yaradıcılığında dərin kök salmışdır. Həmin sözlərin mövcud lüğətdə verilməsi yenə də lüğətin ədəbi dilimizin tarixini qorumaqda bir mənbəyə çevrilməsindən başqa bir şey deyildir. Məsələn, ağa, bac (rüsum, vergi), cütçü, xan, içrə (içində, içərisində), kəndxuda, komsomol, kommunizm, kommunist, qalxan, qare (oxucu), qolçomaq, leninizm, marksist, nizə, oymaq (el, kənd), öylə (elə, o cür), yaraqlanmaq (silahlanmaq) və s. sözlər lüğətdə bədii nümunələr əsasında verilmişdir. Ümumiyyətlə, Səməd Vurğun tarixə, o cümlədən dilin tarixinə diqqətlə yanaşmışdır. Təsadüfi deyildir ki, onun bədii yaradıcılığında tariximizin müəyyən anları, məqamları yaşayır və bizə, eləcə də gələcək nəsillərə tarixi öyrədir. O, bununla belə, dilçilərimizin qarşısında mühüm vəzifələrin durduğunu onların nəzərinə çatdırırdı: "Dilçilərimiz qarşısında Azərbaycan dili tarixinin öyrənilməsi sahəsində mühüm vəzifələr durur.

Lakin bu sahədə indiyə qədər görülən işlər bizi heç cür təmin edə bilməz. Bu məsələyə həsr olunmuş tək-tək məqalələr onun ayrı-ayrı cəhətlərinə toxunmaqla məsələni tam şəkildə həll etmək məqsədi izləmir və həll etmir, dilin mənbələri və inkişaf mərhələlərinin dərin elmi təhlilini vermirlər. Alimlərimiz, əsas etibarilə, ədəbiyyatımızın ayrı-ayrı klassiklərinin dilini öyrənməklə məhdudlaşır və XIX əsrdən o tərəfə nadir hallarda nəzər salırlar. Ona görə də Azərbaycan dilinin əmələ gəlməsi və inkişafı məsələsi birinci növbədə həll edilməli olan ən mühüm elmi problemlərdən sayılmalıdır". Göründüyü kimi, Səməd Vurğun dilimizin əmələ gəlməsi və inkişafı məsələlərinə diqqət yetirməyi vacib saymışdır. Bu cür istəkdə olan sənətkar özü də bədii yaradıcılığına tarixizmləri bir tələbata çevirərək gətirmişdir.

Lüğətdə mənşəyinə görə fərqlənən minlərlə söz qrupları Səməd Vurğunun bədii dil nümunələri əsasında və izahlı bir formada verilmişdir. Onların ən xarakterik olanlarına fikir verək. Fars mənşəli sözlər: ab (su), abad (şən, şad), abır (zahiri görünüş mənasında), bimürfət (insafsız, amansız), binəfa (yazıq, fağır), bivəfə (vəfasız), bizar (usanmış, bezmiş), çeşmək, dost-aşna, fədakar, fənd, fəryad və s., ərəb mənşəli sözlər: cəza, cəsəd, cəsarət, damaq, dövran, dünya, fəhlə, fəlakət, fələk, layiq, maarif, mahal və s., yunan mənşəli sözlər: fəlsəfə, fənər, filosof, fotoqraf, ton (nitq üslubunun ifadə tərzi) və s., fransız mənşəli sözlər: frezer (dairəvi kəsici, yonan alət), manevr, marş, milyon, ton (min kiloqram ağırlıq) və s., latın mənşəli sözlər: general, manifest, makina və s., alman mənşəli sözlər: genosse (yoldaş, partiya yoldaşı), türk sözləri: bin (min), sokak (küçə), yarın (sabah, gələcək gün) və s. Bu cür əcnəbi sözlər Səməd Vurğunun bədii yaradıcılığında, belə demək olarsa, Azərbaycan dilinin təbiətinə və milli ruhuna uyğunlaşır. Səməd Vurğun bu sözləri və bu qəbildən olan digər sözləri təsadüfi işlətmir. Əksinə, situasiyadan, şəraitdən asılı olaraq çox təbii bir formada bu əcnəbi sözləri bədii yaradıcılığına gətirir. Belə sözlərə Azərbaycan dilində işləklik hüququ verir, onları milli duyğulara tabe etdirir. Ona görə də Səməd Vurğun alınma sözləri - əcnəbi sözləri yerli-yerində bədii yaradıcılığında işlədir. Və imkan vermir ki, həmin alınmalar - əcnəbi sözlər onun bədii dilini korlasın. O, çıxışlarının birində deyirdi: "Xalqın böyük bir dövləti də vardır. Əlbəttə, müqəddəs bir dövləti də vardır. O da xalqımızın dilidir. Dil xalqın namusu deməkdir, tarixi deməkdir, vicdanı deməkdir. Biz dil məsələsini hər bir yerdə göz bəbəyimiz kimi gözləməliyik. Dilimizi korlamaq istəyən adamlar da vardır ki, mən bir neçə misal göstərmək istəyirəm". O, misallar gətirir: mobilizasiya əvəzinə səfərbərlik,  finans əvəzinə maliyyə, kultura sözü əvəzinə mədəniyyət sözlərinin işlənməsini dilin mənəvi haqqı kimi qəbul edir.

Səməd Vurğun bütün xalqın bildiyi alınma sözləri - ərəb, fars sözlərini dilimizdə saxlamağın tərəfdarı olmuşdur və bədii yaradıcılığında bu mövqeyini ortalığa qoymuşdur. Haqlı olaraq qeyd etmişdir ki, "... heç bir dil yalnız öz xəzinəsi hesabına yaşaya bilməz. Təbiətdə heç bir dil saf, təmiz bir dil deyildir, çünki bütün xalqlar arasında iqtisadi, ictimai, siyasi əlaqələr olduğundan dillər bir-birinə təsir edir. Burada bir nazik məsələyə toxunmaq istəyirəm. Heç bir vaxt xarici sözlərin dilimizdə işlədilməyi bu dili sıxışdıra bilməz. Əksinə olaraq, dil zənginləşə bilər".

Səməd Vurğun ərəb-fars kəlmələrinə gəldikdə isə qeyd etmişdir ki, "Doğrudur, biz ərəbçilik, farsçılıqla mübarizə aparmışıq. Ancaq bir şeyi unutmaq lazım deyil ki, bizim dilimizdə min illərdən bəri vətəndaşlıq hüququnu qazanmış ərəb-fars sözlərini dilimizdən çıxarmamalıyıq".

"Səməd Vurğunun bədii dilinin izahlı lüğəti" bu sahədə mövcud olan ilk lüğətdir. Səməd Vurğunun Azərbaycan poeziyasında məktəb yaratması imkan verir deyək ki, belə bir lüğətin Səməd Vurğunun bədii yaradıcılığına həsr olunması tamamilə təbiidir. Məhz Səməd Vurğunun bədii dilinə aid lüğətin çapı lüğətşünasların qarşısında yeni bir istiqamət açır. Hər şeydən əvvəl, ayrı-ayrı şair və yazıçılarımızın bədii dilinin izahlı lüğətinin tərtib olunmasının vacibliyini gündəmə gətirir. Belə lüğətlərin çapı gələcəkdə Azərbaycan dilinin çox cilddən ibarət olacaq izahlı lüğətləri üçün də xeyli zəngin material verir.

 

 

Buludxan XƏLİLOV,

filologiya elmləri doktoru,

professor

 

Elm.- 2012.- 30 oktyabr.- S.10.