Bakıda IV Beynəlxalq türk əl toxumaları

və ənənəvi sənətlər konqresi keçirilmişdir

 

Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində (MATM) bu qurumun, Türkiyənin Səlcuq Universiteti və L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə IV Beynəlxalq türk əl toxumaları (tekstil) və ənənəvi sənətlər konqresinin açılışı olmuşdur.

Konqresin açılış mərasimində Türkiyədən gəlmiş elm adamları, Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, KİV-lərin nümayəndələri iştirak etmişlər.

Tədbirdə türk mədəniyyətinin önəmli bir hissəsi olan Türkiyədən gətirilmiş el sənəti nümunələrinin və azərbaycanlı sənətçilərin milli sənət əsərlərinin nümayiş olunduğu sərgi təqdim edilmişdir.

Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı IV Beynəlxalq türk əl toxumaları və ənənəvi sənətlər konqresinin Bakıda keçirilməsindən məmnunluğunu bildirmişdir.

N.Vəlixanlı vurğulamışdır ki, artıq ənənə halını almış Beynəlxalq türk əl toxumaları və ənənəvi sənətlər konqresinin keçirilməsinin məqsədi türk sənətini bugünkü və gələcək nəsillərə çatdırmaq, sənət nümunələrimizi yaşatmaqdır.

Tədbirdə Səlcuq Universitetinin türk əl sənətləri araşdırma və uyğulama mərkəzinin rəhbəri Osman Kunduraci çıxış edərək konqresin təşkilinə göstərdiyi təşkilati dəstəyə görə Milli Azərbaycan Tarixi Muzeyinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin, Türkiyənin Səlcuq Universitetinin rəhbərliyinə minnətdarlığını bildirmiş, konqresin işinə uğurlar arzulamışdır.

Mərasimdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov konqresin Bakıda keçirilməsini yüksək qiymətləndirmiş, el sənəti nümunələri ilə bağlı fikir və mülahizələrini bölüşmüşdür.

A.Həşimov bildirmişdir ki, el sənətləri nümunələrinin nümayiş olunduğu sərginin materialları ilə tanışlıqdan sonra onun coğrafiyasının çox geniş olması qənaətinə gəlirik. Çox incə toxumaları olan nəcib el sənəti nümunələrini fizika elmində olan nanotexnologiyalarla müqayisə edə bilərik. Hər bir xalçada, hər bir texnologiyada bir kvadratsantimetrə düşən toxumaların, ilmələrin sayına görə onun keyfiyyətinə, tarixinə qiymət verilir. Bu isə nanotexnologiyada bir kvadratsantimetrdə neçə atomun, molekulun yerləşməsinə bərabər olan bir sənətdir. Bu incəsənəti tarix boyu yaşadıb bugünkü nəsillərə ötürən sənətkarların zəhməti böyükdür.

Bu gün bizim kimya sənayemiz elə səviyyədə inkişaf etmişdir ki, istənilən boyağı almaq mümkündür. Amma əl sənətində həmişə təbii boyaqlara üstünlük verilmişdir və gələcəkdə də belə olacaqdır. Çünki təbii boyaqlar neçə min illər özünü göstərmiş və sınaqdan çıxmış boyaqlardır.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev Azərbaycanda xalq tətbiqi sənətinin inkişafına göstərilən dövlət qayğısından danışmış, bu sahədə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən müvafiq dövlət proqramlarının həyata keçirilməsindən bəhs etmişdir.

F.Babayev bildirmişdir ki, xalq tətbiqi sənəti nümunələri arasında xalçaçılıq sənəti çox yüksək qiymətləndirilir. Bu qədim sənət türk xalqları arasında minilliklər boyu inkişaf etmişdir. Bu da türk xalqlarının yaşadığı coğrafi mühitlə, onların məşğuliyyəti ilə, iqlim şəraiti ilə bağlı olmuşdur.

Azərbaycan xalçaçılıq və xalq tətbiqi sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu isə o deməkdir ki, Azərbaycan xalçası yalnız bizim xalqımızın deyil, eyni zamanda, bütün bəşəriyyətin sərvətidir və hamı tərəfindən qorunmalıdır.

Səlcuq Universiteti türk əl sənətləri araşdırma və uyğulama mərkəzinin müəllimi Əhməd Aytaç IV konqresin Bakıda keçirilməsindən məmnunluğunu bildirmişbunun qardaş ölkələr üçün önəmli olduğunu qeyd etmişdir.

Sonra akademik Nailə Vəlixanlı mədəni əlaqələrimizin qurulmasındakı xidmətlərinə görə Milli Azərbaycan Tarixi Muzeyinin diplomlarını Osman Kunduraciyə və Əhməd Aytaca təqdim etmişdir.

Akademik Nailə Vəlixanlı Türkiyənin Səlcuq Universiteti tərəfindən "2012-ci ilin bilim və sənətə katkı ödülü" ilə təltif olunmuşdur.

Tədbir çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyasından ibarət "Torpağa sancılmış qılınc" mövzusunda təşkil edilmiş sərgiyə baxış keçirilmişdir.

Konqres işini mövzu üzrə dinləmələrlə davam etdirmiş və müzakirələr aparılmışdır.

Beynəlxalq konqres işini oktyabrın 5-dək davam etdirmişdir.

 

Elm.- 2012.- 30 oktyabr.- S.3.