Görkəmli
şərqşünas alim Aida İmanquliyevanın həyat və
yaradıcılığına həsr olunmuş elmi sessiya
keçirilmişdir
Oktyabrın 12-də AMEA akademik Ziya
Bünyadov adına Şərqşünaslıq
İnstitutunda görkəmli şərqşünas alim,
filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın
anadan olmasının 73-cü ildönümü münasibətilə
alimin həyat və yaradıcılığına həsr
olunmuş elmi sessiya keçirilmişdir.
Tədbirə toplaşan
iştirakçılar ilk olaraq institutun foyesində görkəmli
şərqşünasın həyat və
yaradıcılığını əks etdirən ədəbiyyat
və fotomateriallardan ibarət sərgi ilə tanış
olmuşlar.
Sonra tədbiri
giriş sözü ilə açan institutun direktoru, filologiya
elmləri doktoru, professor Gövhər Baxşəliyeva şərqşünaslıq
elminin inkişafında böyük xidmətlər göstərmiş
A.İmanquliyevanın elmi, pedaqoji və təşkilati fəaliyyəti,
ictimai fikir tarixindəki rolu və zəngin
yaradıcılığından ətraflı söz
açmışdır. XX əsr Azərbaycan şərqşünaslıq
elminin ən görkəmli simalarından biri olan alimin ərəb
ədəbiyyatşünaslığı sahəsində bir məktəb
yaratdığını, açdığı elmi
cığırların bu gün də davam etdirildiyini
bildirmişdir. Azərbaycanda Şərq-Qərb
qarşılıqlı ədəbi əlaqə və təsirini
sistemli şəkildə araşdıran ilk azərbaycanlı
alim olduğunu vurğulayaraq A.İmanquliyevanın öz
dövrünü bir neçə onillik qabaqlayaraq əsərlərində
Şərqlə Qərb arasında qarşılıqlı təsiri
gözəl əks etdirdiyini bildirmişdir. Şərq və
Qərb mədəniyyətlərinin qarşılıqlı
təsir və əlaqələrini öyrənərkən
alimin hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini
əsas götürdüyünü, mədəni tərəqqini
şərtləndirən amillərə istinad etdiyini
bildirmişdir. Onun məhcər ədəbiyyatı sahəsində
tədqiqatlarından söz açaraq böyük alimin tərcümələrinin
hər zaman böyük məhəbbətlə
qarşılandığını qeyd etmişdir.
Böyük alimin zəngin irsinin indi öyrənildiyi kimi, gələcəkdə
də əhəmiyyətli tədqiqatlar mövzusu
olacağını vurğulamışdır.
Ömrünü
Azərbaycan elminin inkişafına həsr edən
A.İmanquliyevanın 3 monoqrafiya, 70-dən çox elmi məqalənin
müəllifi olduğunu və beynəlxalq aləmdə Azərbaycan
elmini hər zaman layiqincə təmsil etdiyini söyləmişdir.
Qısa bir zamanda oz savad və bacarığı sayəsində
keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatının
ən tanınmış mütəxəssislərindən
birinə çevrildiyini qeyd etmişdir. Əsərlərinin
bu gün ərəb aləmində geniş
yayıldığını bildirmişdir.
Aida
xanımın elmi kadrların hazırlanmasında göstərdiyi
xidmətlərdən geniş söz açmış və
Şərqşünaslıq İnstitutuna rəhbərlik
etdiyi dövrdə bacarıqlı bir təşkilatçı
kimi fəaliyyətindən danışmışdır.
Sonra tədbir
iştirakçılarından institutunun "Ərəb
filologiyası" şöbəsinin müdiri, filologiya elmləri
doktoru Vilayət Cəfərov çıxış edərək
Aida İmanquliyevanın elmi irsinin təbliğindən söz
açmışdır. O, bu sahədə görülən
işlərdən geniş söhbət açaraq Aida
xanımın görkəmli ərəb
yazıçısı Mixail Nüaymənin
yaradıcılığının təbliğində
göstərdiyi böyük xidmətləri xüsusi qeyd
etmişdir. V.Cəfərov çıxışında Aida
İmanquliyevanın dünya şərqşünaslıq mərkəzlərində
böyük nüfuza malik olmasını vurğulayaraq
görkəmli alimlərin Aida xanım haqqında söylədikləri
maraqlı fikirləri xatırlatmışdır.
Nizami
adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr
ədəbiyyatı və ədəbi əlaqələr"
şöbəsinin böyük elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru Bəsirə Əzizəliyeva
Aida İmanquliyevanın Şərq-Qərb ədəbi əlaqələrinin
tədqiqində xidmətlərindən geniş söz
açmışdır.
Şərqşünaslıq
İnstitutunun "Din və ictimai fikir tarixi" şöbəsinin
müdiri, fəlsəfə üzrə fəlsəfə
doktoru Esmeralda Həsənova, institutun əməkdaşlarından
filologiya üzrə fəlsəfə doktoru Bəşarət
Bəşirova, tarix üzrə fəlsəfə doktoru Sevda
Süleymanova və başqaları çıxış edərək
professor Aida İmanquliyevanın elmi
yaradıcılığının özəlliklərindən,
şərqşünaslıq elminin inkişafına verdiyi
töhfələrdən, böyük alimin yüksək insani
keyfiyyətlərindən söz açmış, onunla
bağlı xatirələrini bölüşmüşlər.
Aida İmanquliyevanın itkisinin tək şərqşünaslığın
deyil, bütövlükdə Azərbaycan elminin böyük
itkisi olduğunu qeyd etmişlər.
Sevinc PAŞAYEVA
Elm.- 2012.- 30 oktyabr.- S.4.