"BİZ
BİR QATAR TUTİYİ-ŞİRİNSÜXƏNLƏRİK..."
Hörmətli
Şirindil müəllim!
60
illik yubileyiniz münasibətilə "Elm" qəzetinin
baş redaktoru və qəzetin yaradıcı kollektivi Sizi
ürəkdən təbrik edir, Sizə uzun ömür, can
sağlığı, işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayır.
Bizim
bu şablon təbrikimizin arxasınca aşağıda
AMEA-nın müxbir üzvü T.Kərimlinin səmimi və
xoş ovqatlı yazısını təqdim edirik.
* * *
Uşaq
olanda elə bilirdik ki, 60 yaş insan ömrünün ən
qoca çağlarındandır və bu yaş həddini
keçib 70-ə, 80-ə varanlara mifik bir varlıq kimi
baxırdıq. 90-ı ki, daha demirəm... Bəzən də
böyük Sabiri qınayırdıq ki, 60 yaşlı
kişi də "madam" eşqi ilə durub Ərdəbildən
Bakıya gələrmi? Ancaq Sabirin də alibisi var idi və qəhrəmanının
dili ilə: "lakin düzəlmir halətim!" deyə fəryad
edirdi. Nə isə, sözüm bunda deyil. Sözüm
ondadır ki, Kainatın böyük yarımkeçiricisi olan
Əlahəzrət Zaman amansızlıqla keçib getdi və
bizim nəsil də gəlib 60 yaşına çatdı.
İlk
öncə, nəslimizin hələlik yeganə akademiki, Azərbaycan
ədəbiyyatının görkəmli
araşdırıcısı və təbliğatçısı,
görkəmli ictimai xadim, millət vəkili, Şərqin
qapısında əzəmətlə ucalan elm və təhsil
ocağı Naxçıvan Dövlət Universitetinin rektoru
İsa Həbibbəyli 60 yaşlı gəncin etalonunu əyani
şəkildə hər kəsə nişan verdi.
Onun
ardınca, 59-u aşıracağına bir dürlü
ümid bəsləməyən, hələ 30-larında bəmbəyaz
saçı ilə öyünən Məşədi Rəhim
Əliyev xudmani bir yubileyciklə öz 60 sevincini dostları ilə
bölüşdürdü. "Çal qılıncın,
ağam Qazan, yetdim! - dedi."
Əlbəttə,
heç ola bilməzdi ki, həmin məclisdə görkəmli
Azərbaycan şairi, bizim böyük dostumuz, cənnətlik
Hüseyn Kürdoğlunun dostluq şarjı səslənməsin:
Şəkərim Məşdi Rəhim,
sən nə xəyal eyləmisən?
Bu cavan yaşda nöşün
başuvu çal eyləmisən?
Eeh, gidi
dünya! Kimləri itirdik, kimləri tapdıq...
Məşədi
Rəhimin ardınca 60-a möhtəşəm bir pəncə
vuran görkəmli dilçi-alim və yazıçı,
istedadlı elm və təhsil təşkilatçısı,
Nobel mükafatına ilk namizədimiz Kamal Abdulla oldu.
"Çal qılıcın, ağam Qazan, yetdim! - dedi."
Zaman isə
bir an belə geriyə boylanmadan irəliləyirdi. Əslində,
zamanın boynu dönmürdü; yoxsa bir nəfəsini dərər,
özündən sonra nələr qoyub getdiyinin fərqinə
varardı... İş o yerə gəlib çatdı ki, hətta
zamanın sevimli adaşı, XIX-XX yüzilliklər Azərbaycan
ədəbiyyatının görkəmli tədqiqatçısı
Zaman Əsgərli də 60 yaşın müdrikliyi zirvəsindən
həmişəki qaşqabaqlı çöhrəsi ilə
sərt-sərt bizə boylandı.
Hətta Dəli
Domrulun nəvəsi, Əzrayılla pəncə-pəncəyə
vurub, Mərkəzi Klinikanın Bayburd hasarından
pırlamış, elmlər doktoru diplomunu elə havadaca qamarlamış
Vaqif Yusifli də zəif səslə: "Çal
qılıcın, ağam Qazan, yetdim! - dedi."
İgidlər
bir-bir yetdikcə Qazanın da ürəyindən bir yubiley
havası keçdi. Əlbəttə, zəkavətli oxucu əlbəəl
saatda anladı ki, "Qazan" adı burada şərtidir və
bu adın altında bizim müasirlərimizdən kimsə gizlənir.
Biz indi o mübhəmlik pərdəsini götürüb
hamıya elan edirik ki, bəli, düz tapmısınız:
bizim şirin sözlü tutilərin qatarındakı bu nəsildaşımız
- 42 illik dostumuz professor Şirindil Alışanlıdır.
42 il dedim, xəyal
məni 1970-ci ilin ilıq sentyabr günlərinə apardı.
Universitetin filologiya fakültəsinə təzəcə daxil
olmuşduq. Onda mən Xutorda bacımgildə, Şirindil isə
mikrorayonda qardaşıgildə (cənnətlik Hüseyn
Kürdoğlu) qalırdı. Hər ikimiz dərsə 110
nömrəli avtobusla gedib-gəlirdik. LAZ markalı
avtobusların lap arxa oturacağında yer tapanda (qabaq
oturacaqlar qocaların və qadınların inhisarında idi) mən
özümü savadlı göstərmək
üçün rusca kitablar oxuyurdum. Bir dəfə necə
oldusa, Şirindillə yanaşı oturduq. Mən
çantamdan rus dilində "Kürd xalq
nağılları" kitabını çıxararaq, dərin
mütaliəyə daldım. Sən demə, hərif yol boyu məni
müşahidə edirmiş. Son dayanacağa az qalmış mən
kitabı qatlamaq istəyirdim ki, birdən Şirindil məndən
soruşdu: "Rusca bilirsən?" Mən müdrik bir
görkəm alıb, azacıq istehza çaları ilə:
"Bilməsəm, oxumaram ki!" dedim və dostluğumuz belə
başlandı.
O dostluq, bu dostluq...
Onu da deyim ki,
çoxumuza nisbətən Şirindil elə birinci semestrdən
dərslərinə çox ciddi yanaşırdı. Elə
buna görə də müəllimlərin sevimlisinə
çevrilmişdi. Xüsusən, Mir Cəlal müəllimin
quşu qonmuşdu ona və bütün tələbələrə
örnək göstərməkdən yorulmurdu. Hamımız
elə bilirdik ki, Şirindilin artıq gələcək
üçün heç bir problemi yoxdur və o, heç
şübhəsiz ki, Universiteti bitirən kimi orada müəllim
saxlanacaq.
Düzdür,
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin
məzunu Şirindil Alışanov müəllim oldu, ancaq biz
düşündüyümüz kimi, Universitetdə deyil,
Laçın rayonunun Quşçu kəndində və orada
da cəmisi üç ya dörd ay duruş gətirə
bildi.
Ataların
gözəl bir sözü var: "nəhəng dəryada
olar." Şirindili də gələcəyin nəhəngi
kimi elm və ədəbiyyat dəryası özünə
çəkirdi və bu cazibə o qədər güclü
oldu ki, onunla birgə Laçın rayon maarif şöbəsinin
müdiri rəhmətlik Bəylərovu da köklü-köməcli
vəzifəsindən qopardı...
O zaman mən
də "təyinat" adlı təhkimçilik qanununun tələbi
üzrə Kəlbəcərdə müəllimlik edirdim və
əlbəttə ki, rayon maarif şöbəsinin müdiri,
üzərimdə böyük haqqı olan gözəl
şair və alim, cənnətlik Şamil Əsgərovu vəzifəsindən
çıxarmaq fikrim yox idi. Bu babətdən də, kəndimizin
qarıları demişkən, "balaqayıs" olan iki
ilimi namus və vicdanla başa vurub, aspirantura şansından
yararlanmaq üçün Bakıya gəldim və onu da deyim
ki, o vaxt Nizami adına Ədəbiyyat İnstitutunun kiçik
elmi işçisi olan Şirindil Alışanovdan başqa
Bakıda mənim qabağıma düşüb yol göstərəcək
başqa bir əhəd yox idi və Allah eləməmiş, o
da bu işdə azacıq kahıllıq göstərsəydi,
mən Kəlbəcərə qayıdıb, "Pompeyin son
günü"nədək elə oradaca qal oğlu qal
olacaqdım...
Məsləhətinə
şükür!
Universitetin filologiya
fakültəsində oxuyanlar bilir ki, yanılmıramsa,
üçüncü kursda ixtisas seçimi baş verir və
ədəbiyyatçılarla dilçilər
sünnü-şiə kimi bir-birindən ayrılıb,
sonralar əbədi düşmən olurlar.
Başqa bir
qatar tutiyi-şirinsüxənlərdən olan eyni kursda oxuyan
Allah canını sağ eləmiş ustadımız Tofiq
Hacıyevlə cənnətlik Yaşar Qarayev də məhz gələcəkdə
bir-birinə rəqib olmamaq üçün biri dil, o biri ədəbiyyat
ixtisasını seçmişdi. Və paralel olaraq hərəsi
öz sahəsində elmin ən yüksək zirvələrinə
çatmışdı. Əslində bəlkə mən də
şüuraltı olaraq, Şirindil Alışanov və Vilayət
Quliyevlə rəqib olmamaq üçün dil
ixtisasını seçdim, hətta ustadımız, akademik
Ağamusa Axundovun elmi rəhbərliyi altında "Dünya
dillərində infinitiv" mövzusunda orijinal bir diplom
işi də yazıb, necə deyərlər, uğurla
müdafiə etdim. Ancaq deyir, sən saydığını
say...
Qismət elə
gətirdi ki, aspitanturaya imtahan verərkən dostum Vilayətlə
rəqib olası oldum və ikimiz də imtahanların
hamısından əla qiymətlər aldıq. Bəs nə
etməli? Yalnız bir yer var və Ədəbiyyat
İnstitutunun direktoru cənnətlik Mirzağa Quluzadə fars
dilini bildiyimə görə həmin yeri mənə verərək,
altı aydan sonra da Vilayəti imtahansız aspiranturaya
götürdü. Əlbəttə, dərin zəka və
böyük istedad sahibi Vilayət Quliyev həm namizədlik, həm
də doktorluq dissertasiyalarını məndən xeyli qabaq
müdafiə edib, ictimai və diplomatik fəaliyyət sahəsinə
keçdi və indi də bu çətin sahədə
uğurla çalışmaqdadır, ancaq məsələ
bunda deyil. Axı biz bu yazımızda Şirindil
Alışanlı "tutiyi-şirinsüxənimizdən"
bəhs açırıq.
Hə, onu
deyirdim axı. Onu deyirdim ki, hələ tələbəlikdən
Şirindil dərsə qarşı ciddiliyi ilə bizdən fərqlənirdi.
Onu bəzilərimizdən fərqləndirən bir cəhət
də var idi: xeyirxahlığı və səxavəti. Biz kənd
uşaqları gözümüzü 35 manatlıq təqaüdə
və valideynimizin boğazından kəsərək göndərdiyi
5-3 manata dikir, əlimizə para keçən kimi də qəddarcasına
param-para eləyirdik, yəni xərcləyirdik (zira, biz Sovet gənclərini
pula nifrət ruhunda böyüdürdülər; nifrət
etdiyin şeydən isə gərək canını tez
qurtarasan!).
Və pullarımızı
dəlicəsinə havaya sovurub quru yerdə qalanda
dadımıza yenə də Şirindilin məşhur
"üçlükləri" çatırdı. Cənnətlik
Hüseyn Kürdoğlu Allahın var günü Şirindilin
cibinə bir "üçlük" qoyurdu və o da həmin
canqutaranı qardaş malı kimi bizimlə
bölüşürdü...
Onu da deyim ki,
zaman keçdikcə Şirindilin bu xeyirxahlığı və
səxavəti yüksələn xətlə bizim günlərimizə
qədər gəlib çatıb.
İndiyə
qədər yazdıqlarımızı filologiya üzrə
elmlər doktoru, professor Şirindil Alışanlının
elmi yaradıcılığının təhlilinə
preambula sayanlar o qədər də umutdu olmasınlar. Əlbəttə,
bir nəzəriyyəçi və tənqidçi kimi
Şirindilin alimliyinə söz yoxdur. Ancaq Alla
Puqaçovanın məşhur mahnısında deyildiyi kimi,
söhbət başqa şeydən yox, məhəbbətdən
gedir.
Mən
Şirindil məhəbbətinin müxtəlif ipostaslarının
şahidi olmuşam. Qardaş məhəbbətinin
gücü ilə Məcnun kimi biyabanlara düşüb
dünyanın o başına getdiyini görmüşəm.
Sonbeşik olmasına rəğmən, bu məhəbbətin
diktəsi ilə bütün ocağa ağsaqqallıq
etdiyini, təəssüb çəkdiyini müşahidə
etmişəm.
Yurd sevgisi,
yurd dərdi ilə qanlı göz yaşlarını səssiz-səmirsiz
içinə axıtdığının şahidi
olmuşam.
Hər kəs
ailəsini, övladlarını sevir; bu, təbiidir. Ancaq
Şirindilin övlad sevgisi bir ayrı işdir. Desəm ki,
taleyin istehzası ilə dostlar arasında daha çox
"acıdil" kimi tanınan Şirindil dostumuz
övladlarına sonsuz sevgisini də çox vaxt
dava-dalaşla, çığır-bağırla, bəzən
hətta kobudluqla izhar edir, yəqin ki, o qədər
şişirtməyə yol vermərəm. Bu da elani-eşqin
Şirindil üslubudur və bu üsluba həm dostlar, həm
də qohumlar artıq adət ediblər.
Bir də
Şirindilin içində bir insan sevgisi var ki, çox vaxt
onu da Mirzəcəlilsayağı, Sabirsayağı ironiya ilə,
puzxəndlə bildirməyi sevir; elə övladlarına olan
məhəbbəti kimi...
Hə, bu da
60, əziz dost! Adətən, 60 bahar, 60 qış deyirlər.
Ancaq nə yazıq ki, sənin ömründə
qışın sayı baharın sayından çox olub. Bu
60 ilin əzabı sevincini üstələyib. Neynək, qoy
qarşıdan gələn onilliklər çərxi-fələyin
bu səhvini düzəltsin, pozulmuş dəngəni kompensə
eləsin. Gələn yubileylərində sevincin kədərini
üstələsin.
Bunu da bir dost
alqışı kimi qəbul et!
Bir
alqışım da var; düzdür, birbaşa sənə
ünvanlanmayıb. Hələ böyük şairimiz, gözəl
insan, vətəndust ziyalı Hüseyn Kürdoğlunun
sağlığında yazılıb, ürəyində vətən
eşqi coşan bütün laçınlılara həsr
edilib. Ancaq Şirindili Hüseyndən kim ayırır ki!
Sözümü də həmin alqış-qəzəllə
bitirirəm:
Yenə dağ başına qartal
çıxar
Allah qoysa,
Düşmənin növrağını
Haq yıxar Allah qoysa.
Ağlamaz tapdağı altında o
murdar yağının,
Çeşmələr doğma çəməndə
axar Allah qoysa.
Alp ərən əl suyunu
göstərəcək! Düşmənimin
Təpəsindən çıxacaqdır
buxar,
Allah qoysa!
Neçə vaxtdır çeviribdir
üzünü bizlərdən -
Tanrımız biz tərəfə bir
baxar,
Allah qoysa.
Bir zaman düşmənimiz
dünyada sərgərdan idi,
Yenə çöllərdə qalıb
vurnuxar,
Allah qoysa.
Diz çöküb qarşımıza,
yüz kərə üzr istəyəcək,
Olacaq it kimi peşman və xar,
Allah qoysa!
Yenə Kürdoğlu gəzər yazda
Laçın dağlarını,
Döşünə dəstə bənövşə
taxar,
Allah qoysa!
Kürdoğlunun
qərib ruhu hər yaz Laçın dağlarını gəzir.
Döşünə dəstə bənövşə taxmaq
arzusunu isə qoy ən qısa bir zamanda 60 yaşlı gənc
dostumuz Şirindil Alışanlı gerçəkləşdirsin!
Amin deyən
dillər lal olmasın, inşallah!
Teymur KƏRİMLİ
Elm.- 2012.- 30 oktyabr.- S.8.