Görkəmli tarixçi alim Əlövsət Quliyevin 90 illik yubileyi qeyd olundu

 

Oktyabrın 17-də Azərbaycan Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclas zalında görkəmli alim, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Əlövsət Nəcəfqulu oğlu Quliyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxış edərək görkəmli Azərbaycan alimiictimai xadim  Əlövsət Quliyevin anadan olmasının 90 illik yubileyinin qeyd olunduğunu vurğuladı. Azərbaycan milli tarix elminin fundamental əsaslarının yaradılması, milli tarixşünaslıq məktəbinin inkişafı həm də istedadlı elm təşkilatçısı, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Ə.Quliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Ə.Quliyevin uşaqlıq və yeniyetməlik illəri Salyan rayonunda keçmişdir. O hələ məktəbdə oxuyarkən tarix elminə böyük maraq göstərirdi. Ə.Quliyev 1939-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur və hələ tələbə ikən Bakı şəhərinin 172 saylı orta məktəbində tarix müəllimi kimi dərs deyir. Çox qısa bir müddət ərzində o, universitetin ən fəal tələbələrindən birinə çevrilir. Gələcəyin böyük alimi elmin sirlərini öyrənmək üçün daima çalışır, rus və digər dilləri mükəmməl öyrənməyə səy göstərir və buna nail olur. Ə.Quliyev 1948-ci ildə - 26 yaşında namizədlik, 1961-ci ildə isə Moskvada doktorluq dissertasiyası müdafiə etmişdir.

Akademik M.Kərimov bildirdi ki, məhz XX əsrin 50-60-cı illəri Ə.Quliyevin elmi və təşkilatçılıq fəaliyyətinin əsas mərhələsini təşkil edir. Belə ki, 1948-ci ildə ona respublika rəhbərliyi tərəfindən öz siyasielmi əhəmiyyətinə görə çox məsul bir - Azərbaycan tarixinin akademik nəşrinin yazıb çap olunması vəzifəsi tapşırılır. Onun gərgin əməyi və həyata keçirdiyi tədbirlər nəticəsində 1954-cü ildə rus dilində ikicildlik "Azərbaycan tarixi"nin maketi hazırlanaraq nəşr olunur. Ən qədim zamanlardan XX əsrin ortalarına qədər dövrü əhatə edən üçcildlik "Azərbaycan tarixi" xalqımızın ixtiyarına verildi. 1968-ci ildə Ə.Quliyev Azərbaycan EA-nın müxbir üzvü seçilir. Bu zaman o artıq tarix elmi sahəsində təkcə SSRİ-də deyil, həm də onun hüdudlarından xaricdə tanınmış məhşur bir alim idi. 80-ə qədər elmi əsərin müəllifi olan Ə.Quliyev Azərbaycan tarixinin ən aktual məsələləri ilə bağlı öz prinsipial mövqeyini bildirmişdir. Onun həmmüəllifi olduğu "XIX əsrdə - XX əsrin əvvəllərində Azərbaycan tarix elminin təşəkkülü və inkişafı", "Azərbaycan tarixşünaslığı", "Azərbaycan tarixi", "Qafqaz xalqları", "Cənubi Azərbaycanda milli azadlıq və demokratik hərəkat tarixindən (1941-1946-cı illər)", "Azərbaycan tarixi oçerki" əsərləri elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

Natiq vurğuladı ki, Ə.Quliyev öz zəhməti və istedadı sayəsində elmi fəaliyyət zirvələrini bir-birinin ardınca fəth etmişdir. O, 1952-1958-ci illərdə AMEA Tarix və Fəlsəfə İnstitutunun direktoru, 1967-1969-cu illərdə isə Elmlər Akademiyası Tarix İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Bu elmi-tədqiqat institutunun respublikada tarix elminin əsas mərkəzinə çevrilməsi, keçmiş Sovet İttifaqının ən güclü tədqiqat mərkəzlərindən biri kimi tanınması məhz Ə.Quliyevin adı ilə bağlıdır. Zəngin elmi potensiala malik olan Ə.Quliyev gənc kadrların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. Onun rəhbərliyi ilə təkcə Azərbaycanda deyil, həm də bir sıra xarici ölkələrdə namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur. Azərbaycan tarixçilərinin, arxeoloqlarının və etnoqraflarının bütöv bir dəstəsi onun yetirmələridir.

Yubiley tədbirində Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov, akademiklər Ziyad Səmədzadə, Teymur Bünyadov, AMEA-nın müxbir üzvü Vəli Əliyev, yazıçı-publisist Elmira Axundova, Salyan Ziyalılar Cəmiyyətinin sədri Qulam Sadıqov çıxış edərək görkəmli tarixçi alim Ə.Quliyevin həyatı, elmiictimai fəaliyyətindən, tarix elminə verdiyi töhfələrdən, qazandığı elmi nailiyyətlərdən, insani keyfiyyətlərindən və onunla bağlı olan xoş xatirələrindən danışdılar.

Tədbirin sonunda alimin oğlu, Milli Məclis Aparatının Ümumi şöbəsinin müdiri Təlatüm Quliyev çıxış edərək AMEA-nın rəhbərliyinə, çıxış edənlərə və iştirakçılara öz dərin minnətdarlığını bildirdi.

 

 

Güllü ƏNSƏRLİ

 

Elm.- 2012.- 30 oktyabr.- S.2.