KEŞİKÇİDAĞDA
ARXEOLOJİ ARAŞDIRMALAR
Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağstafa
rayonu ərazisindəki abidələri tədqiq edən
ekspedisiyası tərəfindən 2008-ci ildə
"Keşikçidağ" Dövlət tarix-mədəniyyət
qoruğunda arxeoloji qazıntı işləri
aparılmışdır.
Qoruq
Ceyrançöldə, Gürcüstan sərhədinə
yaxın ərazidə, dağların cənub və cənub-şərq
tərəfdəki qum daşından ibarət
sıldırımlarında orta əsrlər dövründə
qazılmış mağaralardan ibarət monastr kompleksidir.
Qoruğa daxil olan mağaralardan ibarət sahələrdən
birində (şəkil 1) qoruq əməkdaşları tərəfindən
aparılan təmizlik-abadlaşdırma işləri zamanı
19 №-li mağarada (şəkil 2) 3 ədəd qəbir
aşkar edilmişdir (şəkil 3). Mağaranın içərisi
demək olar ki, kvadrat formalıdır: 5,5 m x 5,1 m. Döşəmədən
tavana qədər maksimal hündürlük 3,2 m-dir. Tavanı
gümbəzşəkillidir, uzunmüddətli hisdən tam
qaralmışdır. Düzbucaqlı formalı girişin eni
1,37 m, hündürlüyü 2,3 m-dir.
Qeyd edilən
hər üç qəbirdə arxeoloji qazıntı işləri
aparılmışdır.
Qəbirlər
mağaranın şimal və qərb hissələrini əhatə
edir. Onlar qum daşından ibarət döşəmədə
səliqə ilə qazılmışdır. Qəbirlərin
ağız - yuxarı hissəsi kənarlara doğru pilləşəkilli
qaydada genişləndirilmişdir. Bunda məqsəd iri sal
daşları aşağı pillədən qoymaqla qəbirlərin
ağzının mağaranın döşəməsinin səthi
ilə eyni səviyyədə bağlanması idi. Qəbir
kameralarının hamısı şimal-qərb, cənub-şərq
istiqamətlidir.
İki qəbirdə
- 1 və 2 №-li qəbirlərdə insanlar dəfn
edilmişdir. Qəbirlərdən sərdabə kimi (sərdabə
- bir neçə və daha artıq sayda insanların dəfn
edildiyi qəbir) istifadə edilmişdir. 3 №-li qəbir
kamerasının içərisi çöl
quşlarının peyini və az miqdarda doldurulmuş
narın torpaqdan təmizləndi. Onun içərisinin tamamilə
boş olduğu və burada dəfnin icra edilmədiyi müəyyən
olundu. 3 №-li qəbirlə yanaşı, giriş qapısına
yaxın yerdə daha bir qəbirin 6-7 sm dərinlikdə və
10 sm enində kanal vasitəsi ilə konturları
qazılmışdır. Lakin burada qəbir kamerasının
qazılması işi sona
çatdırılmamışdır. Görünür, 19
№-li mağara monastr məqsədi ilə deyil, məhz xristian
müqəddəslərin dəfni üçün istifadə
edilmişdir. Qoruq kompleksinə daxil olan digər səhələrdəki
mağaraların bəzilərində də qəbirlərin
aşkar ediləcəyi istisna deyildir.
Qəbirlər
qazılma ardıcıllığı üzrə şərti
olaraq nömrələnmişdir.
1 №-li qəbir
(şəkil 4) giriş qapısı ilə üzbəüz
divarla yanaşı aşkar edilmişdir. Qəbir
kamerasının bir tərəfi digər tərəfindən
ensizdir.
Qəbir
kamerası narın torpaqdan təmizlənərkən onun
döşəməsində 3 insana məxsus skeletlər
aşkar edilmişdir. Sümüklər
qarışmış və onların nizamı pozulmuşdur.
Kəllə sümükləri biri-birinə yanaşı
şəkildə qəbir kamerasının şimal-qərb
hissəsində aşkar edilmişdir. Burada insanlar
ayrı-ayrı vaxtlarda dəfn edilmişdir. Növbəti
ölən insanın meyiti qəbirə qoyularkən əvvəlki
meyitə məxsus sümüklər qəbir
kamerasının divarlarına doğru kənarlaşdırılmışdır.
Bu səbəbdən də qəbirlərdəki sümüklər
qarışmış və onların nizamı pozulmuşdur.
Sümüklər torpaqdan təmizləndikdən sonra qəbir
kamerasının üstü sal daşlarla qapadıldı.
2 №-li qəbir
birincidən şimal-qərbdə olmaqla mağaranın
şimal küncünü əhatə etmişdir. Qəbirin
içərisi quş peyini qarışıq narın torpaqla
dolmuşdur. Kameranın döşəməsində biri-birinə
qarışmış iki insana məxsus sümüklərin
olduğu müəyyən edildi. Kəllə sümükləri
qəbirin şimal-qərb hissəsində yanaşı vəziyyətdə
aşkar edilmişdir. Kəllə sümükləri
parçalandığından onların ölçülərinin
götürülməsi mümkün olmadı. Sümüklərin
üstü torpaqla örtüldü.
3 №-li qəbir
2 №-li qəbirlə yanaşı qazılmışdır. Qəbirin
içərisi tam təmizləndi və orada hər hansı bir
dəfnin icra edilmədiyi müəyyən olundu.
Qəbirlər
son orta əsrlər dövrünə aiddir. Onların dəqiq
yaşı barədə konkret fikir söyləmək
çətindir. Qəbirlərin heç birində
arxeoloji materiallar aşkar edilməmişdir. Yalnız radiokarbon
analizdən sonra qəbirlərin dəqiq yaşını müəyyən
etmək mümkündür.
Yuxarıda
qeyd edildiyi kimi, 1 №-li qəbirdə yaxşı saxlanmış 3 ədəd
kəllə sümüyü aşkar edilmişdir. Yalnız bu kəllələrin
ölçülərini
götürmək
və onların antropoloji tipini müəyyən etmək
mümkün olmuşdur.
1 №-li kəllə
braxikrandır
(braxikran
- girdəbaş). Sifəti yuxarıdan
aşağı batıq və enlidir. Dik və orta ölçülü
eni olan buruna malikdir. Başın
arxa hissəsi yastıdır. Göz
çuxurları hündür və enlidir. Yevropoid mənşəli
olub Kafkasion və Ön Asiya
antropoloji tiplərinin metis qarışığını özündə
əks etdirən İberiya antropoloji tipinə aiddir. Bu
antropoloji tip şərqi Gürcüstanın gürcü əhalisi
üçün səciyyəvidir. İberiya
antropoloji tipini ilk dəfə gürcü antropoloqu M.Q.Abduşelişvili
XX əsrin 60-cı illərində müəyyən
etmişdir (Abduşelişvili, 1964).
2 №-li kəllə
braxikrandır.
Sifəti enli və yastıdır. Burnu orta
hündürlükdə və orta endədir. Göz çuxurları
çox da hündür olmayıb enlidir.
Yevropoid mənşəli olub
Kafkasion və Kaspi tiplərinin metis
qarışığını özündə
əks etdirir. Bu tipə Böyük
Qafqazın həm gürcü, həm də azərbaycanlı
əhalisi arasında rast gəlinir.
Belə antropoloji tip Gəncə - Qazax
zonasının azərbaycanlı əhalisi arasında geniş təmsil
olunmuşdur (Kasimova, 1975). Eyni zamanda analoji antropoloji tip Mingəçevirin
VII-IX əsrlərə aid xristian qəbirlərindən
məlumdur (Kasimova, 1960).
3 №-li kəllə
dolixokrandır (dolixokran - uzunbaş).
Sifəti orta hündürlükdə və orta endədir. Burnu
nazik və orta hündürlükdədir. Göz
çuxurları orta hündürlükdə olub
çox da enli deyildir. Yevropoid mənşəli Kaspi tipinə
aiddir. Bu tip azərbaycanlılara
aid olub, Azərbaycan ərazisində
mezolit dövründən bu
günə qədər bütün tarixi mərhələlərdə
rast gəlinir (Kasimova, 1984).
"Keşikçidağ"dan
aşkar edilmiş bu insan kəllə sümüklərinin ölçü
göstəriciləri
aşağıdakı cədvəldə verilmişdir:
"Keşikçidağ"
qoruğunun yerləşdiyi sahə Azərbaycanın
qədim dövlətlərindən olan Qafqaz Albaniyasının
ərazisinə daxil olmuşdur. Buradakı
mağara monastır kompleksi də məhz Albaniyanın
xristianlıq dövrü abidələridir. Xristianlıq dövründə
qayalarda belə süni mağaraların düzəldilməsi
Cənubi Qafqazın bir
sıra bölgələri üçün səciyyəvidir.
Belə
mağaralara Keşikçidağdan əlavə, Qazax rayonunda
və Şəki - Zaqatala bölgəsində rast gəlinir.
Tariximizin bütün
dövrlərinə
aid abidələri, o cümlədən
xristianlıq dövrü abidələrin yüksək səviyyədə
mühafizə və tədqiq edilməsi olduqca zəruridir.
İslam
dininin Cənubi Qafqazda yayılması ilə əlaqədar
olaraq Gürcüstanla həmsərhəd bölgədə
yaşayan alban əhalisinin kiçik bir qismi
gürcü xristianlığının təsir dairəsində
qalmış və tədricən assimilyasiyaya
uğramışdır. Həmin ərazilərdəki alban məbədləri
də gürcü dindarlarının istifadəsinə
keçmişdir. Keşikçidağdakı mağara -
monastırlarda gürcü xristianlığı mövzusunda
sonrakı dövrlərdə freskaların çəkilməsi
də məhz bu hadisələrlə bağlıdır.
"Keşikçidağ" qoruğundakı 1 №-li qəbirdə
həm gürcü, həm də azərbaycanlılara
məxsus kəllələrin aşkar edilməsi də məhz
bununla bağlı
ola bilər. Buradakı
2 və 3 №-li kəllələr orta əsrlərdə
assimilyasiyaya uğramış albanlara
aiddir.
"Keşikçidağ"
Dövlət
tarix-mədəniyyət qoruğunun əməkdaşlarının
qoruğa yaxın ərazidə qədim qəbirlərin
mövcudluğu
barədə
verdikləri məlumatı yerindəcə yoxlamaq
üçün 2011-ci il iyun ayında həmin əraziyə
arxeoloji ekspedisiya göndərilmişdir. Ərazi şimaldan
"Keşikçidağ" qoruğunun sərhədləri,
cənubdan "Karvan dərəsi" deyilən dərə
ilə hüdudlanır. Sahə əsasən düzənlikdən
ibarətdir.
Ərazidən otlaq sahəsi kimi istifadə edilir. Bura baxış
zamanı qoruq əməkdaşlarının verdikləri məlumat
öz təsdiqini
tapmışdır. Yəni bu ərazidə
doğrudan da, qədim qəbirlərin
olduğu müəyyən edilmişdir. Buradakı
qəbirlər bir
neçə hektar ərazini əhatə edən kurqanlardan ibarətdir.
Burada
onlarla kurqan tipli qəbirlərin olduğu müəyyənləşdirildi.
Sahədə heyvandarlıqla əlaqədar olaraq süni göllərin
yaradılması zamanı qədim qəbir abidələri
dağıntıya məruz qalmışdır.
Kurqanların
örtüyünün
diametri bəzən 10-12 m-ə
yaxınlaşır. Kurqan örtükləri çay daşlarından ibarətdir.
Bu
kurqanların aid olduğu dövrü müəyyən etmək
üçün onlardan birində qazıntı işləri
aparıldı. Kurqanın mərkəzində yerləşmiş
qəbir kamerasında heyvan sümükləri, 2
ədəd saxsı qab və tısbağa
qını aşkar edildi. Son tunc - erkən dəmir dövrünə
aid qəbirdə tısbağa
qınının aşkar edilməsi Mingəçevir
qazıntılarından məlumdur (Aslanov, Vaidov, İone,
1959). Qəbirdə insan skeletinə rast gəlinmədi.
Azərbaycanın qərb bölgəsində
yayılmış Xocalı - Gədəbəy mədəniyyətinə
aid qəbir abidələrinin bəzilərində
insan skeleti aşkar edilməmişdir. Yaylaq - qışlaq
maldarlığı ilə məşğul olan qədim
tayfaların dəfn adətlərində xatirat qəbirləri
geniş yayılmışdır (Kesamanlı, 1999; Müseyibli, 2004;
Müseyibli 2010). Bu tip xatirat qəbirlərindən
biri də
məhz hazırkı qazdığımız kurqandır.
Aşkar edilmiş keramika məmulatı əsasında bu
kurqanı Son Tunc - Erkən Dəmir dövrünə
- e.ə. II minilliyin sonlarına aid etmək olar.
Qəbirdə
aşkar edilmiş qabların hər ikisi qara cilalıdır.
Onlardan biri dar boğazlı, küpə tiplidir (şəkil
5). Qabın bütün səthi cila üsulu ilə
çəkilmiş naxışlarla örtülmüşdür.
Boğazdan
oturacağa qədər düz xətlər, Basma nöqtələr,
çəpinə xətlər, dalğalı xətlər, səliqəsiz
çəkilmiş üfüqi xətlər və yenə də
oturacağa doğru çəkilmiş düz xətlər biri digərini
əvəz etmişdir. Bütün bu naxış komponentlərini
biri-birindən
dörd ədəd
üfüqi çəkilmiş zolaqlar ayırır. Qabın
üstdən görünüşü Günəş təsvirini
xatırladır. Burada ilin fəsillərinin biri-birini əvəz
etməsi səhnəsinin rəmzi təsvir edildiyini də
ehtimal etmək mümkündür.
İkinci qab bardaq
tiplidir (şəkil 6). Dar boğazlı olub,
ağız kənarını çiyinlə birləşdirən
qulpa malikdir. Qabın gövdəsində və oturacağa yaxın
yerdə deşiklər açılmışdır. Belə hallara
bəhs
edilən dövrün qəbir abidələrində
dəfələrlə rast gəlinmişdir. Qabın
altı dabanlı oturaca malikdir ki, bu da
Xocalı - Gədəbəy mədəniyyəti keramikası
üçün az təsadüf edilən qablardandır.
Bu qabın
da bütün səthi cila üsulu ilə
naxışlanmışdır. Qabın
üstündə yuxarıdan aşağıya şaquli
zolaqlar, üç paralel üfüqi xətlər, torşəkilli
təsvir, zəif cilalı sahə və ondan oturacağa
doğru düz, uzun xətlər ardıcıllıqla çəkilmişdir.
Hər iki qabın
Xocalı - Gədəbəy mədəniyyəti abidələrində
çoxsaylı analoqları məlumdur.
Haqqında bəhs
edilən bu kurqanlar Son Tunc - Erkən Dəmir dövrünün
maldar əhalisinə aiddir. Bu abidələrdən indi olduğu kimi,
üç min il əvvəl də Ceyrançöl ərazisinin
heyvandarları tərəfindən qış otlaq sahələri
kimi istifadə edildiyini göstərir.
Böyük Kəsik qəsəbəsindən
təqribən 5 km şərqdə daha bir
neçə kurqan aşkar edildi. Bunların
Keşikçidağ yaxınlığındakı
kurqanlardan fərqi ondan ibarətdir ki, onların örtükləri
hündür olub (2 m-ə qədər), daha iri həcmlidirlər.
Yalnız arxeoloji qazıntılardan sonra bu kurqanların
tunc dövrünün hansı mərhələsinə
aid olduğunu qəti söyləmək mümkündür.
Aparılan çöl - tədqiqat
işləri göstərir ki,
"Keşikçidağ" qoruğu və ətraf ərazilərdə
müxtəlif dövrlərə aid çoxsaylı tarixi,
arxeoloji abidələr vardır və onların
araşdırılması ərazinin qədim tarixinin
araşdırılması baxımından olduqca əhəmiyyətlidir.
ƏDƏBİYYAT:
1.N.Müseyibli. Zəyəmçay
nekropolunda arxeoloji qazıntılar // "Azərbaycan
arxeologiyası və etnoqrafiyası" jurnalı. Bakı,
2004, №2
2.N.Müseyibli. Zəyəmçay
nekropolunun qəbir tipləri // "Azərbaycan
arxeologiyası" jurnalı. Bakı, 2009, №2
3.Абдушелишвили
М.Г. Антропология древнего и современного населения Грузии. Тб.: 1964
4.Касимова
Р.М. Антропологические исследования черепов из Мингечаура. Б.: АН Аз ССР, 1960
5.Касимова
Р.М. Антрополгическая исследования современного населения Азербайджанской ССР.
Б.: Элм, 1975
6.Касимов
Р.М. К этногенезу азербайджанского народа по данным антропологии // К проблеме
этногенеза азербайджанского народа. Б.: Элм, 1984
7.Кесаманлы
Г.П. Археологические памятники эпохи бронзы и раннего железа Дашкесанского
района. Баку, 1999.
Nəcəf
MÜSEYİBLİ,
t.ü.f.d.,
institutun
elmi işlər üzrə direktor
müavini,
Anar AĞALARZADƏ,
institutun бaş elmi işçisi,
Dmitri KİRİÇENKO
Elm.- 2012.- 30 oktyabr.- S.7.