Hüseyn Cavidin ideyalar sistemində qadın azadlığı problemi

 

Qadın gülərsə bu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək

 

Azərbaycanın dahi şairi və mütəfəkkiri Hüseyn Cavidin yaradıcılığında qadın problemi, ailədə və cəmiyyətdə qadına münasibət, qadının yeri və rolu məsələsi mühüm yer tutur və bu təsadüfi deyil. "Mənim tanrım gözəllikdir, sevgidir", deyən şairi Azərbaycan və ümumiyyətlə Şərq qadınının acı taleyi düşündürməyə bilməzdi. Demək olar ki, Cavidin elə bir əsəri yoxdur ki, orada qadınla bağlı bu və ya digər məsələyə toxunulmasın və bu məsələyə şair öz münasibətini bildirməsin. İyirmi iki pyes və yüzlərlə poema və şeirlərin yaradıcısı olan H.Cavidin əsərlərinin çoxu bilavasitə qadın adı ilə adlandırılmışdır. ("Afət", "Maral", "Şeyda", "Şəhla" və s.) Cavidin təsvir etdiyi qadınlar müxtəlif millətlərə və zümrələrə aiddirlər və bir-birlərindən bir çox cəhətdən fərqlənirlər. Şair əsərlərində müasir qadınların cəmiyyətdə və məişətdə vəziyyəti məsələsiylə yanaşı, uzaq keçmişdə Şərq qadınlarının ağır həyatını da təsvir edir. Lakin istər müasir, istərsə keçmişdə yaşamış qadınların təsvirində, Cavidin üsyankar, barışmaz, romantik ruhu özünü göstərir, onun qadına münasibəti, qadın məsələsinin həlli ilə bağlı fikir və düşüncələri əks olunur.

H.Cavidi, feodal-burjua cəmiyyətində yaşayan və bu cəmiyyətin qurbanları olan bədbəxt, həyat sevincindən məhrum, nadanlığın, dini fanatizmin doğurduğu əxlaq normaları altında əzilən, pul ilə alınıb-satılan, öz ərləri tərəfindən alçaldılan, məhv edilən qadınların acı aqibəti daima düşündürür və şair bu ictimai ədalətsizliyə öz etirazını bildirir, insanlarda bu zülmə qarşı barışmazlıq hissi doğurmağa çalışır.

Cavid, qadının həyat faciəsini, bütün cəmiyyətin faciəsi sayır, onu cəmiyyətdə mövcud olan ziddiyyətlərlə bağlayır, ədalətsiz ictimai qanunların nəticəsi kimi izah edir.

Hələ 1910-cu ildə yazdığı "Ana" pyesində Cavid, qadını bütün hüquqlarından  məhrum edən feodal adət-ənənələrinə qarşı çıxır, onlara öz etirazını bildirir. Bu əsərində şair çox mühüm bir suala, "Həyatda nəyin, sevginin və ya nifrətin əsas olduğu?" sualına cavab axtarır. Şairi, bu hisslərdən hansının vasitəsilə həyati məsələləri həll etməyin mümkünlüyü məsələsi düşündürür və bu məsələnin həllində o üstünlüyü sevgi və mərhəmət hissinə verir. Sonrakı əsərlərində Cavid, yenə də bu məsələyə qayıdır, lakin artıq onu əks mövqedən həll edir. "Maral" faciəsində şair, azərbaycanlı qızı Maralın faciəli həyatını təsvir etməklə, Azərbaycan qadınının və bütövlükdə Şərq qadınlarının hüquqsuzluğunu bütün çılpaqlığı ilə göstərir. Lakin bu pyesdə Cavid başqa bir qadın obrazı da yaradır (İsmət) və onun vasitəsilə cəmiyyətdə yaranmaqda olan, qadının hüquq və azadlıqlarını müdafiə etməyə qadir olan, yeni qüvvələrin mövcud olduğunu göstərməyə çalışır.

Maraqlıdır ki, Cavid hətta mənfi planda təsvir etdiyi qadınları da ittiham etməkdən qaçınır və onların günahlarının səbəbini hər şeydən əvvəl, cəmiyyətin onlara qarşı ədalətsiz münasibətində görür, qadını müdafiə etməyin əslində ədaləti müdafiə etməyə bərabər olduğunu bildirir.

Qeyd etmək lazımdır ki, Cavidin qadın məsələsinə münasibəti, onun qadın haqqında görüşləri həmişə eyni olmamışdır və onlar zaman keçdikcə müəyyən dəyişikliklərə uğramışlar. Yaradıcılığının ilk dövrlərində qadını əsasən zəif, gücs üz, alçaldılan, təhqir olunan bir məxluq kimi göstərən Cavid, yaradıcılığının sonrakı dövrlərində, qadını öz hüquqları uğrunda mübarizəyə qadir olan bir insan kimi səciyyələndirir. Məsələn, yaradıcılığının ilk dövrünə aid olan, "Bir qızın fəryadı", "Vərəmli qız" və s. əsərlərində, şair qadını yazıq, bədbəxt, fiziki və mənəvi əzab və iztirablar altında inləyən bir məxluq kimi təsvir edir. Bu əsərlərdə qadın, qəfəsə salınmış, azadlıq həsrəti ilə çırpınan bir quşdur. Cavid bu şeirlərində qadınlara mərhəmət hissini ifadə edir, lakin onların bu çoxəsrlik zülmdən xilasolma yollarını görmür və buna heç bir ümidi yoxdur. Cavid düşünürdü ki, qadının azad olmasının, oyanmasının vaxtı hələ gəlib çatmamışdır. Şairi, "qadının xilas olması yolları nələrdir? Əgər o köləlik zəncirindən xilas olarsa, haraya gedəcək? Qadının cəmiyyətdə vəziyyəti necə olmalıdır? Onun cəmiyyətdə vəzifələri nələrdir? sualları düşündürürdü və o, bu suallara cavab axtarırdı.

Zaman keçdikcə, Cavidin bu məsələyə münasibəti müəyyənləşir və konkret şəkil alır. Məşhur "Qadın" şeirində o artıq qadının acı taleyini təsvir etməklə, ona mərhəmət hissi ifadə etməklə, onun iniltilərini eşitməklə kifayətlənmir, onun cəmiyyətdə və ailədə rolu məsələsini ön plana çəkir, diqqəti bu məsələyə yönəldir. Qadın onun nəzərində yeni nəslin tərbiyəçisi, insanlığın anasıdır. O yalnız öz övladlarının deyil, bütün millətin anasıdır: Şair yazır:

 

"Qadın! ey möhtərəm ənisi bəşər!

Sənsiz öksüz qalırdı çinsi bəşər

 

və ya:

 

"Ana övladını bəslər, böyüdür,

Anasız millət, əvət, öksüzdür"

 

(H.Cavid, Seçilmiş əsərləri. Bakı, 1958, s.506)

H.Cavidə görə, qadının cəmiyyətdə yeri böyük və şərəflidir və onun istismarı dözülməzdir:

 

"Qadın, ey sevimli həmşirə oyan,

Ana, ey nazlı qadın, qalx yuxudan!

Sənin aləmdə vəzifən, hissən,

Nə böyük, həm nə ağırdır, bilsən?!

Qadın! Ey sevgili şəfqətli mələk!

Bu qədər səbri-təhəmmül nə demək?

O lətafət, o nəcabətlə sana

Bu əsarət, bu həqarət nə rəva?"

(Yenə orada)

 

"Qadın" şeirində Cavid, cəmiyyətdə ləyaqəti amansızca alçaldılan, bütün insan haqlarından məhrum olan qadına, onun haqlarını, cəmiyyətdə layiq olduğu yeri qaytarmağın zəruriliyi fikrini ifadə edir. Bu şeirində o, M.Hadi kimi qətiyyətlə çadraya qarşı çıxır, onu "zülmətin pərdəsi" adlandırır:

 

"Olıyor iştə hüququn pamal

Çalış, öyrən, ara, bul, həqqini al!

Pərdeyi - zülmət içindən sıyrıl!

Qəhrəmanlar kimi qavğaya atıl!

 

Doğrudur, Cavid bir qədər əvvəl yazdığı "Pəmbə çarşab" şeirində Azərbaycan və bütövlükdə Şərq qadınının çadra örtməsinə bir qədər sakit yanaşır, lakin bu şerində də şair, bunun uzun çəkməyəcəyini, bir gün qadının bu örtükdən azad olacağını bildirir:

 

"Örtün, örtün, fakat unutma, sakın

Sənin açmaq zamanın iştə yarın"

 

Məlumdur ki, Cavidin bu şeirinə M.Hadi özünün "Eşqi-möhtəşəm" kitabında cavab vermişdir:

 

"Mən istəməm bu örtüyü, ey şair istəməm!

Neçin ya?

Örtü, bunu yaxdı ki, Qərb oldu möhtəşəm,

Pürfeyz, pürziya"

 

Bu sətrlərdə M.Hadi özünəməxsus bir emosionallıqla çadranı müdafiə edənlərə qarşı çıxır və hətta Hüseyn Cavidin "Pəmbə çarşab" şeirinə öz etirazını bildirir. "Mən "Pənbə çarşabın" ədüvvü-heyatiyəm (həyatı düşməniyəm)" deyir.

Qeyd etdiyimiz kimi, Cavid də Hadi kimi, çadranı qadınların düşməni sayırdı və qadının əsarətdən xilas olmasının yolunu, onun maariflənməsində, elmə, biliyə yiyələnməsində, öz hüquqları uğrunda mübarizədə görürdü:

 

"Fəzli ürfanla, mücəhhəz olaraq,

Cəhli yıx, qəfləti yax, əczi buraq!

Kimsədən gözləmə yardım əsla,

Yalnız kəndinə kəndin ağla!"

(Hüseyn Cavid. Seçilmiş əsərləri, s.507).

 

Hələ 1909-cu ildə yazdığı "Məsud və Şəfiqə" şeirində, Cavid Azərbaycan cəmiyyətində "zülmət pərdəsini" yarıb xilas olan ziyalı qızları, əlverişsiz ictimai şəraitdə, mülkədar, tacir, mövhumatçı din adamlarının, əhatəsində yaşayan və yavaş-yavaş öz haqq və hüquqlarını başa düşən, elmə, maarifə maraq göstərən ilk qadınların  bədii obrazını yaradır. "Məsud və Şəfiqə" şeirinin qəhrəmanı Şəfiqə, cəmiyyətdə hökm sürən ədalətsizliyə qarşı çıxır, onun səbəblərini bilmək istəyir, ona etiraz edir. Doğrudur, bu hələ fəal etiraz, əməli mübarizə deyil, passiv və zəif bir çıxışdır. Onu, bu ədalətsizliyin nə zaman aradan götürüləcəyi düşündürür və o hələlik bu suala cavab tapmır. H.Cavidin "Maral" faciəsində yaratdığı digər qadın obrazı - Humay isə artıq, irəlidə qeyd etdiyimiz kimi, yeni həyat üçün oyanmış Şərq qadınlarından biridir. Çadra geyməkdən imtina edən və buna görə dindarların və mötədil, fanatik insanların təqiblərinə məruz qalan bu qadının iradəsini heç nə qıra bilmir. O nəinki öz hüquqlarını müdafiə edir, hətta əsarət altında inləyən başqa qadınlara da kömək əlini uzadır, onların əzab və istirablarını hər vasitə ilə yüngülləşdirməyə çalışır. Bu əsərində Cavid bir daha çadraya nifrət hissini ifadə edir, açıq gəzən qızları yeni həyatın carçıları adlandırır, onları müdafiə edir.

Qeyd etmək lazımdır ki, yaradıcılığının birinci dövründə Cavidi hələ qadınların sosial-siyasi azadlıqları, onların vətəndaş hüquqları haqqında fikirlər məşğul etmirdi. Şair yalnız onların fiziki və mənəvi zülm və əsarətdən azad olmaları haqqında düşünürdü. O Azərbaycan qadınlarının savadlı, tərbiyəli, yeni mədəni nəsli tərbiyə etməyə qadir, ləyaqətli ana olmalarını istəyirdi.

Bu tip qadınları Cavid yüksək qiymətləndirir, onları yüksək mənəvi keyfiyyətlərə malik, ağıllı, iradəli, namuslu, qürurlu, mətanətli və sədaqətli insanlar kimi təsvir edirdi. Bu qadınlar, Cavidə görə, mövcud şəraitdə öz istək və arzularına çatmasalar da, öz mənliklərini, ləyaqətlərini sona qədər müdafiə etməyə qadirdirlər.

Cavid bu fikirlərini bir çox əsərlərində, o cümlədən "Peyğəmbər" dramında da səsləndirmişdir. Bu əsərində o Məhəmməd peyğəmbəri, ədalətin, qadınların hüquq və bərabərliyinin, qadın azadlığının tərəfdarı, köləliyin düşməni kimi təsvir edir. Cavidin təsvirində Peyğəmbər poetik təbiətə malik, sülhpərvər bir insandır. Şübhəsiz, Cavidin təsvir etdiyi Peyğəmbər obrazı onun yaradıcı təxəyyülünün məhsuludur. Bu obraz vasitəsilə şair qadın haqqında öz fikir və düşüncələrini ifadə etmişdir. Bu əsərində o, demək olar ki, "Qadın" şeirində dediyi sözləri, Peyğəmbərin dililə, təkrar edir:

 

Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən

Yaxar düşünçəmi bir şölə, bir zəhərli tikən

Bütün həyatı çiçəkləndirən fəqət o, neçin,

Neçin əzilsin o, bilməm neçin sürüklənsin?!

Qadın-günəş, cocuq-ay... nuru ay günəşdən alır

Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır

Qadın əlilə fəqət bəxtiyar olur bu cahan

O bir mələk... onu təqdis edər böyük yaradan

O çox sevimli, gözəl incə, nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət

Qadın gülərsə bu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək...

 

 (Hüseyn Cavid, əsərləri, IV cilddə; cild III. s.47-48. Bakı, 1984)

Bununla yanaşı, Cavid feodal əxlaqının, şəriət qanunlarının köhnəlmiş adət və ənənələrin möhkəm kök saldığı cəmiyyətdə, öz acı həyatını yaşayan və bu ümidsiz həyatdan xilas yolunu yalnız ölümdə axtaran zavallı qadınları yaddan çıxarmır, onları mülkədar dini əxlaqının qurbanları sayır. Bu qadın obrazları vasitəsilə Cavid, qadına vəhşi münasibətin məişətdə və cəmiyyətdə nə qədər dərin kök saldığını göstərir, buna öz nifrətini və etirazını bildirir.  "Zavallı qız" şeirində şair yazır:

 

"Ah, səd ah! Yetmişdə olan bir qocaya

Verdilər bir qızı, sevmədi onu, zorən ona"

Sevgisindən əl üzən qız boğulub dərdə, qəmə,

Qocaya getmədən olmuşdu o razı ölümə"

 

Bu əxlaqın digər qurbanlarını Cavid "İblis" və "Uçurum" dramlarında yaratdığı Göyərçin və Xavər obrazlarında təsvir edir. Türkiyə həyatının materialları əsasında yaradılmış bu bədbəxt qadın obrazları, onların həyat faciələri və bu faciələrin səbəbləri müxtəlifdir. Əgər azərbaycanlı qızı Maralın qatili vəhşi adətlərin hökm sürdüyü bir şəraitdə tərbiyə almış, nadan və cahil mülkədardırsa, dağıstanlı qızı İsmətin zorlayıcısı xanzadədirsə, türk qızları Göyərçin və Xavərin qatilləri "ziyalı", "zadəgan" ərləridir.

Xavərin qatili, vicdandan, mərhəmətdən danışmağı sevən, bu haqda filosofluq edən, əslində isə öz doğma qardaşının qanını tökən Arif, Göyərçinin qatili isə, yenə də "ziyalı", xaricən mədəni görünən, Qərb əxlaqını təbliğ edən rəssam Cəlaldır. Bu obrazlar vasitəsilə Cavid, Şərq qadınının nadanlıqdan, gerilikdən, dindən, şəriətdən, köhnə adət və ənənələrdən, mülkədar zülm və əxlaqından başqa, daha bir yeni düşməninin olduğunu bildirir; bu düşmən "Qərb əxlaqı", "mədəniləşdirilmiş vəhşilik", yeni tipli zorakılıqdır.

H.Cavid, Türkiyə həyatından götürülmüş "Afət" faciəsində bu mövzuya bir daha qayıdır və Afət, Altunsaç və Alagöz obrazlarında, Türkiyədə, xüsusilə İstanbulun zadəgan çevrələrində, mədəniliyin və yeniliyin təzahürü sayılan Qərb əxlaqının, ailə münasibətlərində "azadlığın" yalnız kişilərə deyil, qadınlara da məhvedici təsirini göstərir. Bu "əxlaqın" təsirinə məruz qalmış kişi və qadınlar, şairə görə, eyni xəstəliyə tutulmuşlar. Bu xəstəlik yüksək insani hissləri, sevgi və məhəbbəti, arzu və istəkləri məhv edən, ailə faciələrinə, qadınların rəzalət və fəlakətinə səbəb olan "mədənilik" və "yenilik" adlanan xəstəlikdir. Cavidə görə, əsl mədəniyyətin və yeniliyin bu, "Qərb əxlaqının" təbliğ etdiyi "yenilik" və "mədənilik"lə heç bir əlaqəsi yoxdur. Şair, Qərb əxlaqını əsl yeniliyin yalnız eybəcər və zəhərli imitasiyası sayır və onu rədd edir.

Yaratdığı qadın obrazları vasitəsilə Cavid özünün yüksək əxlaqi ideyalarını ifadə edir. "Afət" dramındakı Alagöz, Cavidin təsəvvür etdiyi, təmir sevgi, sədaqət, səmimi və harmonik ailə münasibətləri arzusunda olan ideal qadın obrazıdır. Alagöz təvazökar, ağıllı, namuslu, cəmiyyətə və millətə xidmət etmək arzusu ilə yaşayan, kiçik hiss və maraqlardan uzaq, dostlarına, sevgilisinə, valideynlərinə həssaslıqla yanaşan, nəcib bir qadındır. Cavid öz qadın idealını yalnız zadəgan ailələrdə deyil, həm də yoxsul ailələrdə axtarır. Onun yaratdığı müsbət qadın obrazları içərisində, yoxsul ailələrdən çıxan, lakin namuslu zəhməti ilə yaşayan, çox vaxt qibtə ediləcək mətanət və cəsarət göstərən qadınlar çoxluq təşkil edir ("Ana" pyesində Səlma, "Maral"da Nazlı və Səltənət və başqaları).

H.Cavidin sentimental-romantik ruhda təsvir etdiyi qadınlar da bir çox nəcib insani keyfiyyətlərə malikdirlər ("Şeyx Sənan" dramında Zəhra və Xumar obrazları).

Sovet dövründə yaratdığı əsərlərdə də Cavid qadın azadlığı məsələsinə toxunur və bir sıra yeni tipli qadın obrazları yaradır. "Səlmanın səsi" şeirində Səlma, "Şəhla" pyesində Şəhla, artıq azadlıq əldə etmiş, insanların hörmət və rəğbətini qazanmış, yeni cəmiyyətin qurulmasına və möhkəmlənməsinə xidmət edən qadınlardır.

Lakin Cavid bu dövrdə yazdığı əsərlərdə çox mühüm bir məsələyə diqqət yetirir və cəmiyyətdə hələ əsl azadlıqdan məhrum olan qadınların mövcud olduğunu göstərir. "Azər" poemasında şair, çadralarını atsalar da, fikir və mənəviyyatca yeni həyatdan kənarda qalmış, yeniliyi modaya uymaqda görən, meşşanlıq bataqlığına qərq olmuş qadınlardan söhbət açır.

Azərbaycan qadınının çadradan xilas olmasını böyük tarixi hadisə kimi dəyərləndirən Cavid onun hələ tam azadlığa çatmadığını bildirir və bu azadlıq yolunda böyük bir maneənin - "mənəvi çadranın" mövcud olduğunu qeyd edir. Cavid yazır:

 

"İnqilab, iştə, atıb çarşafı siz

O siyah pərdəyi rədd eylədiniz

Qeyd edirkən bunu tarix ancaq

Bir fəzilət deyə alqışlayacaq

 

Sizi aldatmasın amma bu qürur

Çarşaf atmaqla bitər sanma qüsur,

Çox beyinlər yenə həp pərdəlidir

mənəvi pərdəyi dəf etməlidir

 

Şair haqlı olaraq qadın azadlığının və ümumiyyətlə əsl azadlığın, hər şeydən əvvəl, beyinlərdə, düşüncələrdə, şüurlarda qələbə çalmasının zəruriliyini vurğulayır və Azərbaycan qadınlarının azadlığın bu yüksək zirvəsini fəth etməsini arzu edirdi.

 

 

Elmira ZAMANOVA,

fəlsəfə elmləri doktoru

 

Elm.- 2012.- 30 oktyabr.- S.9.